Cərcis Peyğəmbər ziyarətgahı

"Cərcis Peyğəmbər" ziyarətgahı, həmçinin "Sarı peyğəmbər" ziyarətgahı və ya "Zəncir" piri[1]Azərbaycanın Beyləqan rayonunda, Beyləqan şəhərindən mərkəzindən 3–4 km şimal-şərqdə, Şəfəq qəsəbəsi ərazisində yerləşən ziyarətgah kompleksi. Bura Şəfəq qəbiristanlığı, "Cərcis Peyğəmbər" məscidi və məscidin içərisində Müqəddəs Georgiyə aid olunduğuna inanılan məzar mövcuddur.

İslam
Cərcis Peyğəmbər ziyarətgahı
Ziyarətgahın üzərində tikilmiş məscidin eksteryeri.
Ziyarətgahın üzərində tikilmiş məscidin eksteryeri.
Din
İlahi gücü Müqəddəs Georgi
Həsr olunub Müqəddəs Georgi
Statusu Fəaliyyət göstərir
Yerləşməsi
Ölkə
Bölgə Beyləqan rayonu
Yeri Şəfəq qəsəbəsi, Beyləqan rayonu
Memarlıq
İnşa tarixi Əsası: təq. IV əsr
Yenidən tikilmə: XVII–XVIII əsrlər
Məscid: 2008–2010
Tikdirəni Hacı Qurban Hacı Nəbi oğlu
Hacıqulu Hacı Qurban oğlu
Memarı Həsən Təbrizi
Üslubu islam memarlığı
Bərpası 1899–1905
1991-ci ildən sonra
Cərcis Peyğəmbər ziyarətgahı xəritədə
Cərcis Peyğəmbər ziyarətgahı
Cərcis Peyğəmbər ziyarətgahı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İslam mənbələrində peyğəmbər kimi təsvir edilən və "Cərcis" adlanan Müqəddəs Georgi Mosulda bütpərəst padşaha qarşı çıxmış və bu səbəbdən işğəncəyə məruz qalaraq öldürülmüşdür. Bu hekayə sonradan təbliğatçılar vasitəsilə Azərbaycana gətirilmiş, Qafqaz Albaniyası dövründə burada Müqəddəs Georgiyə ziyarətgah yaradılmışdır. Bu ziyarətgah təbii fəlakətlər, yadellilərin Azərbaycana hücumu zamanı dağıdılmış, sonradan XVII–XVIII əsrlərdə yenidən tikilmişdir.

Ziyarətgah XX əsrin əvvəllərində restavrasiya edilmişdir. Restavrasiya işindən məsul olan iranlı memar Həsən Təbrizi 1905-ci ildə işini yarımçıq qoyaraq abidənin mərkəzində zəncir buraxıb getmiş, sonradan yerlilər tərəfindən bu zəncir müqəddəsləşdirilmişdir. Azərbaycan müstəqillik qazandıqdan sonra burada yenə restavrasiya işləri aparılmış, 2010-cu ildə məscid tikilmişdir. Ziyarətgah tarixi abidə kimi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, dini abidə olaraq Qafqaz Müsəlmanları İdarəsinin, icma olaraq isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindədir.

Ziyarətgah Beyləqan rayonunda, şəhərin mərkəzindən 3–4 km şimal-şərqdə, Şəfəq qəsəbəsi ərazisində, Şəfəq qəbiristanlığının içərisində yerləşir. Qəbiristanlıq sonradan onun ətrafında salınmışdır.[2]

Müqəddəs Georgi

[redaktə | mənbəni redaktə et]

İslam mənbələrində adı "Cərcis" kimi qeyd olunan Müqəddəs Georgi İsadan sonra, təxminən III–IV əsrlərdə yaşamışdır.[3] O, Müqəddəs Georgi islam mənbələrində peyğəmbər kimi təsvir edilmiş,[4] müsəlman ölkələrində bəzən Xızırİlyas ilə də eyniləşdirilmişdir.[5] Əbu İshaq Əhməd ibn Məhəmməd Sələbinin yazılarına görə əslən Fələstindən olan Müqəddəs Georgi[6] islam mənbələrində İsanın son həvariləri ilə birbaşa əlaqədə olan bir qrup mömin arasında yaşadığı bildirilmişdir. O, bütlərə inanan padşah Dadənin hakimiyyət sürdüyü Mosulda əhalini bütlərdən döndərib xristianlığa doğru çağırmağa başlamış, Apollon heykəlini ucaltmasına qarşı çıxmış varlı tacir kimi təsvir edilmişdir. Padşah buna görə Georgini həbs etmiş, onu öldürmək üçün onu ən ağır işgəncələrə məruz qoymuşdur, lakin Georgiyə mələklər yardım göstərmişdir. Nəhayət, o, bütlərin şeytan tərəfindən qorunduğunu ifşa etmiş və şəhid olmuşdur, bundan sonra isə tanrı şəhəri od yağışı ilə yerlə-yeksan etmişdir.[4] Onun nəşinin İsrailin Lod şəhərində yerləşən Müqəddəs Georgi məbədində dəfn olunduğuna inanılır.[7]

Abidənin içində yerləşən, Müqəddəs Georgiyə aid olduğu inanılan qəbir.
Abidənin interyerindəki naxışlar.

Suriyadan təbliğat səfərinə çıxaraq Mil düzünə gəlmiş,[8] yerli mənbələrə görə, Müqəddəs Georgi qədim dövrlərdə Paytarakan olaraq tanınan Beyləqanda 15–20 il yaşamışdır. Burada xristianlığı yaymağa cəhdlərinə görə zərdüşti kahinlərin təqibinə məruz qalan Müqəddəs Georgiyə ziyarətgahın yerləşdiyi yerdə hücum edilmişdir. Ona atılan oxlardan və zərbələrdən Müqəddəs Georgiyə xətər dəyməmiş, o, bir quyuya düşmüşdür. Zərdüştilər bu quyunun üstünü torpaqlamış və beləcə, bu ziyarətgahın yerində bir təpə yaranmışdır.[9]

Başqa bir versiyaya görə, onun Müqəddəs Georginin indiki Beyləqan ərazisində padşah olmuş, əmisinin yanına gələndə, o, taxtdan devrilmiş və yerinə Dərziyana adlı şah gəlmişdir. Şah Müqəddəs Georginin buraya gəlişini görükdən sonra elə hesab edibmiş ki, ondan qisas almaq üçün gəlib. Ona görə də Müqəddəs Georgiyə qarşı bir sıra təqiblər olmuş, lakin hər biri nəticəsiz qalmışdır. Əvəzində xristianlığı qəbul edənlərin sayı bəzi mənbələrə görə qısa müddətdə 33 min nəfərə çatmışdır.[9] Dərziyanə şah Müqəddəs Georgini həbs edib doğratdırmış və bir quyuya tökdürmüşdür. Buna baxmayaraq, o, tanrı tərəfindən yenidən dirildirilərək quyudan çıxmışdır və bu hadisə üç dəfə təkrarlanmışdır. Nəhayət, dördüncü dəfə doğranılıb quyuya tökülmüş Müqəddəs Georgi tanrıdan onu bir daha həyata qaytarmamağı xahiş etmiş, bundan sonra quyu torpaqla doldurmuşdur.[8] Bu hadisədən sonra Müqəddəs Georgini dəstəkləmiş olan insanlar həmin ərazini ziyarət üçün hasara almışdır.[2]

Ziyarətgahın əsası Qafqaz Albaniyasında xristianlığın yayıldığı dövrdə qoyulmuşdur.[8] Tarixən ziyarətgahın günbəzində Haramı düzündə hərəkət edən karvanlara uzaqdan istiqamət vermək üçün böyük güzgülər olmuşdur. Müqəddəs Georginin xarici görünüşü səbəbilə yerli əhali tərəfindən "sarı peyğəmbər" adlandırıldığından ziyarətgahın binası əvvəllər sarı rəngdə olmuş, tikili özü də "Sarı peyğəmbər" adlandırılmışdır. Sonradan təmir-bərpa zamanı digər rənglərlə boyanmışdır. Təbii fəlakətlər, yadellilərin Azərbaycana hücumu zamanı ziyarətgah dağıdılmış, sonradan XVII–XVIII əsrlərdə yenidən tikilmişdir.[9][10]

1899–1905-ci illərdə Aşıqlı kəndindən Hacı Qurban Hacı Nəbi oğlu ziyarətgahın restavrasiyası işini öz öhdəsinə götürmüşdür. O, bunun üçün Qacar İranından memar Həsən Təbrizini buraya gətirmişdir. Təmir işləri başlayanda Hacı Qurban vəfat etmiş və bu işləri oğlu Hacıqulu davam etdirmişdir.[9] 1989-cu ildən ziyarətgah təmir edilməyə başlamış, Azərbaycan müstəqillik qazandıqdan sonra, 1997-ci ildə burada yenidən təmir işləri davam etdirilmişdir. Bu işlər ziyarətgaha daxil olan nəzir-niyaz hesabına həyata keçirilmişdir.[11] 2008–2010-cu illərdə ziyarətgahın ərazisində Hindarxlı Hacı Adil Qardaşxan oğlu tərəfindən öz vəsaiti hesabına "Həzrəti Cərcis peyğəmbər" məscidi inşa edilmişdir.[12] İndiki dövrdə Bakı və Azərbaycanın digər bölgələri ilə yanaşı,[9] GürcüstandanDağıstandan,[12] yaxın müsəlman ölkələrindən də ziyarətgaha çoxsaylı gələnlər var.[8] Ziyarətgah tarixi abidə kimi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, dini abidə olaraq Qafqaz Müsəlmanları İdarəsinin, icma olaraq isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindədir.[10]

Məscidin interyeri.

Abidə fasad tərəfdən dairəvi formalı olub, divarları bişmiş kərpiclə işlənmişdir. Divarların qalınlığı 1,20 metrdir. Giriş qapısı taxtadan olub (1x2m), düzbucaqlı formadadır. Ziyarətgahın hündürlüyü 7 metrdir. Abidənin yuxarı hissəsi günbəz şəklindədir. Günbəz də bişmiş kərpiclə işlənmişdir. Günbəzdə dörd gözlük (0,20x0,40m) vardır və onlar tağvari formadadır. Bundan əlavə, abidənin aşağı qatında daha iki pəncərə (1x1,40m) qoyulmuşdur. Ziyarətgahın mərkəzi hissəsində qəbir vardır. Qəbir ağ mərmərlə üzlənmiş və baş daşında kiril, latınərəb qrafikaları ilə "Həzrət Cərcis Peyğəmbər" sözləri həkk olunmuşdur. Ziyarətgahın daxili divarları dövrələmə səkkiz guşədən ibarətdir. Əsas giriş qapısından içəridə dəhliz yerləşmişdir. Dəhlizin sahəsi 3x4 metr olub, hündürlüyü 6 metrdir. Dəhlizin sağ və sol tərəflərindən damın üstünə çıxmaq üçün iki daş pilləkən qoyulmuşdur.[11] İki minarəli abidənin daxilində günbəzin tən ortasından asılmış uzun zəncir mövcuddur. Abidənin interyeri dekorativ naxışlarla bəzədilmişdir. Abidə daxilində eyni vaxtda 100 nəfər ibadət edə bilir. İnsanların abidəyə rahat gediş-gəlişini təmin etmək üçün oraya asfalt yol da çəkilmişdir.[9]

Abidənin ətrafında yerləşən məzarlar üzərindəki təsvirlərə həyatı təcəssüm etdirən çərxifələk simvolu, ayı, günəşi təsvir edən müxtəlif simvollar, at və atlı təsvirləri və altıguşəli ulduzdan ibarət idi. Buradakı altıguşəli ulduz təsvirləri olan abidələr Çar Rusiyası dövrünə aiddir və üzərlərində ərəb qrafikası ilə yazılar mövcuddur.[12]

Ziyarətgahda Müqəddəs Georgiyə aid olduğuna inanılan məzar mövcuddur.[8][10] Bundan Buna əlavə oalraq, rayonunun Qaxingiloy kəndi ərazisində 1888-ci ildə Müqəddəs Georginin şərəfinə tikilmiş kilsə də mövcuddur.[12]

Məscidin eksteryeri.

Memar Həsən Təbrizi abidənin içərisində işləyərkən günbəzin ortasından 9 metrlik[10] zəncir asmış, lakin işini yarımçıq qoyaraq Təbrizə getmiş və orada vəfat etmişdir. Yerli tərəkəmələr Müqəddəs Georginin qəbri üzərindəki zənciri inanc mənbəyi kimi qəbul etmişdir.[9] Zəncirlə bağlı müxtəlif versiyalar mövcuddur. Birinə görə, Müqəddəs Georgi bu zəncirlə quyudan su çıxarmışdı, digər bir mənbədə türbənin tikintisi zaman tarazlığı qorumaq üçün bu zəncirdən istifadə olunduğu qeyd edilmişdir, başqasında isə zəncirin içərini işıqlandırmaq məqsədilə çırağın asılması üçün olduğu bildirilmişdir.[10] Yerli ruhanilərə görə, bu zəncirin islamla da heç bir bağlılığı yoxdur və sadəcə Müqəddəs Georginin qəbrinin üzərində olduğundan yerli əhali ondan inanc yeri kimi istifadə edir. Zəvvarlar əvvəlcə dua edə-edə qəbrin ətrafına dolanırlar və sonra yuxarıdan asılan həmin zəncirə yaylıq atırlar. Zəncir yaylığı tutub saxlayarsa, onu atanın arzusu gerçəkləşəcəyinə inanılır. İnanclara görə, heç çəkisi olmayan bu yaylıq zəncirə doğru atılar-atılmaz, o, yerə düşmək üçün tərpənməyə başlayır; Bir-iki həmləyə düşmədisə, yaylıq zəncirin ucundakı qarmaqdan asılı qalır.[9]

SSRİ dövründə Azərbaycanda məscidlər, mədrəsələr, ziyarətgahlar sökülür və ya anbar kimi istifadəyə verilirdi. Yerli mənbələrə görə, "Cərcis Peyğəmbər" ziyarətgahının sökülməsi üçün bura bir qrup səlahiyyətli göndərilmiş, lakin qrupun rəhbəri olan rus zabitini ilan sancıb öldürmüşdür. Bundan sonra da öz əməllərini gerçəkləşdirməkdə israrlı olan rəhbərlik dəfələrlə buranı sökmək istəmiş, amma ilanlar onlara imkan verməmişdir. Əlacsız qalan rəhbərlik insanların bura gəlişinin qarşısını almağa başlamışdır.[10]