Drezden şəhərindəki Frauenkirxa (alm. Frauenkirche zu Dresden, IPA-deˈ[fʁaʊənˌkɪʁçə], bina başlanğıcda Bizim Sevimli Ledi kilsəsi (alm. Kirche Unserer Lieben Frau) adı ilə tanınırdı) — Almaniyanın Saksoniya vilayətinin paytaxtı hesab edilən Drezden şəhərinin Noymarkt adlı meydanının tam mərkəzində yerləşən məşhur yevangelik-lüteran kilsəsi və şəhərin başlıca dominant və monumental tikilisidir. O protestant dini mərasim tikintisinin əsrarəngiz şəhadətnaməsi hesab edilir və ölçülərinə görə, Alp dağlarının şimalında ucaldılmış ən böyük daş kilsə günbəzinə malikdir. Tikildiyi zaman roma-katolik olmasına baxmayaraq, XV–XVI əsrlərdə katolik kilsəsinə qarşı başlanan və Reformasiya adı ilə tanınan dini etirazlar nəticəsində kilsə protestantların istifadəsinə verilmişdir. Barokko memarlıq ənənələri ilə ərsəyə gəlmiş hazırkı kilsə binası isə bilərəkdən protestant möminlərin ehtiyaclarını təmin etmək məqsədilə inşa edilmişdir. Frauenkirxa protestantların ən görkəmli və sakral abidəsi hesab olunur; ümumi layihəsi memar Georq Ber tərəfindən hazırlanmış kilsə özünün təkrarolunmaz silueti ilə şəhərin mənzərəsinə imperiallıq və təmtəraqlıq ab-havasını bəxş edir. İkinci dünya müharibəsi zamanı Drezdenin şiddətli bombalaması nəticəsində kilsə tamamilə məhv edilmişdir (şəhərin intensiv şəkildə bombalanması, "od fırtınası" adlanan fəlakətli atmosfer cərəyanının baş verməsinə səbəb olmuş və bunun nəticəsində də kilsə tamamilə çökmüşdür). Müharibədən sonra Şərqi Almaniya liderləri kilsənin xarabalıqlarını bərpa etməməyə və hərbi memorial abidə qismində qoruyub saxlamağa dair qərar qəbul edirlər. Kilsə Almaniyanın yenidən birləşməsindən sonra bərpa edilmişdir. Onun xarici yenidənqurma işləri 2004-cü ildə, interyerləri isə 2005-ci ildə tamamlanmışdır. Kilsə təkrar olaraq 30 oktyabr 2005-ci ildə təntənəli şəkildə təqdis olunmuşdur. Faciəvi şəkildə məhv edilmiş kilsə yenidən dirçələrək, tolerantlıq, sülh və harmoniyanın Dünya rəmzi statusunu əldə etmişdir.
Frauenkirxa | |
---|---|
Frauenkirche | |
51°03′07″ şm. e. 13°44′30″ ş. u.HGYO | |
Ölkə |
Almaniya Saksoniya |
Şəhər | Drezden |
Yerləşir | Noymarkt meydanı |
Aidiyyatı | yevangelik-lüteran kilsəsi |
Memar | Georq Ber |
Tikilmə tarixi |
Təməl daşının qoyulması mərasimi: 1726/1993 Tikinti işlərinin tamamlanması: 1743/2005 |
Üslubu | Barokko memarlığı |
Hündürlüyü | 91,24 m |
Rəsmi sayt | frauenkirche-dresden.de |
Vikianbarda əlaqəli mediafayllar |
Frauenkirxanı tez-tez kafedral kilsə adlandırırlar, lakin burada yepiskopun qərargahı yerləşmədiyindən, bu mülahizə doğru sayıla bilməz. Yepiskop qərargahı yaxınlıqdakı Kroytskirxa (Müqəddəs Xaç) kilsəsində yerləşir. Həmçinin ayda bir dəfə Müqəddəs Georgi anqlikan vaizliyində çalışan ruhanilər kilsədə ingilis dilində axşam duaları oxuyurlar.
Tarixçilər hesab edirlər ki, başlanğıcda hər hansı bir konfessiyanın tabeliyində olmamış və missionerlik funksiyalarını özündə birləşdirmiş erkən Frauenkirxa kilsəsinin inşası 1000-ci ildən sonra başlamış və əsasən taxta materialların köməyi ilə hazırlanmışdır (həmin kilsə kompleksi qərb tərəfdən Briznitz qəsri və Briznitzdən cənubda yerləşən Vayserritz qəsrləri ilə sərhədlənirdi)[1]. Qədim kilsənin ətrafında qəbiristanlıq salındığı üçün ətraf qəsəbələr üçün bura tez-tez ziyarət olunan məkana və mərkəzi dini ocağa çevrilir. Lakin Drezden şəhərinin paytaxta çevrilməsi səbəbindən kilsə icması Briznitzdən köçməyi qərara alır. XII əsrdə hazırkı Frauenkirxa kilsəsinin ərazisində olduqca kiçik ölçülərə malik olan roman üslublu kilsə inşa edilir və Bakirə Məryəmin şərəfinə müqəddəsləşdirilir (Saksoniya vilayətində yaşayan alman sakinləri öz aralarında "Mittelhochdeutsch" adlanan yerli şivədə danışdıqları üçün, kilsəni Kirche zu unser liuben Vrouwen adlandırmağa başlayırlar).[~ 1] Arxeoloji qazıntılar zamanı həmin roman üslublu kilsənin divarlarının qalıqları aşkar edilmişdir.
XIV əsrdə şəhər divarlarının xaricində yeni qotik üslublu kilsənin tikintisinə başlanılır; məzar daşları ilə əhatə olunmuş və bir qədər görkəmsiz ərazidə yaradılmış bu kilsə, daha sonralar Georq Ber tərəfindən Drezden şəhərinin reprezentativ Ana kilsənin yaradılması üçün təməl məkan olmuşdur. 1539-cu ildə protestantlıq cərəyanının Saksoniya krallığı ərazisində başlıca din olaraq qəbul edilməsi, kilsə üçün dönüş nöqtəsinə çevrilir. Qotik kilsə daha öncə mövcud olmuş roman kilsəsinin ətrafında "zəng qülləsinə bənzər" tərzdə inşa edilmişdir. Qotik kilsə üçün önəmli olan 1388-ci il tarixi bəzi tarixçilər tərəfindən təqdis etmə olaraq qəbul edilir; arxeoloji qazıntılar bünövrədəki daş qalıqların XIV əsrin sonuna aid edildiyini tsdiqləyir. Yastı damlı və böyük zala malik işıqlı kilsəyə 2 künc və köndələn nef əlavə edilmişdir. Öncəki qədim kilsədə olduğu kimi, yeni kilsənin nefləri demək olar ki, dördbucaq formada yaradılmışdırlar. 1395-ci ildə kilsə altarının təntənəli şəkildə əsası qoyulur. Kilsənin cübbəxana ilə təchiz olunduğu tarix indiyə kimi naməlum olaraq qalmaqdadır. Lakin yazılı salnamələrdı, 1468-ci ildə həmin cübbəxana üçün Paul adlı bir daşyonan tərəfindən açardaşlarının, pəncərələrin və gözəl giriş qapısının yaradığı qeyd olunurdu (həmin yazılı əsərdə, odanın çox güman ki, 1469-cu ildə qübbə ilə örtüldüyü bildirilirdi).[2]
1470–1483-cü illər arasında kilsə gecikmiş qotika üslubunda bitkin şəklə salınmışdır. 1470–1472-ci illər arasında isə kilsənin cübbəxanası və əsas binanın üzərində daha hündür dam inşa edilmişdir; artıq həmin dövrdə kilsə olduqca kiçik zəng qülləsinə malik idi. 1477-ci ildən 1483-cü ilə kimi uzun nefin əsas kilsə binasına birləşdirilməsi prosesi tamamlanır və beləliklə də kilsənin ümumi uzunluğu 38 metrə bərabər olur. Xalq arasında "hündür xor" adı ilə tanınan kilsə xoru çoxsaylı tağlarla bəzədilmiş və günbəzlənmişdir.[3] Alman incəsənət tarixçisi Kornelius Qurlitt qotik üslublu xor otağının ehtimal ki, mövcud olmuş daha qədim roman xorlarının üzərində inşa edildiyini və öz tərtibatı ilə sələfini təqlid etdiyini güman edirdi; bu hipotezanı yerli ilahiyyatçı-alim Fridrix Magirius da dəstəkləyirdi. Bununla belə, daha qədim xorların mövcudluğu haqqında kifayət qədər etibarlı sübutlar mövcud deyil. Kilsə üçün olduqca vacib olan yan kapellalarının tikintisi məqsədilə, həmin xor otaqlarının dağıdılması və başqa əraziyə köçürülməsi qərara alınmışdır.[4] 6 noyabr 1483-cü ildə Frauenkirxa kilsəsinin yenicə tamamlanmış nefində əsas altarın açılış mərasimi icra olunmuşdur (altar Müqəddəs Bakirə Məryəmin şərəfinə təqdis edilmişdir).
Protestantlıq dininin yayılması məqsədilə yerli sakinlər arasında aparılmış Reformasiya hərəkatlarının açıq əleyhdarı olmuş Saqqallı Georqun 1539-cu ildə vəfatından sonra Saksoniyada ciddi dəyişikliklər baş verir. Onun rəsmi varisi hesab edilən qardaşı V Henrix protestanlığı qəbul etmiş və saray əhli tərəfindən onun taxt mirasından məhrum etmək cəhdləri uğursuzluqla nəticələnmişdir. Henrix qardaşının ölümündən bir il sonra Saksoniyada protestantlıq dinini yerli sakinlər arasında yeritməyə başlayır və qısa müddət ərzində bura katolisizmdən demək olar ki, azad olmuş əraziyə çevrilir. Uzun illər Mayssen yeparxiyasından asılı olmuş Frauenkirxa kilsəsi üçün bu qərar olduqca mühüm hadisə idi. Protestantlıq yerli əhali tərəfindən rəğbət hissi ilə qarşılanırdı; belə ki, hələ XII əsrdə Müqəddəs Nikolayın şərəfinə inşa edilmiş katolik kilsə, Müqəddəs Xaç adlı Drezdenin ən tutumlu protestant kilsəsinə çevrilir.[~ 2]
Məlum olduğu kimi, Drezden şəhəri həmin dövrdə ciddi şəkildə əsas protestant dini mərkəzinin yaradılması ehtiyacını duyurdu və bu səbəbdən də Kroytskirxa və Frauenkirxa kilsələri arasına kəskin rəqabət halı yaşanırdı (bu rəqabət 1491-ci ilə kimi davam edirdi). 1491-ci ildə baş vermiş güclü yanğın hadisəsi nəticəsində Kroytskirxa ciddi şəkildə dağıntıya məruz qalır və müvəqqəti olaraq öz funksiyalarını yerinə yetirə bilmir. Şəhər divarlarının kənarında inşa edilmiş Frauenkirxa kilsəsi isə, əksinə olaraq təxminən XVI əsrin sonlarına kimi öz statusunu qoruyub saxlamağa müvəffəq olur. Frauenkirxanın sahib olduğu "əsas şəhər kilsəsi" statusu 1539-cu ildə Reformasiyanın Drezdendə tətbiq olunması ilə başa çatır (Drezdendə hakimiyyəti ələ keçirmiş Albertin sülaləsinin nümayəndələri, ilk lüteran dini mərasiminin məhz Kroytskirxada yerinə yetirilməsi məqsədilə xüsusi fərman imzalayırlar).[5] Drezdenin ətrafındakı 26 kəndin sakinləri Frauenkirxada prixod mənsubları olmalarına baxmayaraq, Drezden Şurası bütün mühüm dini mərasimlərin ancaq şəhərin daxilində yerləşən kilsədə icra edilməsini daha məqsədəuyğun addım olaraq qiymətləndirir. Bu qərar Frauenkirxa üçün olduqca mənfi təsir göstərir və onun bütün qiymətli əşyaları daha sonralar "Drezden minzmaysterliyi" adlandırılan məşhur Annaberq Sikkəxanası (alm. Münzstätte Annaberg) tərəfindən sonrakı dövrlərdə ələ keçirilir.[~ 3] Kilsənin ən müqəddəs relikviyası hesab edilən altar demontaj edilir, kiçik zəng qülləsindəki zınqırovlar isə əridilir.[6] Dini ibadətlərin keçirilmədiyi boş kilsə binasına çevrildiyinə baxmayaraq, Frauenkirxa bununla belə yerli sakinlərin dəfn yeri olaraq fəaliyyət göstərməyə davam edirdi.
Hələ 1520-ci ildə Saqqallı Georqun göstərişi ilə Frauenkirxanın da yerləşdiyi yaşayış məntəqəsinin ətrafında yüksək bastionların və müdafiə qurğularının tikintisinə başlanılmışdır. Buna paralel olaraq, köhnə şəhər divarlarının da qorunub saxlanılması qərara alınmışdır. Drezden istehkamlarının inşası o dövrün istedadlı mühəndisi olmuş Kaspar Foyqt fon Virandtın layihəsi əsasında başlamış və 1556-cı ildə təntənəli şəkildə tamamlanmışdır. Aparılmış modifikasiya işləri nəticəsində, Frauenkirxa kilsəsi optiki olaraq Drezden şəhərinin tərkibinə daxil edilmişdir; kilsə ətrafındakı geniş boş sahə tezliklə zəngin bürger iqamətgahları ilə abadlaşdırılmış və burada gələcək Noymarkt meydanının sərhədləri formalaşmağa başlamışdır. Həmçinin Frauenkirxa və onu əhatə edən qəbiristanlığın yaxınlığında Saksoniya krallığının zərbxana binası (1556), kral metaltökmə həyətinin, eləcə də duzxananın yerləşdiyi böyük Seyxhaus (1559–1563) və formativ görkəmə malik hündür Barıt qülləsi inşa edilmişdir (onlar Elba çayına açılan şəhər pənoramasının başlıca tikililəri idilər).
Bu dövrdə Drezden dayanmadan genişlənən bir şəhər idi. Ən geci 1550-ci ildə bəlli oldu ki, Frauenkirxanın yanında yerləşən xaçvari formalı kilsə əsas ibadətlər zamanı şəhər əhalisi və ətraf kəndlərin sakinlərini qəbul etməyə qadir deyil. Bununla əlaqədar olaraq Drezden Şurası Frauenkirxanın şəhər sakinləri üçün təkrarən açılması qərarını qəbul edir. Lakin kilsə uzun müddət baxımsız vəziyyətdə qaldığı üçün sürətlə dağılmağa davam edirdi; 1556-cı ildə kilsə nefinin üzərindəki uçmaq təhlükəsində olan dam sökülərək, o zamanlar Avropada populyarlaşmış "kesson tavanları" ilə yenidən örtülmüş və bibley səhnələrini təsvir edən nəfis fresklərlə bəzədilmişdir.[~ 4] Uzun neflərin yenidən qurulması çərçivəsində qotik sütunların üzərinə qalereya və ya tribuna funksiyasını yerinə yetirən yeni ikimərtəbəli emporalar əlavə olunmuşdur (emporalar və kilsənin ümumi interyeri ağ-kül rəngli suvaqla örtülmüşdür). Əslən Mayssendən olmuş heykəltaraş II Hans Valter 1556–1557-ci illər arasında kilsə üçün "İntibah dövrünün ən yaxşı əsərləri" siyahısına daxil edilmiş möhtəşəm amvon yaratmışdır.[7] Kurfürst avqust 1556-cı ildə Frauenkirxa üçün Altstella sistersian ordeninin monastırından sekulyarizasiya yolu ilə müsadirə olunmuş üç zəngi hədiyyə edir. 1559-cu ildə kilsə yeni orqan alətini əldə edir və kilsə təqviminin septuacesima günü (yəni Pasxadan əvvəl 9 bazar günü) o öz xidmətinə başlamışdır.
Reformasiyadan sonra Kroytskirxanın müstəsna imtiyazlarla səlahiyyətləndirilməsi ilə əlaqədar olaraq, xaç suyuna salma mərasimləri ancaq bu kilsədə həyata keçirilə bilərdi. Dəfnetmə mərasimləri isə ənənəvi olaraq Frauenkirxada (zəngin sülalə nümayəndələri üçün) və onu əhatə edən geniş qəbiristanlıqda (sadə sakinlər üçün) yerinə yetirilirdi.
Drezden Şurası 1722-ci ildə yeni kilsənin inşa olunması qərarını qəbul edir. Şura üzvləri gənc memar Georq Berə kafedralın əsas plan və hesab işlərini görməyi həvalə edirlər. Dörd il boyunca davam edən layihələndirmə prosesi nəhayət 26 iyun 1726-cı ildə Şura üzvlərinin bəyənilməsi və layihənin təsdiqlənməsi ilə nəticələnir. Noymarkt meydanı sıx bina məhəllələri ilə əhatə olunduğu üçün olduqca dar boş məkanda mərkəzvari konstruksiyaya malik hündür tikilinin yaradılması ideyası daha münasib görünürdü. Bünövrəyə birinci daş 26 avqust 1726-cı ildə şəhər aristokratiyasının birgə iştirakı ilə qoyulur və 1743-cü ilə qədər barokko üslublu binanın tikintisi demək olar ki, tamamlanır. Əsasən yerli şəhər sakinlərinin birgə ianələri hesabına gerçəkləşdirilmiş inşaat işlərinin ümumi məbləği 288.570 taler, 13 qroş və 64,4 pfenniq ilə dəyərləndirilirdi. Həmin pul vəsaiti başlanğıcda Saksoniya torpaqlarına Zaltsburqdan qovulmuş protestantların köçürülməsi üçün nəzərdə tutulmuşdu (həmin dövrdə Avstriya krallığı güclü katolik dinin təsiri altında idi və digər dinlərə etiqad edən xalqları öz ərazisindən qovmağa çalışırdı). Prussiya kralı yaranmış vəziyyətdən uğurlu şəkildə bəhrələnərək, Zaltsburqlu köçkünləri işğal etdiyi keçmiş Polşa torpaqlarında məskunlaşdırır və orada alman azlıqlığının artmasına müvəffəq olur. Bununla belə, köçkünlərin bir qismi Saksoniyanın müxtəlif kəndlərində qalmağı üstün tuturlar, lakin yerli sakinlərdən toplanılmış ianələr onlara təqdim edilmək əvəzinə Frauenkirxanın daxili tərtibat işləri üçün istifadə olunur. 28 fevral 1743-cü ildə lüteran superintendenti Valentin Ernst Löşerin birbaşa rəhbərliyi altında kilsənin təntənəli təqdisolunma mərasimi həyata keçirilmişdir. Bunun ardından kilsə interyerində yerinə yetirilən ilk xütbə mərasimi o dövrün məşhur bəstəkarı olmuş Teodor Kristlib Raynholdun musiqi əsərləri ilə müşayiət edilmişdir.
Memar Berin ilkin planlarına əsasən, xarici günbəz taxta materiallardan hazırlanmalı və mis lövhələri ilə örtülməli idi. Ber, kurfürst Güclü Avqustun maddi dəstəyindən tam şəkildə istifadə edərək "taxta günbəz" ideyasından imtina edir və kilsəni daha möhtəşəm bahalı daş materiallar ilə əvəz etməyi qərara alır (kurfürstə etdiyi hesabat zamanı, memar sonda təkrarolunmaz görkəmə malik olacaq bir abidəni yaradacağını söyləmişdir). Ber İtaliyaya etdiyi səfər zamanı Venesiya memarlığını yaxından izləməyə başlayır və şəhərin çoxsaylı kanalları üzərində ucalan məşhur Santa Mariya della Salute kilsəsinin günbəzindən valeh olur. O, Drezdenə geri qayıtdıqdan sonra, Elba çayının sahilində də italyan tərzli və dominant görkəmli monumental abidəni yaratmağı arzulayır.[8]
Fransalı memar Zaxarias Lonjelün, emalatxanasında usta köməkçisi vəzifəsini yerinə yetirmiş şagirdi Knöffel ilə birgə Berin Frauenkirxa üçün tərtib etdiyi barokko üslublu layihəsini tənqid etməyə başlayırlar. Drezden İncəsənət Akademiyasında keçirilən müşavirə zamanı Fransadan təşrif buyurmuş hər iki tənqidçi barokko-klassizm üslubunda edilən özfəaliyyətə ciddi narazılıq etməyə başlayırlar və bu, Georq Berin çaşqınlığına səbəb olur. Müşavirənin sonunda inşa edilən və çağdaş memarlar tərəfindən istehza ilə "della Salutenin alman bacısı" adlandırılan kilsə günbəzinin klassik fransız barokkosu üslubunda yenidən qurulması barəsində yekdil qərar qəbul edilmişdir.[9] Bütün edilən iradlara baxmayaraq, Ber, "arxitektor" tituluna layiq görülmüş ilk alman memarına çevrilmişdir. Lakin o, özünün ən yaxşı işinin tamamlanmasını ölümü səbəbindən görə bilməmişdir. Kilsənin layihəsi və interyerin ümumi tərtibatı Knöffel tərəfindən yenidən işlənilmişdir, Berin ən istedadlı şagirdi olmuş Yohann Şmidt isə aparılan inşaat işlərinə rəhbərliyi bütünlüklə öz üzərinə götürmüşdür. Drezdenli heykəltaraş Yohann Benyamin Tomay və memar Yohann Kristian Faygenin birgə əməkdaşlığı nəticəsində yaradılmış Frauenkirxa kilsəsinin altar hissəsi, "Grand Siècle" dövrünün onu müşayiət edən fransız neoklassisizm üslubunun təsirindən azad olmuş yeganə elementə çevrilir.[10][11]
Daş günbəzin tikilməsi haqqında kurfürst tərəfindən edilmiş göstərişə əsasən, 1733-cü ildə memar və inşaatçı qrupu arasında qarşılıqlı surətdə faydalı müqavilə imzalanır. Qeyri-stabil hava şəraitləri səbəbindən, günbəzin səthində qəflətən çatlar əmələ gəlir və bu səbəbdən də günbəzi taclayan fənərin inşası ancaq 1741-ci ildə başlanılmasına dair qərar verilmişdir. Memar Georq Berin ölümündən sonra təxminən 5 il sonra, daha doğrusu 27 may 1743-cü ildə kilsənin nəhəng günbəzi nəhayət tamamlanır əv bununla da monumental dini abidənin əsas tikinti işlərinə son qoyulur. Bundan sonra inşaatçıların qarşısında duran başlıca məsələ, kilsəni taclayacaq elementin hansı görkəmə malik olacağı məsələsi idi; Georq Berin planlarına istinad edən bəzi sənətşünaslar, kilsənin ən hündür nöqtəsində kurfürst Avqustun gücünü mədh edəcək bir obeliskin quraşdırılmasını təklif edirdilər, lakin sonda onlar bu ideyadan imtina edərək, qızıl suyuna çəkilmiş klassik xaçın quraşdırılmasının daha düzgün seçim olduğu bildirmişdilər. Drezdendə yaşayan katolik icmanın dini mərasimlərinin icra edilməsi üçün inşa edilmiş Hofkirxa kilsəsinin müəllifi, daha doğrusu kurfürstün dəvəti ilə İtaliyadan təşrif buyurmuş memar Qaetano Kiaveri Romada yerləşən Müqəddəs Pyotr bazilikasının günbəzinin davamlılığını tədqiq etdikdən sonra, Frauenkirxanın günbəzinin tezliklə çökəcəyi qənaətinə gəlir və onun dərhal sökülməsini tələb edir.
Alman barokkosu üslubunun fransız klassisizmi ilə vəhdəti nəticəsində ərsəyə gəlmiş Frauenkirxa kilsəsi lüteran (protestant) almanlarının ən sakral abidəsinə çevrilir. Bütünlüklə qumdaşı materialından tikilmiş nəhəng günbəz kilsənin mərkəzi strukturu idi. Günbəzin içəriyə doğru əyilmiş və zahiri görünüşü ilə zəngi xatırladan ümumi forması ilk növbədə kənardan kilsəni seyr edən çoxsaylı şəhər sakinlərini valeh edirdi (ümumi hündürlüyü 96 metrə bərabər olan die Steinerne Glocke ("Daşlı zəng qülləsi") günbəzi kilsənin ən fərqləndirici elementlərindən birisi idi). Frauenkirxanın 12 min ton ağırlığında olan günbəzi interyeri bəzəyən səkkiz nazik sütun üzərində yerləşirdi və özünün mühəndislik fədakarlığı ilə yalnız Mikelancelonun Müqəddəs Pyotr bazilikası ilə müqayisə oluna bilərdi. Başlanğıcda bir çox insanaların şübhələrinə baxmayaraq, günbəz son dərəcə sabit struktura malik olduğunu sübut etməyə müvəffəq olur. Belə ki, 1760-cı ildə Prussiyanın aqressiv xarici siyasəti nəticəsində baş vermiş Yeddillik müharibə zamanı II Fridrixin başçılıq etdiyi Prussiya ordusu tərəfindən 100-dən artıq top atəşinə tutulan kilsənin günbəzi demək olar ki, heç bir zədələnməyə məruz qalmamışdır.
Xarici divarlar planda xorların yarımdairəvi çıxıntıları ilə birlikdə təxmini olaraq dördbucaq formasını formalaşdırırdı. Küclərdə quraşdırılmış pilləkənli qülləciklər əsas günbəz üçün dayaq qismində xidmət göstərirdilər və sütunlararası emporaları keçid yaradırdılar. Xorların qarşısında ikiqat və bükük pilləkən, ondan bir qədər kənarda kafedra və püpitr, kafedranın arxasında isə monumetal altar və onu taclayan böyük orqan yerləşirdi. Akustik problemlərin müşahidə olunması səbəbindən ibadət mətnlərin və xütbələrin moizə edilməsi üçün nəzərdə tutulmuş amvon daha sonralar kilsənin sol sütun sıralarına köçürülmüşdür. Bundan başqa, günbəzaltı məkanda yerləşən bütün skamyalar konsentrik olaraq kafedra və altarın yerləşdiyi xətt boyunca düzülmüşdür. Zahirən impozant barokko üslubunu təsəvvür etməsinə baxmayaraq, onun daxili proporsiyaları, çox hündür sütunları və ensiz pəncərələri qədim qotik kilsənin interyerini xatırladırdı.
Frauenkirxa ümumilikdə 91,23 metr hündürlüyə malik idi. Binanın eni 41,96 metrə, uzunluğu isə 50,02 metrə bərabər idi. Günbəz təxminən 40 m, onu tamamlayan fənər qapağı isə 62 metr hündürlükdə başlayırdı. Saksoniya qumdaşı materialından inşa edilmiş günbəzin diametri 26,15 metr, divarlarının qalınlığı təxminən 2,30 metr, ümumi çəkisi isə 12.000 tondan artıq idi.
Kilsəni bəzəyən daş günbəzin massiv həcmi və ağırlığı ilə əlaqədar yaranan müxtəlif struktur çatışmazlıqları, dəfələrlə təkrarlanan təmir-bərpa işlərinin icra edilməsinə səbəb olurdu. Günbəzin bütün ağırlığı nefdə yerləşdirilmiş səkkiz sütunun üzərində bərabər şəkildə təqsimləşdirilirdi. Bu vəziyyət Georq Berin ilkin planlarına zidd idi (memar, günbəz ağırlığının xarici divarların üzərinə bölüşdürülməsinin daha doğru addım olduğunu hesab edirdi). Həmin sütunların daxili tərkibini formalaşdıran sement məhlulu çox yumşaq idi, ona əlavə olunan digər materiallar isə aşağı keyfiyyətli idilər. Günbəzin təməli sayılan silindrik barabanın daha aşağı hissələrə etdiyi təzyiq səbəbindən ayrı-ayrı yerləşdirilən dayaq elementlərinin qarşılıqlı əlaqəsi azalmağa başlayırdı. Məhz buna görə də, qeyri-müntəzəm şəkildə bölüşdürülən təzyiq aşağıdakı kapitellərin və karnizlərin səthində çoxsaylı çatların əmələ gəlməsinə səbəb olmuşdur. Bundan başqa, ümumi ağırlıq günbəzin mərkəzinə deyil, mərkəzdən təxminən 90 sm kənara düşür və mərkəzvari ox kilsənin kənarlarındakı dirəklərin (dirək və sütunların) üzərinə doğru əyilir. Sütunların kənarlarında krenin (yəni yana əyilmənin) səviyyəsi 13 N/mm²-ə qədər artır və yumşaq qumdaşı materialı bu ağırlığa çətinliklə tab gətirməyə başlayır.[12] Sabitliyin artırılması məqsədilə günbəzin təmir və yenidən qurma işlərinin aparılması zamanı dəmir dairəvi dirəklər hazırlanmışdır. 1736-cı ildə məşhur orqan istehsalçısı Qottfrid Silbermann kilsə üçün 3 dərslikli və 43 pedal alətləri ilə təchiz edilən möhtəşəm orqan hazırlayır. Orqan 25 noyabr tarixində kilsəyə gətirilir və artıq dekabrın 1-də dahi alman bəstəkarı və orqan musiqiçisi İohan Sebastyan Bax bu alətdə özünün ilk solo konsertini verir.
Yeddiillik müharibə və onu müşayiət edən Drezden mühasirəsi zamanı, Frauenkirxa kilsəsinin günbəzi Prussiya ordusunun artilleriya atəşinə məruz qalır; o dövrün şahidlərinin sözlərinə görə, kilsə, 100-dən artıq top nüvəsinin zərbəsinə tab gətirməyə müvəffəq olur. Kilsənin fasadı o qədər möhkəm idi ki, qüllə və toplar divara dəyərək, gözlə görünə biləcək heç bir iz qoymadan ətrafa sıçrayırdılar və məhz buna görə də kilsə ciddi xəsarət almayaraq ağır şəhər mühasirəsindən sağ salamat çıxmış nadir binalardan birinə çevrilir (kilsənin ətrafında yerləşən binaların əksəriyyəti tamamilə dağıldığı üçün 1765-ci ilə kimi Noymarkt meydanı geniş inşaat və təmir-bərpa məkanına bənzəyir). Top atəşindən salamat qalmış kilsənin başlıca problemi, onun həddindən artıq ağır günbəzə sahib olması idi və onun sonrakı çökmə prosesinin dayandırılması məqsədilə memarlar interyerə yeni dayaq və bandaj sütunlarını əlavə edirlər. 1821–1822-ci illər arasında kilsənin xarici fasadında ilk sanasiya işləri həyata keçirilir; həmin işlərin icrası zamanı, divarlarda bitmiş kiçik bitki kolları məhv edilmiş, köhnələrək yararsız hala düşmüş kərpic hörgüsü isə şəhərdən kənarda yerləşən və ən keyfiyyətli kərpic materiallarının istehsalı ilə məşhurlaşan zavodun məhsulları ilə yenilənmişdir. Bundan başqa, 1844-cü ildə kilsədə təkrarən təmir işlərinin aparılması ehtiyacı duyulmuşdur; belə ki, normal istilik sisteminin olmaması və yağış sularının daxilə sızması nəticəsində taxta avadanlığın möhkəmliyi azalmış və onların bəziləri yeniləri ilə əvəz olunmuşdur.
1849-cu ilin martında Alman Birliyinin paytaxtı olmuş Frankfurt şəhərinin Milli Məclisi tərəfindən qəbul olunmuş konstitusiyanı imzalamaqdan imtina etmiş kral II Fridrix Avqusta qarşı başlanılmış Mart inqilabı, Almaniya dövlətlərində ümumilikdə 1848–1849-cu illər arasında baş vermiş üsyanların tamamlayıcı hadisələrindən biri olmuşdur.[~ 5] Frauenkirxa həmin qızğın döyüşlərin mərkəzində idi və ətrafdakı bir çox bina kimi zədələnməyə məruz qalmışdır. Kilsəni barrikadalar ilə əhatə edən qiyamçıların şiddətli döyüşləri bir neçə gün davam etmiş və 9 may tarixində general Fridrix fon Valderzeenin başçılığı altında sakson ordusu tərəfindən məğlub edilmişdir (kilsəyə xələl gətirməyə çalışmış, eləcə də krala öz sadiqliyini isbat etməmiş bütün üsyançılar edam və ya ömürlük azadlıqdan məhrum edilmişdirlər). Kilsənin sonrakı mühafizə prosedurları 1861-ci ildə həyata keçirilmişdir. Bununla belə, günbəzin öz çəkisi altında çökmə prosesinin aradan qaldırılması tam şəildə mümkün olmamışdır.[13]
Daxili sütunların daşıyıcı funksiyalarının artırılması üçün təmiz qumdaşı materialına digər materiallar əlavə olunmuşdur. Bundan başqa şaquli sabit oxdan kənarlara doğru əyilən kapitellərin möhkəmləndirilməsi üzrə dəfələrlə yenidənqurma işləri yerinə yetirilmişdir. Kilsənin tikintisi tamamlandıqdan sonra, o Drezdenin əsas dominantına, əsas fərqlənən siluetinə çevrilmişdir. Hələ keçmiş zamanlarda Bernardo Bellotto, onun qohumu Kanaletto və norveçli rəssam Yohan Kristian Dal kimi şəhərdə yaşayıb-yaratmış bir çox dahi rəssamlar öz əsərlərində bu kilsəni nəfis şəkildə təsvir etmişdirlər.
1930-cu ildən etibarən kilsə üçün yeni dövr başlanılır; belə ki, zamanla köhnəlmiş və öz möhkəmliyini itirmiş sütunlar polad halaqalar ilə bərkidilmiş, xarici divarları bəzəyən sütunların daxilinə isə polad armaturlar yeridilmişdir. 27 avqust 1933-cü ildə kilsənin daş döşəməsində memar Oskar Menzel tərəfindən Birinci dünya müharibəsi zamanı həlak olmuş minlərcə əsgərin xatirəsinə həsr edilmiş nəhəng qara xaç həkk olunmuşdur. Kilsənin yenidən bərpası zamanı həmin xaç abidə bilərəkdən bərpa olunmamışdır.[14]
1938-ci ildə kilsənin əsrlər boyu yaşadığı problemin həlli nəhayət tapılmışdır, lakin bu ideyanın həyata keçirilməsi uzun və mürəkkəb təmir işlərinin aparılması zərurəti ilə bağlı idi. Məşhur alman mühəndisi Georq Rüt tərəfindən aparılmış baxış və qiymətləndirilmə işlərinin ardınca, kilsənin özəyini təşkil edən səkkiz daxili sütunun monolit beton və dəmir-beton halqalarından ibarət yeni və möhkəm konstruksiyanın yaradılmasına dair qərar qəbul edilmişdir.[15] Bu cəsarətli addım nəticəsində binanın ayrı-ayrı hissələri bir-biri ilə birləşdirilərək, günbəz sürüşməsinin qarşısı alınmış və bütün konstruksiyanın davamlılığını təmin edilmişdir. 200 ildən artıq müddət ərzində kilsənin zəngə bənzər günbəzi Drezdenin köhnə şəhərinin mənzərəsində hakim mövqe tuturdu. Həmin işlər 1942-ci ildə tamamlanır və bu, kilsənin məhv edilməsinə qədər yerinə yetirilmiş sonuncu rekonstruksiya işi olur.
1930–1937-ci illər arasında Drezden şəhərinin superintendenti Huqo Han Frauenkirxada pastor vəzifəsini yerinə yetirirdi. Drezden şəhərinin bir çox vikari və prixodları "Tövbə edən kilsə" (alm. Bekennende Kirche) adı ilə tanınan gizli xristian müqavimət hərəkatına tabe idilər (bu hərəkat kilsə və dövlət arasında yaşanan münaqişə nəticəsində Hitlerin tərəfdarları olmuş "german xristianlarının" hərəkatına müqabil olaraq təsis edilmişdir). Frauenkirxa NSDAP dövründə "rasist xristianların" səyləri və fürer Adolf Hitlerin "irqi üstünlük" ideyalarını dəstəkləyən şəxslərin mənəvi dəstəyi ilə əlavə dəyər əldə etmiş və alman protestantlığının mərkəzi olaraq fəaliyyət göstərməyə başlamışdır.[16][17] Bu məqsədlə kilsə titulyar şəkildə "kafedral" tituluna layiq görülmüş və müvəqqəti olaraq Drezdenin başlıca dini abidəsinə çevrilmişdir.[18] Keşiş Huqo Han açıq şəkildə nasional-sosialistlərin yerindiyi antisemit siyasətinə qarşı çıxır və hakim rejimi tənqid edirdi. Bu səbəbdən də o, tutduğu pastorluq vəzifəsidən kənarlaşdırılmış, bir müddət sonra isə Gestapo tərəfindən Saksoniya vilayətindən qovulmuşdur. Drezdendən qovulan pastor Ştuttqart şəhərinə köçür və buradan yerli sakson dindarlarına pastor məktubu yazır və nasional-sosialistlər tərəfindən xristian inamına qarşı yeridilən təhlükə barəsində xəbərdarlıq edir.[19]
Keçmiş pastorun tutduğu vəzifəyə 1942-ci ildə Roxlitz şəhərindən dəvət olunmuş superintendent Maks Krebsin gəlişi ilə vəziyyət tamamilə dəyişilir (Krebs 4 fevral 1885-ci ildə anadan olmuşdur). Nasional-sosialist ideologiyasına simpatiyasını heç kimdən gizlətməyən Krebs "german xristianlarının" ən radikal nümayəndəsi hesab olunurdu və Drezdendə sakinləri arasında rasist düşüncələrin güclənilməsi üçün çoxlu səylər göstərmişdir.
baş vermiş güclü yanğın, kilsənin tamamilə məhv olaraq xarabalıqlara çevrilməsinə səbəb olmuşdur |
13 fevral 1945-ci ildə ingilis-amerikan müttəfiq hərbi qüvvələri tərəfindən Drezden şəhərinin bombalanması başlanılır. Bombardman o vaxt qəbul olunan üsullarla həyata keçirilirdi: belə ki, binaların dam örtüyünün dağıdılması və taxta konstruksiyaların açılması məqsədilə, təyyarələrdən əvvəlcə fuqas bombaları, daha sonra isə, yanğınsöndürmə xidmətinin o müddət yerinə yetirdiyi işlərin daha da çətinləşdirilməsi üçün ardıcıl olaraq yandırıcı və təkrarən fuqas bombaları atılırdı. Kilsə iki gün ərzində gecə saatlarında RAF və USAAF tərəfindən edilmiş hücumlara müqavimət göstərmiş, qumdaşından inşa edilmiş altı sütun isə kilsə qübbəsinin, buraya pənah gətirmiş 300 insanın evakuasiyasına kimi salamat qalmasına şərait yaratmışdır, bundan sonra şəhərə atılmış 650.000-dən artıq dağıdıcı bomba nəticəsində şəhərdə temperatur yüksəlmiş və bu zaman kilsə daxilində təxminən 1000 selsi dərəcədən artıq istilik olmuşdur.[20]
Kilsə zirzəmilərində o vaxtlar Lüftvaffe Hərbi Hava Qüvvələrinə məxsus kinoarxiv saxlanılırdı. Film materialları tezalovlanan selluloid materialından ibarət olduğu üçün yandığı zaman çoxlu sayda istilik törədirdilər. Uzun illər boyunca mövcud olmuş hipotezaya əsasən, kilsənin yanaraq məhv olmasının başlıca səbəbi məhz film plyonkaları idi. Lakin kilsənin yenidən bərpa edilməsi çərçivəsində aparılan arxeoloji qazıntılar nəticəsində ciddi xəsarət almayan selluloid plyonkalarının qalıqları aşkar edilmiş və bu, illər boyunca mövcud olmuş hipotezanın doğruluğuna son qoymuşdur. Tədqiqatçılar bundan sonra yekdil qərara gəlirlər ki, Frauenkirxanın çökməsinin başlıca səbəbi, onun interyerinin əhəmiyyətli hissəsini təşkil edən taxta mebellərin və divar üzlüklərinin alovlanması idi. Hofkirxa və Kroytskirxa kilsələrinin inşasında istifadə olunan əhəng daş silikatı kimi, Frauenkirxa kilsəsinin divarlarını təşkil edən qumdaşı materialı da yüksək temperatur davamlığı ilə fərqlənirdi. Yanğın zamanı fasadın daş blokları temperaturun yüksəlməsi səbəbi ilə genişlənməyə başlamış və beləliklə də onların səthində çatlar formalaşmışdır (bundan başqa, həddindən artıq genişlənən daşlar öz yükgötürmə qabiliyyətini itirməyə başlayırdılar).[21]
Noymarkt şəhərin ən qədim meydanı hesab olunurdu və məhz bu səbəbdən də nasizm rejiminə qarşı olan və bununla da alman xalqının sahib olduğu mədəni və tarixi dəyərləri məhv etməyə çalışan müttəfiq qüvvələr hər bir vəcdlə şəhərin bu ərazisini intensiv bombardmana məruz qoyur və demək olar ki, bütün tarixi abidələrin yerlə yeksan olunmasına nail olurlar. Hətta Frauenkirxanın qarşısında yerləşən Martin Lüterin kiçik heykəli belə ciddi zədələnməyə məruz qalır.[22] Dağılmış ətraf evlərin sakinləri kilsənin kriptasında gizlənməyə məcbur olurlar. Kilsədə tuğyan edən yanğına baxmayaraq, nəhəng günbəz kriptada gizlənən insanları ölümdən qoruyurdu və yanğınsöndürən briqadanın cəsarətli əməliyyatı sayəsində 300-ə yaxın sakin kilsədən heç bir ciddi xəsarət almadan evakuasiya olunur. Lakin isti və soyuq temperaturların dəyişən təsiri nəticəsində daş günbəzi saxlayan sütunlar kövrəkləşərək, öz daşıyıcı funksiyalarını tədricən itirməyə başlayırlar. Nəhayət 15 fevral saat 1000 radələrində kilsənin günbəzi çökür. Sütunlar yüksək temperaturdan parlaq qırmızı rəngə boyanaraq ardbaard partlamağa başlayırlar; 6 min ton ağırlığında böyük daş qalıqları isə ətafdakı evlərin xarabalıqları ilə birlikdə yerə qərq olur. Bombardman nəticəsində mərkəzi kapelladan kilsə pərvazlarına qədər salamat qalmış iki fasad qalığının müharibənin sonunda həyata keçirilmiş monitorinq işlərinə əsasən ehtimal etmək olar ki, cənub-qərb küncündə yerləşən sütunlar tavanın yararsız vəziyyətə düşməsi səbəbindən uçaraq böyük fasadın arasında geniş dəlik yaratmışdır. Binanın bütün çəkisinin kəskin şəkildə cənub-qərb tərəfə əyilməsi, sütunların daha da azalmasına səbəb olmuşdur. Salamat qalmış sütunların üzərinə düşən ağırlığın artması ilə əlaqədar xarici divarlar gur səslə uçmağa başlayırdı. Qara toz hissəciklərindən ibarət keçilməz sıx duman bütün ətraf ərazini bürümüşdür. Bu hadisə bəzi şəhər sakinləri üçün kütləvi dağıntılar ilə formalaşan üzgünlük və çarəsizlik hislərini daha artırmış və Drezden şəhərinin bir gün yenidən bərpa ediləcəyi xülyalarını sıfıra endirmişdir. Bir zamanlar möhtəşəm kilsənin yerləşdiyi ərazidə bombardmandan sonra böyük dağıntı qalığı toplanmışdır.[23]
Kilsənin bombalanması nəticəsində yaranmış yanğına baxmayaraq, üzərində İsa peyğəmbərin Gefsiman bağındakı əzabı əks olunan gözəl relyef altar möcüzəvi şəkildə qismən zədələnmişdir. Lakin buna baxmayaraq, kilsənin bir çox qiymətli heykəlləri və digər fraqment və bəzək elementləri dağıntı altında qalaraq yararsız vəziyyətə düşmüşdür.
Kilsə Drezdenin panoramından tamamilə yox oldu və qaralmış daşlar bir yerə yığılaraq hələ növbəti 45 il ərzində toxunulmadan qalır – Almaniya Demokratik Respublikasının hakimiyyəti vəsaitin olmamasını bildirərək, gələcək nəsilə bir xatirə olaraq binanın bərpa olunmamasını qərara alırlar. İkinci dünya müharibəsi başa çatdıqdan sonra, Drezden sakinləri Frauenkirxanın gələcəkdə yenidən bərpa olunması məqsədilə tez-tələsik unikal daş fraqmentlərini toplayır və nömrəliyirdilər. İnsanların öz memarlıq abidələrinə olan bu cür patriot hisslərini anlayan hakimiyyət təmizlənmiş bu boş yerdə avtodayanacaq tikdirmək arzusundan daşınmışdı. 1966-cı ildə kilsə qalıqları rəsmən "müharibəyə qarşı memorial abidə" elan edilmişdir və bu ərazidə hər il dövlət nəzarəti altında "Drezden şəhərinin məhv olmasının ildönümü" adı altında xatırlama mərasimləri keçirilirdi.
1982-ci ildə, kilsə xarabalıqları Şərq Almaniya rejiminə qarşı dinc etiraz aksiyaları ilə birlikdə sülh hərəkatının mərkəzinə çevrilmişdi. Şəhərin bombalamasının ildönümündə Drezdenin 400 vətəndaşı; Şərgi Almaniyada vətəndaş hüquqlarının pozulması üzrə başlanan hərəkatının üzvləri gül və şamlar ilə sükutla xarabalıqlara gəlirlər. 1989-cu ilə, Drezden, Leypsiq və Şərqi Almaniyanın digər yerlərində etirazçıların sayı on minə qədər artmış və bunun nəticəsi olaraq Şərqi və Qərbi Almaniyanı ayıran divar nəhayət sökülmüşdür. Bu Almaniyanın birləşməsinə yol açdı.
Kilsədə yenidənqurma işlərinin aparılması İkinci Dünya müharibəsinin son aylarından planlaşdırılsa da, Üçüncü Reyxdəki qarışıqlıqlar səbəbindən heç bir konkret iş görülməmiş və yenidənqurma işlərinə başlanılmamışdır.[~ 6]
Müharibədən dərhal sonra drezdenlilər kilsəsnin qalıqlarının xilas edilməsi və kataloqlaşdırılmasına başlamışdılar ki, gələcəkdə onları bərpa işləri üçün istifadə etmək mümkün olsun. Saksoniyalı konservasiya ustası Hans Nadlerin təşəbbüsü əsasında dağıntı ərazisində ilk tədqiqat işləri aparılmış və bu yenidənqurma işlərinin başlanılmasına təkan yaratmışdır. Hava şəraitinin zərərli təsirinin asılılığından müdafiə etmək məqsədilə, altarın salamat qalmış hissələri 1947-ci ildə üstü örtülərək konservasiya edilmişdir.[25] İnventarizasiya olunmuş təxminən 850 digər daş qalıqları isə müvəqqəti olaraq Saltsqasse küçəsi boyunca yerləşdirilmişdirlər. 1959-cu ildə şəhər şurasının xahişi ilə həmin daşların yarısı Brüll terraslarının səki xətti üçün istifadə olunmuş, qənbər daşı olmaq aqibətindən yaxa qurtarmış digər kilsənin daş qalıqları isə təkrarən öz saxlanc yerinə geri gətirilmişdilər. Kommunist hökumətinin böyük girişimli fəaliyyəti nəticəsində şəhərin mərkəzindəki dağıntılar sürətlə təmizlənərək panel evlərlə yenidən tikilmişdir. Xoşbəxtlikdən kilsəyə məxsus daş qalıqlarının saxlanıldığı geniş ərazinin təmizlənərək parkinq zonasının yaradılması ideyası yerinə yetirilmir. Həmin ideyanın başa tutmamasının başlıca səbəbi, mədəni irsin bir zaman geri qaytarılacağı ümidi ilə yaşayan şəhər sakinlərinin kütləvi etiraz aksiyası və parkinq kompleksinin inşa edilməsi üçün pul vəsaitlərinin kifayət qədər olmaması idi. Müharibə izlərinin mümükün qədər aradan qaldırılması və şəhər sakinləri ilə komprimissə gəlmək üçün şəhər rəhbərliyinin göstərişi ilə boş qalmış ərazidə çoxlu sayda güllər əkilmişdir.[25]
Alman bombardımançıları tərəfindən 1940-cı ildə tamamilə məhv edilən Koventri kafedralını britaniyalılar müharibədən sonra bərpa etməməyə və bir xatirə olaraq saxlamağa qərara alırlar.[26] Drezdenin mərkəzində yerləşən kilsə də Birləşmiş Krallığın analoqu kimi, hərbi memorial abidəyə çevirməsi Yerli hakimiyyət tərəfindən qəti surətdə qərara alınmışdır (bu qərardan az müddət sonra, Berlinin mərkəzindəki Kurfürstendamm küçəsində yerləşən Kayzer Vilhelm memorial kilsəsi də Frauenkirxa kimi memorial abidəyə çevrilir). Kilsənin memorial abidə adlandırılması şərəfinə keçirilən məclis zamanı bombardman nəticəsində xəsarət alanların əksəriyyətinin ailə üzvləri, həlak olan və adsız qəbiristanlıqda dəfn olunan minlərcə drezdenlilərin xatirəsini yad etmişdilər. Həmin gündən etibarən, Drezden şəhərinin bombalanması günü rəsmi şəkildə ancaq Frauenkirxa xarabalıqlarının yerləşdiyi ərazidə yubiley marşları şəklində keçirilirdi.
1980-ci illərdə baş vermiş "dinc inqilab" hadisələri zamanı Drezden ADR-ın mülki hüquqlar uğrunda mübarizənin mühüm mərkəzi olur. Hər şey o zamanlar 17 yaşı olan Yohanna Eşinbax adlı gənc aktivist qadının spontan qərarı ilə başlanır; belə ki, o, nüvə müharibəsi təhlükəsindən və həmçinin şərqi alman məktəblərdə ibtidai hərbi hazırlıq dərslərindən yorulmuş dostları ilə birlikdə Drezdendə qeyri-formal görüş keçirməyi planlaşdırır. Tezliklə bu görüşə Frauenkirxa kilsəsinin bərpasını arzulayan yüzlərcə dindarlar qoşulur.[27] Əllərində şamlar tutan gənc fəallar xarabalıq ərazisinə gələrək hökumətə qarşı öz etirazlarını bildirirdilər. Yaxınlıqdakı Kroytskirxa isə nümayişçilərə və fəallara öz divarları daxilində hakimiyyət tərəfindən təqiblərdən müdafiəni təqdim edirdi.[28] Toplantıları qadağan etmək cəhdləri heç bir nəticə vermir, etirazçıların sayı artır və hakimiyyət kompromissə getməyə məcbur olur.
Saksoniya yevangelik kilsəsi konservasiya olunmuş xarabalıqlarda barış abidəsi yaradılmasını planlaşdırırdı. Frauenkirxanın salamat qalmış zərzimisində kilsənin tarixi haqqında bəhs edən fotosərgi təşkil edilmişdir. Hakimiyyət həmçinin qərb investorlarının pul vəsaitləri kilsəni bərpa etməyi arzulayırdılar, lakin Saksoniya Sinodu bu qərara qəti şəkildə etiraz etmişdir. Lakin kilsənin qalıqları çürüyərək dağılmağa başladığından Drezden şəhərinin bələdiyyəsi, Zemper Operasının və Drezden qəsrinin rekonstruksiya işlərinin tamamlanmasından dərhal sonra Frauenkirxanın da bərpasını 1985-ci ildə qərara alır.
Almaniyanın birləşməsi özündə Frauenkirxaya yeni nəfəs gətirdi. 1989-cu ildə Lüdviq Güttlerin başçılığı altında 14 gənc entuziast qrupu kilsənin bərpası istəyi ilə musiqili aksiya keçirmişdi. Bir il sonra, həmin qrup Sevimli Tanrı anası kilsəsinin bərpasının təşviqi adlı cəmiyyət yaradır və aqressiv halda kilsənin bərpasına lazımi məbləğin toplanması üçün kampaniyaya başlayır. Bu təşkilata Almaniya və daha 20 ölkədən qoşulan üzvlərin sayı tezliklə 5000 nəfərə qədər artır. Bundan başqa daha çox insanları bu layihəyə cəlb etmək məqsədilə, Almaniyada yardımçı qruplar, xaricdə isə "promouşen" (yəni sövqləndirmə) təşkilatları yaradılmışdır.
Ənənəvi olaraq 31 oktyabr tarixində Şərqi Almaniyanın bütün vilayətlərində qeyd edilən Reformasiya günündə, sadə drezdenli dantist Günter Foyqt Saksoniya yevangelik-lüteran kilsə icmasının rəhbəri olmuş Yohannes Hempelə, Frauenkirxanın bərpa edilməsinin nə qədər mühüm addım olacağı haqqında bəhs edən "Açıq məktub" yazır (həmin dövrdə Almaniya Demokratik Respublikasında iqtisadi, siyasi və ictimai həyatda baş verən mənfi dəyişikliklər ilkin mərhələdə bir çox vətəndaşın ölkəni tərk etməsinə səbəb oldu, daha sonra isə dövlət Almaniya Federativ Respublikasına birləşdirildi. Məhz bu üzdən də, sadə dantistin bu cür cəsarətli məktubu digər sakinlər arasında da yaranmış böhrandan çıxış yolu kimi qiymətləndirildi). Eyni düşüncə tərzinə malik Drezden sakinlərinin içərisindən, daha sonralar ilahiyyatçı alim Karl-Lüdviq Hox tərəfindən "Drezden çağırışı" adlandırılacaq özəl qrup formalaşdırılır; onlar alimlə birlikdə mütəmadi olaraq Frauenkirxanın aqibəti barəsində dəirmi masa arxasında geniş müzakirə aparırlar. Nəhayət bu müzakirələrin sonunda kilsənin bərpa edilməsi barəsində yekdil qərar qəbul edilir və dini abidənin bərpa edilməsi haqqında olan bu yardım çağırışı 12 fevral tarixində bütün dünya ölkələrinin filantroplarına ünvanlanır.
Kilsənin yenidən qurulması ideyası çağırışdan sonra daha konkret formaları qəbul etmişdir. Belə ki, kilsənin bərpası üçün məqsədyönlü şəkildə müxtəlif addımlar aparılırdı; ilk öncə "Almaniyanın Frauenkirxa kilsəsinin yenidən qurulması üçün yardım cəmiyyəti" təsis edilir və həmin cəmiyyətin birgə yardımı sayəsində birləşmiş Almaniyada bu ideyanın tərəfdarılarının sayı 10%-ə qədər artır, həmçinin tanınmış alman dirijoru Lüdviq Qüttler başda olmaqla, bir sıra məşhur Drezden sakinləri tərəfindən arxeoloji yenidənqurma konsepsiyası yaradılır, komissiya üzvləri isə, öz növbəsində bu işlərin icrası üçün lazımi pul məbləği toplamağa başlayırlar. 1991-ci ildə "Frauenkirxanın rekonstruksiyası fondu" yaradılır və burada çalışan işçilər tərəfindən kilsə xarabalıqların ilk kiçik bərpası həyata keçirilir. 18 mart 1991-ci ildə isə Ali Sinod tərəfindən Frauenkirxanın yenidən bərpa edilməsinə dair qərar qəbul edilir.
Xarabalıqların aradan qaldırılması ideyasının gündəmə gətirildiyi dövrdən etibarən yeni kilsə layihəsi bir sıra memarlar və tarixçilər tərəfindən ciddi şəkildə tənqid edilirdi; qalıqların üzərində yeni tikilinin inşası bu insanların düşüncələrinə əsasən müharibə əleyhinə qorunub saxlanılan sülh memorialın gənclərin yaddaşından birdəfəlik silinəcəyi ilə nəticələnəcək addım olaraq qiymətlənirdi.[29] Bundan başqa, bir sıra mütəxəssislərin fikrincə, müharibə səbəbindən böyük maddi itkilər çəkmiş xarabalıqların təkrar dirçəldilməsi sadəcə tarixliyi süni şəkildə təqlid edəcək yeni bina layihəsi olacaqdı. Konstruksiya və texniki təchizata gəldikdə isə, onlar müasir texnologiyalara uyğun tərzdə yaradılmışdılar və orijinal mühəndislik həllinə uyğun gəlmirdilər. Məsələn, hazırda kilsənin daxilində 85 km uzunluğunda elektrik şəbəkəsi və 7,7 km müasir istilik-boru sistemi mövcuddur; gözlə görülməyən künclərə yerləşdirilmiş və ən müasir standartlara uyğun olan kondisionerlər isə saatda 40000 kubmetr havanın öhdəsindən gələrək, kilsənin daxilində lazimi temperatur balansını formalaşdırırlar. Kilsənin günbəzi üzərindəki fənərin daxilində yerləşən baxış meydançasına qalxmaq üçün turistlər daha bir yenilik hesab edilən liftdən istifadə edirlər. Bu baxımdan, əbədi itirilmiş və sadəcə olaraq qədimliyi süni şəkildə vurğulayan digər tikililərdən fərqli olaraq (məsələn Berlin şəhərindəki komandatur iqamətgahının yenidən inşası və ya Frankfurt-Mayn şəhərinin mərkəzində reallaşdırılan Römer layihəsi), "Yeni Frauenkirxa" öz orijinal daş parçaları ilə daha realistik qilafa malik olacaqdır. Yenidənqurmanın tərəfdarları isə, layihənin əsasən rəmzi dəyərlər ilə ölçülən özəl ianələr vasitəsilə maliyyələşdiriləcəyini vurğulayaraq, yeni tikilinin vilayət büdcəsinə heç bir zərər gətirməyəcəyini, əksinə şəhərdə turist axınının daha da artacağını bildirirdilər.
Yenidənqurma işlərinin ümumi dəyəri ümumilikdə 180 milyon avro ilə müəyyənləşdirilirdi. Bu məbləğin yarıdan çox hissəsi (daha doğrusu 115 milyon avro) bütün dünya ölkələrindən ayrılan ianələr hesabına formalaşmışdır. Yerdə qalan 65 milyon isə bərabər pay şəklində Müstəqil Saksoniya Dövləti və Almaniya federal hökumət tərəfindən təqdim edilmişdir.
Mütəmadi olaraq hər hansı bir işin yerinə yetirilməsi üçün lazımi pul məbləğinin çatışmazlığı probleminin daim aktual olmasına baxmayaraq, layihə bütövlükdə fasiləsiz şəkildə həyata keçirilirdi. Dresdner Bank demək olar ki, 1995-ci ildən bəri "donor sertifikat kampaniyalarından" topladğı 70 milyon avro vasitəsilə yenidənqurma xərclərinin yarıdan çoxunu maliyyələşdirməyə müvəffəq olmuşdur. Bankın özü, o cümlədən onun əməkdaşları tərəfindən ianə edilmiş pul vəsaiti ilə birgə, ümumilikdə əlavə 7 milyon avro kilsənin bərpasına ayırmışdır. Həmçinin Almaniya və digər Avropa ölkələrində fəaliyyət göstərən 16 assosiativ şirkət nümayəndələri tərəfindən regional səviyyədə kilsənin yenidən qurulması üçün maddi yardım ayrılmışdır.
Kilsənin yenidən ucaldılması üçün Britaniyadan ciddi yardım həyata keçirilirdi. Belə ki, 1945-ci ilin fevralında Böyük Britaniya və ABŞ bombardman təyyarələri ilə dağıdılmış köhnə şəhərin və Frauenkirxanın bərpasına yardım göstərilməsi məqsədilə entuziast alman gəncləri tərəfindən dünya ölkələrinə edilmiş "Drezden çağırışına" cavab olaraq 1993-cü ildə Dr. Alan Rassell tərəfindən The Dresden Trust adlı özəl etimad mülkiyyətli hüquq institutu təsis edilir. Trasta rəhbərlik edən Kent hersoqu şahzadə Edvard kilsə üçün 1 milyon funt sterlinq məbləğində maliyyə yardımını ayırmağı qərara alır. Hersoq həzrətlərinin sifarişi ilə, İngiltərənin məşhur zərgər ustası Alan Smit kürə və xaç hazırlayır (yanğın zamanı kilsənin orijinal xaçı yüksək temperaturdan deformasiyaya məruz qalmışdır). Həmin dəmirçinin atası Frenk Smit, Drezdeni bombalamaqda və kilsənin məhv edilməsində başlıca məsuliyyət daşıyan pilotlardan biri idi.[31] Kilsə qülləsində quraşdırılmış yeni qızıl xaç "İngilis Xalqı və Böyük Britaniyanın Kral Evi" tərəfindən rəsmi surətdə Almaniyaya ərməğan edilmişdir. Həmçinin Frauenkirxanın günbəzinin zirvəsində quraşdırılan qızıl suyuna salınmış kürə və xaç bir zamanlar müharibə etmiş iki dövlətin müasir möhkəm dostluğunun rəmzi hesab edilirdi. Dresden Trust – himayəçilik şurasının canlı təşkilatı kimi, özünün uzaqgörən siyasəti ilə turnir və səfərlər, təhsil və mədəniyyət təşəbbüsləri əsasında ölkələrarası barışa yardım missiyasını yerinə yetirir və qarşısına qoyduğu məqsədlərinə çatmaq üçün tanınmış xeyriyyəçilərin irəli sürdükləri bütün yeni ideya və layihələr üçün açıqdır.[32]
Drezdenli trompet ustası Ludviq Qüttler keçirdiyi çoxsaylı konsertlər zamanı toplanılan ianələri və pul mukafatlarını kilsənin inşası üçün təsis edilmiş fonda təmənnasız şəkildə köçürür və bununla da o, ADR-in ilk start kapitalına sahib olmuş şəxsinə çevrilir. Digər bir məşhur və alman əsilli amerikalı alim Günter Blobel uşaq yaşlarında valideynləri ilə birgə Drezdendə yaşayırdı və şəhərin bombalanması zamanı o, ailəsi ilə birlikdə qaçqın düşür və Drezdenin ətrafındakı rayonların birində sığınacaq tapır və sonrakı illərdə ABŞ-yə köçməyə məcbur olur. Məmləkətindən kənarda qaçqın həyatını yaşamasına baxmayaraq, o, heç bir zaman Frauenkirxanın əzəmətli görünüşünü öz yaddaşından silə bilmir. 1994-cü ildə Günter Blobel Amerika Birləşmiş Ştatlarının dəstəyi ilə yaradılmış "Friends of Dresden, Inc." adlı Drezdenin bədii və memarlıq irsinin yenidənqurma, bərpa və qorunmasına təşəbbüs göstərən qeyri-kommersiya birliyinin təsisçisi və prezidenti seçilir.[33] 1999-cu ildə isə, Blobel tibb üzrə Nobel mükafatına layiq görülür və mükafat qismində ona təqdim olunan pul məbləğinin hamısını (təxminən 1 milyon ABŞ dolları) Frauenkirxanın və Zemper sinaqoqunun bərpası üçün bu işlə məşğul həmin təşkilata bağışlayır. Bu, tarix boyu bir layihənin həyata keçirilməsi məqsədilə fərdi şəxs tərəfindən verilən ən böyük ianə hesab edilir.[34] Beləliklə layihənin icrası daha güclü vüsət alır. Bir tərəfdən yüzlərcə memar, sənətşünas alim və mühəndislər yığılmış minlərcə daş parçalarını təkrar strukturda istifadə etmək üçün çeşidlərə ayıraraq kataloqlarda yerləşdirir, digər tərəfdən isə sadə insanlar bu gəliz layihənin həyata keçirilməsi üçün pul toplayırlar. Bütün bu illər ərzində kilsənin kiçik daş fraqmentləri xüsusi hazırlanmış medallar kimi satılmışdı. Bu cür fərdi işlə məşğul olan sponsorlardan biri kilsə daşlarının simvolik satışı vasitəsilə 2.3 milyon € məbləğində pul qazanmışdır.
Xarabalıqların bərpa edilməsi məqsədilə, 4 yanvar 1993-cü ildən etibarən salamat qalmış hər bir daşın millimetr dəqiqliyi ilə ölçülməsi və üç ölçülü modellərin hazırlanması işləri həyata keçirilmiş, gələcək binanın ölçülərinə müvafiq olaraq bərpa planı hazırlanmışdır. Xarabalıqda aparılan qazıntı işləri zamanı, dağıntıların altından böyük katakombalar aşkar edilmişdir.[35] İstifadəyə uyğun olan bütün daşlar kataloqlaşdırılaraq saxlanmış və xüsusi kompüter proqramı vasitəsilə onların gələcək kilsə divarlarındakı yerləri müəyyən edilmişdir. Dağıntılar içərisindən təkrar istifadəyə yararlı olan 8000-dən artıq detal aşkar edilmişdir; onlardan təxminən 3539 ədəd daş parçası kilsənin bərpası zamanı fasada əlavə olunmuşdur. Xarabalıqların içərisindən aşkar edilmiş və qısa olaraq "Şmetterlinq" (yəni kəpənək) adlandırılmış yekparə daş parçasının ağırlığı 95 ton idi və bir zamanlar zəng qülləsinin günbəzində yerləşirdi. Arxeoloji qazıntılar zamanı daş qalıqların təmizlənməsi və bərpa işlərinin icrası və açıq inşaat meydançanın formalaşdırılması məqsədilə, inşaat sahəsinin süxur qatı təxminən 11 mm qədər qaldırılmışdır. Hər bir qədim daş qalığı özünəməxsus formaya malik olduğu üçün bərpa zamanı onların lazımi yerə yerləşdirilməsi böyük səbir tələb edirdi. İstifadəyə yararlı olan hər bir daş parçası öncədən ölçülmüş, kataloqlaşdırılmış və xüsusi jurnalda qeydlənmişdir. 3D formatda daşları ekran ətrafında hərəkət etdirməyə imkan verən kompüter proqramı memarlara hansı daşların hara yerləşdirilməsini tapmağa və daşların bir-birinə uyğunlaşdırılmasını təmin etməyə kömək edirdi. İnşaatçılar rəsmlərin rəngini və boyaların tərkibini (XVIII əsrə kimi müxtəlif rəngləri almaq üçün yumurta və sair təbii vasitələrdən istifadə olunurdu) dəqiqləşdirmək üçün kilsənin minlərlə fotolarından, kilsə xadimlərinin xatirələrindən və kilsə rəsmilərinin fikirlərindən yararlanmışdılar.
Yeni Frauenkirxa kilsəsinin bünövrəsinə ilk təməl daşı 27 may 1994-cü ildə qoyulmuşdur. İnşaatçı Georq Ber tərəfindən hələ 1720-ci ildə tərtib olunmuş orijinal planlar ilə yaxından tanış olan kilsə memarı və mühəndis Eberhard Burgerin rəhbərliyi altında nəhayət ki, 1993-cü ildə yenidənqurma işlərinə başlanılmışdır. Yenidənqurma işlərinin daha tez və rəvan tərzdə aparılması, eləcə də açıq konstruksiyanın əlverişsiz hava şəraitinin mənfi təsirindən qorunması üçün inşaat ərazisinin qübbə şəkilndə olan dördkünc taxta çadır konstruksiyası ilə örtülməsi qərara alınmışdır. Konkret inşaat fazasının uğurla tamamlanmasından sonra inşa edilən tikilini qoruyan həmin taxta konstruksiya xüsusi hidravlik yükqaldırıcı maşınların yardımı ilə tədricən bir neçə metr yuxarıya doğru qaldırılırdı. Bu proses Frauenkirxanın tikintisi üçün xüsusi olaraq hazırlanmışdır. Belə bir dahi ideya nəticəsində, hətta güclü qar və leysan zamanı tikinti işlərinin dayanmadan aparılmasına imkan yaranmışdır. Tikinti işləri beləliklə mövsümi fasilələri olmadan uğurla davam edirdi. Ayda 300 kubometr qumdaşı – Frauenkirxanın bərpası məhz bu sürətlə aparılırdı.[36]
Frauenkirxanın bərpa edilməsinin templəri gözlənildiyindən daha sürətli idi və 2005-ci ildə binanın inşası demək olar ki tamamlanmışdır. İnşaat işlərinin belə sürətlə aparılmasının başlıca səbəbi, zəngin şəxslər və təşkilatlar tərəfindən ayrılan ianə sayının bütün gözləntiləri keçməsi idi. Beləliklə, Frauenkirxanın xarici divarlarının tikintisi planlaşdırıldığı kimi 2005-ci ildə yox, 2004-cü ildə yerinə yetirilmişdir. 13 aprel 2004-cü ildə kilsə günbəzinə sonuncu daş bloku yerləşdirilmiş və bununla da xarici tikinti işlərinə son qoyulmuşdur. Qübbə istisna olmaqla, kilsə, mümkün olan dərəcədə orijinal elementlərin və müasir texnologiyanın birgə sintezi ilə bərpa olunmuşdur. Bundan sonra ərazidə toplanmış bütün zibil və daş qırıntıları bir yerə toplanaraq, şəhər mərkəzindən kənara daşınılmışdır. Bundan başqa, günbəzin üstündə yerləşən yeni qızıl kürə mümkün qədər XVIII əsrin orijinal metodlarından istifadə olunmaqla Qrant Makdonald Silversmits tərəfindən Londonda hazırlanmışdır. Kilsənin nəhəng xaçı isə, britaniyalı dəmirçi Alan Smit tərəfindən hazırlamışdır. Drezdenə göndərilməzdən öncə, qızıl xaç 5 il ərzində Koventri, Liverpul, Edinburq şəhərlərində, həmçinin Müqəddəs Pavel kafedralı da daxil olmaqla Britaniyanın demək olar ki, bütün böyük kafedrallarında nümayiş etdirilmişdir. 2000-ci ilin fevralında Frauenkirxanın zirvəsində yerləşdiriləcək xaç təntənəli şəkildə Kent hersoqu tərəfindən Drezdenə gətirilmişdir.[37] Bu zaman Frauenkirxanın eksteryer üzrə işləri tamamlanmış, xarici quruluşu isə başa çatmışdır. Beləliklə keçmiş əsrlərdə olduğu kimi Frauenkirxanın əzəmətli qübbəsi yenidən Drezdenin mənzərəsində dominant mövqeyə sahib olur. Burulmuş və qaralmış əvvəlki xaç isə xatirə olaraq altarın sağ tərəfində quraşdırılmışdır. Tamamlanmış kilsənin ümumi hündürlüyü 91,24 metrə bərabər olur.
Yaşlı daşların üstü yanğın və aşınma səbəbindən qara patina ilə örtülmüşdür və buna görə də köhnə və yeni daşlar arasındakı fərq yenidənqurmadan sonrakı hələ bir neçə il ərzində aydın görünəcəkdir. Orijinal altarın iki min ədəd parçası təmizlənərək bərpa olunmuş və daha sonra yeni struktura daxil edilmişdir. Drezden şəhərinin tökmə zavodlarının birində kilsə üçün yeddi yeni zəng hazırlanmışdır. Onlar kilsənin zəng qülləsində quraşdırılaraq, 2003-cü ildə keçirilən Pentikost bayramının qeyd edilməsi zamanı çalınmışdır.
1736-cı ildə Qottfrid Zilbermann tərəfindən hazırlanmış əvvəlki orqanın orijinal dizaynını ətraflı təsvir edən çoxlu sayda kağızların mövcud olmasına baxmayaraq, mühəndislər onu bərpa etməməyə və onun əvəzinə daha sadə struktura malik musiqi alətinin quraşdırmağı qərara alırlar. Silbermann orqanını 3 manual və 43 registerdən ibarət idi, yeni quraşdırılmış orqan isə daha geniş funksiyalara malik idi. Strasburq şəhərindən olan usta Daniel Kern 4873 borulu yeni orqanı 2005-ci ilin aprel ayında tamamlayır və elə həmin ilin oktyabr ayında musiqi aləti Drezdenə gətirilərək kilsədə quraşdırılır. Kern, Zilbermann orqanının orijinal səsləndirməsini geri qaytarmaq məqsədilə, alətin bütün parametrlərini ən yüksək səviyyədə hazırlayır. Bundan başqa, islahatçı və teoloq Martin Lüterin bombalanmadan xilas olmuş bürünc heykəli də kilsə ilə paralel şəkildə bərpa edilmiş və yenidən binanın qarşısındakı pyedestalın üzərində yerləşdirilmişdir. Lüterin orijinal heykəli istedadlı heykəltaraş Adolf fon Dondorf tərəfindən 1885-ci ildə hazırlanmışdır.
Tanrı anası kilsəsinin bərpa işlərinin başa çatmasından və onun təkrarən təqdis olunaraq geniş ictimaiyyət üçün açılışından sonra, Drezden şəhəri Almaniyanın son dərəcə məşhur turizm mərkəzlərindən birinə çevrilir. Belə ki, ilk üç il ərzində yeddi milyon insan turist qismində və ya ibadət xidmətlərində iştirak etmək məqsədilə kilsəni ziyarət etmişdir.[38] Bu layihə Avropa ölkələrini buna bənzər digər binaların da yenidən dirçəldilməsinə ilhamlandırdı. Kilsənin qonaqları qismində həmçinin bir sıra tanınmış insanlar da olmuşdur; belə ki, 2009-cu ildə ABŞ Prezidenti Barak Obama Almaniya kansleri Angela Merkel ilə Yaşıl qübbədə düzənlənən görüşdən sonra kilsəni ziyarət etmişdir.[39]
Frauenkirxa kilsəsinin yerüstü hissəsinin yaradılmasından öncə, dağıntılar altında salamat qalmış yeraltı kripta zirzəmilərinin bərpasına başlanılmışdır. Kilsənin tikinti işlərinin aparıldığı dövrdə, zirzəmilər müvəqqəti olaraq ibadət mərasimlərinin keçirilməsi üçün istifadə edilirdi, həftəsonu günlərdə isə bura ziyarətçilər və turistlər üçün açıq məkana çevrilir və burada müxtəlif konsert mərasimləri yerinə yetirilirdi. Kilsə zirzəmiləri hələ 21 avqust 1996-cı ildə təntənəli şəkildə təqdis olunmuşdur və həmin dövrdən etibarən kilsənin dirçəldilməsi prosesinə start verilmişdir.
Kilsənin zirzəmiləri planda bərabərtərəfli yunan xaçını xatırladırlar. Plandakı xaçın şüa sonluqlarında dörd oda yerləşir. 1728-ci ildən etibarən həmin dörd otaqda əvvəlki kilsəni əhatə edən qəbiristanlıqdan toplanan sümük qalıqlarının saxlanc yeri olaraq istifadə olunurdu. 1728–1787-ci illər arasında yeraltı kriptalarda 244 dəfn həyata keçirilmişdir. Müharibə zamanı məhvolmadan yalnız xaç planını cənub-qərb küncündə yerləşən (C) otağı salamat qalmışdır, yerdə qalan digər otaqlar isə tikinti materiallarının kütləsi altında qalmışdır, bunun ardında nəhəng günbəzin otaqların üzərinə çökməsi isə, onların tamamilə məhv olmasına səbəb olmuşdur. Zirzəmi divarlarına hörülmüş bir çox məzarların aqibəti də müvafiq şəkildə kədərli idi. Müharibədən sonra dağılmış həmi otaqların tavan və üst tirləri bərpa edilmiş, daxili günbəz qırıqlarından təmizlənmişdir və hazırda onlar adorasiya mərasimi üçün istifadə olunurlar.[~ 7]
Zirzəminin şərq hissəsində lokalizasiya olmuş xor kapellası, həmçinin bilavasitə kilsə altarının aşağısında yerləşir. Kapellada yerləşən və bir-birinin qarşısında quraşdırılan dik heykəllər müvafiq olaraq "məhv olmanı" və "yenidən dirçəlməni" simvolizə edirlər. Məşhur alman heykəltaraşı Mixael Şönholtz tərəfindən yaradılmış bu heykəllərin ölçüləri bir-birinə tamamilə identikdir. "Məhvolma" heykəli bombardman nəticəsində dağılmış kilsənin kədərli görünüşünü, "Bərpaolma" isə, hələ ki, tikilmə prosesində olan bina səhnəsini təsvir edir.
Kilsənin ən dərin zirzəmi nöqtəsində, daha doğrusu kriptanın silindrik qübbəsi altında qara irland əhəng daşı materialından hazırlanmış böyük altar plitəsi yerləşir. Plitə Böyük Britaniyada yaşayan məşhur hindistanlı heykəltaraş Aniş Kapur tərəfindən kilsəyə hədiyyə olunmuşdur (Aniş Kapurun atası hindistanlı, anası isə əslən Bağdad şəhərindən olan yəhudi idi).
Kilsə zirzəmisində dünyaca məşhur Nagelkreuz (yəni Mismar xaçı) surəti yerləşir; əslən taxtadan olmuş bu xaç bir vaxtlar Koventri şəhərinin baş kafedralını zirvələyirdi. Lakin alman təyyarələri tərəfindən aparılan intensiv bombardman nəticəsində həmin kafedral güclü dağıntıya məruz qalır, kilsə qülləsini bəzəyən xaç isə, ətrafda tüğyan edən yanğın səbəbindən yaranmış yüksək temperaturdan əriyir.[40] Dağıntıları təmizləyən kilsənin baş keşişi Riçard Hovard əyilərək yerdən üç böyük dəmir mismarı götürür və barışıq əlaməti kimi, onları birləşdirərək kilsə üçün yeni xaç hazırlayır.[41] Müharibədən sonra Koventri xaçı barışıq və dinlərarası anlaşma rəmzinə çevrilir və Drezden şəhərinin "Nagelkreuz" təşkilatının üzv şəhəri elan edilməsi nəticəsində, həmin xaçın surəti Koventri yepiskopu tərəfindən Frauenkirxaya bağışlanır.[42][43]
Lazımsız qalıqların şəhərdən kənar əraziyə daşınılmasından qabaq meydanın ətrafına doğru düzülmüş rəflərdə kataloqlaşdırılmış ən qiymətli elementlər, yəni orijinal daş parçaları ilkin binanın ümumilikdə 43 faizini təşkil etməklə bərabər, həmçinin onun divarlarına təkrarən istifadə olunmuşdular. Tikinti zamanı karniz və salamat qalmış kapitellər kimi böyük artefaktlar xüsusi kranların köməyi ilə öz əvvəlki yerlərinə quraşdırılmışdılar. Günbəzin hər bir dörd tərəfində yerləşən künc qüllələrin qalıqları da ayrıca toplanaraq, uğurlu şəkildə ümumi binaya inteqrasiya olunmuşdurlar. Həmçinin kilsəni əhatə edən meydanda xatirə abidəsi olaraq bir zamanlar günbəzin tərkib hissəsi olmuş bütöv nəhəng monolit parçası yerləşir (həmin monolit daş, salamat qalmış digər daş qalıqlarının ümumi ağırlığının 34 faizini təşkil edir). Yanğın zamanı günbəzin böyük parçaları perpendikulyar şəkildə daşıyıcı sütunların və divarların üzərinə təzyiq etdikləri üçün konstruksiya kritik ağırlığa tab gətirməyərək çökməyə məruz qalır. Məhz bu səbəbdən də, kilsənin yenidən tikintisi zamanı inşaatçılar etibarlılığı şübhə doğuran monolit parçaları istifadə etməməyə və onların yerinə texniki baxımdan artıq sınaqdan keçirilmiş yeni daşlardan istifadə olunmasına dair qərar qəbul edilmişdir.
Mürəkkəbləşdirilmiş günbəzin tikintisi zamanı (xüsusilə də zınqırovabənzər inşaat konstruksiyalarının yaradılması zamanı) yalnız yeni qumdaşı blokları fiziki və konstruktiv mülahizələr ilə tikinti üçün istifadə oluna bilərdi. Qövsi şəkildə yerləşdirilən günbəzin daşları daim güclü şaquli təzyiqin təsirinə məruz qalırlar. Kilsədə baş vermiş yanğın və onun ardınca formalaşmış yüksək temperatur səbəbindən bir çox daş parçalarının səthi mikroskopik çatlar ilə örtülmüş və buna görə də bərpaçılar bu daşların əvvəlki tək davamlılıq və sarsılmazlıq qabiliyyətlərinə dair şübhə etdikləri üçün onların təkrar istifadəsində heç bir riskə getməməyi qərara almışdırlar.
Ətraf mühitin təsiri altında orijinal daşların üzərində yüz illər boyunca paxır adlanan qara rəngli oksid-karbonat örtüyü əmələ gəlmişdir; bərpa zamanı daşların üzərindəki paxır bilərəkdən təmizlənmir, bu səbəbdən də hələ bir neçə il binanın fasadını formalaşdıran açıq çalara malik yeni və qara rəngli orijinal daşlar vizual olaraq böyük pazzl təəssüratını yaratmalı olacaqdır. Bununla belə, yeni daşlar da qumdaşı materialından hazırlandıqları üçün, yüksək nəmişlik və digər hava şəraitləri səbəbindən tədricən qaralma prosesinə məruz qalacaq və gələcəkdə bina özünün əvvəlki monoton rəngini yenidən əldə edəcəkdir. Nəzərə almaq lazımdır ki, Frauenkirxadan fərqli olaraq, qumdaşı materialından inşa edilmiş və müharibə illərində dağıntıya məruz qalmış digər tikililərdə (məsələn Brandenburq darvazalarında) ümumi sanasiya işləri vaxtında aparıldığı üçün onlarda ikili rəng fərqliliyi daha müşahidə olunmurdu.
Kərpic hörgünün daxilinə yerləşdirilmiş altı dairəvi polad ankerləri (dik duran tirlər) günbəzi öz üzərində möhkəm saxlayaraq, binaya düşən ümumi ağırlığı sabit şəkildə təqsimləşdirirlər.[44]
Hələ Georq Berin dövründə şaquli sütunların daxilinə dəmirdən hazırlanmış və çəkilib bağlana bilən boltların istifadə olunması ideyası ortaya atılmışdır. Rekonstruksiya işləri zamanı həmin sütunların daxilinə 8 ədəd dəmir tir yerləşdirilmişdir. Onların xarici sonluqları daha sonra kərpic hörgülü çərçivələrin daxilinə yeridirilərək, dəmir-beton məhlulunun və anker dayaqlarının köməyi ilə daş bloklarına etibarlı şəkildə bərkidilmişdir. Gözlə görünməyən dəmir tirlər və ankerlər həmçinin möhkəm polad elementlərindən ibarətdirlər. Anker alman dilindən tərcümədə "lövbər" mənasını verir ə bu ad tam şəkildə onun fəaliyyət prinsipini izah edir. Bərkidici element əsas massivi ilə bilavasitə şəklində deyil, əsasən dübel və ya müxtəlif ölçülü ankerləri istifadə etməklə bəndlənir.[45] Ankerlər kilsənin əsas özülü ilə günbəzi möhkəm fiksasiya edir. Konstruksiyanın böyük sıxlığı, suyun və ya qarın günbəz perimetri boyunca daxilə keçməsinin qarşısını tam şəkildə alır. Hidravlik mexanizmlərin köməyi ilə aşağıdan yuxarıya doğru günbəzin daş dayaqlarının ucaldılması zamanı, yükdaşıyan konstruksiyaların üzərinə düşən gərginlik tədricən və müntəzəm şəkildə artmağa başlayır və nəhayət öz kritik 8–10 MN (meqanyuton) həddinə çatır. Beləliklə, günbəzin inşa edilməsi zamanı divarlara düşən ağırlığın doğru şəkildə bölüşdürülməsi səbəbi ilə əsas kostruksiyanın aşağısında yerləşən zirzəmi və bünövrəyə uçqun və çökmə kimi heç bir zərərli nəticələrinin olmayacağı unikal "ağırlıq kompensasiyası" sistemi yaradılmışdır.
Asma konstruksiyaların bərkidilməsi üçün polad materialdan hazırlanmış ikili anker üzüklərindən istifadə olunmuşdur. Məhz texniki xidmət işləri çərçivəsində sıradan çıxmış üzüyün demontaj və yenisi ilə əvəz edilməsi zamanı, digər sağlam üzüyün stabil şəkildə öz funksiyasını yerinə yetirə bilməsi üçün ikili üzük sistemi üstün tutulmuşdur. Müasir bərkitmə sistemi açıq alova və onu müşahidə edən yüksək temperatura qarşı öz davamlılığı ilə seçilir.[44]
Müasir istehsalat texnologiyaları sayəsində sütunlar üçün lazım olan daş blokları qumdaşından millimetr dəqiqliyi ilə mişarla kəsilmiş, kirs qatının qalınlığı 6 mm olmuşdur. Bu daş bloklar sütunlar üçün istifadə olunmuş köhnə bloklardan iki dəfə böyük idi, ona görə də, oynaqların sayı da iki dəfə azaldılmışdı. Blokların kəsilmə prosesi olduqca möhkəm və sürətli aparatların köməyi ilə yerinə yetirilmişdir. Aviasiya sənayesində təyyarələrin quraşdırılması zamanı istifadə olunan kompüter proqram vasitələri ilə günbəzi təşkil edən 500-dən artıq fərqli daş blok formalarının sxematik həndəsi quruluşu yaradılmış və onların dəqiq modelləri hazırlanaraq günbəzdə yerləşəcəyi yerlər öncədən dəqiq şəkildə müəyyən edilmişdir. Bütün bu tədbirlər, günbəzdə yaranabiləcək hər hansı bir çatların və ya uyğunsuzluqların aradan qaldırılması məqsədilə həyata keçirilmişdir. Qeyri-dəqiq riyazi hesablamaların aparılması nəticəsində günbəzdə keçmişdə daim dərin çatlar və dağılma təhlükəsi yaranırdı, bütün bu nasazlıqlar 1938–1942-ci illər arasında aparılmış sonuncu yenidənqurma işləri zamanı aradan qaldırılmışdır. Kilsənin yenidən dirçəldilməsi zamanı məhz həmin sonuncu modifikasiya işlərinə nəzər yetirilmiş və onların əsasında vahid konsepsiya hazırlanmışdır. Təkmilləşdirilmiş konstruksiyaların tətbiq olunduğu yeni anker sistemi, həmçinin yüksək texnologiyarın istifadəsi ilə ərsəyə gələn vahid tarazlıq sistemi vasitəsilə təkrar inşa edilmiş Frauenkirxanın əvvəlki binaya nisbətən daha yüksək sabitliyi təmin olumuşdur. Georq Berin ən möhtəşəm binasında günbəzin sabitliyi müharibədən əvvəlki dövr ilə müqayisədə təxminən dörd dəfə çoxdur.
Günbəzin yaradılması çərçivəsində Almaniyanın TUD və KİT Universitetlərində iki il ərzində geniş tədqiqat proqramı reallaşdırılırdı. Misal olaraq qeyd etmək lazımdır ki, daşların arasından kilsənin interyerinə yağış sularının daxil olmaması üçün sement məhlulunda həll edilə bilən kəsəksiz yeni qarışıqlarının tətbiq olunması ehtiyacı duyulurdu. Yeni günbəzin divarlarının maksimal qalınlığı cəmi 1,75 metr təşkil edirdi. Artıq XVIII əsrdə zınqırovabənzər günbəzin üzərində mis dam örtüyünün quraşdırılması planlaşdırılırdı, lakin o dövrdə bu materialın külli miqdara başa gələcəyini hesablayan şəhər şurası sonda bu ideyadan imtina etməyə məcbur olmuşdur. Günbəzin aşağı seqmetinin səthi hissəsi poliuretan materialı ilə örtülmüşdür (o, daş bloklarının çatqılarından suyun içəriyə daxil olmasının qarşısının alınması məqsədilə yaradılmışdır). Şteffen Höppner tərəfindən hazırlanmış və üç ədəd siferblata malik olan kurant saatı Frauenkirxanın inşa edilməsi ilə paralel şəkildə 11 aya hazır olmuş və künc qüllələrini birinə quraşdırılmışdır. Orijinal saat mexanizmi 1919-cu ildə "Saksoniya İsveçrəsi" adlandırılan bölgənin Lomen kommunasında istehsal edilmişdir. Künc qülləcikdə yerləşən saatın üzərinə zaman oxları və böyük 12 saatlıq siferblat bərkidilib. Nabat mexanizmlərindən biri hər saat, digəri isə saatın dörddə birində melodik zəng çalır. Xristianlığın ən mühüm günlərindən birisi olan Pentikost bayramı zamanı saat mexanizmi təntənəli şəkildə qülləcikdə quraşdırılmışdır (saatın sınaq buraxılışı altı həftə boyunca davam edirdi). Saatın bərpa edilməsi Almaniyanın lüks xronometrləri və bəzək saatları üzrə ixtisaslaşdırılmış məşhur Gerhard D. Wempe şirkəti tərəfindən maliyyələşdirilirdi.[46]
Günbəzin ən hündür nöqtəsini zirvələyən ilkin köhnə xaç usta Yohann Georq Şmidt tərəfindən hazırlanmışdır.[47] 1 iyun 1993-cü ildə bir zamanlar günbəzi formalaşdırmış qalıqlarının təmizlənməsi zamanı, qəflətən həmin qədim xaç aşkar edilmişdir. Xaç ciddi şəkildə zədəlndiyi üçün onun yenisi ilə əvəz edilməsinə dair qərar qəbul edilmişdir (yeni xaç orijinalı tam olaraq təqlid edirdi). Köhnə xaç isə müharibə xatirəsi olaraq kilsənin daxilində yaradılmış muzey ekspozisiyasının mərkəzi fiquruna çevrilir.[48]
Altrar və orqan harmonik şəkildə bir-birinin üzərində yerləşir və optik baxımdan bir-birini vahid struktur kimi tamamlayırlar. Bizim Sevimli Ledi kilsəsinin altarını artıq qeyd edildiyi kimi, klassisizm dövrünün təsirlərindən tam şəkildə azad olmuş təmiz barokko üslubunun nümunələrinə aid edilir. Hazırkı altar 80% tarixi materiallardan ibarətdir; bombardman zamanı bir sıra evakuasiya olunmuş əşyalar içərisində altarın bəzi detallarını da möcüzəli şəkildə mühafizə etmək mümkün olmuşdur. Altarın bəzədilməsi üçün istifadə olunan heykəltaraşlıq nümunələrinin müəllifləri Benjamin Tome (alm. Benjamin Thomae) və Yohann Kristian Fayge (alm. Johann Christian Feige) idilər. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, məhz Fayge kilsənin yeraltı hissəsində yerləşən kriptalı zirzəmidə memar Georq Berin qəbirüstü abidəsini yerinə yetirmişdir. Altarın mərkəzi kompozisiyası İsa Məsihin Yeleon dağında təsvir edir (bu kompozisiya həmçinin "Hefsiman bağında edilən dualar" olaraq da adlanır). Mərkəzi kompozisiyadan sağ tərəfdə Yerusəlim şəhəri və yatmış həvarilər təsvir olunmuşdular, şəhərin darvazalarından qarşıya doğru əsgərlər yaxınlaşır, İsa Məsihin üzərində isə əlində xaç tutan mələk uçur (mələk, xaçın üzərində Məsihin gözlənilən ölümünün rəmzi hesab olunur). Bütün kompozisiyanın yuxarısında bəzən hikməti-ilahiyyənin nəzəri, bəzən isə şəfəqsaçan delta da adlandırılan Tanrının gözü hökm sürür (həmin göz adətən üçbucağın daxilində təsvir olunur və masonluqda başlıca simvol olaraq istifadə olunur). Barokko incəsənəti dövrünün ənənələrinə uyğun olaraq o, yayğın buludlarla əhatə olunub.
Altarda Əhdi-Ətiq və Əhdi-Cədiddən olan müxtəlif personajlar təqdim olunub (sol küncdə — sarsılmaz vəziyyətləri olan Musa, mərkəzə yaxın yerdə — əlində kitab və qılınc saxlayan həvari Pavel, eləcə də əlində böyük xaç tutan həvari Filipp, sağ küncdə isə buxurdanı saxlayan Musanın qardaşı Aaron). Mələk fiqurları həvarilərin başları üzərindən buğda sünbüllərindən (solda) və üzüm tənəklərindən (sağda) ibarət böyük bağlamaları daşıyırlar; bu elementlər rəmzi olaraq çörək və şərabı, yəni Məsihin cəsədi və qanını bildirirlər (Rəbbin Süfrəsi kimi də bilinən Yevxaristiya ayini). Kifayət qədər təmkinli heykəltaraşlıq kompozisiyası kilsənin qalan gözəl barokko tərtibatı ilə ciddi təzad təşkil edir. Altar ilə yuxarıdan üzvi surətdə birləşdirilmiş orqan boruları da dövr üçün olduqca oqeyri-adi konstruksiya hesab edilir.
1732–1736-cı illədə İohann Qottfrid Zilbermann kilsə üçün 3 manuallı və 43 registerli Orqan hazırlamışdır.[49] 1945-ci ildə kilsənin bombalanması nəticəsində orqan tamamilə məhv edilmişdir. Hal-hazırda orqan tamamilə bərpa olunub. Ümumilikdə Drezden Frauenkirxasında bu cür möhtəşəm və gözəl musiqi alətinin quraşdırılmasında Georq Berin və Yohann Kristian Faygenin böyük təşəbbüsü vardır. Yeri gəlmişkən, tezliklə bu orqanın açılışından sonra dahi alman bəstəkarı və orqan musiqiçisi İohann Sebastyan Bax burada öz konsertini təşkil edir.
1736-cı ilin orqan dispozisiyası aşağıda təqdim olunubdur:[50]
|
|
|
|
Orqan bir neçə dəfə yenidənqurma və genişləndirilmə işlərinə məruz qalmışdır; musiqi aləti üzərində ilk dəyişikliklər gənc usta və Zilbermannın tələbəsi Yohann Qottfrid Hildebrandt tərəfindən 1769-cu ildə həyata keçirilmişdir. 1818–1819-cu illərdə isə başqa bir orqan ustası Fridrix Trauqott Kayzer orqanın daha melodik səs tonlarını əldə etməsi üçün boru və manualları modifikasiya etməyi qərara alır. XIX əsrin ortalarında bir sıra registrlər yeniləri ilə əvəz edilmiş, 1874–1875-ci illərdə isə Karl Eduard Yemlix tərəfindən təkrarən təmir olunmuşdur. XX əsrin başlanğıcı ilə əlaqədar köhnə üslublarla işlədilən orqan çox ciddi dəyişikliklərə ehtiyac duyurdu; belə ki, şəhər şurasının sifarişi ilə musiqi alətləri istehsal edən və orqan cihazları üzrə ixtisaslaşdırılan Julius Jahn & Sohn şirkəti tərəfindən orqan genişləndirilmiş, "şpiltraktur" adlandırılan oyun və ya klaviş trakturaları isə pnevmotikləşdirilmişdir.[51] 1937-ci ildə orqan kilsə xoruna quraşdırılmış, 1939–1943-cü illər arasında isə onun təkrarən altar üzərinə quraşdırılması, eləcə də elektrikləşdirilmiş və distansionlaşdırılmış geniş oyun masası əlavə olunmuşdur. Müharibə zamanı bombardman nəticəsində məhv olmasına qədər, orqan 5 manualdan və 85 registerdən ibarət idi.[~ 8] Məhvolmadan öncəki dövrdə 43 orijinal registrdən 42-si şəxsən Zilbermann tərəfindən hazırlanmışdır. 1945-ci ilin orqan dispozisiyası aşağıda təqdim olunubdur:[52]
|
|
|
|
|
|
1997–2002-ci illərdə, kilsənin və müvafiq olaraq orqanın bərpası haqqında qərar qəbul edildikdən sonra, artıq əbədi olaraq itirilmiş musiqi alətinin süni şəkildə kopiya edilməsinin məqsədəuyğunluğu barəsində qızğın mübahisələr başlayır.[53] Nəinki köhnəmiş, hətta iş fəaliyyətini tamamilə itirmiş və detallı çertyojları olmayan orqanın bərpa edilməsi yerinə, Tanrı anası kilsəsinin quruluşuna əvvəlki orqandan heç də pis uyğun olmayan, həmçinin Zilbermann orqanı ilə müqayisədə ifaçı repertuarı baxımından daha universal olan (əlbəttə ki, həm də bütün kilsə xidməti sahələri baxımından) yeni orqanın yaradılmasına qərar verildi. Bir çox musiqiçilər və ekspertlər (xüsusilə tarixi ifaçılığının məşhur cərəyanların nümayəndələri) bu planları kəskin tənqid edirdilər. Onlar xüsusi olaraq kilsənin daxili səhmanını təşkil edən bütün digər elementlərin köhnə qaydalara uyğun şəkildə bərpa olunduqlarını əsas gətirərək, XVIII əsrin qədim orqanının orijinala maksimal olaraq yaxınlaşdırılmış versiyasının tam bərpa olunmasını tələb edirdilər. Onlar bərpa edilmiş qədim kilsənin altarı üzərində başqa görkəmə malik olacaq müasir musiqi alətinin yerləşdirilməsinin tamamilə yanlış addım hesab edirdilər və öz mülahizələrini, çatışmayan məlumatların (məsələn, menzuralar və s.) Zilbermannın müəllifliyinə aid edilən digər alətlərin köməyi ilə təkmilləşdirməyin mümkünlüyü ilə əsaslandırırdılar (məlum olduğu kimi, sənətkar vahid model əsasında öz orqanlarını yaradırdı (məsələn, Saksoniyanın Frayberq şəhərində yerləşən Müqəddəs Məryəm Ana kilsəsindəki orqan günümüzə kimi yaxşı vəziyyətdə gəlib çatmışdır və üstəlik Frauenkirxadakı orqan ilə eyni dövrə aid edilir).[54] Nəticədə Strasburq şəhərinin məşhur orqandüzəltmə firması olan Alfred Kern & fils tenderin qalibi seçilir, musiqi alətinin tarixə əsaslanan yenidən bərpa edilməsinin tərəfdarları isə məğlub olurlar. Tarixə istinad edən səhih rekonstruksiyanın tərəfdarı olmuş tanınmış alman bioloqu Günter Blobel (uzun illər ABŞ-də çalışan Nobel mükafatı laureatı, Bizim Sevimli Ledi kilsəsinin bərpası üçün lazım olan bütün məbləği ödəmiş və binanı dirçəldilməsi istiqamətində bütün maliyyələşdirmə işlərini özü yerinə yetirmişdir), bu qərara etiraz əlaməti olaraq hətta bu kilsənin qəyyumluq şurasının fəxri üzvü adından imtina etmişdir, Piter Dussman fondu isə vəd edilmiş 1,5 mln. avro maliyyələşdirilməni geri götürmüşdür.[55]
Üç manual (hauptverk, oberverk və brustverk) və pedallar bir çox halda Zilbermann dövründən bu günə kimi qorunub saxlanılmış dispozisiya standartları əsasında rekonstruksiya olunurdular; bununla belə onların əhatə dairəsi genişləndirilmiş və bəzi registrlər əlavə olunmuşdur. Hesab edilir ki, "Kern" firması Qttfrid və Andreas Zilbermann qardaşlarının (qardaşlardan birisi Elzas vilayətində, digəri isə Saksoniyada çalışırdı) təsis etdikləri orqandüzəltmə prinsiplərini sehrli şəkildə birləşdirməyə müvəffəq olmuşdur.
Müasir orqanın köməyi ilə barokko dövründən sonra yazılmış musiqiləri, o cümlədən fransız romantiklərinin bir sıra əsərlərini ifa etmək olar (bunun üçün şvelverk [üçüncü manual] nəzərdə tutulub). Dördüncü manual (yəni brustverk) Orta əsrlərdə dəbdə olmuş musiqi nümunələrini ifa edən müğənnilər və digər alətlərin müşayiəti üçün nəzərdə tutulubdur və yarım ton aşağıya köklənibdir (lya notu isə 440 Hz-ə deyil, 415 Hz tezliyinə uyğun gəlir). Seçilmiş restavrasiya konsepsiyası iki yanaşmanın özündə birləşdirir: tarixi autentizm və universalizm. Orqanda eyni anda həm İohann Sebastian Baxın, eləcə də Sezar Frankın əsərlərini səsləndirmək mümkündür, yəni yeni orqanın səs palitrası olduqca böyük, çoxşaxəli və elastikdir. Yeni orqanın tikintisi 2005-ci ilin sentyabr ayında başa çatmışdır. Onun tərkibinə 4876 boru, 68 registr, dörd manual və pedallar daxildir. Müasir orqan dispozisiyası aşağıda təqdim olunubdur:[56]
|
|
|
|
|
Bir zaman dörd zəng dəstinin tərkib hissəsi olmuş salamat zəng 1518-ci ildə Nossenin Alttsell monastırı üçün tökülmüşdür. Reformasiya dövründə monastır bağlanılır; onun zəngləri isə 1556-cı ildə kurfürst Avqustun hədiyyəsi qismində Drezdenə gətirilir. Zəng Fruenkirxanın sələfində uzun illər çalır və insanları mühüm hadisələr barəsində xəbərdar edirdi. Yeni kilsə inşa olunduqda o buraya köçürülür və üç digər zənglərə əlavə edilir. XVIII əsrdə kilsənin tikinti konstruksiyalarında baş vermiş çatlar və binanın uçma təhlükəsinin yaranması səbəbi ilə ağır kütləyə malik zənglər qüllələrdən çıxarılaraq şəhər qəbiristanlığında yerləşən başqa bir kilsəyə daşınılmışdır. 1726-cı ildə yeni kilsənin tikintisi daha böyük ölçülərdə planlaşdırıldığı üçün onun zəng dəsti də müvafiq olaraq böyük olmalı idi. Yenilənmiş kilsənin zəng dəstinə iki keçmiş böyük zəng (1619-cu ildə tökülmüş Məryəm və digər bir zəng) daxil olmuş, geridə qalan digər iki kiçik zəng isə yenidən əridilməli idilər. Yenilənmiş zənglərin çəkisi xeyli böyük idi: 1,5 min kq və 2,75 min kq.
Birinci dünya müharibəsi illərində Drezden şəhərinin bir çox zəngi sırasında Frauenkirxaya məxsus və müvafiq olaraq 1619 və 1733-cü illərdə hazırlanmış iki zəng hərbi ehtiyaclar üçün yenidən əridilmişdilər. Zənglərdən ibarət üçüncü dəst artıq müharibədən sonrakı illərdə yaradılmışdır. Türingiya vilayətinin Apolda şəhərində yerləşən və zəngin Şillinq ailəsinə məxsus olaq qədim zəngtökmə emalatxanasında kilsə üçün çəkiləri 550 kq, 800 kq və 1400 kq olan üç böyük zəng tökülmüşdür.[57][58] Apolda dətinə həmçinin əvvəlki dəstdən olmuş ən böyük zəng də əlavə olunmuşdur. Məryəm zəngi isə özünün ton uyğunsuzluğu səbəbindən yeni dəstdən xaric edilmiş və Hubertsburq şəhərindəki kilsələrdən birisinə ərməğan edilmişdir. 1925-ci ildə həmin dəstdən olan iki qiymətli zəng çətin günlərin məhvolma təhlükəsindən birdəfəlik xilas olmaları üçün müvəqqəti olaraq başqa kilsəyə köçürülmüşdür.
2,75 min kiloqram çəkisi olan və 1734-cü ildə hazırlanan ən böyük zəng istisna olmaqla, kilsənin bütün digər kiçik zəngləri İkinci dünya müharibəsinin başlanması ilə əlaqədar, əridilmə məqsədilə kilsə qülləciklərindən çıxardılmışdır. Müharibənin son anlarına kimi kilsə ilə bir olan həmin böyük zəngi təəssüf ki, məhvolmadan xilas etmək mümkün olmamışdır. Müharibədən sonra salamat qalmış yeganə zəng "Məryəm" olmuşdur. Hubertsburq kilsəsindən sonra o, hədiyyə qismində əvvəlcə Vormsdorf kilsəsinə (1945-ci ildə), daha sonra isə Ditmansdorf şəhər kilsəsinə verilmişdir. Bərpa işlərinin başlanması zamanı Mryəm zənginin "öz doğma kilsəsinə" geri qaytarılmasına dair qərar qəbul olunmuşdur. Beləliklə, düz 72 ildən sonra "Məryəm" zənginin yenidən Frauenkirxaya geri qaytarılması istiqamətində mühüm addım irəli sürülmüşdür. 1998-ci ildə kilsə qülləsinin birində öz əvvəlki yerinə qayıtmaq məqsədilə zəng Drezden şəhərinə gətirilir və müəyyən çətin mərhələnin bitməsi üçün səbirlə gözləməyə başlayır. Kiçik kapellanın yanında Frauenkirxa zənglərinin tarixi haqqında aydın şəkildə izah edən böyük stend quraşdırılmışdır. Stendin üzərində Frauenkirxa üçün 1734-cü ildə tökülmüş və İkinci dünya müharibəsi zamanı məhv olmuş zəngin şəkilləri yerləşdirilmişdir. 1619-cu ilə aid "Məryəm" zəngi də daxil edilməklə, ümumilikdə bərpa olunacaq kilsədə 8 zəngin quraşdırılması nəzərdə tutulurdu. Karlsrue şəhərinin "Bachert" firması tərəfindən 2002-ci ilin dekabr ayında yeni yeddi zəngin hazırlanması uğursuzluqla nətiələnir. Uursuzluğun başlıca səbəbi, zənglərin səsləndirməsi zamanı eşidilən dissonans idi; belə ciddi çatışmazlıq zəngin üzərindəki dekorlar ilə bağlı idi. Yalnız 1750 kq ağırlığında olan "İyesaya" (alm. Jesaja) böyük zəngi melodik və ahəngdar səslənməyə malik idi. Bachert şirkəti öz hesabına uğursuz zənglərin yenidən tökülməsini öhdəsinə götürmüşdür. Hazır olmuş zənglərin yoxlanılması məqsədilə, may ayının 2-də zənglər Drezdenin Schlossplatz (Saray meydanında) gətirilmiş və çoxsaylı publika qarşısında nümayiş olunmuşdur. Bütün yoxlamalardan uğurla keçən zənglər təntənəli şəkildə kilsənin iki künc qülləsində quraşdırılmışdılar.
Nr. |
Ad |
Liturgik funksiyası | Diametr (mm) |
Kütlə (kg) |
Şlaqton (zərbəli səs) (Yarım ton (YT)-1/16) |
Kilsə qülləsi |
Zəngin üzərində yerləşdirilmiş yazı |
1 | İyesaya | Sülh zəngi | 1.404 | 1.750 | d1 +2 | C | SIE WERDEN IHRE SCHWERTER ZU PFLUGSCHAREN MACHEN (Jes 2,4) |
2 | İohannes | Elan edən zəng (Yevangelium) | 1.251 | 1.228 | e1 +3 | E | BEREITET DEM HERREN DEN WEG (Mt 3,3) |
3 | İyeremiya | Şəhər zəngi | 1.086 | 900 | g1 +2 | SUCHET DER STADT BESTES (Jer 29,7) | |
4 | Coşua | Toy və nikah zəngi | 964 | 645 | a1 +2 | ICH UND MEIN HAUS WOLLEN DEM HERRN DIENEN (Jos 24,15) | |
5 | Məryəm | Xatirə zəngi | 846 | 328 | b1 −5,5 | 1518 . afe . maria . gracia . plena . domynvs . thekvm . mader . myseri . korti . mcccccxviii . jar (Lk 1,28) | |
6 | Davud | Dua zəngi | 850 | 475 | c2 +4 | C | ERHÖRE MEIN GEBET (Ps 4,2) |
7 | Filipp | Vəftiz olunma zəngi | 785 | 392 | d2 +4 | EIN HERR, EIN GLAUBE, EINE TAUFE (Eph 4,5) | |
8 | Hanna | Minnətdarlıq zəngi | 694 | 291 | f2 +6 | MEIN HERZ IST FRÖHLICH IN DEM HERRN (1 Sam 2,1) |
Zənglər adətən gün ərzində və xüsusi bayramlarlarda səsləndirilir:
Zəngin çalınmasının səbəbi | Sayı Zəng sayı |
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | İfadə etmə |
Pentikost günü, Xatirə zəngi 13 Fevral (21:45) | 8 | d1 | e1 | g1 | a1 | b1 | c2 | d2 | f2 | Böyük Plenum |
Milad, Pasxa gecəsi (05:45), Pasxa, Yeni il ərəfəsi | 7 | d1 | e1 | g1 | a1 | c2 | d2 | f2 | Orta Plenum | |
Birinci Advent, Xaç suyuna salma (Xaçaçuran) Reformasiya bayramı | 6 | e1 | g1 | a1 | c2 | d2 | f2 | Kiçik Plenum | ||
Adventin ilk bazar günü, Bazar orucu | 4 | d1 | g1 | b1 | f2 | Məryəm-Zəngi | ||||
Pasxanın ilk bazar günü | 4 | e1 | g1 | a1 | c2 | Böyük mükəmməl kvartet | ||||
Kilsə bayramlarına düşən digər bazar günləri | 4 | a1 | c2 | d2 | f2 | Kiçik mükəmməl kvartet | ||||
Birinci Advent, Xaç suyuna salma (Xaçaçuran), Vozneseniye və Reformasiya bayramları | 3 | e1 | g1 | a1 | Böyük Te Deum | |||||
Həftə içi xidmətlər | 3 | a1 | c2 | d2 | Kiçik Te Deum | |||||
Pasxa, Əllinci gün bayramı və Milad | 3 | d1 | e1 | g1 | Böyük Qloriya | |||||
Pasxa bayramında sədaqət və ixlas | 3 | g1 | a1 | c2 | Ortancıl Qloriya | |||||
Kilsə ilinin qalan hissəsində sədaqət və ixlas | 3 | c2 | d2 | f2 | Kiçik Qloriya | |||||
Səhər zənginin çalınması, saat 700 | 1 | c2 | Davud (Dua zəngi) | |||||||
Nahar zənginin çalınması, saat 1200 | 1 | d1 | İsaya (Sülh zəngi) | |||||||
Axşam zənginin çalınması, saat 1800 | 1 | g1 | Yeremiya (Şəhər zəngi) |
Barokko üslublu Frauekirxa kilsəsində keçmiş zamanlarda ənənəvi olaraq kupel (yəni daxilində müqəddəs suyun saxlanıldığı kasaşəkilli qab) heç zaman yaradılmırdı. Bunun başlıca səbəbi, lüteranlığa itaət edənlər üçün nəzərdə tutulmuş əlçimin yaradılması və kilsənin daxilində yerləşdirilməsi hüququ Drezden şəhərində yalnız Kroytskirxaya məxsus idi və buna görə də bütün xaçaçuran (yəni yəni uşaqların vəftiz olunma adəti) mərasimləri də məhz həmin kilsədə icra olunurdu. Yalnız XIX əsrin sonlarında Frauenkirxanın şəhər sakinləri arasında artan mənəvi rolu sayəsində kilsənin daxilində barokko tərzində əlçimin yaradılması ideyası ortaya atılmışdır (yaradılmış əlçim bununla belə, İkinci Dünya müharibəsi zamanı çökən günbəzin qalınları altında qalaraq məhv olmuşdur).
Hal-hazırda Frauenkirxa uşaqlar və böyüklər üçün, xaçaçuran dini ayininin yerinə yetirilməsi üçün bütün imkanlar yaradılıbdır. Frauekirxa yevangelik-lüteran kilsəsi olduğu üçün buradakı dini mərasimlər katoliklər üçün nəzərdə tutulmayıb (katoliklər müvafiq ayinləri yaxınlıqda yerləşən Hofkirxada icra edirlər).
Nominal: 10 Deutsche Mark (23 sikkə; 1987–1997-ci illər arasında buraxılmışdılar) Material: 62,5 % gümüş, 37,5 % mis — Diametri: 32,5 mm — Çəkisi: – 15,5 q. | ||||||
Təsviri | Buraxılış tarixi |
Nominal | Zərbxana | Tiraj[59] | ||
---|---|---|---|---|---|---|
Avers | Revers | Ansirkuleyted (st) | Pruff (sp) | |||
Bizim Sevimli Ledi lüteran kilsəsinin bərpasına start verilməsi[60] | ||||||
3 may 1995 | 10 alman markası | J | 7.000.000 | 450.000 | ||
(alm. 50 Jahre Mahnung zu Frieden und Versöhnung) (azərb. Sülh və barışıqlığı xatırladan 50 il) (alm. Bundesrepublik Deutschland) (azərb. Almaniya Federativ Respublikası) (alm. Steinerne Glocke — Symbol für Toleranz) (azərb. Daş zəng – tolerantlığın rəmzi) |
Drezden portalı Memarlıq portalı Lüteranlıq portalı Xristianlıq portalı Almaniya portalı |