Cavidşünaslıq

Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlının rəhbərliyi və muzeyin əməkdaşları tərəfindən yüksək tədqiqatçılıq zəhməti hesabına müxtəlif illərdə (1912–1983) mətbuat orqanlarında filosof şair Hüseyn Cavid haqqında olan materiallar 2012-ci ildə sistemləşdirilərək "Cavidşünaslıq" adı ilə ayrı-ayrı toplular (10 cild) halında daha mükəmməl şəkildə yenidən nəşr olunmuşdur.

"Cavidşünaslıq" araşdırmalar toplusu
"Cavidşünaslıq" araşdırmalar toplusu 10 cild
Müəllif Gülbəniz Babaxanlı
Orijinalın dili Azərbaycan dili
Ölkə Azərbaycan
Nəşriyyat Proqres

Nəşr Tarixi[redaktə | mənbəni redaktə et]

İdeya və Məzmunu[redaktə | mənbəni redaktə et]

Sanballı və fundamental tədqiqat işi kimi toplunun tərtibçisi, əski əlifbada olan materialların transliterasiyası, lüğətini hazırlayanı və ön sözünün müəllifi Muzeyin direktoru, görkəmli cavidşünas alim, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlıdır.

Cavid yaradıcılığı hələ ədibin öz sağlığında tədqiq və təhlil olunmağa başlamış, onun yaradıcılığı araşdırma obyekti kimi mətbuat səhifələrində öz əksini tapmışdır. AMEA Hüseyn Cavidin Ev Muzeyinin elmi fəaliyyətinin mühüm uğurlarından biri kimi hazırlanan "Cavidşünaslıq" toplusunun ideyası da məhz həmin araşdırmaların bir araya gətirilərək ayrı-ayrı toplular halında çap edilməsidir. Toplunun cildlərində Hüseyn Cavidin həyat və yaradıcılığı haqqında müxtəlif mətbu orqanlarda işıq üzü görmüş məqalə və araşdırmalarla yanaşı, həm də Cavidlə bağlı irili-xırdalı bütün məlumatlar öz əksini tapmışdır. Bunların sırasında teatr tamaşaları haqqında elanlardan tutmuş Hüseyn Cavid yaradıcılığı ilə bağlı rəngarəng tədbirlər haqqında informasiya verən yazılar da vardır. Toplunun tərtibi zamanı tarixi həqiqətin mümkün qədər təhrif edilməməsinə, Cavid haqqında istər müsbət, istərsə də tənqidi fikirlərin bütünlükdə əks olunmasına xüsusi diqqət göstərilmişdir.

Strukturu[redaktə | mənbəni redaktə et]

Oncildlik nəşr hələlik böyük şair və dramaturq Hüseyn Cavid haqqında yazılmış 70 illik möhtəşəm bir dövrü 1920–1983-cü illəri əks etdirir və ədib haqqında dolğun tarixi-xronoloji məlumat almağa, onun ədəbi-bədii və fəlsəfi-estetik düşüncə tariximizdəki yerini görməyə və göstərməyə imkan verir.

Toplunun ilk cildlərinə (I–III) daxil edilmiş 1912–1936-cı illərdə yazılan məqalələrin böyük bir qismi Hüseyn Cavidin əsərlərinin tamaşalarına olan təhlil və tənqidlərdən ibarətdir. Toplunun növbəti cildlərində (IV–VI) 20 illik (1936–1956) qadağa dövründən sonrakı 5 ildən başlayaraq 1970-ci ilin sonu qədər yazılmış məqalələr verilmişdir. Burada M. Hüseyn, R. Rza, M. Cəfər, Ə. Ağayev, C. Xəndan, A. Zamanov, M. Əlioğlu kimi dövrün tanınmış ədəbiyyatşünas və tənqidçilərin yazıları xüsusən diqqəti cəlb edir. Oncildliyin son cildləri (VII–X) 1971-ci ildən 1983-cü ilin sonunadək olan dövrü əsasən Heydər Əliyevin Hüseyn Cavid konsepsiyası çərçivəsində təqdim edilir. Ulu öndərin konsepsiyasının elmi-nəzəri və bədii-fəlsəfi mahiyyətini ədibin XX əsrdə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, elminin inkişafına verdiyi yüksək dəyər təşkil edir. Belə ki, Ümummilli liderin möhtəşəm fəaliyyəti, verdiyi sərəncam və qərarlar özünəməxsus tarixi, nəzəriyyəsi və estetik ideyası olan Cavidşünaslığın bir elm kimi inkişafına güclü təkan vermişdir. Ədəbiyyatşünaslıq sahəsində möhtəşəm bir nəşr kimi 10 cildlik "Cavidşünaslıq" toplusu dəyərli bir mənbə, tarixi-mədəni və elmi irs olaraq: 1. Hüseyn Cavidin zəngin yaradıcılığı istiqamətində aparılmış araşdırmaların təbliğində etibarlı və əsaslı mənbədir; 2. Cavidşünaslığın nəzəri-tarixi problemlərini araşdıran müasir tədqiqatçılara ədəbi-tənqidi və bədii-estetik fikrin Hüseyn Cavid yaradıcılığına münasibətini öyrənməyə imkan verir; 3. Hüseyn Cavidin bir filosof sənətkar kimi çətin və keşməkeşli yaradıcılıq həyatında keçdiyi ömrün mərhələlərini təhlil etməyə, onun şəxsiyyətinin yenilməzliyini, bütövlük və əzəmətini dərk etməyə əsas verir.

"CAVİDŞÜNASLIQ" ARAŞDIRMALAR TOPLUSU: 10 CİLDDƏ[redaktə | mənbəni redaktə et]

1-ci cild: Tolunun I sayına Hüseyn Cavid şəxsiyyəti və yaradıcılığı haqqında 1912–1925-ci illərdə çap olunmuş məqalə, resenziya, məlumat, mühakimə və müzakirə mətnləri, şeirlər və s. daxil edilmişdir. Müəlliflər arasında Məhəmməd Hadi, Kantəmir, M. S. Kirmanşahlı, İbrahim Xəlil, Əli Nazim, Kazımoğlu (Seyid Hüseyn), Mustafa Quliyev, Abdulla Şaiq kimi tanınmış ədəbiyyat xadimləri vardır. Bəzi yazılar isə ya gizli imza və ya da imzasız verilmişdir.[1]

2-ci cild: Toplunun II sayında Hüseyn Cavid şəxsiyyəti və yaradıcılığı haqqında 1926–1930-cu illərdə çap olunmuş məqalə, resenziya, məlumatlar, böyük sənətkara həsr edilmiş bir neçə şeir daxil edilmişdir. Materialların müəllifləri arasında Əli bəy Hüseynzadə, Əziz Şərif, Hənəfi Zeynallı, Mustafa Quliyev, Əli Nazim, Yusif Vəzir Çəmənzəminli, Əmin Abid, Cabbar Əfəndizadə kimi tanınmış ədəbiyyat xadimləri ilə yanaşı az tanınan yazarlar da vardır.[2]

3-cü cild: Toplunun bu sayına Hüseyn Cavidin şəxsiyyəti və yaradıcılığı haqqında 1930–1937-ci illərdə çap olunmuş məqalə, resenziya, məlumatlar daxil edilmişdir. Ədibin həyatda olduğu dövrün cavidşünaslığı bu illərlə başa çatır və 20 illik fasilədən sonra əbədi Cavidin cavidşünaslığı meydana çıxır. Topluda Cəfər Cabbarlı, İ. Mirzə, Əli Hüseyn, Əli Nazim, Hüseyn Mehdi, Məmməd Kazım Ələkbərli, Sabit Manafzadə və b. Kimi tanınmış ədəbiyyat xadimləri və tənqidçilərlə yanaşı, ədəbi ictimaiyyət arasında nisbətən az tanınan başqa yazarlar da vardır.[3]

4-cü cild: Cavidşünaslığın IV cildinə böyük dramaturq Hüseyn Cavidə bəraət veriləndən sonra, yəni 1956–1961-ci illərdə dövri mətbuatda çap olunmuş yazılar toplanmışdır. 20 illik fasilədən sonra yenidən o dövrün yaradıcı şəxsiyyətləri H. Cavid haqqında elmi məqalələr, xatirələr, yubiley yazıları yazmağa başladılar. Müəlliflər arasında Məsud Vəliyev, Abbas Zamanov, şairin sevimli qızı Turan Cavid, Məmməd Cəfər, Əkbər Ağayev, Rəsul Rza, Cəfər Xəndan və başqaları da var.[4]

5-ci cild: Toplunun V cildi 1962–1963-cü illərdə H. Cavid şəxsiyyəti yaradıcılığı barədə dövrü mətbuatda çap olunmuş məqalə, rəy və xatirələri əhatə edir. Hüseyn Cavidin 80 illik yubileyi münasibətilə dərc olunmuş şeirlərə də müəyyən yer verilmişdir. Məmməd Cəfər, Məmməd Arif, Mehdi Hüseyn, Cəfər Cəfərov, Camo Cəbrayılbəyli, Mirzə İbrahimov, Məmməd Rahim, Abbas Zamanov kimi tanınmış tədqiqatçıların araşdırmaları ilə yanaşı, yeni istedadlı cavidşünasların — Yaşar Qarayevin, Əbülfəz İbadoğlunun Cavid haqqında ilk məqalələri də bu dövrün məhsuludur.[5]

6-cı cild: Seriyanın VI cildinə 1964–1970-ci illərdə dövrü mətbuatda işıq üzü görmüş elmi, publisistik və bədii materiallar salınmışdır. Mirzə İbrahimov, Abbas Zamanov, Mehdi Məmmədov, Əli Sultanlı kimi ağsaqqal ədəbiyyat adamları ilə yanaşı, Yaşar Qarayev, Əbülfəz İbadoğlu, Məsud Əlioğlu kimi cavidşünaslar da bu sahədə axtarışlarını davam etdirirlər. Aslan Aslanov, Asif Əfəndiyev, Zahid Əkbərov, Abbas Acalov və b. kimi yeni imzalar da nəzərə çarpır. 30-cu illərin anticavid kampaniyasının residivi kimi İslam İbrahimovun məqaləsi diqqəti çəkir.[6]

7-ci cild: Seriyanın VII cildinə Hüseyn Cavidin yaradıcılığı, dövrü, ədəbi mühiti və şəxsiyyəti, teatrı haqqında oçerk və məqalələr, xatirələr, rəylər daxil edilmişdir. Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətə gəlişinin ilk beşilliyinə təsadüf edən bu dövrdə Cavid mövzusuna diqqət və qayğının kifayət qədər artdığı müşahidə edilir. Əziz Şərif, Qulam Məmmədli, Məmməd Arif, Əkrəm Cəfər, Mehdi Məmmədov, Yaşar Qarayev, Zahid Əkbərov, Timuçin Əfəndiyev kimi cavidşünasların bu sahədə xüsusi fəaliyyətini qeyd etmək lazımdır.[7]

8-ci cild: VIII cilddə 1975–1981-ci illərdə Mirzə İbrahimov, Qulam Məmmədli, Əbülfəz İbadoğlu, Zahid Əkbərov, Elçin kimi əvvəlki dövrlərdən tanıdığımız cavidşünaslarla yanaşı, İsa Həbibbəylinin Hüseyn Cavid yaradıcılığına həsr etdiyi ilk məqalələr də çap olunmuşdur. Zahid Əkbərovun "Hüseyn Cavidin "Şeyx Sənan" faciəsi", Məsud Əlioğlunun "Hüseyn Cavidin romantizmi" monoqrafiyasına yazılmış rəylər cavidşünaslığın dərininə inkişafına xidmət edir. Tamilla Təhmasibin, Məryəm Əlizadənin, Cəlil Vəzirovun, İlham Rəhimlinin və b. məqalələri, Cavid teatrına peşəkar yanaşma kimi diqqəti çəkir. Əjdər İsmayılovun "Cavid və Şekspir" araşdırmasında Vilyam Şekspirin "Otello" əsəri ilə Hüseyn Cavidin "İblis" faciəsini müqayisə edilir. Toplu dəyərli bir mənbə kimi cavidşünaslığın gələcək inkişafında yardımçı vasitə rolunu oynaya bilər. "Cavid xatirələrdə" silsiləsi Mirzə İbrahimovun, Qulam Məmmədlinin, Şəmsi Bədəlbəylinin dahi sənətkar haqqındakı səmimi xatirələrində davam etdirilir.[8]

9-cu cild: Hüseyn Cavidin anadan olmasının 100 illik yubileyinə təsadüf edən 1982-ci ilin cavidşünaslığının materiallarını əhatə edən IX cilddə böyük şair-dramaturqun yaradıcılığı müxtəlif yönlərdən tədqiqə cəlb olunur, onun zəngin irsi araşdırma obyektinə çevrilir. Mirzə İbrahimov, Məmməd Cəfər, Qulam Məmmədli, Abbas Zamanov, Qulu Xəlilov, Elçin kimi tanınmış müəlliflərlə yanaşı, bir sıra yeni imzalara da təsadüf edilir. Cavidin bədii dili haqqında Musa Adilovun məqaləsi də maraq doğurur.[9]

10-cu cild: Seriyanın X cildinə 1983-cü ildə Azərbaycan mətbuatında Hüseyn Cavid haqqında dərc olunmuş yazılar salınmışdır. Cavidin 100 illik yubileyi münasibətilə 1982-ci ildə başlanmış tədbirlər həmin il də davam etdirildiyindən, materialların əksəriyyəti yubiley xarakteri daşıyır. Abbas Zamanov, Qulu Xəlilov, Zahid Əkbərov, Fərman Xəlilov kimi cavidşünasların tədqiqatları ilə yanaşı, Məmmədəli Əsgərov, Şəmistan Mikayılovun araşdırmaları da maraq doğurur. Toplu dəyərli bir mənbə kimi cavidşünaslığın gələcək inkişafında yardımçı vasitə rolunu oynaya bilər.[10]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1.  Cavidşünaslıq. I cild (araşdırmalar toplusu). Bakı: 2012. — 240 s.
  2.  Cavidşünaslıq. II cild (araşdırmalar toplusu). Bakı: 2012. — 256 s.
  3. Cavidşünaslıq. III cild (araşdırmalar toplusu). Bakı: 2012. — 184 s.
  4.  Cavidşünaslıq. IV cild (araşdırmalar toplusu). Bakı: 2012. — 232 s.
  5. Cavidşünaslıq. V cild (araşdırmalar toplusu). Bakı: 2012. — 272 s.
  6. Cavidşünaslıq. VI cild (araşdırmalar toplusu). Bakı: 2012. — 224 s
  7. Cavidşünaslıq. VII cild (araşdırmalar toplusu). Bakı: 2012. — 232 s.
  8. Cavidşünaslıq. VIII cild (araşdırmalar toplusu). Bakı: 2012. — 192 s
  9. Cavidşünaslıq. IX cild (araşdırmalar toplusu). Bakı: 2012. — 168 s.
  10. Cavidşünaslıq. X cild (araşdırmalar toplusu). Bakı: 2012. — 144 s.