Futabatey Şimey (二葉亭 四迷?, 28 fevral 1864[1], Kappazaka[d] – 10 may 1909, Benqal körfəzi) və ya əsl adı ilə Haseqava Tatsunosuke – Yaponiya yazıçısı və tərcüməçisi. İvan Turgenev və digər rus realistlərinin əsərlərini yapon dilinə tərcümə etmişdir. Yapon ədəbiyyatının ilk müasir romanı olan "Ukiqumo" (azərb. "Uçan bulud", 1887) romanının müəllifi olmuşdur.[2]
Futabatey Şimey | |
---|---|
yap. 二葉亭 四迷 | |
Doğum adı | 長谷川 辰之助 |
Doğum tarixi | 28 fevral 1864[1] |
Doğum yeri | |
Vəfat tarixi | 10 may 1909 (45 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | vərəm, ağciyər iltihabı |
Dəfn yeri |
|
Fəaliyyəti | yazıçı, tərcüməçi, esperantoçu, roman yazıçısı, jurnalist |
Fəaliyyət illəri | 1886-cı ildən |
Əsərlərinin dili | yapon dili |
Futabatey Şimey Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
1864-cü ildə Yaponiyanın Tokio şəhərində samuaray ailəsində doğulmuşdur. Atası Haseqava Yoşikazu təhsil alması üçün onu Naqoya şəhərinə göndərmişdir. Atasının Şizuoka prefekturasının idarəçiliyinə təyin olunması səbəbilə ailə Matsue şəhərinə köçmüş və Futabatey burada Soçoşa məktəbinə daxil olmuşdur.[3] 1897-cu ildə isə Tokioya köçmüşdür.[4] O, 1881–1885-ci illərdə Tokio Xarici Dillər Məktəbində rusiyaşünaslıq üzrə təhsil almışdır. Futabateyin maddi problemləri olduğu üçün 1889-cu ilin iyulunda dövlət nəşrləri ofisindəki vəzifə təklifini qəbul etməli olmuşdur.[2]
Futabateyin şəxsi həyatı uğurlu olmamışdır. Evləndiyi fahişə ilə xoşbəxt olmayan həyat keçirmiş və ondan 2 uşağı olmuşdur. 1896-cı ildə ondan boşanmışdır. 1904-cü ildə ikinci dəfə evlənmiş və ikinci həyat yoldaşından 2 oğlu olmuşdur.[2] Futabatey 1902-ci ildə Asiyaya səyahət edərək Harbin və Pekində işləmişdir. 1903-cü ildə Tokioya qayıtmışdır. 1908-ci ildə "Asahi Shimbun" qəzetinin Rusiya üzrə müxbiri təyin olunsa da, Sankt-Peterburqa çatanda ağır xəstələnmişdir. 10 may 1909-cu ildə gəmi ilə Yaponiyaya qayıdarkən Benqal körfəzində ölmüşdür.[5]
Futabatey məktəbi bitirdikdən sonra "Ukiqumo" romanı üzərində işləməyə və XIX əsrin Rusiya ədəbiyyatının əsərlərini yapon dilinə tərcümə etməyə başlamışdır. Futabatey öz romanını yazmaq və tərcümələrini hazırlamaqdan ötrü müasir Yaponiya ədəbiyyatı üçün münasib dil üslubu yaratmış, klassik dilin üslubdan imtina edərək onu qembun itçi adlı üslubla əvəz etmişdir.[2]
1886-cı ilin yanvarında Futabatey ingilis ədəbiyyatının tərcüməçisi və romançı Tsuboçi Şoyo ilə dostlaşmışdır. Tsuboçu onun ilk məqalələrinin və tərcümələrinin yayımlanmasında kömək etmişdir. Onun dəstəyi ilə 1887-ci ildə Yaponiyanın ilk müasir romanı olan "Ukiqumo" romanı yayımlanmışdır. Futabateyin romanda yaratdığı "yadlaşmış" qəhrəman konsepsiyası XX əsrin Yaponiya ədəbiyyatında populyar olmuş əlil antiqəhrəman konsepsiyasının prototipi olmuşdur.[2]
1896–1909-cu illərdə Futabatey İvan Turgenevin əsərlərini yapon dilinə tərcümə etmişdir. Bu tərcümələr gənc yapon naturalistləri ilhamlandırmışdır. O, Nikolay Qoqol, Lev Tolstoy, Fyodor Dostoyevski, Anton Çexov, İvan Qonçarov və Maksim Qorki kimi rus yazıçıların da əsərlərini tərcümə etmişdir. 1904–1909-cu illər onun ən məhsuldar illəri olmuşdur: yapon və rus ədəbiyyatı haqqında məqalələr, Yaponiya və xaricdəki sosial problemlər haqqında, eləcə də, avtobioqrafik esselər yazmışdır. 1906-cı ildə Rus-yapon müharibəsi zamanı qadınların başına gələn bədbəxtliklərdən bəhs edən "Çasenqami" romanı üzərində işləməyə başlasa da, romanı heç vaxt tamamlaya bilməmişdir.[2]
1906-cı ilin oktyabr–dekabr aylarında "Sono omokaqe" (azərb. "Bu surəti") əsərini yayımlamışdır. Əsərin baş qəhrəmanı arvadı və qaynanası tərəfindən incidilən əlil kişi idi. Futabateyin son işi 1907-ci ilin oktyabr–dekabr aylarında nəşr olunmuş "Heybon" (azərb. "Adilik") adlı yarımavtobioqrafik əsər idi.[2]
Futabatey Yaponiyanın ilk esperantoçularından biri olmuşdur. O, 1902-ci ildə Vladivostok şəhərində Rusiyanın aparıcı esperantoçularından biri ilə dostlamış və esperanto dilini öyrənmişdir. 1906-cı ildə Yaponiyaya qayıdaraq rus dilindən tərcümə etdiyi esperanto dərsliyini nəşr etdirmişdir. O, daha sonra esperantodan uzaqlaşsa da, esperanto haqqında bir çox jurnal məqaləsi yazmışdır.[6]