Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Azərbaycanın xarici siyasəti — Azərbaycan dövləti xarici məsələlərdə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır.
Azərbaycan Respublikasında müstəqil siyasət anlayışı SSRİ-nin dağılması, imperiyanın tərkibində olan ölkələrin müstəqillik əldə etməsi ilə eyni vaxta təsadüf edir. Buna qədər digər müttəfiq respublikalarda olduğu kimi Azərbaycan SSR-də də siyasəti Sovet İttifaqı Kommunist Partiyasının rəhbərliyi müəyyən edirdi. Ancaq 1984-cü ildən SSRİ-də başlayan yenidənqurma layihəsinin nəticəsində sərbəstlik Azərbaycana da çatdı. 1991-ci ilin 18 oktyabrında Azərbaycan müstəqil dövlət elan edildi. Bununla da müstəqil ölkənin daxili və xarici siyasətinin əsası qoyuldu.
Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə qısa müddətdə hakimiyyət dəyişiklikləri baş verirdi ki, bu da xarici siyasətə təsirsiz ötüşmürdü. İlk müstəqillik illərində Azərbaycan BMT, ATƏT kimi mötəbər qurumların üzvü idi. Eyni zamanda hakimiyyət beynəlxalq neft şirkətləri ilə Xəzər dənizinin karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılması istiqamətində danışıqlar aparırdı. Müstəqilliyin ilk illərində Azərbaycanda ilk siyasi təsisatlar, partiyalar, qeyri-hökumət təşkilatları yarandı. Ölkə müstəqillik əldə etdiyi illərdə həm də daxildə Dağlıq Qarabağ problemi yaradıldı. Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkə SSRİ-dən qalma Azərbaycan SSR Konstitusiyası ilə idarə olunurdu və bu zaman Konstitusiyaya müstəqillik haqqında akt əlavə olunmuşdu. Lakin 1995-ci ilin 12 noyabrında yeni Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi, Azərbaycanda dövlət quruculuğu, qanunların qəbulu, daxili və xarici siyasətin təsniflatlaşdırılması həyata keçirildi. Azərbaycanın yerləşmiş olduğu region geosiyasi, strateji və iqtisadi baxımdan dünyanın siyasi xəritəsində əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycan həm qonşuluq siyasətində, həm də digər region ölkələri ilə olan münasibətlərində balanslaşdırılmış siyasət yürütməkdədir. Burada bütün dövlətlərlə eyni cür məsafə saxlamaq, ilk olaraq Azərbaycanın milli maraqlarını önə çəkmək əsas olaraq götürülür. Xarici siyasətdə balanslaşdırma siyasətinin əsas olaraq götürülməsi Azərbaycanın yerləşmiş olduğu regionun həssas olmasından irəli gəlir.
Azərbaycanın müstəqilliyinə qarşı yönələn bütün təhlükələrin aradan qaldırılması, milli təhlükəsizliyin təmin edilməsi, Ermənistan tərəfindən həyata keçirilən separatizm və işğalçılıq siyasətinin qarşısının alınması və bu məqsədlə bölgədə və dünyada müttəfiqlərin qazanılması;
Region dövlətlərlə maraqların üst-üstə düşməsini təmin etmə və qarşılıqlı əməkdaşlıq çərçivəsində hərəkət etmək. Bütün bunlar bu regionun həssas olmasından və digər super güc sayılan ABŞ və Rusiyanın bölgədəki ortaq maraqlarını nəzərə alaraqdan həyata keçirilir. Məhz, bu baxımdan balanslaşdırılmış siyasətin yürüdülməsi hal-hazırda məqsədəuyğun hesab edilir. Çünki bu regionda hər hansı bir gərginliyin və ya münaqişənin yaranması, ilk növbədə, böyük enerji ehtiyatlarına və layihələrinə malik olan Azərbaycan üçün arzu olunmaz haldır. Belə hallarda həmçinin ölkənin suverenliyi və milli təhlükəsizliyi təhdid altına düşmüş olur. Bu, nəinki Azərbaycan üçün, həmçinin regionun digər qonşu dövlətləri üçün də səciyyəvi xarakter daşıyır;
Azərbaycanın Avropa Birliyi sisteminə (AB) siyasi, iqtisadi, mədəni sahələrdə inteqrasiyası da əsas təşkil edir. Burada məqsəd xalqın rifahının təhlükəsiz təmin etmə, xarici kapital və investisiyaların, həmçinin yeni texnologiyaların ölkə iqtisadiyyatına daxil olmasıdır. Həmçinin Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Dünya Ticarət Təşkilatı ilə səmərəli əməkdaşlıqların qurulması da əsas prioritet təşkil edir. Azərbaycanın xarici siyasət prioritetləri sırasında həmçinin sivil birgə yaşayış normalarının bərqərar olması, eyni zamanda regionda və dünyada sülhü və təhlükəsizliyi təmin edən BMT, ATƏT, NATO kimi beynəlxalq qurumların fəaliyyətinin artırılmasında yaxından iştirak etmək durur. Ayrı-ayrı regionlarda yaşayan azərbaycanlılarının hüquqlarının qorunması və bunun beynəlxalq hüquq normaları ilə təmin olunmasını prioritetlər sırasındadır. Azərbaycan Respublikası xarici siyasətinin ən önəmli prioritetlərindən biri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlıdır. Burada əsas olaraq Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olmaq götürülür. Bu məsələ həmçinin Azərbaycanın milli təhlükəsizlik siyasətinə bir başa daxildir. Hazırda Azərbaycan Dağlıq Qarabağ problemini həll etmək üçün beynəlxalq qurumlarla əməkdaşlıq edir, məsələnin sülh yolu ilə həllinə nail olmaq istəyir. Ancaq bu günə qədər bu məqsədə nail olunmayıb.
Bu gün Azərbaycan BMT, ATƏT, Avropa Birliyi, NATO, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyi (MDB), Avropa Şurası ilə sıx əməkdaşlıq edir. Azərbaycan öz enerji siyasətini daha çox qaz faktoru üzərində qurur. Bir neçə ildir ki, "Cənub qaz dəhlizi" ilə əlaqədar həm ciddi müzakirələr aparılır, həm də konkret addımlar atılır. Hələ 2006-cı ildə Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığa dair memorandum imzalanıb. 2011-ci ilin yanvar ayında Avropa İttifaqı ilə Azərbaycan arasında "Cənub qaz dəhlizi" haqqında birgə bəyannamə imzalanıb. Avropa İttifaqı ilə Azərbaycan arasında işçi qrup yaradılıb. Hazırda Azərbaycanın xaricdə 64 diplomatik nümayəndəliyi — səfirliklər, beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliklər və baş konsulluqlar fəaliyyət göstərir. Bunların 51 səfirlik, 6-sı baş konsulluq, 7-si isə daimi nümayəndəlikdir. Xaricdə çalışan Azərbaycan diplomatlarının ümumi sayı 600-ə yaxındır.