Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Hindilər[1][2] (ing. Indians), həmçinin yerli amerikalılar (ing. Native Americans), Amerika hindiləri (ing. American Indians), qırmızı dərililər (ing. Red skins) və ya qırmızı hindilər (ing. Red Indians) — Amerikanın yerli əhalisinin,[1] Amerika qitəsinin, Cənubi və Şimali Amerikanın yalnız bəzi rayonlarında qalan ən qədim yerli əhalisini təşkil edən tayfa və xalqların ümumi adı.[3] Adları Xristofor Kolumb və başqalarının (15-ci əsr) Amerikanı səhvən Hindistan güman etmələri ilə əlaqədar yaranmışdır. Dil baxımdan bir-biriylə qohum olmayan iki ayrı əsas qrupa bölünürlər: Sibir mənşəli na-dene dilləri və na-dene istisna olmaqla özündə bütün hindi dillərini ehtiva edən amerind dilləri. Alyaska yerliləri adı Alyaskada yaşayan eskimos-aleut xalqlarını və hindiləri topluca xarakterizə etmək üçün istifadə edilir. ABŞ-nin digər əyalətlərində "Native Americans", "American Indians" ya da qısaca olaraq "Indians" adlanırlar. Kanada yerliləri (Aboriginal peoples) adı Kanadada yaşayan eskimosları, aleutları (inuit), hindiləri (First Nations) və metisləri ümumilikdə xarakterizə etmək üçün istifadə edilir. Olmeklər və mayyalılar kimi Mərkəzi Amerika hindiləri kəşfdən əvvəl qarğıdalı əkinçiliyi ilə, keçuvalar və aymaralar kimi Cənubi Amerika hindiləri isə kartof əkinçiliyi ilə məşğul olmuşdurlar. Amerikanın kəşfinə qədər onlardan yalnız üç xalq ibtidai icma quruluşundan çıxmış və dövlət qurmuşdu: mayyalılar, asteklər və inklər.
Hindilərin necə adlandırılması hələ də müzakirə mövzusudur. İngiliscədəki "Red skin" (qırmızı dərili) ispanca "Piel roja" birləşməsinin tərcüməsidir və bu ispanca ad Xristofor Kolumbun 1492-ci ildə Hindistan hesab etdiyi yerə ilk çatdığı nöqtə olan Karib adalarının yerli xalqlarından biri olan taynoların bədənlərini "Biksa orelyana" bitkisinin toxumu ilə rəngləməsindən qaynaqlanır. Bundan əlavə ingiliscədə "Red Indians" (qırmızı hindilər) adı da istifadə edilir, lakin elə də çox yayılmamışdır və "Red skin" hal-hazırda yalnız arqo olaraq qəbul edilir.
Amerika yerliləri ya da qısaca olaraq yerlilər: Amerika Birləşmiş Ştatlarında "Native Americans" (yerli amerikalılar), "American Indians" (Amerika hindiləri) ya da qısaca olaraq "Indians" (hindilər) adlanır və yalnız hindilərə aid edilir. Hindi sözünün istifadə edilməsi səyyah Xristofor Kolumbun Amerikanın şərq sahilinə çatdığında buranı Hindistan hesab etməsindən qaynaqlanır.
ABŞ əhalinin siyahıyaalınması dairəsi (United States Census Bureau) ölkədəki yerliləri "American Indian" (Amerika hindisi) və "Alaska Native" (Alyaska yerliləri) adı altında qeyd edir. Kanadada "aboriginal peoples" (yerli xalqlar) adlanırlar, bu ad həm eskimos-aleut xalqlarına (inuit) həm də hindilərə (First Nations) aid edilir. Qayanada "Amerindian" (Amerika hindisi) adı hindi mənasında istifadə edilir və bu adlandırma digər ölkələrdə məşhur deyil. Region ispancasında gündəlik danışıq dilində "Indios" (hindilər) istifadə edilir, yazı dilində isə "Amerindio" (Amerika hindlisi) ya da "pueblos indígenas" (yerli xalqlar) adı istifadə edilir. Argentinada isə daha çox "aborigen" (yerli) adlanırlar.
Dövlət strukturları olmadığına görə alimlər Şimali Amerika yerlilərini əsas mədəniyyət qrupları olaraq ya da dilinə görə təsnif edirlər.