Ağa Aşurov

Ağa Hacı Aslan oğlu Aşurov (25 iyun (7 iyul) 1886, Bakı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası1936, Rostov, Rostov rayonu[d], SSRİ, Sovet Rusiyası[d]) — Azərbaycan mühəndisi, ictimai-siyasi xadimi. 1918-ci il oktyabrın 6-dan dekabrın 26-dək Azərbaycan Xalq Cümhuriyyətinin ilk müstəqil poçt və teleqraf naziri olmuşdur.

Ağa Aşurov
bayraq
Azərbaycan Xalq Cümhuriyyətinin 2-ci Poçt və Teleqraf Naziri
bayraq2
6 oktyabr, 1918 – 26 dekabr, 1918
ƏvvəlkiXudadad bəy Məlikaslanov
SonrakıAslan bəy Səfikürdski
bayraq
Azərbaycan Xalq Cümhuriyyətinin 2-ci Ticarət və sənaye Naziri
bayraq2
26 dekabr, 1918 – 7 dekabr, 1918
ƏvvəlkiMəmməd Yusif Cəfərov
SonrakıBehbud xan Cavanşir
Şəxsi məlumatlar
Doğum tarixi 25 iyun (7 iyul) 1886
Doğum yeri
Vəfat tarixi 1936
Vəfat yeri
Təhsili
Fəaliyyəti mühəndis, siyasətçi
Dini islam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ağa Aşurov köhnə təqvimlə 25 iyun (yeni təqvimlə 7 iyul) 1886-cı ildə[1][2] Bakı şəhərində anadan olmuşdur. Bakı real məktəbini bitirmişdir. Almaniyanın Darmştadt Böyükhersoq Ali Texniki Məktəbini mühəndis-texnoloq ixtisası üzrə ali təhsil alıb Bakıya qayıtmış, şəhər bələdiyyə idarəsində işləmişdir.

Bakının abadlaşdırılması və tərəqqisi üçün həyata keçirilən bir sıra tədbirlərə başçılıq etmişdir. 1908-ci ildə Aşurovun rəhbərliyi ilə Bakıda yeni elektrik stansiyasının tikilməsi barədə müqavilə bağlanmışdır. 1916-cı ildə Bakıya Şollar su kəmərinin çəkilməsində iştirak etmişdir.[3]

Aşurov "Nəşri-maarif" cəmiyyətinin rəhbərlərindən biri olmuş, Bakı Şəhər Dumasının üzvü seçilmişdir.

Milli azadlıq hərəkat üzvü kimi

[redaktə | mənbəni redaktə et]

Milli azadlıq hərəkatın fəal üzvlərindən olan Aşurov Fevral inqilabından sonra Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilmiş, Qafqaz müsəlmanlarının 1917-ci il aprelin 15–20-də Bakıda keçirilən qurultayında iştirak etmişdi. A. Aşurov Stepan Şaumyanın təşkilatçılığı ilə Bakıda azərbaycanlılara və ümumən müsəlmanlara qarşı törədilən 1918-ci ilin mart soyqırımı zamanı tərəflər arasında hərbi əməliyyatları dayandırmaq və barışıq məqsədilə yaradılan müsəlman nümayəndə heyətinin tərkibində Qafqaz İnqilabi Müdafiə Komitəsinin, Bakıdakı erməni Milli Şurasının üzvləri və İranın Azərbaycandakı konsulu Həbibulla xanla aparılan danışıqlarda "Astoriya" mehmanxanasında Əlimərdan bəy Topçubaşov, Molla Hacı Mir Möhsün, Hacı Hüseyn Tağıyev, Əbdül Kazımzadə ilə bərabər iştirak etmişdir.

Cümhuriyyət dövründə

[redaktə | mənbəni redaktə et]

1918-ci il 17 iyun — 7 dekabr tarixində Azərbaycan Xalq Cümhuriyyəti yarandıqda ikinci Hökumət kabinetində Aşurov əvvəlcə ticarət və sənaye naziri işləmiş, eyni zamanda, 1918-ci il oktyabrın 6-dək Ərzaq Nazirliyinə rəhbərlik etmişdir. Cümhuriyyətin mövcudluğunun ilk mərhələsində dövlətin ticarət-sənaye və ərzaq siyasətini, əsasən, Aşurov müəyyən etmişdir. İqtisadi böhranla mübarizədə Aşurov xüsusi rol oynamış, iqtisadiyyata dövlət nəzarəti sisteminin yaradılması yönündə əzmlə çalışmış, möhtəkirliklə, fəaliyyətləri dövlət maraqlarına zidd olan xüsusi mülkiyyətçilərlə mübarizədə qətiyyətli və sərt tədbirlərin tərəfdarı olmuşdur. Aşurov dövlətin müstəqil iqtisadi xəttinin prinsipial müdafiəçisi idi. 1918-ci il oktyabrın 6-da Hökumətdə bəzi dəyişikliklərlə əlaqədar poçt və teleqraf naziri təyin olunmuş, 1918-ci il dekabrın 26-dək fəaliyyət göstərmişdir və respublikada poçt və teleqraf müəssisələrinin inkişafı məqsdəilə əmrlər, sərəncamlar vermiş, ümumiyyətlə, ölkədə rabitənin bütün növlərinin inkişafı üçün var qüvvəsini sərf etmişdir. 1918-ci il dekabrın 7-də Azərbaycan Parlamentinin tərkibinə seçilən Ağa Hacı Aşurov orada 1-ci fraksiyanın ən böyük tərkibli "Musavat və "Bitərəflər fraksiyası"nda (38 nəfər deputat heyətindən ibarət idi) təmsil olunurdu. Parlamentdə təqdimat zamanı siyahıda Ağa Hacı Aşurovun adı sayca 37-ci oxunurdu. Ağa Hacı Aşurov da Parlamentdəki ən fəal deputatlardan idi. Məsələn, onun 1918-ci il dekabrın 10-da keçirilən Parlamentin iclasındakı qanun layihəsi üzrə çıxışı və səmərəli təklifləri diqqətəlayiq olmuş və millət vəkilləri tərəfindən alqışlarla qarşılanmışdır. Ağa Hacı Aşurov Azərbaycan Parlamentinin tərkibində Cümhuriyyətin süqutuna qədər fəaliyyət göstərmişdir.[4]

Bolşeviklərə qarşı

[redaktə | mənbəni redaktə et]

1920-ci il aprelin 27-də Parlamentdə axşam saat 11 radələrində bolşeviklərin hakimiyyəti təslim etmək tələbinin əleyhinə səs verən 4 nəfərdən biri idi. Məhəmməd Əmin Rəsulzadə, Şəfi bəy Rüstəmbəyli, Mustafa bəy Vəkilov və A. Aşurov 1918-ci il dekabrın ortalarında bütün Hökumət kabinəsi ilə birlikdə istefaya çıxmışdır. Azərbaycan sovet hakimiyyəti elan olunduğu günün (28 aprel 1920-ci il) ertəsi bolşeviklər A. Aşurovun həbs edilməsi barədə qərar versələr də, (233) XI ordunun Siyasi Şöbəsinin rəisi, cəllad S. Pankratovun əməliyyat müvəkilləri və xüsusi agentləri onu ələ keçirməyə müvəffəq olmamışdılar.

Azərbaycan SSR qurulduqdan sonra Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin 29 aprel 1920-ci il tarixli dekreti ilə Azərbaycan Fövqəladə komissiyası (FK) təsis olunmuşdu. FK məhz XI qırmızı ordunun Siyasi Şöbəsinin bazası əsasında rəsmən yaradılmışdır. Lakin bu cəza orqanının əməli təşkili onun 1920-ci il mayın 18-də XI ordunun Siyasi Şöbəsindən ayrıldığı gün sayılır. Həmin tarixdən 1920-ci ilin iyununadək Semyon Andreyeviç Pankratov FK-nın ilk sədri olmuşdur. FK sovet hakimiyyətinin əsas cəza orqanı idi. S. Pankratovun qısa sədrliyi dövründə bu orqanın əli ilə minlərlə milli təəssübkeşimiz məhv edilmişdir. 1920-ci ilin iyunundan FK-ya tanınmış bolşevik Baba Əliyoldaş oğlu Əliyev (1875–1937) başçılıq etmişdir. 1920-ci ilin oktyabrından onu Eyyub Şirinbəy oğlu Xanbudaqov (1893–1937) əvəz etmişdi. O, bu vəzifədə 1921-ci ilin oktyabrın 5-dək Fövqəladə Komissiyasınnın sədri vəzifəsində Mir Cəfər Mir Abbas oğlu Bağırov (1895–1956) fəaliyyət göstərmişdi. Fövqəladə Komissiya adı 1926-cı ilin avqustunadək davam etmişdir. 1926-cı ilin avqustun 7-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin (MİK) qərarı ilə Azərbaycan SSR Fövqəladə Komissiyası Dövlət Siyasi İdarəsi (DSİ) adlandırılmışdır.[4]

Mühacirət dövrü

[redaktə | mənbəni redaktə et]

A. Aşurov əvvəlcə Türkiyəyə getmək istəmişdi. Buna imkan olmadığından təqiblərdən yaxa qurtarmaq üçün Rostov şəhərinə köçməli olmuşdur. Rostovda mühəndis-texnoloq ixtisası üzrə işləmişdir. Ağa Aşurov 1936-cı ildə Rostovda da dünyasını dəyişmişdir. O Rostovun tatar qəbiristanlığında dəfn olunmuşdur.[3]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Ədəbiyyat siyahısı

[redaktə | mənbəni redaktə et]
  • Azərbaycan tarixi. V cild. B., 2001, s.303; "Milli Məclis". Parlament-90. Xüsusi buraxılış. 2008, s.79;
  • Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, B., 2005, s.154;
  • Nəsib Nəsibzadə. Azərbaycan Demokratik Respublikası. B., 1990, s.85;
  • Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920). Parlament (Stenoqrafik hesabatlar). I cild. B, 1998, s.188–189;
  • Azərbaycan Xalq Cümhuriyyəti. Parlament. I cild, B., 1998, s.188–189; "Milli Məclis". Parlament-90. Xüsusi buraxılış. 2008, s.79–80; Azərbaycan çekistləri. B., 1983, s.25; İltifat Iliyarlı, Tahir Behbudov. Azərbaycanın daxili işlər nazirləri. B., 2008, s.73;
  • "Milli Məclis". Parlament-90. Xüsusi buraxılış. 2008, s.80;
  • Yenə orada, s.93; Azərbaycan Demokratik Respublikası. Azərbaycan Hökuməti. 1918–1920. B., 1990, s.75;
  • AXC Ensiklopediyası. II cild. B., 2005, s.334; Azərbaycan Demokratik Respublikası. Azərbaycan Hökuməti. 1918–1920. B., 1990, s.75
  1. Tahirzadə, Ədalət. Aşurovlar. Soyun sənədli tarixi. Baku: INDIGO. 2014. 110. ISBN 978-9952-443-20-2.
  2. Misir Mərdanov Ədalət Tahirzadə. 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar. C. 1 A. Bakı: Təhsil. 2018. səh. 421.
  3. 1 2 Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, "Lider nəşriyyatı" 2004, Bakı şəhəri, səhifə 137.
  4. 1 2 İltifat Əliyarlı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə rabitənin inkişafı. "Mütərcim nəşriyyat", Bakı-2009 səh. 72–75