Ekshumasiya

Ölümündən 19 il sonra Napoleon Bonaparta məxsus tabutun açılması prosesini təsvir edən rəsm əsəri. Tablo 1840-cı ildə fransız rəssamı (fr. Nicolas Eustache Maurin) tərəfindən hazırlanmışdır. 6 il Müqəddəs Yelena adasında sürgün həyatı yaşadıqdan sonra 1821-ci ildə həmin adada vəfat edən Fransa imperatoru Napoleon vəsiyyətinə əsasən Fransaya aparılaraq orada yenidən dəfn edilmişdir. İmperatorun cəsədini öz ölkəsinə aparmaq üçün adaya gələn fransızlar cəsəddən əmin olmaq və dəqiqləşdirmək məqsədi tabutu açaraq ekshumasiya prosesini icra etmişdilər. Vəfat etməsinin üzərindən 20 ilə yaxın müddətin keçməsinə baxmayaraq cəsədin mükəmməl şəkildə qorunması hər kəs tərəfindən heyrətlə qarşılanmışdır. İmperatorun nəşi Paris şəhərində yerləşən Əlillər Evində saxlanılmaqdadır.

Ekshumasiya — Məhkəmə-tibbi ekspertizanın və ya patoloji-anatomik tədqiqatların aparılması məqsədilə meyitin məzardan çıxarılması. Ekshumasiya sözü latın dilindən hərfi tərcümədə torpaqdan çıxarılma (lat. exhumatio: lat. ex – çıxarılma, lat. humus – torpaq) anlamına gəlir. Proses zaman-zaman arxeoloji məqsədlər çərçivəsində də icra edilməkdədir.

Ekshumasiya adətən ölüm halının səbəblərini araşdırmaq və ya öyrənmək, mərhumun şəxsiyyətini müəyyən etmək, cinayət işində yeni faktlar və sübutlar aşkar etmək, daha az hallarda isə onun yenidən dəfn edilməsi üçün həyata keçirilir. Müasir dövrdə qatı açılmamış cinayət işlərinin həll edilməsində və hərbi əməliyyatlar zamanı itkin düşmüş hərbçilərin qalıqlarının aşkarlanmasında sözügedən metotdan tez-tez istifadə edilməkdədir.[1]

Qədim dövrlərdə cəsədin, məzarın öyrənilməsi məqsədilə ekshumasiyalar demək olar ki, həyata keçirilmirdi. Bu hal cəsədin və qəbrin murdarlanması, həmçinin mərhumun cəsədini və onun ruhunu təhqir etmək hesab olunurdu. Orta əsrlərdə bir çox insanlar inanırdılar ki, əgər vəfat etmiş bir insan narahat edilərsə, o zaman böyük bəlalar baş verə bilər və hətta ölmüş şəxs yenidən dirilə bilər.

Həmin dövrlərdə məzarların yenidən qazılması əsasən soyğunculuq məqsədilə qızıl və digər bahalı metalları əldə etmək istəyən məzar soyğuncuları tərəfindən icra edilməkdə idi.

Yalnız XIX əsrin ortalarından etibarən ABŞQərbi Avropada müasir ekshumasiya prosesinə yaxın tədqiqatların aparılması hallarına rast gəlinmişdir. Şübhəli ölüm səbəblərinin yenidən araşdırılması və ən əsası vəfat etmiş şəxsin şəxsiyyətini müəyyənləşdirmək məqsədilə cəsədlərin dəfn edildikləri yerlərdən qazılaraq çıxarılması prosesi XX əsrin ortalarından etibarən geniş fürsət almağa başlamışdır.

Ekshumasiya proseduru

[redaktə | mənbəni redaktə et]
Paris şəhərində yerləşən Monparnas məzarlığındakı məzarları 1848–1849-cu illərdə gizli şəkildə ekshumasiya etmiş Fransa ordusunun keçmiş zabiti, nekrofil Fransua Bertrand. Monparnas vampiri (fr. Vampire du Montparnasse) təxəllüsü ilə tanınmış Bertrandın hərəkətləri XIX əsr Fransasasında geniş əks-səda doğurmuşdur.

Bütün lazım olan orqanlar ekshumasiya icazəsini təsdiq etdikdən sonra dəfn yerinə məhkəmə-tibb ekspertləri və həkimlər göndərilir. Bütün qruplar gəldikdən sonra dəfn yeri açılır. Dəfn yerinin bütövlüyünü qorumaq və ölümün bütün hallarını müəyyən etmək üçün ekshumasiya ehtiyat tədbirlərinə və dəqiqliyə riayət edilməklə həyata keçirilir. Ekshumasiya edilən cəsədin identifikasiyası məcburi bir prosedurdur və proses onsuz icra edildikdə adətən qanunsuz hesab edilməkdədir. İdentifikasiya prosesi qohumların bunun həqiqətən də onların qohumunun cəsədi olduğunu təsdiqləməsi üçün edilir.

Ekshumasiyanın bütün hərəkəti video və fotokameralarda lentə alınmalıdır, çünki düzgün həyata keçirilmiş ekshumasiyanın sübutları daha sonra dəqiq yoxlama üçün lazımi orqanlara təqdim edilir. Prosedurun hər bir xırda xüsusiyyəti və hərəkətin halları protokollarda qeyd olunur. Ekshumasiya edildikdən sonra cəsəd ya ikinci məhkəmə-tibbi ekspertiza üçün, ya da başqa bir dəfn yerinə aparılır. Məhkəmə tibbi ekspertizasının yekun rəyindən sonra cəsədin yenidən dəfn edilməsinə müvafiq icazələr verilməlidir.

Azərbaycanda ekshumasiya proseduru

[redaktə | mənbəni redaktə et]

Ölmüş şəxsin prosessual ekshumasiyası Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq məhkəmənin qərarı əsasında həyata keçirilir. Azərbaycanda ekshumasiya proseduru əsasən iki halda tətbiq edilməkdədir. Birinci hal törədilmiş hər hansısa bir cinayətin motivlərini dəqiqləşdirmək məqsədi müvafiq Məhkəmə-tibbi ekspertizalar tərəfindən aparılan ekshumasiya prosesləridir.

İkinci və daha çox rast gəlinən hal isə Birinci Qarabağ müharibəsinin gedişatı zamanı şəhid olmuş və sonradan itkin düşərək naməlum ərazilərdə dəfn edilmiş hərbi qulluqçuların şəxsiyyətlərini müəyyənləşdirmək çərçivəsində aparılan ekshumasiya proseslərindən ibarətdir. 2022-ci ilin 28 oktyabr tarixində Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun verdiyi məlumata əsasən Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərə məxsus olması ehtimal olunan 450-dən artıq insan meyitinin qalıqları çıxarılaraq ekshumasiya edilib.[2]

Məlumata görə, həmin meyit qalıqları ilə bağlı 300-ə yaxın məhkəmə-tibbi və 280-dən artıq molekulyar-genetik ekspertizaları təyin olunaraq icraya yönəldilib. Eləcə də şahidlər dindirilib və digər zəruri istintaq-əməliyyat tədbirləri yerinə yetirilib.

İkinci Qarabağ müharibəsindən sonra Şuşa rayonunun Daşaltı, Xocavənd rayonunun Edilli, Ağdam rayonunun Sırxavənd kəndləri, eləcə də Xocalı rayonunun Fərrux kəndində və digər ərazilərdə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətinin, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının, Beynəlxalq Qırmızı Xaç Komitəsinin və digər aidiyyəti qurumların nümayəndələri ilə birlikdə aparılmış müvafiq axtarış tədbirləri nəticəsində kütləvi məzarlıqlar aşkarlanıb.[3]

2023-cü ilin 11 sentyabr tarixinə olan məlumata əsasən Qubadlı rayonunun Məlikəhmədli kəndində və Zəngilan rayonunun Vejnəli kəndində Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərə məxsus olması ehtimal olunan insan meyitinin qalıqları ekshumasiya edilib, həmin meyit qalıqları ilə bağlı məhkəmə-tibbi kriminalistik və məhkəmə molekulyar-genetik ekspertizaları təyin edilərək icraya yönəldilib və digər zəruri hərəkətlər yerinə yetirilib.[4]

  1. "36 CFR § 12.6 - Disinterments and exhumations". Legal Information Institute (ingilis). 2023-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-17 – Cornell Law School vasitəsilə.
  2. 1news.az xəbər agentliyi. "450-dən çox meyitin qalıqları ekshumasiya edilib" (Azərbaycanca). 28/10/2022. (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 apr 2024.
  3. 1news.az xəbər agentliyi. "450-dən çox meyitin qalıqları ekshumasiya edilib" (Azərbaycanca). 28/10/2022. (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 apr 2024.
  4. Xəbər portalının informasiya şöbəsi. "Vejnəlidəki insan sümüklərinin qalıqları ekshumasiya edildi". Modern.az informasiya və xəbər portalı (Azərbaycanca). 11 Sentyabr 2023. (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 apr 2024.