Mandalorlular[1] və ya mandaloriyalılar[2] (ing. Mandalorians) — "Ulduz müharibələri" kainatında, Mandalor planeti ilə əlaqəli uydurma xalq. Corc Lukas tərəfindən yaradılmışdır. Onların ən diqqətçəkən mədəni xüsusiyyətləri döyüş dəbilqələri, döş nişanları, əlcəkləri və reaktiv kürək çantalarıdır. Ən görkəmli mandalorlular Boba Fett, atası Canqo Fett və "Mandalorlu" olaraq tanınan Din Carindir.
Bu xalq ilk dəfə "İmperiya cavab zərbəsi vurur" (1980) filmi üçün ağ zirehli "super komandolar" qrupu kimi konseptuallaşdırılmışdır, lakin ideya Boba Fett adlı yalqız kəllə ovçusu üzərində cəmləşmişdir. Filmdə Fett mandalorlu kimi müəyyən edilməsə də, onun populyarlığı romanlar, komikslər, teleseriallar və video oyunlar kimi növbəti "Ulduz müharibələri" mediasında mandalorlular haqqında əsərlər yaradılmışdır.[3]
"Ulduz müharibələri"nin "Əfsanələr" genişləndirilmiş kainatı, eləcə də "Klon müharibələri", "Üsyançılar" və "Mandalorlu" kimi teleseriallarda əlavə personajlar təqdim edilmiş, mandalorlular haqqındakı loru genişləndirmişdir. Burada, onlar "yadplanetli irq və ya növ" kimi yox, spartalı döyüşçü ənənəsinə oxşayan ümumi inanc altında birləşdirilmiş insanların və müxtəlif yadplanetlilərin xüsusi ideologiyası olaraq əsaslandırılmışdır.
"İmperiya cavab zərbəsi vurur" (1980) filminin istehsalı zamanı Ralf MakKuorri və Co Conston əslən Mandalor sistemindən olan, super komandolar kimi təsvir edilən əsgərlər tərəfindən geyilməsi nəzərdə tutulmuş zireh hazırlamışdır.[4][5][3] İlkin konsepsiyaya görə, onlar "super əsgərlər" adlanırdılar və bir-birinə bənzəyirdilər.[5] Bu ideya sonunda Boba Fett adlı bir kəllə ovçusuna çevrilmişdir. Kostyum üzərində yenidən iş aparılmış, lakin bilək lazerləri, raket dartları, reaktiv kürək çantası və raket kimi elementləri özündə saxlamışdır.[4][5]