İkinci dünya müharibəsində yəhudilərin tarixi

İkinci dünya müharibəsində yəhudilərin tarixi müasir siyasi tarixdə Avropa Şimali Afrikası (nasistyönümlü Vişi rejimi tərəfindən idarə olunan Şimali Afrika və İtaliya Liviyası) da daxil olmaqla Avropada yəhudilərin təqibi və görünməmiş miqyasda qətl olunması ilə təxmini sinonimlik təşkil edir. İkinci dünya müharibəsi ərzində baş vermiş genişmiqyaslı Holokost hadisələri yəhudi millətinə və bütün dünya ictimai rəyinə böyük təsir göstərmişdir. İvrit dilində HaŞoa adlanan bu soyqırımı bütün Avropa qitəsində yaşayan yəhudilərin öldürülməsi məqsədilə təşkil olunmuşdu. Nasist Almaniyasının rəhbərliyi ilə geniş miqyasda təşkil olunan bu əməliyyat nəticəsində təqribən altı milyon etnik yəhudi dəhşətli qəddarlıqla öldürülmüşdür. Nasistlər tərəfindən işğal olunmuş Polşa ərazisində yerləşən təkcə Auşvits həbs düşərgəsinin qaz kameralarında bir milyondan çox yəhudi qətlə yetirilmişdir. Avropa yəhudilərinin kütləvi şəkildə öldürülməsi Polşadan başqa Albaniya, Avstriya, Belarus, Belçika, Bosniya və Herseqovina, La-Manş boğazı adaları, Xorvatiya, Çexiya, Estoniya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, Latviya, Liviya, Litva, Lüksemburq, Makedoniya, Moldova, Niderland, Norveç, Rumıniya, Rusiya, Serbiya, Slovakiya və Ukraynadakı yəhudi icmalarına da ciddi təsir etmişdir.[1]

İkinci dünya müharibəsinin başlanğıcına doğru aparan dövrdə, 1937-ci ildə nasist alman hökumətinin başlatdığı siyasət nəticəsində Nasist Almaniyasında yerləşən təxminən bütün yəhudi şirkətləri ya maliyyə çətinliklərinə görə, ya da nasistlər tərəfindən təqib olunmalarına görə dağılmışdır. Müharibənin başlanması ilə birlikdə polyak millətinə qarşı həyata keçirilən Tannenberq əməliyyatının bir hissəsi kimi yəhudilərə qarşı da kütləvi qırğın baş tutmuşdur. Barbarossa əməliyyatının başlanması ilə yəhudilərin kütləvi qırğını daha böyük və metodiki şəkildə həyata keçirilmişdir. Orpo batalyonlarının başçılığı ilə belaruslar, eston, latviyalı, litvalıukraynalı yerli Köməkçi Polis bölmələrinin aktiv iştirakı ilə Avropa yəhudilərinin qətli prosesi baş tutmuşdur.

Müharibənin başlamasından bir müddət əvvəl Nasist Almaniyasında "Kristal gecə" adı altında yəhudilərə qarşı ilk poqrom həyata keçirildi. Bu poqrom nəticəsində müxtəlif alman şəhərlərində yerləşən ümumilikdə on bir minə yaxın yəhudi market, qəsəbə və kəndi nasist hücum bölmələri tərəfindən hücuma məruz qaldı.[2] Bu poqrom nəticəsində 30,000 yəhudi kişi həbs düşərgəsinə aparıldı, 1668 sinaqoq talan edildi, 267-si yandırıldı. 22 iyun 1941-ci ildə başlanmış Barbarossa əməliyyatı nəticəsində işğal olunmuş Lvov şəhərində ukraynalı milliyətçilər tərəfindən 1941-ci ilin iyul ayında təşkil olunmuş iki poqrom zamanı ümumilikdə təqribən altı min yəhudi etnik mənsubiyyətinə görə qətlə yetirilmişdir.[3][4]

25 və 26 iyul 1941-ci ildə Litvanın Kaunas şəhərində yerli silahlı qruplaşmalar hələ nasist qoşunları buraya çatmazdan əvvəl yəhudilər əleyhinə poqromlar həyata keçirmiş, nəticədə təqribən 3800 yəhudi öldürülmüş, sinaqoqlar və yəhudilərə məxsus marketlər yandırılmışdır.[5] Holokost dövrü poqromlarından çox güman ki, ən ölümcül olanı Rumıniyada baş tutmuş Yassı poqromu olmuşdur. Bu zaman 14,000-dən çox yəhudi rumın vətəndaşları, polis və hərbi qüvvələri tərəfindən öldürülmüşdür.

Adolf Hitler 1941-ci ilin dekabrına qədər Avropa yəhudilərinin soyqırımını tamamlamağı qarşısına məqsəd qoymuşdu.[6] 1942-ci ilin yanvarında Vanze konfransı ərzində bəzi nasist liderləri "Yəhudi məsələsinin son həlli"nin detallarını müzakirə etdi. General-qubernatorun müavini Yozef Bühler nasist liderlərindən olan Reynhard Heydrixi general-qubernatorluq ərazisində "Son həll" variantını həyata keçirməyə təşviq edirdi. Beləliklə, nasistlər sonda başqa həbs düşərgələrində saxlanılan bütün yəhudilərin sistematik şəkildə yeddi düşərgəyə aparılmasına qərar verdi. Alman jurnalist və müəllif Sebastyan Haffner 1978-ci ildə nəşr etdiyi analizində göstərirdi ki, Hitler artıq 1941-ci ildən Avropaya həmişəlik dominantlıq etmək məqsədinin reallaşmayacağını başa düşmüş, lakin öz ikinci hədəfi olan yəhudilərin soyqırımını tamamlamaq üçün çalışmışdır.

Müharibənin növbəti illərində yanacaq, nəqliyyat, mərmi ehtiyatı və hərbi birləşmələrin döyüş ərazisinə daha uzaq məsafədən çatdırılması nəticəsində nasist döyüş maşını getdikcə zəifləməyə başlamışdır. Artıq müharibənin sonlarına qədər Avropanın yəhudi əhalisinin yarısından çoxu Holokost zamanı öldürülmüşdür. Müharibədən əvvəl Avropadakı ən böyük yəhudi icmasına ev sahibliyi edən Polşa müharibə nəticəsində öz yəhudi əhalisinin 90 faizindən çox hissəsini və ya üç milyon nəfər yəhudini itirmişdir. Yunanıstan, Yuqoslaviya, Litva, Çexoslovakiya, NiderlandLatviya kimi ölkələrin də hər biri müharibə nəticəsində öz yəhudi əhalisinin 70 faizini itirmişdir.

Müttəfiq qüvvələrdə xidmət edən yəhudilər

[redaktə | mənbəni redaktə et]
İkinci dünya müharibəsi ərzində Quamda yerləşən ABŞ Ordusunun 20-ci Hərbi Hava Qüvvələrinin yəhudi hərbçiləri Roş-Ha-Şana bayramında iştirak edirlər.

İkinci dünya müharibəsi ərzində təqribən 1.5 milyon yəhudi müttəfiq qoşunlarda xidmət etmişdir.[7]

Təxminən 550,000 Amerika yəhudisi ABŞ Ordusunun müxtəlif bölmələrində xidmət etmişdir ki, bunlardan da 52,000-i hərbi mükafatlara layiq görülmüşdür.[8] Başqa 500,000 yəhudi isə müharibə illərində Qırmızı Orduda xidmət etmiş və onlardan 160,000-dən çoxu müxtəlif mükafatlara layiq görülmüş, 150 nəfərdən çoxu isə Sovet İttifaqı Qəhrəmanı adı almışdır. Alman işğalı ərzində yüz mindən çox yəhudi Polşa Ordusunda, altmış mindən çoxu isə Böyük Britaniya Silahlı Qüvvələrində xidmət etmişdir. Bundan başqa, Fələstindən olan təqribən 30,000 yəhudi də Britaniya Ordusunda xidmət edirdi.[9][10]

Yəhudilər həmçinin müharibə ərzində müxtəlif partizan qruplaşmaların tərkibində də nasistlərə qarşı mübarizə aparmışdır.

  1. Lucy S. Dawidowicz. A Holocaust Reader. Behrman House. 1976. p. 381 (table), 92–94. ISBN 0874412366. 2018-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-07.
  2. Gilbert, Martin. Kristallnacht: Prelude to Destruction. Harper Collins, 2006, p. 30.
  3. Longerich, Peter. Holocaust: The Nazi Persecution and Murder of the Jews. Oxford; New York: Oxford University Press. 2010. səh. 194. ISBN 978-0-19-280436-5. 2016-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-07.
  4. USHMM. "Lwów". Holocaust Encyclopedia. United States Holocaust Memorial Museum. Archived from the original on 7 mart 2012. İstifadə tarixi: 7 fevral 2019.
  5. MacQueen, Michael. Nazi Policy towards the Jews in the Reichskommissariat Ostland, June–December 1941: From White Terror to Holocaust in Lithuania // Gitelman, Zvi (redaktor). Bitter Legacy: Confronting the Holocaust in the USSR. Indiana University Press. 1998. səh. 97. ISBN 0-253-33359-8. 2021-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-07.
  6. Bauer, Yehuda. Rethinking the Holocaust. Yale University Press. 2000. səh. 5. ISBN 0300093004. 2021-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-07.
  7. "Jewish Soldiers in the Allied Armies" Arxivləşdirilib 2017-03-30 at the Wayback Machine.
  8. Hartwick, Sharon. "Ours to Fight For: American Jews in the Second World War". The Villager. 73 (34). 24 dekabr 2003 [Dec 24–30]. 2016-10-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 fevral 2019.
  9. Noah Klieger (11 September 2006), Army was Polish, soldiers were Jews. Arxivləşdirilib 2021-02-11 at the Wayback Machine Exhibition set to open next week salutes anonymous Jewish fighters who fought with Poland’s armies.
  10. Yad Vashem, The Holocaust: Combat and Resistance. Jewish Soldiers in the Allied Armies. Arxivləşdirilib 2016-12-14 at the Wayback Machine

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • About the Holocaust A thematic and chronological narrative of the Holocaust with related video, photos, documents and more from Yad Vashem
  • Murav, Harriet; Estraikh, Gennady, redaktorlar Soviet Jews in World War II: Fighting, Witnessing, Remembering. Boston: Academic Studies Press. 2014. doi:10.2307/j.ctt1zxsjkw. JSTOR j.ctt1zxsjkw.