Arif Həsənov (Seysmoloq Alim)

Arif Həsən oğlu Həsənov (6 iyun 1939, Bakı24 yanvar 2008, Azərbaycan) — Azərbaycanlı; geologiya-mineralogiya elmləri doktoru; Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor[1]

Arif Həsənov
Arif Həsən oğlu Həsənov
Doğum tarixi 6 iyun 1939(1939-06-06)
Doğum yeri
Vəfat tarixi 24 yanvar 2008(2008-01-24) (68 yaşında)
Vəfat yeri
Milliyyəti azərbaycanlı
Elm sahələri Geofizika sahəsində tədqiqatlar, sеysmоlоgiyа və zəlzələnin prоqnоzu sаhələri
Elmi dərəcəsi geologiya-mineralogiya elmləri doktoru
Elmi adları AMEA-nın müxbir üzvü, professor
Təhsili
Tanınmış yetirmələri altı elmlər doktoru, altı elmlər namizədi
Üzvlüyü
Mükafatları "Şöhrət" ordeni

Arif Həsənov 1939-cu il iyun 6-da Bakı şəhərində böyük ictimai-siyasi xadim Həsən Məmməd oğlu Həsənovun ailəsində anadan olmuşdur. 1956-cı ildə Bakıda 160 saylı orta məktəb]i bitirərək, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin geologiya fakültəsinə daxil olmuş, 1961-ci ildə bitirmişdir. Arif Həsənov seysmologiya və zəlzələnin proqnozu sahələrində görkəmli mütəxəssis və tanınmış alimdir. Onun elmi fəaliyyətinin əsas istiqaməti Azərbaycanın neftli-qazlı bölgələrinin geoloji xüsusiyyətləri və neftin fiziki-kimyəvi xüsusiyyətlərinin öyrənilməsinə, seysmoloji məlumatlara əsasən respublika ərazisinin seysmikliyinin, seysmik sahənin kinematik və dinamik parametrlərinin, zəlzələ ocağı meхanizmlərinin öyrənilməsinə, seysmotektonik elementlərin və seysmogen bölgələrin neftli-qazlılıq perspektivlərinin dəqiqləşdirilməsinə yönəldilmişdir.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Arif Həsənov elmi fəaliyyətə 1961-ci ildə "Neft və qaz yataqlarının geokimyası" laboratoriyasında baş laborant kimi başlamışdır. Həmin ildən kiçik elmi işçi kimi "Aşağı Kür çökəkliyi Abşeron yarusunun neft-qaz yataqlarının öyrənilməsi" mövzusu ilə məşğul olmuşdur. 1967-ci ildə "Kürovdağ, Qarabağın, Babazənən sahələrində geoloji struktur və litofasial xüsusiyyətləri ilə əlaqədar neft və qazın Abşeron çöküntülərində yatım şəraiti" mövzusunda dissertasiya işini müdafiə etmiş və geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi almışdır. A.H.Həsənov Azərbaycanın neftli-qazlı bölgələrinin geoloji xüsusiyyətləri və neftin fiziki-kimyəvi xüsusiyyətlərinin öyrənilməsi ilə məşğul olmağa başlamışdır. Tədqiqatların nəticəsi Azərbaycan EA-nın elmi nəşrlərində, keçmiş SSRİ EA-nın mərkəzi nəşrlərində və xarici ölkələrdə dərc olunmuşdur. A.Həsənova 1991-ci ildə Respublikanın neftli-qazlı yataqlarının tədqiqatlarında olan xidmətlərinə görə "Azərbaycan SSR-nin neft və qaz sənayesinin əməkdar işçisi" Fəxri adı verilmişdir. 1977-ci ildə geofizika elminin aktual məsələlərindən biri olan müasir geofiziki cihazların işlənib hazırlanması və onların təcrübəyə tətbiqinə böyük zərurət yarandığına görə, Azərbaycan EA-nın nəzdində Geofiziki Cihazqayırma Xüsusi Konstruktor Bürosu təşkil olunmuş və A.Həsənov bu yeni təşkilata dəvət olunmuşdur. 1978-ci ildən Arif Həsənovun elmi-təşkilatçılıq fəaliyyəti, xüsusən də geofizika sahəsindəki tədqiqatları, əsasən, seysmologiyazəlzələlərin proqnozu ilə bağlıdır. 1979-cu ildə Azərbaycan ərazisində seysmik monitorinq şəbəkəsi yaratmaq və zəlzələ proqnozu problemini inkişaf etdirmək məqsədi ilə respublikanın direktiv orqanlarının və Azərbaycan Elmlər Akademiyasının qərarına əsasən Təcrübi-Metodiki Geofiziki Ekspedisiya yaradılmışdır (TMGE) və Arif Həsənov bu təşkilata rəhbər təyin edilmişdir. TMGE-nin çərçivəsi daxilində Arif Həsənovun elmi fəaliyyəti seysmoloji məlumatlara əsasən respublika ərazisinin seysmikliyinin, seysmik sahənin kinematik və dinamik parametrlərinin, zəlzələ ocağı mexanizmlərinin öyrənilməsinə, seysmotektonik elementlərin və seysmogen bölgələrin neftli-qazlılıq perspektivlərinin dəqiqləşdirilməsinə yönəldilmişdir. [2] Arif Həsənovun rəhbərliyi altında ilk dəfə olaraq vacib nəzəri və praktik əhəmiyyət kəsb edən zəlzələ proqnozu parametrlərinin metodik əsaslarının öyrənilməsi məqsədilə kompleks geofiziki (geomaqnit, elektromaqnit, qravimetrik) və geokimyəvi tədqiqatlar aparılıb. A.Həsənov neft geologiyası, və seysmologiya kimi iki elmi istiqamətin qovşağında alınan və böyük əhəmiyyət kəsb edən yeni məlumatları "Neft qazlılığın proqnozu ilə əlaqədar Azərbaycanın dərinlik strukturu və seysmikliyi" mövzusunda doktorluq dissertasiyasını 1998-ci ildə müdafiə etmişdir. Arif Həsənov "Qara dəniz-cənubi Xəzər regional çökəkliyinin dərinlik quruluşu" xəritəsinin müəlliflərindən biridir. Arif Həsənov seysmoloji məlumatların analizi əsasında Cənubi-Kür, Xocavənd-Xovakənd-İsmayıllı, Şimali-Kür kimi böyük qırılmaların, həmçinin Palmir-Abşeron-Manqışlaq superli-neamentinin yatma dərinliklərini və məkanda vəziyyətlərini dəqiqləşdirmişdir. A.Həsənov Azərbaycanda zəlzələ ocaqlarının ehtimal olunan bölgələrini təyin edən müəlliflərdən biridir. Bu sahədə əldə edilmiş elmi nailiyyətlər Azərbaycan ərazisinin seysmik rayonlaşdırılmasında, müxtəlif sənaye və mülki obyektlərin sahələrinin seysmikliyinin dəqiqləşdirilməsində müvəffəqiyyətlə tədbiq edilir.[3]

Elmi nailiyyətləri

[redaktə | mənbəni redaktə et]

Arif Həsən oğlu Həsənov 1998-ci ildə məhsuldar elmi və pedaqoji fəaliyyətinə görə Professor elmi adı verilmişdir. 2001-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.[4] Arif Həsənov 2001-ci ildə Azərbaycan MEA-nın müxbir üzvü seçilib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, Bakı Dövlət Universitetinin "SeysmologiyaYer fizikası" kafedrasının professoru olmaqla yanaşı, Azərbaycan Seysmoloqlar Assosiasiyasının prezidenti, Azərbaycan Milli Geofizika Komitəsinin birinci vitse-prezidenti, Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki, Beynəlxalq Geoekologiya Akademiyasını akademiki, Qara Dəniz Hövzəsi İqtisadi Birliyin üzvü olan dövlətlərin Seysmik Müdafiə Assosiasiyasının Direktorlar Şurasının üzvü, Avro-Asiya Geifizika cəmiyyətinin üzvü, Azərbaycan Prespublkası Prezidenti yanında AAK-nın ekspert şurasının sədr müavini olmuşdur.

1999-cu ildə seysmoloji və seysmoproqnostik tədqiqatların[5] inkişafında olan xidmətlərinə görə Arif Həsənov AMEA Rəyasət Heyətinin "Fəxri Fərmanı" ilə təltif olunmuşdur.

2004-cü ildə Arif Həsənov akademik Yusif Məmmədəliyev adına medalla təltif edilmişdir.

2005-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif olunmuşdur.[6]

  1. "Həsənov Arif Həsən oğlu". 2022-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-30.
  2. "Görkəmli alim, Elm təşkilatçısı, Xeyirxah insan xatirələrdə.səh3-5. "Nafta-Press" nəşriyyatı,2014-cü il
  3. Arif Həsənov,Tahir Məmmədli. "Seysmologiyanın əsas elementləri". ek.anl.az. 27 aprel 2023-cü il tarixində arxivləşdirilib.
  4. "AMEA". 2023-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-30.
  5. "seysmoproqnostik tədqiqatlar" (PDF). 2023-03-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-03-30.
  6. ""Şöhrət"". 2021-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-30.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]