Şamil Dəlidağ

Əsgərov Şamil Səlim oğlu və ya təxəllüsü ilə Şamil Dəlidağ (sentyabr 1929, Ağcakənd, Kəlbəcər rayonu20 aprel 2005, Bakı) — SSRİAzərbaycan riyaziyyatçı, şairi, dilçisi, tərcüməçisi, publisisti, folklorşünası, muzeyşünası. O, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmlər namizədi (1969), Əməkdar mədəniyyət işçisi (1991) olmuşdur.

Şamil Əsgərov
Şamil Səlim oğlu Əsgərov
Təxəllüsü Şamil Dəlidağ
Doğum tarixi sentyabr 1929
Doğum yeri
Vəfat tarixi 20 aprel 2005(2005-04-20) (75 yaşında)
Vəfat yeri
Vətəndaşlığı Azərbaycan AzərbaycanSSRİ SSRİ
Milliyyəti kürd
Uşağı
Fəaliyyəti şair, tərcüməçi, publisist, folklorşünas
Əsərlərinin dili Azərbaycan dili, kürdcə
Mükafatları Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi
shamilesgerov.com

Şamil Əsgərov 1929-cü ilin sentyabr ayında Kəlbəcər rayonunun Ağcakənd kəndində anadan olmuşdur.[1] O, kürd mənşəlidir.[2][3] Atası Səlim Ələsgər oğlu Məmmədov (1900–1976) kolxozda çoban, ferma müdiri, kənd məktəbində təsərrufat işləri üzrə direktor müavini işləmişdir. Kəlbəcər rayonunda ilk dəfə "Əməkdə fərqlənməyə görə" medalı ona verilmişdir. Şamil Əsgərov orta məktəbin 7-ci sinfini Ağcakənddə bitirmiş, İkinci Dünya müharibəsi illərində məktəbdə xadim və kolxozda çoban işləmişdir. O, 1945-ci ildə Kəlbəcər qəsəbə orta məktəbinə daxil olmuş və 1948-ci ildə orta məktəbi qurtarmışdır. Əsgərov məktəbdə oxuduğu zaman məktəb komsomol təşkilatı katibi və rayon komsomol komitəsinin büro üzvü seçilmiş,[4] həmçinin bir müddət çobanlıq etmiş və məktəbdə fəhlə işləmişdir. O, 1948–1950-ci illərdə Ağdamda ikiillik Dövlət Müəllimlər İnstitutunun fizika-riyaziyyat fakültəsində təhsil almışdır.[1]

Şamil Əsgərov 1950-ci ildən Ağcakənddə müəllim kimi çalışmış, 1953-cü ildən Kəlbəcər rayon komsomol komitəsinin birinci katibi işləmişdir. O, 1955–1959-cu illərdə Bakı Ali Partiya Məktəbində təhsil almış, az sonra "Yenilik uğrunda" rayon qəzetinin redaktoru işləmişdir. Əsgərov 1960-cı ildən burada qəsəbə orta məktəbinin direktoru, 1964-cü ildən Kəlbəcər Rayon İcraiyyə Komitəsinin sədri, 1968-ci ildən Kəlbəcər Xalq Maarif Şöbəsinin müdiri kimi işləmişdir.[1] O, 1961-ci ildə Azərbaycan Dövlət Pedaqoj İnstitutunun riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, 1969-cu ildə kürd şairi Ciyərxunun yaradıcılığından dissertasiya yazaraq "filologiya elmləri namizədi" alimlik dərəcəsinə layiq görülmüşdür. Onun elmi rəhbəri filologiya elmləri doktoru, xalq şairi Qasım Qasımzadə idi. Əsgərov 1971–1981-ci illərdə ÜİMAMHİ Mərkəzi Komitəsinin sədri seçilmiş,[4] həmçinin Kəlbəcər Baş Dövlət Tədarük müfəttişi, Kəlbəcər şəhər 1 nömrəli orta məktəbin direktoru vəzifələrində çalışmışdır.[5] O, müəyyən dövrdə həbs olunmuşdur. Şair Ələmdar Cabbarlıya görə, Əsgərovun həbsi "haqsızlıq" idi.[6]

Şamil Əsgərov 1981-ci ildən Kəlbəcərdə rayon tarix-diyarşünaslıq muzeyinin direktoru olmuşdur.[1] O, muzeyin tikintisində şəxsən iştirak etmiş, muzeydə görülən işlərin həm iş icraçısı, həm podratçısı, həm rəssamı, həm də fəhləsi olmuşdur. Əsgərov Kəlbəcəri gəzərək müxtəlif rənglərdə olan daşları toplamış və muzeyin həyətinə daşımış, burada onları çeşidləyərək qalaq-qalaq yığmışdı. 18 may 1984-cü ildə muzeyin təntənəli şəkildə açılışı olmuş, burada xarici dövlətlərdən gəlmiş yüksək çinli qonaqlar iştirak etmişdir.[5] 1991-ci ildə Əsgərova "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adı verilmişdir.[7] 1993-cü ildə Kəlbəcər uğrunda döyüşlərdə bu muzey Ermənistan Silahlı Qüvvələri tərəfindən dağıdılmış, bundan sonra Əsgərov onu Bakıda bərpa etmişdir. O, 1990-cı illərdə "Dənce kürd" qəzetinin baş redaktoru olmuşdur. Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuş Əsgərovun şeirləri və elmi-publisistik məqalələri dövri mətbuatda müntəzəm dərc olunmuşdur.[1] Şamil Əsgərov 20 may 2005-ci ildə Bakı şəhərində vəfat etmişdir.[8]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Şamil Əsgərov 30-dan çox kitabın müəllifidir. O, bir çox elmi araşdırmalar aparmış, tərcüməçilik fəaləyyəti ilə məşğul olmuşdur. Əsgərov 1950-ci illərin əvvəllərində "Çəkər", "Döndərər", "Mən nəçiyəm ki", "Yazılmış" rədifli qoşmaları ilə özünü oxuculara təqdim etmişdir. O, sonralar bir neçə dəfə "Dəlidağa salam" adı ilə təkrar nəşr olunan poema azərbaycanlıların mənəvi tarixinin, kənd həyatının adət-ənənələrinin poetik ümumiləşməsidir.[8] 1960-cı illərdə Məhəmmədhüseyn Şəhriyarın "Heydərbabaya salam" poeması poetik fikirdə böyük əks-səda doğurmuş, Şamil Əsgərovu diqqətini cəlb etmişdir. Əsgərov bu poemanın təsiri ilə "Dağlar, arxalı dağlar" poemasını yazmışdır.[9] Şair Mürvət Qədimoğlu Həkəriyə görə, Şamil Əsgərovun "tərbiyəvi əhəmiyyəti çox böyük olan bu oyunların xalqın yaddaşından silinib, itib-batmaqdan xilas etmək cəhdi diqqətəlayiq bir işdir". Bakı Slavyan Universitetindən Təhminə Əsgərovaya görə, "Dəlidağa salam" poeması vasitəsi ilə Azərbaycanda "yaddaşlardan silinməkdə olan qiymətli etnoqrafiya və folklor nümunələrinin ömrü uzadılmışdır". Onun fikrincə, Əsgərov bu poemada "Azərbaycan mədəniyyətinin mühüm bir hissəsi olan, xüsusilə də Kəlbəcər bölgəsinə aid olan xalq oyun və tamaşalarını, adət-ənənə və inanclarını aydın və obrazlı dillə oxucuya" çatdırmışdır. "Dəlidağa salam" poemasında Novruz bayramı günlərində göstərilən, demək olar ki, Kəlbəcər bölgəsinə aid olan "Yeddi hünər", "Kaftar kosa", "Kilimarası", "Maral oyunu" və digər xalq oyunları və tamaşaları çox poetik dillə qələmə alınmışdır.[10] Şamil Əsgərov "Kaftar kosa" oyunun gedişatını canlı detallarla şeirə çevirmişdir:

"

"Kaftar kosa” sayılırdı bir hünər,
Oynayanda şaqqıldasa çənələr,
Qorxusundan olurdular ağciyər,
O, ağzını nə vaxt geniş açardı,
Vahımədən çoxu dala qaçardı.[10]

"

Sonrakı yaradıcılığında Şamil Əsgərovun bütün poeziyası ünvanlıdır, konkret şəxsiyyət, hadisə və məqamla bağlıdır. Onun poeziyasının mahiyyəti onun fəlsəfi fikir daşıyıcısı kimi konkret şəxsiyyətinin həyata, ictimai-siyası duruma poetik baxışı kimi qiymətləndirilmişdir. Xeyrlə şərin, yaxşı ilə pisin, mərdliklə namərdliyin mübarizəsi kimi bəşəri mövzular şairin şerlərinın əsas mövzusunu təşkil etmişdir. Şair sadəcə poetik təsvirçi olmayıb, qaldırdığı hər sualın həllinı nikbinliklə çözməyə çalışmış və çox zaman bu həlli xəlqilikdə, haqq uğrunda mübarizədə, qurub-yaratmaqda və həyatın bəxş etdiyi bütün gözəlliklərdən zövq almaqda görmüşdür. Şamil Əsgərov Kəlbəcərin işğalından bəri yaradıcılığında əsas etibari ilə torpaq dərdindən yazmış, insanları mübarizəyə çağırmışdır.[8] Filoloq Şirindil Alışanlı Əsgərovu "Kəlbəcərin bir qətrəsi" kimi təsvir etmiş, əlavə etmişdir ki, "Kəlbəcərsiz Şamil Əsgər şeiri yoxdur". Azərbaycan ədəbiyyatının Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Xəlil Rza Ulutürk, Teymur Bünyadov, Məmməd Aslan, Söhrab Tahir, Səfaralı Babayev, Hüseyn Arif, Qasım Qasımzadə və Məmməd Araz kimi nümayəndələri Şamil Əsgərovun fəaliyyəti haqqında yazılar, şeirlər dərc etdirmişdilər.[9]

Şamil Əsgərov Azərbaycanın poetik fikir tarixini öyrənən "Azərbaycan dilinin cinas lüğəti", "Azərbaycan dilinin qafiyə lüğəti", "Törəmə sözlər lüğəti", "Mənzum frazelogiya lüğəti" kimi elmi və poetik əsərləri ərsəyə gətirmişdir. Bu əsərlər Azərbaycan dilinin məzmun zənginliyini, poetik ifadə tutumunu əyani göstərən tədqiqat əsərləridir. Burada tərtibçilikdən çox poetik durum, bədii fəhm üstünlük qazanır. Bu tədqiqatların Azərbaycan dilinin leksikasının tədqiqi istıqamətində böyük əhəmiyyəti olduğunu hesab edilir.[8]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Şamil Əsgərov Birinci Qarabağ müharibəsi zamanı məcburi köçkün kimi Bakıya köçmüş, 3-cü mikrorayon ərazisində yaşamışdır. O, bu dövrdə Şirindil AlışanlıHüseyn Kürdoğlu kimi şəxslərlə dostluq münasibəti qurmuşdur. O, Nazilə Əsgərova ilə evli idi[9] və 5 övladı var.[11] Onun oğlu Həjar Şamiloğlu yazıçı, şair və jurnalistdir.[12] Onun digər oğlu Xalid Əsgərov Birinci Qarabağ müharibəsi zamanı "Reuters" xəbər agentliyinin operatoru olmuşdur. Şamil Əsgərovun Kəlbəcərdəki evində Mustafa Bərzaninin imzalı fotoşəkli var idi. Onun şəxsi kitabxanasında 30 mindən çox kitab var idi, lakin bu kitabxana 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən yağmalanmış və yandırılmışdır.[13]

Kitablar
  • Dağ üstə dağ (şerlər). Bakı: Azərnəşr, 1964, 48 səh.
  • Xalqın şairi (elmi monoqrafiya). Bakı: Gənclik, 1968, 92 səh.
  • Dəlidağın sədası (şerlər). Bakı: Gənclik, 1973, 54 səh.
  • Dağların hikməti (etnoqrafiyaya aid kitab). Bakı: İşıq, 1987, 100 səh.
  • Dağ çiçəkləri (şeirlər). Bakı: Gənclik, 1987, 120 səh.
  • Həyatın astarı, həyatın üzü (şerlər). Bakı: Yazıçı, 1990, 240 səh.
  • Şəhid muzey, şahid muzey. Bakı: Sabah, 1997, 72 səh.
  • Azərbaycan dilinin qafiyə lüğəti. Bakı: Sabah, 1997, 98 səh.
  • Loğmanın yadigarı (publisitik əsər). Bakı: Sabah, 1997, 252 səh.
  • Vətənə gərəkli oğul (publisitik əsər). Bakı: Çıraq, 1998, 316 səh.
  • Mənzum cinaslar (lüğət). Bakı: Azərnəşr, 1998, 640 səh.
  • Dodaqdəyməzlər (şerlər). Bakı: Çıraq, 1998, 180 səh.
  • Kəlbəcərin qəm dastanı, viran olan gülüstanı. Bakı: Çıraq, 1998, 314 səh.
  • Kürdcə-azərbaycanca, azərbaycanca-kürdcə lüğət. Kürd dilinin qafiyə lüğəti. Bakı: ELnur-P, 1999, 640 səh.
  • Lal qız (poema). Bakı: Nərgiz, 2003, 240 səh.
  • Dəlidağa salam (poema). Bakı: Nərgiz, 2003, 260 səh.
  • Azərbaycan dilinin qafiyə lüğəti (yeni redaktə latın əlifbası ilə) Bakı: Nərgiz, 2003, 224 səh.
  • Şerdə yeniliklər. Bakı: Nərgiz, 2001, 300 səh.
  • Azərbaycan dilinin mənzum cinas lüğəti. I cild. Bakı: Nərgiz, 2003, 284 səh.
  • Azərbaycan dilinin mənzum cinas lüğəti. II cild. Bakı: Nərgiz, 2003, 304 səh.
  • Körpələrin münəccimi (publisitik əsər). Bakı: Təfəkkür, 2003, 196 səh.
  • Min suala min cavab (şerlər). Bakı: Nərgiz, 2004, 152 səh.
  • Kərbəla müsibəti. Bakı: Nərgiz, 2004, 84 səh.
  • Aşıq Hüsüyn Bozarqanlı. Bakı: Sabah, 2004, 148 səh.
  • Törəmə sözlər lüğəti. Bakı: Sabah, 2004, 116 səh.
  • Döz ürəyim döz dağlara dönüncə. Bakı: Nərgiz, 2005, 200 səh.
  • Mənzum Frazelogiya lüğəti. Bakı: 2008, 149 səh.
  • Seçilmış əsərləri. Bakı: 2009
Tərcümələr
  • Əhməd Xani. Məm və Zin. Bakı: Gənclik, 1976, 144 səh.
  • Əli Əbdürrəhman. Ehtiram. Bakı: Azərnəşr, 1975, 74 səh.

Haqqında yazılan kitablar

[redaktə | mənbəni redaktə et]
  • Şamil Dəlidağ dastanı. Bakı: Azərnəşr, 1996, 55 səh.
  • Hər çeşmədən bir damla. Bakı: Araz, 2000, 400 səh.
  • Bir ömürdən səhifələr. Bakı: Nərgiz, 2004, 212 səh.
  • Dəlidağın özü kimi. Bakı: Azərnəşr, 2006, 416 səh.
  • Həkəri, Mürvət Q. Məmmədli, İ. (redaktor). Şeirimizin Şamil zirvəsi. Bakı: Elm və təhsil. 2015. ISBN 978-9952-8024-2-9.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]