Droid — "Ulduz müharibələri" elmi fantastik franşizasından müəyyən dərəcədə süni intellektə malik uydurma robot. Termin "android" sözünün qısaldılmış formasıdır[1] və əvvəlcə insan kimi görünmək və hərəkət etmək üçün nəzərdə tutulmuş robotlara istinad edirdi.[2] "Android" sözünün özü qədim yunanca "insan kimi" mənasını verən "androīdēs" sözündəndir.[3]
Yazıçı və rejissor Corc Lukas orijinal "Ulduz müharibələri" filminin 28 yanvar 1975-ci ildə tamamlanan ssenarisinin ikinci layihəsində "droid" terminindən istifadə etmişdir.[4] Bu sözün presedenti var – Mari Vulf adlı yazıçı bu sözü 1952-ci ildə "Dünyanın robotları! Qalxın!" hekayəsində işlətmişdir. Lukasın "Ulduz müharibələri" filminin ssenarisini yazarkən bu məlumatdan xəbəri olub-olmadığı, yoxsa bu termini özünün uydurduğu məlum deyil.[5]