Bad — Maykl Cekson tərəfindən ifa olunmuş mahnıdır. Epic Records tərəfindən 1987-ci ilin sentyabrında satışa çıxarılmış mahnı Ceksonun eyni adlı albomundan olan ikinci sinqldır. Mahnının sözləri və musiqisi Cekson tərəfindən yazılmışdır. Prodüser kimi Kuinsi Cons və Maykl Cekson çalışmışdır. Cekson mahnını yazarkən real həyat hadisələrindən təsirləndiyini qeyd etmişdir.
"Bad" | ||||
---|---|---|---|---|
Maykl Cekson tərəfindən Bad albomunda ifa olunmuş sinql | ||||
Yayımlanma tarixi | 1987 | |||
Format | sinql | |||
Janr | Funk, Pop | |||
Dil | İngilis dili | |||
Müddət | 04:06 | |||
Prodüser | Maykl Cekson və Kuinsi Cons | |||
Bəstəkar | Maykl Cekson | |||
Sözlərin müəllifi | Maykl Cekson | |||
Studiya | Epic Records | |||
Maykl Cekson sinqllarının xronologiyası | ||||
|
||||
Audio nümunəsi | ||||
|
Ümumilikdə “Bad” müasir musiqi tənqidçiləri tərəfindən yaxşı qəbul edilmiş, bəzi tənqidçilər isə, bu mahnının Maykl Ceksonun yaradıcılığının “Bad” dövründə kəskin səhnə imicinin formalaşdırılmasında mühüm rol oynadığını qeyd etmişlər. Billboard Hot 100 hit paradında birinci yerə yüksəlmiş mahnı, mövqeyini iki həftə qorumaqla Maykl Ceksonun bu hit paradın zirvəsinə qalxmış ikinci sinqlı olmuş, ümumilikdə isə hit paradlarda birinciliyə yüksəlmiş yeddinci mahnısı olmuşdur. Beynəlxalq miqyasda da mahnı yaxşı gəlir gətirmiş, on bir ölkədə top onluğa, həmçinin, Birləşmiş Krallıq, Fransa, İtaliya, Norveç, İsveçrə və İsveç hit paradlarında ilk beşliyə daxil olmuşdur. Niderland və Avropa hit paradlarında isə mahnı birinciliyə yüksəlmişdir.
Martin Skorsisin rejissorluğu ilə çəkilmiş Bad musiqi videosunda o zaman hələ kəşf edilməmiş Uisli Snayps ilk rollarından birini canlandırmışdır. Musiqi videosunda Maykl Cekson və onu müşayət edən rəqqaslar qrupu dəmir yolunda rəqs edirlər. Musiqi videosunun xareoqrafı qeyd edir ki, giriş və fonun hazırlanmasında Vestsayd tarixçəsi myuziklının ciddi təsiri olmuşdur. 1988-ci ildə Bad musiqi videosu “Video Music Awards” mükafatına layiq görülmüşdür. “Bad” mahnısı təqdim edildikdən sonra, müxtəlif müğənnilər tərəfindən fərqli şəkildə ifa edilib və müxtəlif parodiyaları hazırlanıb.
“Bad” mahnısı 1986-cı ildə Maykl Cekson tərəfindən bəstələnmiş və yazılmış, 1987-ci ildə isə yeddinci studio albomu üçün Kuinsi Consun və özünün prodüserliyi ilə ifa edilmişdir. “Bad” mahnısının əslində müğənni Prinslə duet şəklində ifa edilməsi nəzərdə tutulsa da, bu duet baş tutmamışdır.[1] Maykl Ceksonun 1988-ci ildə yazdığı “Ay yürüşü” avtobioqrafik kitabında bu məsələyə toxunularaq qeyd edilir:
“Bad mahnısı küçə həyatı haqqında mahnıdır. Bad mahnısı pis ətrafı olan və onları yaxşı təhsil verən özəl məktəblərə getməkdən çəkindirən uşaqlar haqqındadır. Bu cür uşaqlar tezliklə təhsildən uzaqlaşır və gələcəkdə cəmiyyət üçün problemlər yaratmağa başlayır. O, oxuyur: " Mən pisəm, biz pisik, pis kimdir?, bəs yaxşı kimdir?”[2]
1988-ci ildə Ebony və Jet jurnallarına verdiyi müsahibədə (ölümündən bir müddət sonra həmin müsahibə Hulu portalında yayımlanmışdır) Cekson qeyd edir ki, onun “Time” və ya “Newsweek” jurnallarında oxuduğu hadisələr haqqında mahnı yazmaq ideyası olmuşdur.[3] Cekson bildirir ki, mahnı “gettodan olan” tələbə haqqındadır, o Nyu-Yorkda məktəbə gedir və Şükranlıq bayramından sonra dostlarından ayrılmağa çalışır.[3] O qeyd edir ki, tələbənin ayrılmaq istəyi yoldaşlarının qısqanclığı ilə nəticələnir və onu öldürürlər, lakin bu hissə musiqi videosunda göstərilmir.[3]
Mahnı ümumi zaman çərçivəsində, A Minor açarı üzərində yazılmışdır.[4] Ceksonun vokal ölçüsü E4-dən C6-ya kimidir.[4] Mahnı dəqiqədə 114 vuruş ritminə malikdir.[4]“Bad” mahnısı "Hit the Road, Jack" mahnısının inkişaf etdirilmiş ritmindən alınmaya malikdir.[5] “Rolling Stone”dan Devit Sayqerson mahnını şərh edərkən sözlərə diqqət çəkərək yazır: “Cekson dedikdə ki, “bütün dünya bu dəqiqə cavab verməlidir” o, məğrurluq eləmmir, lakin fövqəladə şəkildə öz fikrini bəyan edir. Əgər nəyinsə pis olduğunu düşünürsə, çəkinmədən bunu xalqa çatdırır və reaksiya göstərilməsini tələb edir.”[5] Saygerson mahnını, girişdə dörd sarı sim basına əsaslanılan Ceyms Braunun məşhur "It's A Man's Man's Man's World" mahnısı ilə müqayisə edir. Mahnının sözlərində Maykl “pis kimdir” deyərək insanları özləri haqqında düşünməyə, əslində kim olduqlarını ayırd etməyə çağırır.[5]
Ümumilikdə “Bad” müasir musiqi tənqidçiləri tərəfindən yaxşı qəbul edilmiş, bəzi tənqidçilər isə, bu mahnının Maykl Ceksonun yaradıcılığının “Bad” dövründə kəskin səhnə imicinin formalaşdırılmasında mühüm rol oynadığını qeyd etmişlər. “Rolling Stone” jurnalından Devit Sayqerson qeyd edir ki, mahnının “müdafiə olunmasına ehtiyac var” və Ceksonun mahnıdakı vokal performansı onu təəccübləndirib.[5] “Allmusic”dən Stefan Tomas Örlvayn “Bad” mahnısını bir neçə başqa mahnı ilə birgə albomda olan on bir mahnı arasında ən yuxarı yerdə yerləşdirir.[6] Örlvayn bildirir ki, "mahnıda Ceksonun səsi elə səslənir ki, sanki o Ceyms Braun və Mavis Steplsin sevimli övladıdır” və əlavə edir ki, “Bad mahnısındakı musiqili danışıq çox yaxşı təsir bağışlayır.”[7] O eyni zamanda qeyd edir ki, “mahnıdakı nüfuz və səviyyə Ceksonun imicini dahada xalqa yaxınlaşdırmağa kömək etmişdir”.[7] “Yahoo Music”dən Cennifer Kley qeyd edir ki, Ceksonun üsyançı imici “balaca göyərçini xatırladan görünüşü üçün bir qədər mürəkkəb” olduğu dövrdə albomdakı "Bad", "Man in the Mirror" və "Dirty Diana" kimi mahnılar bu imici formalaşdırmağa kömək etmişdir.
10 oktyabr 1987-ci ildə Billboard Hot 100 hit-paradında ilk onluqda səkkizinci yerdən debüt edən[8] “Bad” mahnısı 24 oktyabr 1987-ci ildə birinci yerə yüksəlmişdir.[9] Bundan sonra ardıcıl iki həftə mahnı birinci yerini saxlamışdır.[10] “Bad” mahnısı Ceksonun “Bad” albomundan ikinci, ümumilikdə isə yeddinci sinqlı idi ki, Billboard Hot 100 hit-paradında birinci yerə yüksəlirdi. “Bad” mahnısı eyni zamanda Billboard Hot R&B Singles və Billboard Hot Dance Club Play hit-paradlarında da birinci yerə yüksəlmişdir.[11]
“Bad” mahnısı eyni zamanda beynəlxalq səviyyədə də uğura imza atmış, əksər ölkələrin hit-paradında ilk onluğa daxil olmuş və birinci yerə kimi yüksəlmişdir. Birləşmiş Krallıqda mahnı 26 sentyabr 1987-ci ildə beşinci yerdə debüt etmişdir.[12] Növbəti həftə mahnı Birləşmiş Krallıqda ən yüksək mövqeyi olan üçüncü yerə yüksəlmiş və ardıcıl olaraq iki həftə bu yerdə qalmışdır.[12] “Bad” dörd həftə ilk onluqda, on bir fəhtə isə ilk yüzlükdə qala bilmişdi.[12] Kanada hit paradlarında 7 noyabr 1987-ci ildə mahnı beşinci yerə yüksəlmişdi.[13] İsveçdə isə mahnı 14 oktyabr 1987-ci ildə dördüncü yerə yüksəlmiş və dörd həftə ilk onluqda qalmışdı.[14] 3 oktyabr 1987-ci ildə Fransada “Bad” doqquzuncu yerdə debüt etmiş, yeddi həftə sonra isə 14 noyabrda dördüncü yerə yüksəlmişdi.[15] Yeni Zellandiyada 18 oktyabr 1987-ci ildə mahnı dördüncü yerdə debüt etmiş və növbəti həftə ikinci yerə yüksəlmişdi. Növbəti beş həftədə mahnı ilk onluqda qalmışdır.[16] 1987-1988-ci illərdə mahnı on beş həftə ərzində ilk əlli mahnı arasında qalmışdır.[16]
Norveçdə 1987-ci ilin otuz doqquzuncu həftəsində “Bad” ikinci yerdə debüt etmiş və səkkiz həftə ilk onluqda qalmışdır.[15] Avstraliya hit-paradlarında da uğur qazanan mahnı ilk beşliyə daxil olaraq dördüncü yerə kimi yüksəlmişdir.[15] Avstriyada mahnı 1 noyabr 1987-ci ildə onuncu yerdə debüt etmişdir.[17] Növbəti həftə ilk onluqdan çıxan mahnı, daha sonrakı həftə doqquzuncu yerdə yenidən ilk onluğa qayıtmışdır.[17] Hollandiyada 9 sentyabr 1987-ci ildə mahnı səksən yeddinci yerdə debüt etmişdir.[18] Növbəti həftə mahnı on birinci yerə sıçramışdır.[18] Daha sonra mahnı birinci yerə yüksəlmiş və növbəti həftədə də bu mövqeyini qorumuşdur.[18]
2006-cı ildə Mayklın mahnıları "Visionary" albomunun satışa çıxarılmasından sonra yenidən hit-paradlara qayıtmışdır. İspaniyada ilk dəfə 4 aprel 2006-cı ildə birinci yerdə debüt edən mahnı, ardıcıl doqquz həftə ilk onikilikdə qərarlaşmışdır.[19] 6 aprel 2006-cı ildə mahnı İtaliyada beşinci yerdə debüt etmişdir.[20] 2009-cu ildə Maykl Ceksonun ölümündən sonra mahnı bütün dünyada yenidən hit-paradlara qayıtmışdır. 2009-cu ilin iyulunda mahnı İtaliyada[20] on birinci, İspaniyada[19] iyirmi, İsveçdə[14] iyirmi beş, Danimarkada[15] otuz yeddinci və Birləşmiş Krallıqda[12] qırxıncı yerdən hit-parada daxil olmuşdur.
“Bad” üçün çəkilmiş musiqi videosu, yazıçı Riçard Praysın ssenarisi əsasında ekranlaşdırılmış on səkkiz dəqiqəlik qısa filmdir. Video 1987-ci ilin payızında 6 həftə ərzində Martin Skorsisinin rejissorluğu ilə çəkilmişdir.[21] Videoda 1961-ci ildə çəkilmiş “Vestsayd tarixçəsi” filminə çoxlu istinadlar vardır.[22] Bu özünü yalnız qanqsterlərin şəhər məkanlarında rəqs etmələrində deyil, eyni zamanda bəzi rəqslərin xareoqrafik quruluşunda da göstərir. Xareoqraf Cefferi Daniel bu təsiri təsdiqləyir və bildirir ki, onlar daha müasir rəqslər formalaşdırmağa çalışmışdılar.[22] Daniel qeyd edir ki, “Bu ekranla rastlaşan qatar kimidir [...] və biz bu effekti axtarırdıq, bu effekt üzərində çalışırdıq."[22]
Filmdə Maykl Cekson Daril adlı yeniyetmə obrazını canlandırır. Daril ödənişli şəxsi məktəbi uğurla bitirərək evə dönür və təhsilsiz, kobud qonşuları ilə qarşılaşır. Daril evlərinə gəldikdə oranı boş tapır, lakin, Mini Maksın rəhbərlik etdiyi (Uizli Snayps tərəfindən canlandırılır) köhnə dostları tərəfindən qarşılanır və onlar birlikdə vaxt keçirirlər. İlk münasibətlər normal olsa da, qanqsterlər təhsil almış darilin nə qədər dəyişdiyini gördükdən sonra ona qarşı çıxıralar. Nə qədər “pis” olduğunu dostlarına göstərmək üçün Daril qanqster dostları ilə birgə metro stansiyasında (Bruklindəki Hyot Şermeron stansiyası[21]) yaşlı bir kişinin qabağını kəsir, lakin spn anda kişinin qaçıb canını qurtarmasına kömək edir. Mini Maks Darili tənqid edərək heç də “pis” insan olmadığını bildirir. Mini Maksla mübahisədən sonra ağ-qara video rəngli videoya çevrilir və Cekson pank geyimli qanqsterlərin ətrafında başdan-ayağa qara dəri geyimdə rəqs edərək “Bad” mahnısını oxumağa başlayır. Musiqidən sonra Max Darilin dediklərini qəbul edir və video ağ-qara rəngə keçərək, Darilin yalnız durub fikirləşməsini təsvir edir.
Musiqi videosunda mahnının orijinal albom yazısından fərqli bir versiya istifadə edilmişdir. Mahnının klipdə istifadə olunmuş versiyası satışa çıxarılmamışdır. Musiqi videosunun premyerası 31 avqust 1987-ci ildə CBS Television Network’də xüsusi “Maykl Cekson: Sehrli dönüş” verilişində həyata keçirilmişdir.[23] “Bad” mahnısı üçün çəkilmiş musiqi videosu “Video Greatest Hits – HIStory” (DVD-də uzun versiyası və VHS-də qısa versiyası), “Number Ones” (qısa versiya), “Michael Jackson's Vision” (qısa versiya) və the “Bad 25” (qısa versiya) video albomlarında satışa çıxarılmışdır.
Musiqi videosu 1988-ci il MTV Video Musiqi Mükafatları Mərasimində bir kateqoriyada nominant olmuşdur.[24] “Bad” musiqi videosu Maykl Ceksonun '"The Way You Make Me Feel" musiqi videosu ilə birgə Ən Yaxşı Xareoqrafiya kateqoriyasında nominant olsa da Ceksonun kiçik bacısı Cenetin "Pleasure Principle" musiqi videosu bu mükafatı qazanmışdır.[24] 2009-cu ildə Maykl Ceksonun ölümündən sonra Şəhər Sovetinin üzvü Letisiya Ceyms “Bad” musiqi videosunun çəkildiyi metro stansiyasının adının dəyişdirilməsi və ya həmin stansiyada xatirə lövhəsinin asılması üçün müraciət etsə də, onun müraciəti 2009-cu ilin sentyabrında Nyu-York Metro Nəqliyyatı İdarəsi tərəfindən rədd edilmişdir.[21] Ceyms qeyd edir ki, “Maykl Ceksonun buraya gəlməsi və ay yürüşü etməsi təkcə Bruklin üçün yox, bütün Nyu-York üçün 80-ci illərin yaddaqalan hadisələrindən biri idi [...] və həmin stansiyanın Maykl Ceksonun şərəfinə adlandırılması bu hadisənin yaddan çıxmasına imkan verməyəcəkdi.”[21] Nyu-York Metro Nəqliyyatı İdarəsindən isə bildiriblər ki, bu vaxta kimi sərnişinlərin rahatlığı üçün metro stansiyalarından heç biri şəxs adı ilə adlandırılmayıb.[21]
“Bad” Maykl Ceksonun Bad Turnesi çərçivəsində 1987-1989-cu illərdə canlı ifa edilmişdir. Mahnı Ceksonun Dangerous Dünya Turnesinin birinci mərhələsində də istifadə edilmişdir. Mahnının canlı versiyası “Live at Wembley 16 İyul, 1988” DVD-sində satışa çıxarılmışdır. Cekson mahnını This Is It Dünya turnesi konsertləri üçün də hazırlasa da, müğənninin qəfil ölümündən sonra turne təxirə salınmışdır.
|
|
|
|
Sələfləri Terence Trent D'Arby - "Wishing Well" |
Dutch Top 40 nömrə bir sinql 3 oktyabr 1987 |
Xələfləri Rik Astli - "Never Gonna Give You Up" |
Sələfləri Maykl Cekson və Siedah Garrett - "I Just Can't Stop Loving You" by |
Eurochart Hot 100 Singles nömrə bir sinql 3 oktyabr 1987 – 7 noyabr 1987 |
Xələfləri Bee Gees - "You Win Again" |
Sələfləri Stefani Mills - "(You're Puttin') A Rush on Me" |
Billboard Hot Black Singles nömrə bir sinql 17 oktyabr 1987 |
Xələfləri The O'Jays - "Lovin' You" |
Sələfləri Lisa Lisa və Cult Jam - "Lost in Emotion" |
Billboard Hot 100 nömrə bir sinql 24 oktyabr 1987 – 31 oktyabr 1987 |
Xələfləri Tiffany - "I Think We're Alone Now" |
Sələfləri Madonna - "Causing a Commotion" by |
Billboard Hot Dance Club Play nömrə bir sinql 7 noyabr 1987 – 14 noyabr 1987 |
Xələfləri Earth, Wind & Fire - "System of Survival" |
"Bad" | ||||
---|---|---|---|---|
Maykl Cekson tərəfindən Bad 25 albomunda ifa olunmuş sinql | ||||
Yayımlanma tarixi | 14 avqust 2012 | |||
Format | sinql | |||
Janr | Fank, Pop | |||
Dil | İngilis dili | |||
Müddət | 04:06 | |||
Prodüser | Maykl Cekson və Kuinsi Cons | |||
Bəstəkar | Maykl Cekson və Pitbul | |||
Sözlərin müəllifi | Maykl Cekson | |||
Studiya | Epic Records | |||
Maykl Cekson sinqllarının xronologiyası | ||||
|
14 avqust 2012-ci ildə mahnının remiks versiyası onlayn dijital sinql şəklində iTunes[43] və Amazon.com[44] vasitəsiylə satışa çıxarılmışdır. Mahnının 1987-ci il orijinal versiyasının yeni remiks versiyası üzərində Afrojack, DJ Buddha və Pitbull[45] çalışmışlar.
Dijital sinql şəklində satışa çıxarılmasından əvvəl mahnı bir neçə ölkənin hit-paradlarına daxil olmuşdur. Mahnı “Bad 2012” adı ilə 15 sentyabr 2012-ci ildə Billboard Japan Hot 100 hit-paradında debüt etmiş və bir neçə həftə sonra altıncı yerə yüksəlmişdir.[47] Mahnı həmçinin 1 sentyabr 2012-ci ildə Billboard Dance/Electronic Digital Songs hit-paradına qırx beşinci yerdən daxil olmuşdur.[48] 29 sentyabr 2012-ci ildə mahnı Hot Dance Club Songs hit-paradında qırx ikinci yerdə debüt etmiş[49], daha sonra isə on səkkizinci yerə yüksəlmişdir.
Mahnının yeni remiks versiyası musiqi tənqidçiləri tərəfindən əsasən mənfi rəy almışdır. “Los Angeles Times”dan pop musiqi tənqidçisi Randall Roberts qeyd edir ki, bu mahnı “Maykl Ceksonun xatirəsinə təhqir”dir və remiks “çox kobud” alınmışdır.[50] “PopMatters”-dən Evan Soudi qeyd edir ki, “Pitbul və iki dj-in iştirakı ilə hazırlanmış bu versiya açıq zibildir.”[51] supajam.com-dan MisterCharlie qeyd edir ki, sinql olduqca neqativdir.[52] “The Guardian”da sinql haqqında yazılmış rəydə bildirilir ki, “bu versiya dünyanın ən pis repçisinin iştirakı ilə hazırlanmış klub versiyasıdır.” [53]
Hit-parad (2012) | Yüksəldiyi yer |
---|---|
Ö3 Austria Top 75[17] | 45 |
Japan Hot 100 Singles[47] | 6 |
US Billboard Hot Dance Club Play[49] | 18 |