Fransada holokost

1941-ci ildə Marsel şəhərindəki bu poster yəhudilərin qeydiyyatının başladığını bildirirdi

Fransada holokost İkinci dünya müharibəsi ərzində 1940 və 1944-cü illər aralığında almanlar tərəfindən işğal olunmuş Fransa ərazilərində yəhudilərinqaraçıların məruz qaldığı təqib, deportasiya və qətl hadisələrindən ibarət idi. Fransada yaşayan yəhudilərin təqib olunması prosesi hələ 1940-cı ildə başlamış və 1942-ci ildən 1944-cü ilin iyul ayına qədər Fransa yəhudilərinin Almaniya və Polşada yerləşən həbs düşərgələrinə aparılması prosesi ilə də özünün kuliminasiya nöqtəsinə çatmışdır. 1940-cı ildə Fransada məskunlaşmış 340,000 nəfər etnik yəhudidən 75,000 nəfərdən çoxu nasistlərin ölüm düşərgələrinə deportasiya edilmişdi ki, onların da təqribən 72,500 nəfəri öldürülmüşdü. Fransada nasist Vişi rejimi və polis qüvvələri ölkənin müxtəlif yerlərində yaşayan yəhudilərin toplanması işi ilə məşğul idi.[1] Deportasiyaya məruz qalan yəhudilərin əksər hissəsinin həlak olmasına baxmayaraq, Fransanın yəhudi əhalisi arasında sağ qalma dərəcəsi 75% idi ki, bu da Avropada ən yüksək dərəcələrdən biri hesab olunurdu.[2][3]

1940-cı ilin yayında Fransanın nəzarəti altında olan ərazilərdə ümumilikdə 700,000 yəhudi yaşayırdı ki, bunların da 400,000 nəfəri Fransız Əlcəzairində və başqa iki fransız müstəmləkəsi olan Tunis və Mərakeşdə məskunlaşmışdı. İki dünya müharibəsi arasındakı dövrdə Fransanın Avropa hissəsində 150,000 nəfər etnik yəhudi yaşayırdı.[4] Bütün bunlara əlavə olaraq, Fransa Almaniyadan ölkəyə gələn çoxsaylı xarici yəhudilərə də ev sahibliyi edirdi. Evian konfransından sonra ABŞBöyük Britaniya hökumətlərinin ölkəyə əlavə yəhudi immiqrantları qəbul etməkdən imtina etməsi nəticəsində artıq 1939-cu ildə Fransadakı yəhudi əhalisinin sayı 330,000 nəfərə yüksəlmişdi. 1940-cı ildə Nasist Almaniyasının BelçikaNiderlandı işğal etməsi nəticəsində Fransaya yeni yəhudi immiqrant axını gəldi və bununla da ölkədəki etnik yəhudilərin sayı 340,000 nəfərə çatdı.[4]

İkinci dünya müharibəsinin başlaması ilə birlikdə Fransa yəhudiləri digər həmvətənləri ilə birgə 1914-cü ildəki kimi yenidən Fransa Ordusuna qoşuldu. Çox sayda xarici ölkələrdən olan yəhudilər də xaricilərdən ibarət könüllü hərbi birləşmələrdə xidmət etməyə başlamışdı. Almaniyadan olan yəhudi qaçqınlar isə düşmənin müttəfiqi olaraq nəzarət altına alındı.

22 iyun 1940-cı ildə Üçüncü Reyx və fransız marşalı Filip Peten arasında müqavilə imzalandı. Bu müqavilənin şərtlərinə görə Fransanın yalnız Avropa hissəsi Almaniya tərəfindən işğal olunurdu. Mərkəzi Vişi şəhəri olan Marşal Peten tərəfindən idarə olunan "yeni" Fransa Dövlətinin əsası qoyuldu. Fransanın cənubu və digər müstəmləkələri (Əlcəzair, Mərakeş, Tunis, Hind-Çin, Yaxın Şərq və s.) də bu hökumətin nəzarəti altında olmalı idi. Marşal Petenin başçılıq etdiyi hökumət işğal olunmayan Fransanın şimal hissəsini də öz ərazisi olaraq görürdü. Vişi rejimi öz nəzarəti altında olan ərazilərdə anti-yəhudi hərəkətlərinin miqyasını getdikcə artırırdı.[5]

"Yəhudilər və Fransa" başlığı altında Parisdə keçirilən anti-semitizm sərgisi. 1941-ci il
Kütləvi həbslərin başlamasından bir neçə həftə əvvəl üzərilərində "sarı ulduz" olan iki yəhudi qadın işğal olunmuş Paris şəhərində. 1942-ci il, iyun.

1940-cı ilin yayından etibarən Almaniyanın Fransadakı səfiri olan Otto Abetz burada yaşayan zəngin yəhudi ailələrinin müsadirəsinə başlamışdı. 1940-cı ilin payızında Vişi rejimi ilk anti-yəhudi tədbirlərini həyata keçirməyə başladı. 3 oktyabr 1940-cı ildə Fransadakı nasist hökuməti tərəfindən "Yəhudilərin statusu" adlı qanun qəbul edildi. Qanunun 9-cu bəndinə əsasən bu status Fransanın bütün müstəmləkələrində yaşayan yəhudilərə aid edilirdi. Bu status Fransa ərazisində yaşayan bütün etnik yəhudiləri onların mülki hüquqlarından məhrum edir və onlara müəyyən vəzifələrdə (müəllim, jurnalist, hüquqşünas və s.) işləməyi ümumən qadağan edirdi. 4 oktyabr tarixində imzalanmış bu Qanuna görə müxtəlif ölkələrdən Fransaya pənah gətirmiş xarici yəhudilər ölkənin cənubunda yerləşən müxtəlif həbs düşərgələrinə göndərilməli idi ki, bunlardan da ən məşhuru Qürs həbs düşərgəsi idi. Bürkel əməliyyatı ərzində təkcə Elzas-Lotaringiya bölgəsindən 6500 nəfər yəhudi deportasiya olunmuşdur. Yalnız qarışıq nikahları olan yəhudilərə öz ərazilərində yaşamağa icazə verilirdi. Buradan deportasiya olunanlar "Fransa hökumətinə heç bir xəbər verilmədən" doqquz qatarla Fransaya yola salındı, lakin almanların bu hərəkəti fransız hökumətini heç də qane etmədi. Nəticədə, həmin yəhudilər Vişi hökuməti tərəfindən ölkənin cənubundakı həbs düşərgələrinə göndərildi.

1941-ci ilin martında Vişi rejimi tərəfindən ölkədə anti-yəhudi propaqandasının həyata keçirilməsi və yəhudilərə qarşı müəyyən tədbirlərin görülməsi işləri ilə məşğul olan Yəhudi İşləri üzrə Baş Komissarlıq yaradıldı.[6] Eyni zamanda, almanlar işğal etdikləri ərazilərdə yəhudilərin qeydiyyatı işlərinə başlamışdılar. 2 iyun 1941-ci ildə Vişi hökuməti tərəfindən qəbul olunan İkinci Statusa əsasən bütün ölkə ərazisində, o cümlədən Şimali Afrikada etnik yəhudilərin qeydiyyatı prosesi rəsmiləşdi. Yeni qərara görə ölkədə yaşayan bütün yəhudilər üzərilərində sarı Davud ulduzu nişanı gəzdirməli idi. Bu qərar yəhudilərin qeydiyyata alınması işlərini asanlaşdırır və onların gələcək deportasiyası prosesini sürətlə həyata keçirməyə imkan verirdi. İşğal olunmuş ərazilərdə Nasist Almaniyasının qərarına görə 29 may 1942-ci ildən etibarən yaşı 6-dan yuxarı olan bütün yəhudilərdə bu nişan olmalı idi.[7]

Dransi həbs düşərgəsi

[redaktə | mənbəni redaktə et]

Fransada yəhudilərin həbs olunmasına 1940-cı ildən fərdi şəkildə, 1941-ci ildən isə kütləvi şəkildə başlanmışdır. İlk kütləvi həbs dalğası 14 may 1941-ci ildə baş tutdu. İkinci həbs dalğası 1 avqust 1941-ci ilə qədər davam etdi və 4232 nəfər fransız və xarici yəhudinin həbs olunması ilə nəticələndi.[8]

27 mart 1942-ci ildə deportasiya prosesi başladı və elə həmin gün ilk konvoy Parisdən Auşvitzə yola düşdü.[9] Həbs olunanlar arasında qadınlar və uşaqlar da var idi.

Hökumətin etirafı

[redaktə | mənbəni redaktə et]

Onilliklər boyunca Fransa hökuməti yəhudilərin toplanması və ya hər hansı başqa bir dövlət fəaliyyətində fransız polisinin iştirakına görə üzr istəməkdən imtina edirdi. Bu, onunla izah edilirdi ki, həmin hadisələrin baş verdiyi dövrdə marşal Filip Peten yeni Vişi rejiminin əsasını qoymuşdu və Respublikanın yenidən bərpası isə yalnız müharibənin başa çatmasından sonra mümkün olmuşdu. Bu səbəbə görə Respublika özünün mövcud olmadığı və tanımadığı bir dövlət tərəfindən həyata keçirilmiş hadisələrə görə üzr istəyə bilməz. Məsələn, keçmiş Fransa Prezidenti Fransua Mitteran hadisələrə bu cür yanaşmanın tərəfdarı idi. Bu cür açıqlamalar daha çox 2017-ci ildəki seçkilər ərzində Milli Cəbhə Partiyasının lideri Marin Le Pen tərəfindən təkrarlanırdı.[10][11]

16 iyul 1995-ci ildə Prezident Jak Şirak Fransanın öz keçmişi ilə üzləşməsi vaxtının çatdığını bildirmiş və dövlətin alman işğalı ərzində yəhudilərə və digər qurbanlara qarşı edilən zülmdə oynadığı rolu təsdiqləmişdir. Şirak, həmçinin "4500 nəfər fransız polisinin və jandarmının nasist liderlərinin əmrinə tabe olaraq hərəkət etdiyini" açıqlamışdır.[12]

Bu hadisələrin 70-ci ildönümü zamanı, 22 iyul 2012-ci ildə Prezident Fransua Olland Vél d'Hiv deportasiyasına həsr olunan abidə qarşısında çıxış etmişdir. Prezident öz çıxışında baş vermiş hadisələri soyqırım adlandırmış və bu hadisənin "Fransada, Fransa tərəfindən" həyata keçirildiyini, həmçinin bu deportasiyada iştirak edən fransız polislərinin Fransanın dəyərlərinə, prinsiplərinə və ideallarına qarşı olduğunu açıqlamışdır.[13]

2017-ci ilin iyul ayında Vélodrome d'Hiver qurbanlarını anma mərasimində çıxış edən Prezident Emmanuel Makron ölkəsinin Holokost hadisələrindəki rolunu qəbul etmiş və Fransanın 1942-ci ildə 13000 yəhudinin deportasiyasında iştirakını imtina etməyi tarixi saxtalaşdırmağa cəhd adlandırmışdır. O, bu deportasiyanın həqiqətən Fransa tərəfindən həyata keçirildiyini qəbul etmişdir. Makron başqa bir açıqlamada müharibə ərzində mövcud olmuş hökuməti Fransa Dövləti adlandırmış və "Biz Vişi rejiminin heçdən yarandığını və bir heçə çevrildiyini münasib hesab edə bilərik. Bəli, bu münasibdir, lakin bu həm də yanlışdır. Biz yalan üzərində qürur inşa edə bilmərik." açıqlaması vermişdir.[14][15]

  1. http://www.bbc.co.uk/history/worldwars/jewish_deportation_01.shtml[ölü keçid]
  2. "Le Bilan de la Shoah en France Le régime de Vichy". bseditions.fr. 2021-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-02.
  3. "Arxivlənmiş surət" (PDF). 2017-10-11 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-02-02.
  4. 1 2 "La persécution nazie". free.fr. 2014-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-02.
  5. Ruth Ginio. French Colonialism Unmasked: The Vichy Years in French West Africa. University of Nebraska Press. 2006. ISBN 080325380X.
  6. "report by the Mission d'étude sur la spoliation des Juifs". 2010-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-02.
  7. "Buildings Integral to the Former Life and/or Persecution of Jews in Hamburg". November 12, 2005 tarixində orijinalından arxivləşdirilib.
  8. "Les rafles de 1941". Source : Claude Singer, Historien, enseigne à l'université de Paris I (DUEJ). Revue "Les Chemins de la Mémoire n° 119 - Juillet-Août 2002 pour Mindef/SGA/DMPA. Chemins de mémoire, site du Ministère de la Défense. 2014-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-02.
  9. Blumenkranz, 1972. səh. 404
  10. "Arxivlənmiş surət". 2017-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-02.
  11. "Arxivlənmiş surət". 2018-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-02.
  12. "Allocution de M. Jacques CHIRAC Président de la République prononcée lors des cérémonies commémorant la grande rafle des 16 et 17 juillet 1942 (Paris)" (PDF). www.jacqueschirac-asso (fransızca). 16 July 1995. 24 July 2014 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 July 2014.
  13. "Arxivlənmiş surət". 2022-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-02.
  14. "Arxivlənmiş surət". 2017-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-02.
  15. "Arxivlənmiş surət". 2018-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-02.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]