Keyto-Neymodiya (ing. Cato Neimoidia) — "Ulduz müharibələri" kainatında uydurma planet. Keyto-Neymodiya qalaktikanın kolonial bölgəsində yerləşir.[1] Dumanlı planetin fırtınalı, qeyzer püskürən[2] turşulu okeanları,[3] həmçinin nəhəng qaya tağları, qayalıqları[4][5] və kanyonları[1] var. Planetdə neymodianlar yaşayır.[6] Keyto-Neymodiya ilk dəfə "Sithin qisası" (2005) filmində nümayiş olunmuşdur.[7]
Keyto-Neymodiyanın ilkin mərhələdə planetar montajlardan biri olması, "Sithin qisası" (2005) filminin ilk hissəsində qalaktikada bir sıra döyüşlərin təsvir edilməsində istifadə olunması nəzərdə tutulurdu. Planet bu mərhələdə süni halqalı kosmik stansiya ilə əhatə olunmuş qaz nəhəngi idi,[8] lakin bu ideya daha sonradan Rinqo Vinda planeti üçün istifadə edilmişdir.[9] Keyto-Neymodiya ifrat zəngin bir planet kimi təsvir edilmişdir. Hər iki dizayn sonradan filmin çəkilişi zamanı ləğv edilmişdir.[8]