Aşıq Qərib (film, 1988)

Aşıq Qərib (gürc. აშიკ-ქერიბი) — David AbaşidzeSergey Paracanovun 1988-ci il Gürcüstan-film istehsalı bədii filmi. Film Mixail Lermontov tərəfindən yazıya alınmış eyniadlı Azərbaycan məhəbbət dastanına əsaslanır.[4] Film Andrey Tarkovskiyə ithaf edilib.

Aşıq Qərib
აშიკ-ქერიბი
Filmin afişası
Filmin afişası
Janr Drama
Əsas mövzu musiqiçi[1], Sosial təcrid[1], Azərbaycan mədəniyyəti, Romantik sevgi[2]
Rejissorlar David Abaşidze
Sergey Paracanov
Əsərin müəllifi Mixail Lermontov
Ssenari müəllifi Qiya Badridze
Baş rollarda Yuri Mqoyan
Sofiko Çiaureli
Ramaz Çxikvadze
Operator Albert Yavuryan
Bəstəkar Cavanşir Quliyev
Rəssamlar Georgi Aleksi-Mesxişvili
Nikolay Sandukeli
Şota Qoqolaşvili
Konstantin Stepankov
Quruluşçu rəssam Sergey Parajanov[3]
İstehsalçı Gürcüstan-film
İlk baxış tarixi 1988
Müddət 75 dəq
Ölkə SSRİ SSRİ
Dillər Rus dili
Gürcü dili
Azərbaycan dili
İl 1988
Rəng rəngli
Çəkiliş yeri Azərbaycan Azərbaycan
IMDb ID0094681

Film bir çox kinofestivalda göstərilib mükafatlar qazansa da, Bakıda çəkildiyinə və azərbaycan dilində saundtreki olduğuna görə 1996-cı ilin yazına qədər Ermənistanda göstərilməyib.

Nar simvolikasından geniş istifadə edilən filmdə Azərbaycan rəssamı Qənbər Qarabağinin Şəki xan sarayı divarında çəkdiyi "Həyat ağacı" rəsmi istifadə edilmişdir.

Kasıb Aşıq Qərib toylarda və digər mərasimlərdə saz çalır. O, anası və bacısı ilə birlikdə sevdiyi qız olan Mahul-Mehrinin varlı atasının yanına elçi gedir. Varlı ata pul yerinə çiçək gətirən elçilərə qızını ərə vermək istəmir. Aşıq Qərib qızla evlənmək üçün pul yığmağa səyahətə çıxır. Yolda bir atlı (Xurşid bəy) Aşıq Qəribə yoldaşlıq təklif edir. Ancaq Qərib piyada ilə atlının dostluğunun tutmayacağını deyərək təklifi rədd edir və paltarlarını çıxararaq çayı keçməyə başlayır. Xurşid bəy çayı keçib qurtarana qədər onun paltarlarını saxlamaq istəyir. Paltarları alan Xurşid bəy qaçır. Aşıq Qəribin sazı da üzüb gedir. Xurşid bəy Aşıq Qəribin evinə gedir, onun anasına və bacısına Aşıq Qəribin öldüyünü söyləyir. Aşıq Qəribin anasının gözləri ağlamaqdan kor olur. Xurşid bəy Aşıq Qəribin sevgilisi Mahul-Mehri ilə evlənmək istəyir.

Uzun müddət gizlənən Aşıq Qəribə sazının tapıldığını xəbər verirlər. Aşıq Qərib sazı qoca bir aşıqdan alır. Bundan bir az sonra aşıq vəfat edir. Aşıq Qərib uzun müddət səyahət edir, "Korların toyu" və "Kar və lalın toyu"nda iştirak edir, Nadir paşanın və Sultan Əzizin hüzurunda saz çalır. Paşa əvvəl Aşıq Qəribə Pirəbədil xalçası vermək istəyir, Aşıq Qəribi tabe edə bilməyəndə isə ona qızıl qəfəs yerinə qızıl qandal verir. Sultan Əziz Aşıq Qəribdən dayanmadan saz çalmasını istəyir və onu pələnginin qabağına atmaqla hədələyir. Yad yerdə Aşıq Qəribi paltarına görə düşmən hesab edirlər, ancaq uşaqlar ona kömək edir. Məscid üzünə bağlanır, cin və şeytanlar görməyə başlayır. Xıdır İlyas onu Ərdəbilə uçurur. Bu zaman isə Mahul-Mehrinin Xurşid bəylə toyu keçirilir. Xurşid bəy onunHəmədandan Ərdəbilə bir günə gəlməsinə inanmır. Aşıq Qərib anasının ora gətirilməsini tələb edir. O, Xıdır İlyasın atının ayaqlarına sürtdüyü parçanı anasının gözlərinə sürtür, anasının gözləri açılır. Beləcə doğru danışdığını sübut edir. Axırda Aşıq Qərib Mahul-Mehri ilə evlənir.

  • Yuri Mqoyan — Aşıq Qərib
  • Sofiko Çiaureli — ana
  • Ramaz Çxikvadze — Əliağa
  • Konstantin Stepankov — müəllim
  • Varvara Dvalişvili — bacı
  • Veronika Metonidze
  • David Abaşidze
  • Tamaz Vaşakidze
  • David Dovlatyan
  • Nodar Duqladze
  • Levan Natroşvili
  • Georgi Ovakimyan
  • Vyaçeslav Stepanyan
  • Zurab Kipşidze — rus dilindəki mətni oxuyan

Çəkiliş qrupu

[redaktə | mənbəni redaktə et]
  • David Abaşidze & Sergey Paracanov — rejissorlar
  • Qiya Badridze — ssenarist
  • Albert Yavuryan — operator
  • Cavanşir Quliyev — musiqi
  • Georgi Aleksi-Mesxişvili, Nikolay Sandukeli və Şota Qoqolaşvili — rəssamlar
  • Harri Kunçev — səs rejissoru
  • Alim Qasımov — ifaçı
  • S.Aleksidze — xoreoqraf

"Aşıq Qərib" filmi eyniadlı Azərbaycan dastanının Mixail Lermontov tərəfindən yazıya alınmış versiyasına[5] əsaslanır.[6] Sergey Paracanov əvvəlcə Lermontovun "Demon" əsərini ekranlaşdırmaq istəsə də, fəsil uyğun olmadığı üçün bundan vaz keçmişdi.[7] Paracanovun "Gürcüstan-film" şirkətində digər gürcü kinorejissorları qədər imtiyazı olmadığına görə film heyəti zəif təchizatla işləməli oldu. Paracanov öz müsahibəsində qeyd edir ki, film kifayət qədər hazırlıq vaxtı, büdcə və təchizat əldə edə bilməyib.[8] Andrey Tarkovskiyə ithaf edilmiş film Paracanovun bitirə bildiyi son filmi oldu. O, 1990-cı ilə aid "Etiraf" filmini qurtara bilmədi.

Paracanovun versiyası Lermontovun əsərindən bir az fərqlidir. Mahul-Mehrinin atası vulqar şəkildə Aşıq Qəribin evlilik təklifini rədd edir. Aşıq Qərib yeddi illik yox, min günlük səyahətə çıxır. Aşıq Qəribin iştirak etdiyi toylar genişləndirilərək "Korların toyu" və "Kar və lalın toyu" epizodları yaradılır. Aşıq Qərib bir yox, iki zalımın (Nadir paşa və Sultan Əziz) əlinə düşür və hər ikisindən xilas olur.[9]

Paracanov filmi əvvəlcə İranda çəkmək istəyirdi, ancaq praktiki səbəblərə görə film Azərbaycanda çəkildi.[10] Filmin çəkilişi İçərişəhərdə (Bazar meydanı, Şirvanşahlar sarayı və s.), Şəki xan sarayında, Sınıq körpüdə, Nardaran qalasında aparılmışdır. Filmin başında və axırında göstərilən məscid Tiflis Etnoqrafiya Muzeyinin həyətində yerləşir. Filmin elektronik və instrumental musiqisi Cavanşir Quliyev tərəfindən yazılmış, filmin muğam və aşıq musiqisi Alim Qasımov tərəfindən ifa olunmuşdur. Filmdə həmçinin pop musiqi və "Şubertin Ave Mariyası" istifadə edilmişdir. Filmdə Aşıq Ələsgər, Aşıq PəriƏliağa Vahidin şeirlərindən istifadə edilmişdir. Filmdə Qacar miniatür məktəbi nümunələrindən və Şəki xan sarayındakı təsvirlərdən istifadə edilmişdir. Filmin dili həmçinin azərbaycan dilindədir, ancaq danışıq aktyorların dodaqları ilə sinxronizə deyil. Bunun yerinə aktyorlar az danışılan səhnələrlə filmə əcaib primitizm əlavə edirlər.[10] Film Azərbaycan dilinə Rasim Balayev, Səyavuş Aslan, Nurəddin Mehdixanlı, Əminə Yusifqızı, Sadıq Hüseynov, Ramiz Məlikov, Nəcibə Hüseynova kimi sənətkarlar tərəfindən dublyaj edilib.[11]

1988-ci ildə Moskvaya gələn Kann kinofestivalı nümayəndəsi "Aşıq Qərib" filmini kinofestivalın konkurs proqramına daxil etmək istəyirdi, ancaq film hələ hazır deyildi. Nümayəndə ona təklif edilən digər filmləri seçmədi.[12]

Film geniş prokata buraxılmadı. Paracanov filmi Hollandiya, Almaniya (Münhen Beynəlxalq Film Festivalı) və Venesiyada keçirilən kinofestivallarda nümayiş etdirdi.[13]

Film 1988-ci ildə "Avropa Oskarı"nın təqdimatı mərasimində "Ən Yaxşı Rejissor" kateqoriyasına namizəd göstərildi və "Ən Yaxşı Art Direktor" mükafatını qazandı.[14]

Film 45-ci Venesiya Film Festivalında göstəriləndə konkurs proqramına daxil edilmədi. Çünki film əvvəlcə Münhen kinofestivalında göstərilmişdi. Festivalın münsif heyəti filmin Oskar mükafatı konkursuna daxil edilməsi üçün Amerika kinoakademiyasına müraciət etdi.[15]

Paracanov 1989-cu ildə Fantasporto Film Festivalında filmi göstərdi.[16] Eyni ildə İstanbul Beynəlxalq Film Festivalında "Münsiflərin Xüsusi Mükafatı"na layiq görüldü.[17] 1990-cı ildə film 4 ayrı kateqoriyada Nika mükafatına layiq görüldü.[18]

Film Bakıda çəkildiyinə və azərbaycan dilində saundtreki olduğuna görə 1996-cı ilin yazına (filmin çəkilməsindən səkkiz il, Paracanovun ölümündən altı il sonra) qədər Ermənistanda göstərilmədi.[19]

2013-cü ildə Tbilisidə II Qafqaz filmləri festivalının açılışında "Aşıq Qərib" filmi nümayiş edildi.[20]

Tənqidi və təfsiri

[redaktə | mənbəni redaktə et]

Miron Çernenko Aşıq Qərib filmini son illərdə dünyada istehsal olunmuş ən yaxşı filmlərdın biri adlandırır. Onun fikrincə filmin ən güclü təsirlərindən biri xüsusilə ifa tərzi, qrimin istifadəsi və Jorj Melyes təsiri hiss olunan kompozisiyalar ilə səssiz filmdir. Çernenko qeyd edir ki, filmin estetik prinsipləri Paracanovun həbsxana dövrü incəsənəti və son dövr kollajları ilə sıx bağlıdır. Paracanov filmdə natürmort kompozisiyalarından (Çernonkanın dili ilə epiqraflardan) istifadə edərək bir çox səhnələr qurub. Bu səhnələr təkrarlanır.[8]

Filmin "məhsuldarlıq festivalı" adlanan giriş səhnəsində Aşıq Qəribin Mahul-Mehrinin dalınca qaçması və ona düyü atması Paracanovun filmlərində tez-tez rast gəlinən psevdo-etnoqrafiya nümunəsinə bir misaldır. Albert Yavuryan qeyd edir ki, Paracanov əvvəlcə ermənilərin Vardavar festivalındakı kimi su atılmasına istədiyindən soyuq havaya görə fikrindən vaz keçdi. Mahul-Mehrini istəyən Xurşid bəyin isə düyü atacaq bir kəs tapmaması ritualın gözlənilməz sonluğudur.[21]

"Narların rəngi" filmində olduğu kimi bu filmdə də nar erotik məna daşıyır. Filmin başlığında nar süfrədə verilir, daşın üzərində həkk edilmiş formada və Şəki xan sarayı divarında göstərilir, son olaraq Aşıq Qərib və Mahul-Mehri nar ağacları arasında oturur. Film ərzində Mahul-Mehrinin Qəribə iki dəfə nar verməsi narın evlilik razılaşması olaraq hədiyə verilməsi simvolizmini xatırladır. Nar axırıncı toy mərasimində də göstərilir. Fars incəsənətiədəbiyyatında olduğu kimi nar sevgililərin eşqinin müxtəlif mərhələlərini təmsil edir.[22]

İki Şərq despotu və "şair və çar" motivi Paracanovun Sovet dövründə bir incəsənət adamı olaraq yaşadıqlarına işarədir. "Gəlinin atası üçün ehtiram" adlı axırıncı səhnədə Aşıq Qəribin üzündə acı bir ifadə ilə uçurduğu göyərçinin kameraya qonması və filmin Andrey Tarkovskiyə ithaf edilməsi göstərir ki, gəlinin atası Paracanovu həbs edən və Tarkovskini sürgünə göndərən sovet repressiya maşınını ifadə edir.[7]

  1. 1 2 europeanfilmawards.eu.
  2. Cakarel E. MUBI (ing.). 2007.
  3. IMDb (ing.). 1990.
  4. *Ashik Kerib at Parajanov.com Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
  5. Ашик-Гариб // Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров. — 3-е изд. — М. : Советская энциклопедия, 1969—1978.
  6. "АШИК-КЕРИБ (". 2021-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-25.
  7. 1 2 Steffen, 2013. səh. 231
  8. 1 2 Steffen, 2013. səh. 234
  9. Steffen, 2013. səh. 232
  10. 1 2 Steffen, 2013. səh. 233
  11. "Azərbaycanca filmlər çəkən məşhur erməni rejissor ARAŞDIRMA". İstifadə tarixi: 2016-08-25.[ölü keçid]
  12. "23.05.1988 На 41-м МКФ в Каннах советское кино не представлено в конкурсе полнометражных фильмов". 2011-11-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-08-27.
  13. "06.12.1988 Фильму «Ашик-Кериб» Сергея Параджанова наконец-то выдают разрешительное удостоверение". 2011-11-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-08-27.
  14. 1 2 "European Film Awards-1988". 2015-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-16.
  15. "29.08.1988 «Perestroyka in the USSR» — один из главных сюжетов 45 МКФ в Венеции". 2011-11-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-08-27.
  16. Steffen, 2013. səh. 244
  17. 1 2 "8. Uluslararası İstanbul Film Festivali (1989)". 2016-10-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-08-16.
  18. 1 2 3 4 5 "Премия "НИКА-1990"". 2016-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-16.
  19. Steffen, 2013. səh. 241
  20. "Tbilisidə II Qafqaz filmləri festivalı keçiriləcək". 2021-04-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-08-27.
  21. Steffen, 2013. səh. 235
  22. Moritz Pfeifer. "Life History of a Fruit. Symbol and Tradition in Parajanov's Caucasian Trilogy". İstifadə tarixi: 2017-07-20.[ölü keçid]
  • James Steffen. The Cinema of Sergei Parajanov. (The University of Wisconsin Press). United States of America. 2013.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]