Şah Məhəmməd Xudabəndə Səfəvi

Məhəmməd Xudabəndə (fars. شاه محمد خدابنده‎; 1531, Ərdəbil, Səfəviləriyul 1595[1], Ələmut, Səfəvilər) — Səfəvilər dövlətinin 4-cü şahı və I Təhmasibin oğlu. Ləqəbi Xudabəndə farscadan tərcümədə "Tanrının Bəndəsi" deməkdir. Fəhmi ləqəbi ilə şeirlər də yazmışdır. 1535-1571-ci illərdə Xorasan, 1571-1578-ci illərdə Fars valisi olmuşdur.

Məhəmməd şah Xudabəndə
Məhəmməd şah Təhmasib şah oğlu Səfəvi
11 fevral 1578 – 9 sentyabr 1588
ƏvvəlkiII Şah İsmayıl
SonrakıI Abbas
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Ərdəbil, Səfəvilər dövləti
Vəfat tarixi
Vəfat yeri Ələmut qalası, Qəzvin
Dəfn yeri İmam Hüseyn türbəsi, Kərbəla, İraq
Atası I Şah Təhmasib
Anası Məvzili (Qədəmli) Sultan
Həyat yoldaşı Heyrannisə Sultan
Uşaqları Sultan Həsən Mirzə, Sultan Həmzə Mirzə, Sultan Abbas Mirzə, Sultan Əbutalib Mirzə, Sultan Təhmasib Mirzə
Ailəsi Səfəvilər
Dini Şiə (İslam)
Elmi fəaliyyəti
Elm sahəsi ədəbiyyat
Tanınır şair
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1531/2-ci ildə doğulmuşdur. II İsmayılın ana-bir, ata-bir qardaşıdır. Atasının sıraca ikinci, həyatda qalan birinci oğlu idi (ən böyük qardaşı Əliqulu Mirzə hələ 1529-cu ildə vəfat etmişdi).

Hakimiyyətinin əvvəli

[redaktə | mənbəni redaktə et]

Məhəmmədin hakimiyyəti 1535-ci ildən Şirazdan başlayır və elə orada təzə təyin olunmuş II İsmayılın ali divanının vəzir, nazir, sədirlik, qazilik və sair mənsəblərə dair verdiyi fərmanı alır. Təzə təyin olunmuş şahın kimsədən intiqam almaq fikri yox idi və onun yeganə məqsədi atası və qardaşının hakimiyyət dövrlərində həbsə alınmış və haqsızlıqlara məruz qalmış şəxsləri azadlığa buraxmaq və onların haqlarını özlərinə qaytarmaq idi.

Lakin elə hakimiyyətinin ilk illərindən onun bütün çətinliklərin öhdəsindən gələ bilmədiyi göz qabağında idi. Çünki, istər dövlət adamları olsun, istərsə də nüfuza malik olan digər şəxslər onun qəbul etdiyi qərarlara təsir göstərə bilirdi. Məlum idi ki, bu kimi məsələlər bir çox ixtilaf və nifaqların meydana gəlməsinə səbəb ola bilərdi və bu belə də olur. Bu kimi ixtilaflar ilk dəfə olaraq Təhmasib şahın qızı Pərixan Xanımla Məhəmməd şahın həyat yoldaşı Məhdi Ülya arasında baş verir.

Həmin dövrlərdə Pərixan Xanım Qəzvində böyük nüfuza malik olduğundan onunla hesablaşır, əmrinə tabe olurdular. O, xalası Şamxal Sultanxanımın vasitəsilə dövlət işlərinin idarə olunmasına birbaşa müdaxilə edirdi.

Təzə təyin olunmuş şahın həyat yoldaşı Məhdi Ülya xanım da Şirazda qüdrəti ələ alıb İsgəndər bəyin dediyi kimi "Bütün işlərə nəzarət edir və heç bir iş onun nəzarəti olmadan həyata keçmirdi". Gah da ona xüsusi diqqət yetirir və dediklərini icra edirdi. Məhdi Ülya xanımın hətta Mir Qivamuddin Hüseyn Şirazi adlı xüsusi vəziri də var idi. Onun şahdan istədiyi şeylərdən biri də neçə ilə əvvəl İstəxr qalasında həbs olunan Əhməd xan Gilaninin azad olunması idi. Şah isə onu nəinki azad edir, hətta sonralar onu öz kürəkəni belə edir. Qəzvində toy mərasimi başa çatdıqdan sonra Gilana qaytarılır və əvvəlki qüdrətini əldə edir. Onunla birgə Ələmut qalasında həbsdə olan İsa xan da azadlığa buraxılıb Şəki əyalətinə hakim təyin olunur. Təsis olunmuş yeni dövlətdə İsmayılın vəziri Mirzə Salman kimi şəxslər öz mövqelərini qoruyub saxlaya bilirlər. Sonralar onlara "Ruknussəltənə"və "Etimadud-dövlə"ləqəbi verilir. Belə nəzərə çarpır ki, bu kimi ləqəblər ilk dəfə olaraq həmən dövrdə verilmiş və Səfəvilərin hakimiyyətinin sonunadək ondan istifadə olunmuşdur.

Qəzvində baş verən hadisələr Şiraza çatdıqda, xüsusilə də Mirzə Salmanın Qəzvindən Şiraza gətirdiyi xəbərlərdən sonra Məhdi Ülya xanım və şah, Pərixan Xanımı öldürmək qərarına gəlirlər. Yaranmış ixtilaflar ciddi qarşıdurmalara gətirib çıxarmazdan əvvəl Qəzvinin tanınmış alimlərindən olan Seyid Hüseyn Kərəkinin müdaxiləsi ilə yenidən sabitlik bərqərar olunur.

Siyasi qətllər

[redaktə | mənbəni redaktə et]

Nəhayət, h.q. 985-ci ildə şah Qəzvinə daxil olur və orada özünün ilk və sonra ikinci və üçüncü edam hökmünü verir. Qətlə yetirilən ilk şəxs Pərixan xanımın verdiyi göstərişlərin icraçısı dayısı Şamxsal sultan olur. Belə ki, o, hiylə ilə şəhərdən qırağa çıxarıldıqdan sonra qətlə yetirilir. Onun ardınca Pərixan Xanım da gecə ikən Xəlil xanın evinə aparılır və orada boğularaq qətlə yetirilir və var-dövləti Xəlil xana verilir. Şah II İsmayılın bir yaşlı oğlu Şücanı da qətlə yetirir.

Beləliklə, böyük nüfuz əldə etmiş Məhdi Ülya xanım siyasi hakimiyyəti bütünlüklə ələ keçirir və heç bir iş onun göstəriş və nəzarəti olmdan həyata keçmir. Bir vaxtlar Şirazda kiçik vəzifələrdən birini tutmuş Molla Əfzəl Münəccimbaşının onun göstərişi ilə Qəzvinin Müamilə divanının baş kələntəri təyin olunmasını buna misal çəkmək olar. Belə ki, onlardan bir çoxu əvvəllər Sultan Məhəmmədə, həyat yoldaşına və övladlarına xidmət etdikləri üçün, indi demək olar ki, artıq öz mükafatlarını alırdılar. Onlarla yanaşı, II İsmayılın qəzəbinə düçar olmuş şəxslər yenidən vəzifələrə təyin olunur və dövlət işlərində fəaliyyət göstərməyə başlayırdılar.

Azərbaycan bütünlüklə müxtəlif türk və türkmən qəbilələri arasında bölünmüş və onlar tərəfindən idarə olunurdu. Böyük əyalətlərin ayrı-ayrı şəhərlərə bölünməsi isə qızılbaşlar arasındakı ixtilafların daha da artmasına səbəb olur. Bütün bunlarla yanaşı, onların gəlirləri azaldığı üçün məxariclərinin mərkəzdən ayrılmasına ehtiyac duyulurdu. Bu isə dövlətin iqtisadiyyatına zərbə demək idi. Sədirlik vəzifəsinə də Sultan Məhəmməd Heratdan Şiraza getdiyi zaman öz qəsəbəsində daha gözəl xidmət göstərmiş Kirman seyidlərindən olan Mir Şəmsəddin Məhəmməd təyin olunur. Pərixan Xanımın evi də Darul-sədarə elan olunur və Mir Şəmsəddin orada tutduğu vəzifəni icra etməyə başlayır.

Həmən dövrlərdə hələ də taciklər (farslar nəzərdə tutulur) idarə işlərinə, qızılbaşlar isə yüksək vəzifələrə, daha dəqiq desək, "Əmirul-uməra"(əmirlər əmiri) vəzifələrinə təyin olunurdular. Belə ki, İsgəndər bəyin öz kitabında ("Tarixi-aləm arayi-Abbas") adını çəkdiyi bütün şəhərlərə yalnız qızılbaş tayfalarından olan hakimlər rəhbərlik edirdi.[2]

Daxili ixtilaflar

[redaktə | mənbəni redaktə et]

Şah Məhəmmədin hakimiyyəti ikinci İsmayılın hakimiyyət dövründən başlanmış bir sıra çətinliklərlə davam edir və bütün bunlara müxtəlif amillər səbəb olur. Səltənət sülaləsinin demək olar ki, kökünün kəsilməsi və bir çox qızılbaş rəhbərlərinin qətlə yetirilməsi dövlətin bünövrəsinə ağır zərbə vurur. Məhdi Ülya xanımın nüfuzu, qızılbaşların istəklərinə qarşı çıxması və qızılbaşları şahın tabeçiliyindən çəkindirməsi yaranmış böhranı daha da gərginləşdirir və Səfəvi dövlətinin zəifləməsinə birbaşa təsir göstərirdi.

Bildiyimiz kimi, Səfəvilər dövlətinin əsasını qızılbaşların mürşidlərinə olan xalis itaətkarlıqları təşkil edirdi. Bu münasibətlər zəiflədikdə isə dövlət öz tərəfdarlarını itirir və bunun üçün də təbii olaraq azsaylı tacik və iranlılarla sabitliyi özbək və osmanlıların təhlükəsindən qoruyub saxlaya bilmirdi. Dövləti himayə edən var idisə, o da dövlətə son dərəcə sadiq qalan türk və türkmən tayfalarından olan sufi qızılbaşları idi. Səriştəsiz insanların üzərində heç bir nəzarət olmadan müxtəlif vəzifələrə təyin olunması qızılbaş dövlət məmurlarının işlərinə mütləq nəzarətsizlik təsis olunduğu ilk gündən Səfəvi dövlətini ciddi çətinliklərlə qarşı-qarşıya qoyurdu. İskəndər bəy bu çətinliklərə işarə edərək yazır :

" Yaranmış hərc-mərcliyə səbəb olan ən başlıca amil rüşvətxorluğun dövlət məmurları arasında geniş yayılması olmuşdur ".

Yaranmış çətinliklərə səbəb olan başqa bir amil ölkənin bütünlüklə türk və türkmən tayfaları tərəfindən idarə olunması və dövlət büdcəsindən onların tələblərinə uyğun məbləğin ayrılması olmuşdur. Bu səbəbdən də dövlət büdcəsinin az bir müddətdə tamamilə boşalması yaranmış şəraiti daha da gərginləşdirmişdi. Bütün bunlarla yanaşı, qızılbaş rəhbərləri ölkə ərazisində heç bir nəzarət və nizam-intizamın hökm sürmədiyini görüb çətinliklərini rüşvət ilə həll edir və yeni-yeni çətinliklərin meydana gəlməsinə səbəb olurdular.

Yaranmış belə bir şəraitdə daim düşmən mövqeyində duran qonşu dövlətlər fürsətdən istifadə edib ölkə ərazisinə qoşun yürütmək fikrinə düşürlər. Bundan tək xarici dövlətlər deyil, ayrı-ayrı şəhərlərdəki daxili müxalif dəstələr də istifadə edirdi. İsgəndər bəy bu haqda yazır :

"Fürsətdən istifadə edən zəmanənin padşah və müxalifləri şərq və qərbdən əcəm ölkəsinə üz tutdu. Sultan Murad (h.q. 983-1003) Azərbaycan və Şirvana qoşun yürüdüb illər boyu müstəqillik iddiasında olan və əllərini ətraf məntəqələrə uzadan düşmənlərinə tərəf gəldi".

Özbək və osmanlıların hücumları ilə yanaşı vaxtaşırı müxtəlif əyalətlərdə də üsyanlar baş qaldırır və böyük sülalələrə mənsub olan dəstələr öz ərazilərinə sahib olmaq üçün dövlətə qarşı çıxırdılar.[3]

Məhdi Ülyanın süqutu

[redaktə | mənbəni redaktə et]

Pərixanımın acınaqlı əhvalatından sonra artıq növbə Məhdi Ülya xanımın özünə çatmışdı. Bir qədər əvvəl Mirzə Məhəmmədin son dərəcə inadkar bu qadını haqqında söhbət açmışdıq. O, şahın bütün qüdrətini əlindən almış, qızılbaş əmir, vəzir və sədirləri tam mənada özünə tabe etmişdi. Nəyin bahasına olursa olsun, istədiyini onlara qəbul etdirdi. Məhz bu qadının yersiz müdaxiləsi ölkənin nüfuz və idarəçiliyinə ağır zərbə vurur. Mazandaranın Mər’əşi sülaləsindən olan Məhdi Ülya xanımın atası Mir Abdullah xan həmən məntəqənin hakimi olmuşdur. O, hakimiyyəti ələ aldıqdan sonra Mirzə xanın (əmisi oğlu Sultan Muradın) hakim təyin olunduğunu eşitcək dərhal öz irs və mülkü hesab etdiyi Mazandarana qoşun göndərir. Onun təkidi ilə qızılbaş ordusu Mazandarana yola düşür. Qızılbaşların sərkərdəsi öldürülməyəcəyinə and içib söz verdikdən sonra Mirzə xanı təslim olmağa vadar edir. Lakin paytaxtda bütün işlərə nəzarət edən Məhdi Ülya xanım ordu Qəzvinə daxil olmazdan əvvəl öz adamlarını Mirzə xanın üzərinə göndərir və onu elə oradaca qətlə yetirir. Baş verənlər dövlət işlərində heç bir təcrübə və səriştəsi olmayan bir qadının birbaşa müdaxiləsindən baş verirdi. O, hakimiyyət və dövlətçilik işlərinə layiq olmadığı kimi, Şah Məhəmməd də bir o qədər bu kimi işlərə layiq deyildi. Baş verən hadisələr hamının Məhdi Ülya xanımdan cana doymasına və ona qarşı kin-küdurətin daha da artmasına səbəb olur. Bütün bunlardan narazı qalan İskəndər bəy Münşi yazır :

"Günahsız seyid övladı olan Mirzə xanın qətlə yetirilməsinə cahil və nadan əmirlərin şeytani vəsvəsəsi səbəb oldu. Hadisə h.q. 978-ci ildə baş verdi və on yeddi gündən sonra Məhdi Ülya xanımın özü də qətlə yetirildi".

İskəndər bəyin verdiyi məlumata görə, bunlardan sonra yenə də Mazandaranda əmin-amanlıq bərqərar olunmadı və mövcud gərginlik hələ də qalmaqda və Məhdi Ülya xanıma qarşı kin-küdurət isə daha da güclənməkdə idi.

Məhdi Ülya xanımın yersiz müdaxiləsi Heratın idarə olunmasında da özünü göstərir və təbii ki, bütün bunlar qızılbaşların narazılığına səbəb olurdu. Məlum olduğu kimi Herat, Xorasan əyalətinin mərkəzi olmuş və oranın qorunub saxlanılması Səfəvilər üçün heç də asan olmamış və bütün dövrlərdə hətta az yaşlı şahzadənin rəhbərliyi altında belə oranı qoruyub saxlamağa çalışmışlar. Təhmasib şahın hakimiyyətinin son illərində Şah Məhəmməd Mirzənin oğlu Abbas Mirzə Həratda Əliqulu xan Şamlının himayəsi altında yaşamışdır. Oğlu Abbas Mirzəni görməyə israrlı olan Məhdi Ülya h.q. 987-ci ildə Əliqulu xandan oğlunu Qəzvinə gətirməsini istəyir. Lakin o, Xorasanı Orta Asiyaya yaxın olduğunu və daim oranı təhlükə gözlədiyindən şahzadəsiz qalmalı olduğunu bəhanə gətirərək bu işi görməkdən imtina edir. O, Məhdi Ülyaya göndərdiyi məktubda yazır:

"Yüksək məqama malik olan şahzadəsiz ərazini qoruyub saxlamaq bizim üçün mümkün deyildir".

Yaranmış narazılıqlar yavaş-yavaş daha da ciddiləşməyə başlayır. Bir tərəfdən Məhdi Ülya xanım Mirzə Abbasın gətirilməsinə israr edir, digər tərəfdən də Heratın hakimi daha da müxalif mövqe tuturaq Abbasın Qəzvinə getməsini özbəklərin ürəklənmələrinə səbəb olacağını bildirirdi. Hətta Qəzvində mühüm mənsəblərdən birini tutan Əliqulu xanın atası Hüseyn xanın Hərata gəlməsi buranın hakiminin gəldiyi qərar heç bir təsir göstərmir. Əlbəttə bu məsələdə o tək deyildi, belə ki, digər tayfalar da Abbasın Heratda qalmasına təkid edir və onun Qəzvinə getməsinə heç cür razı olmurdular.

Belə bir müxalifəti görən Məhdi Ülya Hərat hakimi ilə arası yaxşı olmayan Məşhəd hakimi Murtəza Qulu xanı qarşı-qarşıya qoymaq qərarına gəlir. Hələ məsələ həll olmamışdı ki, paytaxt əmirləri, daha dəqiq desək, qəlbləri kin-küdurətlə dolu qızılbaş əmirləri onu qətlə yetirirlər. Beləliklə, Abbasın Həratda qalması dəqiqləşdirilir.

Qızılbaşların Mürşid müqabilində dayanıb həyat yoldaşını qətlə yetirmələri bir daha Səfəvi dövlətini süstləşərək süquta uğramasından xəbər verirdi. Çünki, bu dövlətin əsasını mürşidlə müridlər arasındakı sıx əlaqələr təşkil edirdi. Əmirlər bir tərəfdən Məhdi Ulyanı tətbiq etdiyi zorakılıqlara dözmür, digər tərəfdən də onun hökmranlığı ilə heç cür irəli gedə bilməyəcəklərini görürdülər. Bunun üçün də Qəzvinin Səadətabad bağına toplanıb ona qarşı üsyan edirlər. Şaha göndərdikləri məktubda yazırdılar:

"Zəif əql və şəxsi rəyə əsaslanan inadkar bir qadın dövlət işlərinə müdaxilə etməməlidir. Dövlət adamları ilə həmişə ziddiyyətdə olan Məhdi Ülyanın naibləri də birdəfəlik ondan əl çəkməlidirlər. Demək istədiyimiz budur ki, onun hakimiyyətdə olması və dövlət işlərinə nəzarət etməsi qızılbaş tayfaları üçün böyük bir təhlükədir".

Qəzvində müqavimətlə qarşılaşan qızılbaş əmirlərinin bir neçəsi zor gücünə olsa da h.q. 987-ci il Cəmadiyəs-sani ayının biri şahın sarayına daxil olub Məhdulya xanımı qətlə yetirirlər. Atılan belə bir addım əslində taciklərin(farsların) nüfuzunun alınmasına, Qazi Əhməd Quminin dediyi kimi,

"Dövlət Bəyimə"qarşı yönəlirdi.

Beləliklə, bu əhvalatdan sonra taciklərin də bir çoxunun evləri qarət, var-dövlətləri isə əmirlər tərəfindən müsadirə olundu. Həmən gün günortadan sonra qətlə yetirilənlərin cənazələri bir yerə toplanıb dəfn olundu. Qızılbaşlar şaha itaət etdiklərinə israr edib baş verənlərdə özlərini əsla müqəssir hesab etmirdilər. Onlar alim və müctəhidlərin qarşısında əlli bir and içib bir daha şaha vəfadar olduqlarını bildirirdilər. Beləliklə, sabitliyin bərqərar olunması üçün çarəsiz qalan Şah belə bir addımı atmalı olur.[4]

Hakimiyyətin sonu

[redaktə | mənbəni redaktə et]

Mirzə Məhəmməd Qəzvinə Məhdi Ülyasız qayıdarkən öz vəzirini də Xorasanda itirmiş və Abbas Mirzənin səltənətini tələb edən bu məntəqədə heç bir dəyişiklik olunmamışdı. Əksinə olaraq, Azərbaycan və sair əyalətlərin bir hissəsi itirilmişdi. Şahzadə Həmzə Mirzə həmən il, yəni h.q. 992-ci ildə Qəzvində güzəranını əyləncə və eyş-işrətdə keçirirdi. Belə bir ağır şəraitdə Azərbaycan hakimi ondan təhlükədən qurtarmaq üçün lazımi tədbir görməsini istəyir. Şah kömək məqsədilə Azərbaycana yola düşür və əvvəlcə Ərdəbilə, oradan isə Təbrizə gəlir. Şah qızılbaşların əlində bir alət olduğu və heç bir ixtiyara malik olmadığı üçün bir daha Təbrizdə oranın hakimi olan Əmir xan adlı əmirlərdən birinin əleyhinə üsyan olunur. Şah onu tutduğu vəzifədən kənarlaşdırır. O, özünün qalaya bənzər evinə qayıdıb dövlət işlərinə son qoyur.

Nə baş veriləcəyi artıq məlum idi. "Bütün qızılbaş tayfalarının nümayəndəlirinə və təbrizlilərə döyüşə hazırlıq əmri verilmişdi". Nəticədə Əmir xan öz məşuqəsi ilə birlikdə təslim olub Qəhqəhə qalasında həbs olunur. Az sonra Əmir xanın tərəfdarı olan türkmənlərin qiyam xəbəri Təbrizə çatır. Lakin buna baxmayaraq Əmir xanın edam olunmasına dair hökm çıxarılır. Bu isə bir tərəfdən qızılbaşlar, Ustaclı və Şamlı, digər tərəfdən isə Türkmən və Təkli tayfaları arasında yaranmış ixtilafların daha da güclənməsinə səbəb olur. Təkli və Türkmən tayfaları arasındakı ixtilaflar qanlı-qadalı müharibələrin meydana gəlməsinədək davam edir. Qızılbaşlar arasındakı ixtilaflar hələ də davam edirdi. Əgər bir tərəfdə sülh və əmin-amanlıq yaradılırdısa, başqa bir yerdə yeni qarşıdurmalar meydana gəlirdi. Hətta Xorasan Şamlı və Ustaclı tayfaları belə Abbas Mirzənin səltənətinə göz dikirdi. Yaranmış ixtilaflar Məşhəd hakimi Mürşid Quluxanla Xorasan bəylərbəyi Əliqulu xan və Mirzə Lillah Abbas arasında Xorasanın Susefid adlı məntəqədə qarşıdurmaya gətirib çıxarır. Qazi Əhməd Qumi yazır :

"Tərəflər qılınc və qalxana əl atdıqları zaman Mürşid Quluxanın tərəfdarları fürsətdən istifadə edib Abbas Mirzəni qoşundan ayırıb Mürşid Qulu xanın ordusuna, ordan isə Məşhədə aparırlar."

Beləliklə, illər boyu Abbas Mirzənin səltənətinə göz dikən Əliqulu xan əliboş Herata qayıdır və Mürşid Quluxanın müqabilində onun yerini Abbas Mirzə tutur. İskəndər bəy Münşi öz kitabında olduqca gözəl və fəsahətli ibarətlə Həmzə Mirzənin cavan yaşlarında törətdiyi fitnə-fəsadlar haqqında söhbət açır. Sonra isə şahın ağır məğlubiyyətlərinə işarə edərək böyük məharətlə məğlubiyyətlərin səbəb və amillərini təhlil edir. Əlbəttə, o, Şah Abbasın tərəfdarı olan tarixçi olmuşdur və bunun üçün də şahın tutduğu dəyər və mövqeni açıqlamq üçün ondan əvvəlki dövrlər haqqında da ətraflı söhbət açır.[5]

1587-ci ilin oktyabrında Məhəmməd şah hakimiyyətdən salınır və oğlu Abbas Mirzə hökmdar elan olunur. Bu hadisədən sonra bir müddət Qəzvində sakit həyat tərzi sürən sabiq şah daha sonra Ələmut qalasında həbs olunur. Bəzi tarixçilərə görə 21 iyul 1595-ci ildə, bəzilərinə görə isə 10 iyul 1596-cı ildə məhz Qəzvində həbsdə vəfat edir.

Həyat yoldaşları

  1. Mir Əbdül Əzim Seyfi Hüseyninin qızı - 1549-cu ildə Heratda evlənmişdi.
  2. Xeyrənnisə bəyim (Məhdi Ülya) - 1565-ci ildə evlənmişdi.

Oğlanları

Qızları

  • Şahbəyim Sultan
  1. Mohammad Chodabande // MAK (pol.).
  2. Rəsul Cəfəri, "Səfəvilər tarixi (zühurdan süqutadək)", İki cilddə, I cild, "Şəhriyar", 2007, səh. 102-103
  3. Rəsul Cəfəri, "Səfəvilər tarixi (zühurdan süqutadək)", İki cilddə, I cild, "Şəhriyar", 2007, səh. 104-105
  4. Rəsul Cəfəri, "Səfəvilər tarixi (zühurdan süqutadək)", İki cilddə, I cild, "Şəhriyar", 2007, səh. 105-107
  5. Rəsul Cəfəri, "Səfəvilər tarixi (zühurdan süqutadək)", İki cilddə, I cild, "Şəhriyar", 2007, səh. 114-115
  • Azərbaycan Tarixi. Yeddi cilddə. III cild (XIII-XVIII əsrlər). Bakı. "Elm". 2007. 592 səh. + 56 səh. illüstrasiya.
  • Azərbaycan Tarixi. I cild. (ən qədim zamanlardan XX əsrədək). Bakı. "Azərnəşr". 1994. 680 səh.
  • Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. Bakı. ”Şərq-Qərb”. 2007. 344 səh.+8 səh.(illüst.)
  • Rəsul Cəfəri. Səfəvilər tarixi (zühurdan süqutadək). İki cilddə. I cild. "Şəhriyar". 2007. 360 səh.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
Məhəmməd Xudabəndə
Doğum: 1531 Vəfat: 1595
Hakimiyyət titulları
Sələfləri 
II Şah İsmayıl


Səfəvilər imperiyası(صفویان‎) Şahı

1578-1588
Xələfləri 
I Şah Abbas