Ağıl oyunları (ing. A Beautiful Mind — "Əla ağıl" ("dərrakə")[12]) — iqtisadiyyat üzrə Nobel Mükafatı laureatı Con Forbs Neşin həyatından bəhs edən Silviya Nazarın eyni adlı kitabı əsasında hazırlanan Ron Hovardın bioqrafik drama filmi.[13] Kitab 1998-ci ildə Pulitser mükafatına namizəd göstərilmişdir. Filmin ssenarisini Akiva Qoldsman yazmışdır. Filmdə baş rolu Rassel Krou oynamışdır, ondan başqa filmdə Cennifer Konnelli, Ed Harris, Kristofer Plammer və Pol Bettani çəkilmişdilər. Film dörd Oskar (Ən yaxşı film, Uyğunlaşdırılmış ssenari, Rejissorluq, İkinci planda qadın rolu — Cennifer Konnelli), Qızıl qlobus mükafatı (xüsusilə, Rassel Krou Ən yaxşı aktyor nominasiyasında qalib gəldi) və bir neçə BAFTA mükafatını qazandı. Filmin premyerası 21 dekabr 2001-ci ildə ABŞ-də baş tutdu.[14] Film tənqidçilər tərəfindən rəğbətlə qarşılandı və dünyada 300 milyon dollardan çox gəlir əldə etdi.
Ağıl oyunları | |
---|---|
ing. A Beautiful Mind | |
Janr | bioqrafik film, dram filmi[1][2][…], kitablar əsasında film[d] |
Əsas mövzu | Con Neş[3], riyaziyyat[3], universitet[3], şizofreniya[3], Obraz tanıma nəzəriyyəsi[3] |
Ssenari müəllifi |
|
Baş rollarda | |
Operator |
|
Bəstəkar | |
İstehsalçılar | Universal Pictures[4], DreamWorks, Imagine Entertainment |
Distribütor | UIP-Dunafilm[d], Netflix, iTunes[d] |
İlk baxış tarixi | 13 dekabr 2001[8], 28 fevral 2002[9], 2001 |
Müddət | 135 dəq. |
Büdcə | 58.000.000 $[10] |
Gəlir | 313.500.000 $[11] |
Ölkə | |
Dil | ingilis dili |
Rəng | rəngli |
Çəkiliş yeri | Nyu-Cersi, Prinston Universiteti |
IMDb | ID0268978 |
Mükafatları |
Hekayə gənc dahi Con Neşin ilk illərindən başlayır. Onda hallusinasiyalarla müşayiət olunan paranoik şizofreniya inkişafına başlayır və işi, arvadı və dostları ilə olan vəziyyəti təhlükəli vəziyyətə çatana qədər şiddətlənir.
Film Neşin həyatının bəzi məqamlarının qeyri-dəqiq nümayiş etdirilməsinə görə tənqid olunmuşdur. Film, onun hallusinasiyalarını həm görmə, həm də eşitmədə hiss olunduğunu qələmə verdi, halbuki həyatda onlar tamamilə onun eşitmə qabiliyyəti ilə bağlı idi.[15]
1947-ci ildə ümidverən tələbə Con Neş Prinstona gəlir. Vəsvəsəli və qəribə xasiyyətə sahib Con ətrafındakılarla əlaqə qura bilmir və dərslərə belə girmir ki, tamamilə tədqiqatlara qərq olunsun. Parlaq gənc alim karyerasını Massaçusets Texnologiya İnstitutunda müəllim olaraq davam etdirir. Neşin diqqətini Alisiya adlı tələbələrdən biri cəlb edir. Onlar görüşməyə başlayırlar və tezliklə evlənirlər.
Günlərin birində Uilyam Parçer adlı bir agent Cona müraciət edərək, ona MKİ-nin xüsusi şöbəsində işləməyi təklif edir. Ona verilən tapşırıq şifrəli məlumatları axtarmaq üçün açıq mənbələrdə dərc olunmuş məlumatları təhlil etməkdən ibarət olur. Bu məlumatları ABŞ-nin düşmənləri bir-biri ilə bölüşürlər. Öz hesabatlarını Neş təyin olunmuş yerdə poçt qutusuna qoyur. Poçt qutusuna etdiyi səfərlərindən birində o, sui-qəsdçilər tərəfindən hücuma məruz qalır və möcüzəvi şəkildə ölümdən qaçır. Tezliklə MKİ üçün hazırladığı bütün işlərin yalnız onun xəyal məhsulu olduğu ortaya çıxdı. Agent Parçer, Prinstondaki otaq yoldaşı Çarlz Herman və onun qardaşı qızı Mersi əslində reallıqda olmadığı aşkar olunur. Con Neş şizofreniyadan əziyyət çəkən ağır xəstədir. Xəstəlik barədə öyrəndikdən sonra Alisiya mat qalır, amma təslim olmur, sevgisi ilə xəstəliyə qarşı çıxır. Uzun və çətin müalicədən sonra Neş xəstəliyi nəzarət altına almağı bacarır. Hallusinasiyalar alimdən əl çəkmirlər, lakin artıq onu başqaları üçün təhlükəli etmirlər və uzun fasilədən sonra Neş yenidən elm fəaliyyətinə qayıdır.
Oyunlar nəzəriyyəsi sahəsində verdiyi töhfələr və yenilikçi kəşflərinə görə onu nüfuz və şöhrət gözləyir. Nobel nitqi zamanı həyat yoldaşına anlayışı və dəstəyi üçün təşəkkür edir. Parçer, Çarlz və Marsi də zalda əyləşib onun çıxışını dinləyirlər.
Aktyor | Rol |
---|---|
Rassel Krou | Con Neş, riyaziyyat dahisi |
Cennifer Konnelli | Alisiya Neş, Neşin tələbəsi |
Ed Harris | Uilyam Parçer, Müdafiə Nazirliyində çalışan hökumət agenti |
Pol Bettani | Carlz Herman |
Adam Qoldberq | Sol, Neşin Prinston Universitetindən dostu |
Kristofer Plammer | Rouzen, psixiatriya müalicəxanasının həkimi |
Coş Lukas | Martin Hensen, Neşin Prinstondan olan rəqibi |
Cadd Hirş | Helincer, Prinston Universitetinin riyaziyyat bölümünün başçısı |
Repp Entoni | Bender, Neşin Prinston Universitetindən dostu |
Vivyen Kardon | Marsi, Çarlzın qardaşı qızı |
Ceyson Qrey Stenford | Eynsli Nilson, şifrələmə professoru |
Prodüser Brayan Qreyzer Silviya Nazarın kitabından bir hissəni ilk dəfə Vanity Fair jurnalında oxumuşdur. Dərhal sonra filmin hüquqlarını satın aldı. Nəticədə, o, Ron Hovardı layihəyə dəvət etdi, amma sonuncu çəkiliş cədvəlindən məmnun qalmamış və layihəyə qoşula bilməmişdir. Qreyzer sonradan söyləmişdir ki, bir çox "A" kateqoriyalı rejissorlar proyektə öz film görünüşü və iş cədvəli ilə gəlirdilər. Film rejissorluğuna namizəd kimi Robert Redford təklif olunsa da, çəkiliş cədvəli də onu qane etmədi. Qreyzer rejissor seçiminə çox ciddi yanaşdı, amma o an üçün yalnız Hovard boş idi. Prodüser qərar vermək məcburiyyətində qalmışdır, buna görə çəkiliş cədvəlində güzəştlərə getmiş və Hovardı seçdi.[16]
Daha sonra Qreyzer ssenari müəllifi axtarmağa başladı və əsasən ciddi dramaturqlarla görüşürdü. Nəticədə prodüserin Akiva Qoldsmanın həvəs və layihəyə qoşulmaq üçün güclü istəyini nəzərə alaraq yoluna onunla davam etdirdi. Qoldsman ruhi xəstə insanlarla münasibətdə xeyli təcrübəyə sahib idi, çünki həkim olduğu dövrdə o, uşaqlar və böyüklərin zehni sağlamlığını bərpa etmək üçün şəxsən metodlar işləyib hazırlayırdı. Qoldsmanın yaradıcı yanaşması sayəsində filmin süjeti, müəyyən bir nöqtəyə qədər, tamaşaçılara imkan vermirdi ki, onlar filmdə baş verən reallığın qeyri-həqiqi olduğunu anlasınlar. Bu, tamaşaçıların özlərini Neş kimi hiss etmələri üçün edildi. Ancaq yenə də bir sıra epizodlarda bəzi qəhrəmanların ancaq Neşin ağlında mövcud olduqlarına diqqət yetirmək olar. Məsələn, xəyali dostunun qardaşı qızı ilə tanış olduğu epizodda qızcığaz göyərçinlərlə dolu çəmənlik üzrə qaçır və quşları qorxuzmağa çalışır, lakin onlar ona əhəmiyyət vermirlər. Hovard filmi bu ssenaridən çəkilməsinə razılığını verdi. O, Qoldsmandan təkçə sevgi xəttinin inkişafına xüsusi diqqət yetirməsini xahiş etdi.[17]
Kolumbiya Universitetinin Barnard Kollecinin riyaziyyat professoru Deyv Bayer ilə filmdə peydə olunan riyazi tənliklər barədə məsləhətləşmə aparılmışdır.[18] Bayer diqqətini, adi şeylər öyrətmək istəməyən və əksinə daha maraqlı tapşırıqlar üstündə fokuslanan qəhrəman üzərində cəmlədi. Rassel Krou məhz Bayerin göstərdiyi dolaşıq formulaları filmdə lövhə üzərində yazır. Filmdə bir neçə ilin keçməsinə baxmayaraq, Neşin kabinetində yerləşən lövhədə yazılan formulalar dəyişməz olaraq qalırlar. Bayer, filmin sonuna yaxın qələm təqdimetmə mərasimində Neşə qələm təhvil verən müəllimlərdən biri kimi kameo rolu qismində filmdə çıxış edir.[19]
Baş qəhrəmanları yaşlanmış kimi təqdim etmək üçün filmə "Oskar" mükafatçısı Qreq Kennom cəlb edildi. Rassel Krou "İnsayder" filminin çəkilişləri zamanı Kennom ilə artıq işləmişdir. Hovard da Kennom ilə "Barama" filmi zamanı iş birliyi görmüşdür. Film bütövlüklə personajların inkişaf və qocalma mərhələlərinə bölünmüşdür və qrimin mürəkkəblik və səviyyəsi elə məhz bundan asılı idilər. Əvvəlcə bütöv film boyunca Rassel Krounu sadəcə yaşlanılmasına qərar verildi; bununla birlikdə, aktyorun təklifi ilə qrim ustaları onun üzünə həqiqi Con Neşə xas olan xüsusiyyətləri əlavə edirdilər. Kennom qrim sahəsində ən son vasitələrdən istifadə edirdi, məsələn, həqiqi dərini yamsılayan və makiyaj edilmə müddətini səkkizdən saatdan dörd saata qədər azalda bilən silikondan. Həmçinin, Krou yumulu ağızda dişlərin vəziyyətini dəyişən müxtəlif diş protezlərindən istifadə edirdi.[20]
Hovard və Qreyzerin film üçün musiqi hazırlanmasını Ceyms Hornerə həvalə etmək səbəbləri onunla olan dostluq və onun ünsiyyət qurma bacarığı idi. Hovar Horner haqqında söyləmişdir ki, onunla danışmaq bir müəllif, aktyor və ya digər rejissorla danışmaq kimidir. Rejissorla bəstəkar arasında baş verən aramsız müzakirələr ali riyaziyyat nöqteyi-nəzərindən davam edirdilər, hansının ki mahiyyəti rəqəmlər və həll yollarından ibarət olmasından savayı daha çox fikirlərin inkişaf etdiyi və dəyişdiyi kaleydoskop bənzəyir. Filmin ilk nümayişindən sonra Horner Hovada demişdir ki, o, dəyişikliklərin hava kimi sürətli olduğunu görür. O, bu mövzunu filmin əsas qəhrəmanında baş verən dəyişiklikləri göstərmək üçün istifadə etdi. Horner Uelsdən olan müğənni Şarlotta Çerçi seçdi ki, onun soprano vokalından istifadə etsin, çünki bəstəkar uşaq və yaşlı insanın vokal səsləri arasında tarazlıq yaranmasını istədi. O, təkçə alətin səliqə, aydınlıq və parlaqlığını deyil, həm də insan səsinin vibrato ilə dəstəklənməsini istədi.[21]
Səhnələrin, demək olar ki hamısı məhz filmdə göstərildiyi ardcıllıqda çəkilmişdir. Prinston şəhərciyinə ayrı-ayrılıqda üç dəfə səyahət edilmişdir. Çəkilişlər zamanı Hovard, Neşin illüziyalarının həmişə əvvəlcə səs, sonra artıq vizual sıralama ilə təqdim edilməli olduğuna qərar verdi. Bu üsul, yalnız vizual təsviri təmin etmir, həm də görüntülərin Neşin gözləri ilə göstərilməsinə imkan verir. Qeyd olunmalıdır ki, Neşin hallusinasiyaları əsl həyatda ancaq səs şəklində peydə olurdu, o, vizual görüntülər görmürdü.[22] İki gecə çəkilişləri Ferli Dikkinson Universitetinin[ing.] kampusu (Florem Park, Nyu-Cersi) və Vanderbilt Menşenin rəqs salonunda aparılmışdır.[23] Gənc Con Neşin kurator professor Helincerə göstərdiyi əlyazma qismində, "Saziş yerinə yetirilməsi məsələsi" başlığı ilə Econometrica jurnalında dərc olunan həqiqi məqalədən istifadə olunmuşdur.
Bir sıra aktyorlar Con Neşin rolu üçün uyğun görülürdü, onlar arasında Brüs Uillis, Kevin Kostner, Con Travolta, Tom Kruz, Con Küsak, Çarli Şin, Robert Dauni, Nikolas Keyc, Conni Depp, Ralf Fayns, Cared Leto, Tom Henks, Bred Pitt, Alek Bolduin, Mel Gibson, Corc Kluni, Şon Penn, Qay Pirs, Metyu Broderik, Qari Oldmen və Kianu Rivz kimi tanınmış kino ustaları yer almışdılar. Çəkilişlər "Oskar" mükafatının təqdim edilməsindən bir gün sonra başladı, Rassel Krou həmin tədbirdə "Qladiator" filmində göstərdiyi oynuna görə ən yaxşı aktyor nominasiyasında qalib gəldi, bu səbəbdən prodüserlərin Krounu Neş roluna cəlb etmə təşəbbüsləri asan başa gəlmədi.[24]
Alisiya rolu üçün Porşa De Rossi, Ketrin Makkormak, Meq Rayan, Reyçel Qriffits və Amanda Pit kimi aktrisalar kastinqdən keçmişdilər. Lakin Rayan film istehsal olunmağa başlamazdan əvvəl layihəni tərk etdi. Salma Hayek da namizədlərdən biri idi və maraqlı an ondan ibarətdir ki, filmin qəhrəmanı Alisiya kimi o da El Salvadorda anadan olub. Prodüserlər əvvəlcə Alisiya rolu üçün Cennifer Konnelli haqqında düşünmürdülər. Bundan əvvəl o, Cared Leto ilə birlikdə "Bir röya üçün ağı" adlı filmdə baş rolda çəkilmişdir. Leto Con rolu üçün kastinqdən keçəndə Cennifer onunla üzbəüz əyləşib Alisiyanın mətnini oxuyaraq ona kömək edirdi (onlar bu cür dialoqlardan birini ifa edirdilər). Prodüserlər Leto ilə işbirliyini davam etdirmədilər, Konnellini isə Alisiya rolunda bəyəndilər. Ron Hovard onu və Alisiya Neşi təhsil və xarici görünüş kimi xüsusiyyətləri üzrə müqayisə etdi və nəticədə aktrisa rol üçün təsdiqləndi.[24]
Lap başda, Çarlz Herman britaniyalı olmalı deyil idi; ancaq Bettani rejissor Brayan Helgelandın diqqətini "Cəngavərin hekayəsi" filmindən sonra cəlb elədi. Filmin yaradıcıları qəhrəmanın britaniyalı ola biləcəyinə razılıq verdilər.[22]
Film yaradıcıların məqsədi bioqrafiya filmini çəkmək deyil idi, Con Neşin həyatının kinematoqrafıya interpretasiyası onun real həyatında baş verən hadisələrdən əhəmiyyətli dərəcədə fərqlidir.[25]
Filmdə Neşin Alisiya Lard ilə tanış olmazdan əvvəl uzun müddətli eşq macərası olduğu barədə bəhs olunmur. Conun tanıdığı tibb bacısı Eleanor Stir 19 iyun 1953-cü ildə onun oğlunu dünyaya gətirdi. Con qadının hamilə olduğunu bilən kimi onu tərk etdi.[26] Alisiya ilə olan qarşılıqlı münasibətin böyük hissəsi uydurmadır. Filmdə onların 1963-cü ildə boşanmaları barədə bəhs edilmir, məlumat verilməyən başqa nüanslar ondan ibarətdir ki, 1970-ci ildə onlar yenindən bir araya gəldilər və Neş Alisiyanın evində sadəcə onun yaxşı tanışı kimi yaşıyırdı və düz 1994-cü ilə qədər otaqda kirayəşin kimi qalırdı. Eyni zamanda, keçmiş həyat yoldaşının diqqət və köməyi onun qismən yaxşılaşmasına gerçəkdən kömək etdi.[27] 2001-ci ildə onlar yenidən evləndilər.[12]
İllərdir xəstəni təqib edən və insanlar şəklində peydə olan hallusinasiyalar Neşın öz xatirələri ilə uyğun gəlmir. O, ancaq səslərdə bəhs edirdi, bu obrazlar vizual olaraq yaranmırdı. Bundan əlavə, ağıl pozulmaları filmdə göstərildiyi kimi kollecdəki təhsili dövründə deyil, xeyli daha sonraki illərdə başladı.[28] Həmçinin, real həyatda Neş Prinston və Massaçusets Texnologiya İnstitutu arasında olan illərdə RAND korporasiyasında konsultant kimi fəaliyyət göstərirdi, filmdə isə o, Pentaqona işləyir.[22][28]
Filmin son səhnələrində göstərilən Prinstonda qələm təqdim etmə mərasimi və Nobel mükafatı laureatının öz keçmiş həyat yoldaşı Alisiyanın töhfələrini xüsusi vurğuladığı çıxışı əslində real həyatda baş verməmişdilər. Universitetdə qələm təqdim etmə ənənəsi əslində mövcud deyil. Həm də Neş Stokholm Universitetində Nobel mühazirəsini oxumaq imkanından məhrum edilmişdir, çünki təşkilatçılar onun vəziyyətindən narahat idilər. Bunun əvəzinə, onun oyun nəzəriyyəsinə verdiyi töhfələri müzakirə etmək üçün laureatla birlikdə seminar təşkil edildi.[13]
Hovard sonradan məlumat verdi ki, onlar ən yeni neyroleptikləri ssenariyə yemək otağında baş verən dialoqun nəticəsində əlavə etdilər ki (baxmayaraq ki Neş o vaxta qədər dərmanların qəbulunu artıq dayandırmışdır), film şizofreniyanın müalicə olunmadan aradan qaldırılması təəssüratını yaratmasın. PBS istehsalı olan "Parlaq ağılsızlıq" sənədli filmi onun həyatını daha dəqiq təsvir etməyə çalışır.[29]
Con və Alisiyadan savayı filmin bir çox personajı real şəxsləri əks etdirmirlər.[12] Neş tarazlığı haqqında fikirlər tənqidçilər tərəfindən artıq dərəcədə bəsitləşdirilmiş adlandırıldı. Filmdə, kitabdan fərqli olaraq, Con Neşin RAND-da işlədiyi vaxt iddia edilən homoseksual əlaqələrindən bəhs edilmir[12], yenə də alimin özü və onun həyat yoldaşı bu məlumatı təkzib edirdilər.[30]
Film səhnələrin biri Conun aspirantura dövründə oyunlarla maraqlanmadığı göstərilir, əslində isə Nazarın tərtib etdiyi bioqrafiyaya əsasən, o, oyun sevən idi və hətta "Con" və ya "Neş" adlı yeni oyunu yaratmışdır. Maraqlıdır ki, oyun Qo ilə bir çox oxşarlıqlara malikdir, təkçə kvadrat sahələri altıbucaqlıya dəyişdirilib. Neşin oyunu icad etdiyi və dostlarına göstərdiyi səhnə filmin final versiyasına əlavə edilmədi. Filmdə Neş Massaçusets Texnologiya İnstitutunun Uiler Laboratoriyasına qoşulur, lakin belə bir laboratoriya mövcud deyil. Əslində, o, "Klerens Lemuel Eliş Murun müəllimi" təyin olunmuşdur.[31] 1947-ci ildə üçlü spiral nəzəriyyəsi hələ təklif olunmamışdı; onun üzərində işlər 1950-ci illərdə aparılırdı, formal olaraq isə 1952-ci ildə Laynus Polinq tərəfindən təklif edildi.
Ssenari Con Neşin bioqrafı Silviya Nazarın kitabı əsasında yazılmışdır. Silviya film barədə "yaradıcıların real hadisələrdən uzaq uydurması, lakin Neşin həyatının mahiyyətini düzgün çatdıran" fikrlərini bölüşmüşdür.[27] Ron Hovard filmin reallığına bir reportajda belə şərh vermişdir:
Üzərimə düşən məsələ izləyiciyə personajın beynində baş verən hadisələrə "göz yetirmək" imkanını vermək idi. Mən bəzi maraqlı ideyaları Teslanın. bioqrafiyasından götürdüm. O, vizual olaraq öz ixtiralarını təsəvvür edə bilirdi. Onları təfərrüatlarına qədər təsəvvürünə gətirmək, toxunmaq və hətta reallaşdırma vaxtı ortaya çıxa biləcək problemləri görmək.
Orijinal mətn (ing.)I thought it was my job to try and put the audience inside this character's head, and try to offer some insight. I borrowed from a few areas including a biography I was reading about Tesla, which was kind of interesting. He used to be able to visualize his inventions coming together in his mind. He could literally see it click and sometimes he could even see problems in the engineering of his concept, even in his mind.
— [25]
"Ağıl oyunları" 21 dekabr 2001-ci ildə ABŞ-də məhdud tirajda buraxıldı və müsbət qiymətləndirmə qazandı. Amerikada və dünyada geniş prokat 4 yanvar 2002-ci ildə başladı. Film Rotten Tomatoes saytında film tənqidçilər arasında 78 % reytinqə malikdir; əla aktyor işi, həssas sevgi hekayəsi və ruhi xəstəliyə açıqgözlü baxış xüsusi vurğulanan xüsusiyyətlərdən idilər.[32] Rocer Ebert filmə dörd ulduz verdi (bu onun ən yüksək qiymətidir)[33], onun televiziya şou həmkarı Riçard Rouper isə onu hətta ilin ən yaxşı filmlərindən biri saydı. "USA Today" əməkdaşı Maykl Klark filmə dörd mümkün ulduzdan üç yarım verdi və həmçinin Krounun performansını təriflədi[34]; lakin "Washington Post"-da işləyən Desson Tomson filmin "çeynənmiş filmlərindən biri" olduğunu bildirdi, "Salon.com" onlayn jurnalından olan Çarlz Teylor filmi kəskin şəkildə tənqid edərək, Krounun oyununu "ancaq nifrətə səbəb ola biləcək absurdun ən böyük porsiyası" adlandırdı.[35] Con Neş də daxil olmaqla riyaziyyat cəmiyyəti riyaziyyatın filmdə ekranlaşdırma üsuluna təriflər yağdırdılar.[36]
İlkin məhdud buraxılış beş istirahət günlərinə təsadüf etdi; film müsbət rəylər aldı və yalnız 12 ekranda göstərilməsinə baxmayaraq yaxşı kassa qazana bildi. 4 yanvar 2002-ci ildə kino əsəri geniş yayıma buraxıldı.[37][38] Nəticədə film ABŞ və Kanadada 170.742.341 dollar, dünya miqyasında isə 313.542.341 dollar gəlir əldə etdi.[39]
Filmin VHS və DVD versiyaları 25 iyun 2002-ci ildə cüt disk şəklində ABŞ-də yayımlandı.[40] Birinci diskdə rejissor Ron Hovard və ssenarist Akiva Qoldsmanın iki ayrı səsli şərhləri var idi, bundan başqa oraya, rejissorun əlavə şərhi və filmin istehsalına dair məlumatları özündə cəmləşdirən əsas versiyadan çıxarılan səhnələr yer aldılar. İkinci diskdə filmin çəkilməsi barədə bəhs edən "„Ağıl oyunları" içdən", rejissor-prodüser əməkdaşlığının təfərrüatlarını açıqlayan "Parlaq tərəfdaşlıq: Ron Hovard və Brayan Qreyzer", filmin ssenarisini müzakirə edən "Ssenarinin inkişafı", qrim çəkmənin sirlərini açıqlayan "Qocalma prosesi", baş rollar üçün aktyor seçimi haqqında bəhs edən "Aktyorlar seçimi: Rassel Krou və Cennifer Konnelli", izləyiciyə xüsusi effektlər yaratmağın incəliklərini öyrədən "Xüsusi effektlərin yaradılması", film üçün musiqi yazılması barədə olan "Filmin saundtreki" və gerçək Con Neşin həyatını təsvir etdirən "Con Neşi qarşılayın" kimi sənədli filmlər yer alırdılar. Əsl Con Neşin Nobel İqtisadiyyat Mükafatını aldığı görüntülər də nəşrə daxil edildi. Bundan əlavə, diskə Oskar mükafatı mərasimində laureatların reaksiyalarının anlıq görüntüsü, ssenari bölümü və kinostudiya müqayisəsi, filmin treyleri və reklam kampaniyası əlavə olunmuşdur.