Azərbaycanın poçt və poçt markaları tarixi Azərbaycanın tərkibində olduğu dövlətlərin (Rusiya imperiyası və SSRİ), XX əsrin əvvəllərində mövcud olan müstəqil dövlət qurumlarının və müstəqil Azərbaycan Respublikasının (1992-ci ildən bəri) poçt sistemi ilə əlaqədar olaraq müxtəlif dövlərə bölünür.
Azərbaycanda poçtun tarixi Səfəvilər dövründən başlayır. Poçt sisteminin əsas inkişaf dövrü isə Azərbaycanın Rusiya imperiyasının və SSRİ-in tərkibinə daxil olduğu dövr, XIX–XX əsrlərdir. SSRİ-in dağılması ilə müstəqil Azərbaycanda poçt rabitəsinin inkişafında gerilik müşahidə olunur. Azərbaycan 1992-ci ildə özünün ilk poçt markalarını çıxarır. Azərbaycan 1 aprel 1993-cü il tarixindən Ümumdünya poçt ittifaqının üzvüdür, 2002-ci ildən isə WADP Nömrələmə Sisteminin iştirakçısıdır.
İlk standart poçt markası 20 oktyabr 1919-cu ildə, ilk poçt-xeyriyyə markası 22 oktyabr 1921-ci ildə, ilk poçt bloku 1 fevral 1993-cü ildə, ilk kommemorativ poçt markası 23 sentyabr 1993-cü ildə buraxılmışdır.
Azərbaycanda poçt xidmətlərinin tarixi qədim dövrlərə gedib çıxır. Həmin dövrlərdə yazılı informasiyanın mübadiləsi üçün qasidlər, çaparlar, dəvə karvanları və digər rabitə yolları istifadə edilirdi.
Lakin poçt rabitəsinin nizamlı dövrü 1501-ci ilə təsadüf edir. Həmin ildə Səfəvilər dövlətinin əsasını qoyan Şah İsmayıl Xətainin əmri ilə qasidlər vasitəsilə fəaliyyət göstərən nizamlı dövlət poçtu yaradıldı.[1]
Solda: Azərbaycandan Almaniyaya açıq məktub (1896). Sağda: Bakı poçtalyonları (1916).
|
Azərbaycanda müasir formada poçt xidməti XIX əsrin əvvəllərində, Azərbaycanın Rusiya imperiyasının tərkibində olduğu dövrdə yarandı. 1818-ci ildə Yelizavetpol (Gəncə) şəhərində ilk poçt kontoru açılmışdır. 1826-cı ildə Bakıda poçt ekspedisiyası təşkil edilmişdir. Daha sonra Quba, Naxçıvan, Şuşa, Şamaxı, Lənkəran, Nuxa (Şəki) və Salyanda poçt kontorları yaradıldı. 1846-cı ildə Bakıda Bakı və Astraxan arasında müntəzəm dəniz poçt mübadiləsi üçün Poçt gəmiçiliyi idarəsi yaradıldı.
1863-cü ildə Qafqaz poçt dairəsi yaradıldı. Qurumun tərkibində Bakı poçt idarəsi də var idi. Azərbaycanda poçt rabitəsi həmçinin Bakı-Tiflis (1883) və Bakı-Dərbənd (1900) dəmiryolu xətlərinin istimarının başlaması üçün stimul yaratdı.
1861-ci ildə ilk dəfə olaraq Xəzər dənizi ilə Qafqazın və İranın Rəşt və Astarabad limanları arasında dəniz poçt mübadiləsi yaranmışdır. 1863–1872-ci illərdə İran tranzit ticarətinin müdafiəsi məqsədilə Tiflis və Culfa arasında poçt rabitəsi yaradılmışdır. Culfada poçt şöbəsi yaradılaraq İranla Azərbaycan arasında ilk beynəlxalq məktub korrespondensiyası mübadiləsi təsis edilmişdir.
28 may 1918-ci ildə Azərbaycan Demokratik Respublikası öz müstəqilliyini elan edərkən 6 oktyabr 1918-ci ildə hökumətin tərkibində Poçt və Teleqraf Nazirliyi yaradılmışdır.
15 mart 1919-ci ildə Azərbaycanla Gürcüstan arasında poçt korrespondiyası, pul baratları, qiymətli məktubların və bağlamaların mübadiləsi təşkil edildi. 1920-ci ilin aprelin 6-da isə Azərbaycanla İran arasında poçt-teleqraf əlaqələri yaradılmışdır. Keçən əsrin 20-ci illərindən başlayaraq Azərbaycanda poçtun dinamik inkişafı başlamış və 1913-cü ilə nisbətən göstəricilər xeyli artırılmışdır. Belə ki, 1913-cü ildə əgər rabitə müəssisələrinin sayı 19, qəbul edilmiş məktubların sayı 3 milyon idisə, 1920-ci ildə rabitə müəssisələrinin sayı 59-a, məktubların sayı isə 5 milyona çatdırılmışdır.
1920-ci ilə nisbətən 1928-ci ildə poçt rabitəsi müəssisələrinin sayı 1,95 dəfə və ya 95%, poçt qutularının sayı 2,33 dəfə və ya 233%, bağlama mübadiləsi 17,3 dəfə, pul baratlarının miqdarı 4 dəfə, qəzet və jurnalların miqdarı 125%, məktubların sayı 2 dəfə və ya 200%-dən çox artmışdır.
II Dünya müharibəsi ərəfəsində respublikada iqtisadiyyatın və mədəniyyətin inkişafı, əhalinin sosial vəziyyətinin yaxşılaşması poçt xidmətlərinə olan tələbatı daha da artırmışdır. Bu dövrdə 1920-ci ilə nisbətən poçt rabitəsi şəbəkələrinin sayı 9 dəfə artaraq 524-ə çatdırılmışdır. Poçt müəssisələrinin 402 ədədi və ya 76,7% kənddə yerləşirdi.
Poçt marşrutlarının məsafəsi 1940-cı ildə 2,6 dəfə artaraq 6767 km. təşkil etmişdir. Əgər 1920-ci ildə poçt yalnız at arabası nəqliyyatı ilə daşınırdısa, 1940-cı ildə avtomobil nəqliyyatı ilə poçtun daşınması 1884 km. təşkil etmişdir.
1945-ci ildə Bakıda Beynəlxalq Poçt Ekspedisiyası təşkil edildi. Bu tədbir beynəlxalq bağlama korrespondensiyasının hərəkətinə, qorunub saxlanılmasına və yaxşı nəzarət edilməsinə imkan yaratmışdır. Magistral aviareyslərlə poçtun daşınmasının uzunluğu 2078 km., respublika daxil i aviareyslərlə 1042 km. təşkil edirdi.
1945-ci ilin sonunda respublikada poçtalyonların sayı 1687, onlardan 1449-u piyada, 238 atlı, o cümlədən müəssisələrə aid piyada 55 nəfər, atlı 1 nəfər, kolxozçu piyadaların sayı 1390 və atlıların sayı 237 nəfər təşkil edirdi.
1940-cı ilə nisbətən 1950-ci ildə poçt mübadiləsinin həcmi məktub korrespondensiyası üzrə 140%, bağlama 80%, barat 237%, qəzet və jurnal 80%, poçt qutularının sayı isə 3000 ədədə qədər yüksəlmişdir.
1955-ci ildə ildə poçt marşrutlarının uzunluğu 8668 km təşkil edirdi. Poçt nəqliyyat məsafəsi 5906,4 min km., o cümlədən avtomobil 2967 km., at-araba 2939,4 min km. təşkil edirdi. Aviareyslər üzrə daşınma həcmi 736,1 ton, dəniz yolu üzrə 4212 ton təşkil edirdi. Dəmir yol nəqliyyatı üzrə məsafə 152,5 km. təşkil edirdi.
1970-ci ildə 1940-cı ilə nisbətən respublikada rabitə müəssisələrinin sayı 3 dəfə artaraq 1590-ə, o cümlədən kənd yerlərində 1171-ə, məktub korrespondensiyasının sayı 3 dəfə artaraq 75 mln. təşkil etmiş, bağlamalar 2 dəfə, qəzet və jurnallar 6,5 dəfə, poçt marşrutlarının məsafəsi 3 dəfə artaraq 20023 km., avtomobil marşrutlarının sayı 9 dəfə artaraq 1705 min km. təşkil etmişdir, bu isə 2 dəfə at-araba nəqliyyat marşrutunun azalmasına səbəb olmuşdur.
XX əsrin sonunda keçmiş SSRİ-nin dağılması və respublikamızın müstəqillik əldə etməsi ilə poçt rabitəsinin inkişafında da yeni mərhələyə start verilmişdir. Respublikada poçt və elektrik rabitəsinin təşkili və xidmətlərin göstərilməsi "Azərpoçt" İstehsalat Birliyi tərəfindən həyata keçirilməyə başlamışdır. "Azərpoçt" İstehsalat Birliyinin sələfi olan "Azərpoçt" Dövlət Müəssisəsi isə Azərbaycan Respublikası Rabitə Nazirliyinin 23.09.1999-cu il tarixli 151 saylı "Poçt rabitəsi sahəsində islahatların davamı və strukturun təkmilləşdirilməsi haqqında" əmri ilə yaradılmışdır. Müəssisə, "Azərpoçt" İstehsalat Birliyinin bazasında yaradılımış və onun hüquqi varisidir.