Dövlət Bayrağı Muzeyi

Dövlət Bayrağı Muzeyi – Azərbaycanın Bakı şəhərində, Dövlət Bayrağı Meydanında yerləşən bayraq muzeyi. 2010-cu ildə açılmışdır.

Dövlət Bayrağı Muzeyi
Xəritə
Açılış tarixi 9 noyabr 2010
Mövzu bayraq
Ölkə
Yerləşir Səbail rayonu
40°20′39″ şm. e. 49°50′41″ ş. u.HGYO
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dövlət Bayrağı Muzeyi 9 noyabr 2010-cu ildə — Dövlət Bayrağı Günündə açılmışdır. Açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak etmişdir. Muzey Azərbaycan prezidentinin sərəncamı ilə inşa olunmuş və Dövlət Bayrağı Meydanında yaradılmışdır.[1]

2017-ci ildə Dövlət Bayrağı Meydanında aparılan yenidənqurma və bərpa işləri ilə əlaqədar muzey təmirə bağlanmışdır. Yenilənmiş muzey 8 noyabr 2024-cü ildə təqdim edilmişdir.[2]

Muzey səkkizguşəli ulduz formasında tikilmişdir və Dövlət Bayrağı Meydanında bayraq dirəyinin pyedestalının altında yerləşir. Muzey azərbaycanlı memar və dizaynerlərin layihələri əsasında qurulmuşdur. Burada müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların bayraqları, gerblər, konstitusiyalar, poçt markaları, pul nişanları, orden və medalları sərgilənir.[1] Muzeyin kolleksiyasına 431 eksponat daxildir.[2]

Muzeydə Azərbaycanın dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edən Ginnesin Rekordlar Kitabı sertifikatı, kitablar, fotoşəkillər, Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyədəki səfirliyinin binası üzərində dalğalanmış bayraq nümayiş etdirilir. Eksponatların çoxu ilk dəfə sərgilənir.[1] Muzeydə İkinci Qarabağ müharibəsinə həsr olunmuş "Zəfər qalereyası" adlı ekspozisiya nümayiş olunur.[2]

Sərgi zalları

[redaktə | mənbəni redaktə et]

Muzey 6 Sərgi salonundan ibarətdir. A sərgi salonunda Azərbaycanın qədim və orta əsrlər dövrünə aid bayraqlar, bayraq ucluqları, hakimiyyət rəmzləri, sikkələr, silahlar, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri nümayiş olunur. B sərgi salonu Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan SSR dövrünü əhatə edir. Burada Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentində 7 dekabr 1918-ci ildə asılmış Dövlət bayrağı, həmin dövrə aid foto şəkillər, pul əskinazları, poçt markaları, Azərbaycan SSRİ-in bayraqları, gerbləri, müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, pul əskinazları və poçt markaları nümayiş olunur.[2]

C sərgi salonu müstəqillik dövrünü əhatə edir. Burada Heydər Əliyevə həsr edilən xatirə medalları və poçt markaları, Azərbaycan Respublikası Prezidentinin ştandartı, Azərbaycan Respublikasının orden və medalları, Azərbaycan Respublikasının Konstitusiyası, eləcə də, İkinci Qarabağ müharibəsinə həsr edilən orden və medallar, dünyanın ən hündür zirvələrində sancılmış Dövlət bayrağı nümayiş etdirilir. Bu salonda "Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanın yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2007-ci il tarixli Sərəncamı, "Azərbaycan Respublikasının Dövlət bayrağı gününün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2009-cu il tarixli Sərəncamı, Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 17 noyabr 1990-cı il tarixli qərarından ibarət stend yerləşdirilmişdir.[2]

D sərgi salonunda Azərbaycan Silahlı Qüvvələrinin bayraqları, medalları, emblem və şevronları nümayiş olunur. E və F sərgi salonlarında Azərbaycan hərbi qulluqçularının mərasim geyim formaları nümayiş olunur.[2]

  1. 1 2 3 "Dövlət Bayrağı Muzeyi açıldı". "Mədəniyyət" qəzeti. 14 noyabr 2010. 8 noyabr 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2024.
  2. 1 2 3 4 5 6 "Dövlət Bayrağı Meydanındakı yenilənmiş Bayraq Muzeyi təqdim edilib". Report.az. 8 noyabr 2024. 8 noyabr 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2024.