Gəncə zərbxanası

Gəncə zərbxanasıGəncə şəhərində yerləşən sikkə zərbxanası. Güman edilir ki, Gəncədə zərbxananın fəaliyyəti Sasani dövründən başlamışdır. Zərbxana 1804-cü ilə, Gəncə xanlığının süqutuna qədər fəaliyyət göstərmişdir.

Sasani və Xilafət dövrü

[redaktə | mənbəni redaktə et]

Sasani hökmdarı II Xosrov Pərvizin adından Gəncədə zərb edilmiş sikkəsi hazırda Milli Azərbaycan Tarixi Muzeyində qorunur. Sikkənin aversində II Xosrovun surəti, reversində atəşpərəst məbədinin təsviri verilmişdir. Şəklin ətrafında Gəncə zərbxanasının monoqrammı zərb edilmişdir.

Əməvi dövründə Gəncə zərbxanasında II Xosrovun sikkə tipləri əsasında sasani-ərəb dirhəmləri zərb edilmişdir. Bu tip sikkələr h. 77-ci il (696-cı il) Əməvi xəlifəsi Əbd əl-Məlik Mərvanın pul islahatına qədər zərb olunmuşdur.

Rusiya Dövlət Ermitaj Muzeyinin numizmatika fondunda h. 94-cü ildə (712–713-cü illər) xəlifə I Validin adından Gəncədə zərb edilmiş gümüş dirhəm qorunur. Sikkə üzərində Kufi xətti ilə – "Allahdan başqa Allah yoxdur" sözləri həkk olunmuşdur. Simvolun ətrafında: "Gəncə, 94-cü il" sözləri zərb edilib. Sikkənin digər tərəfində isə Quranın 112-ci (İxlas) surəsinin 1–4 ayələrindən: "Doğulmaz və heç kim Ona tay ola bilməz" sözləri yazılıb.

Məzyədi, Salari, Şəddadi dövrü

[redaktə | mənbəni redaktə et]

Abbasilər dövründə Arran canişinləri xəlifənin adını göstərməklə öz adlarından sikkələr zərb etdirmişlər. Xilafətin zəiflədiyi dövrdə Arrana başçılıq edən ərəb canişini Məhəmməd ibn Yəzid 859-cu ildə öz iqamətgahını Bərdədən Gəncəyə köçürmüş və Gəncədə öz adına gümüş dirhəmlər kəsdirmişdir.

X əsrin ortalarında Gəncə şəhəri SalarilərinŞəddadilərin hakimiyyəti altına düşmüşdür. Bu dövrdə Gəncə zərbxanasında Şəddadi hökmdarlarının adından gümüş dirhəmlər zərb edilmişdir.

Milli Azərbaycan Tarixi Muzeyində Şəddadi hökmdarı Fəzl ibn Məhəmmədin hicri 404-cü ildə Gəncədə zərb etdirdiyi gümüş dirhəm qorunur. Sikkə üzərində dörd sətirdən ibarət müsəlman simvolu və "əl-Qadir billah" sözləri verilib. Simvolun ətrafında: 404 h. i. sözü yazılıb. Həmçinin sikkənin digər tərəfində – "Allahdan başqa Allah yoxdur, Məhəmməd Allahın rəsuludur/ xoşbəxt əmir əl-Mansur Fəzl ibn Məhəmməd Şəddadi" sözləri qeyd edilib. Həmçinin muzeydə Əli ibn Musa əl-Ləşkərin adından Gəncədə zərb edilmiş gümüş dirhəm də qorunur. Sikkə üzərində müsəlman simvolu və "əl-Kaim bi-əmr-İllah" , "Gəncə zərbi, 425-ci il""Məhəmməd Allahın rəsuludur, əmir-əzəm Əli ibn Musa əl-Ləşkəri" sözləri zərb edilib. Çərçivənin ətrafında Quranın Tövbə surəsinin 33-cü ayəsi verilib.

Şavur ibn Nəsrin h. 443-cü ildə Gəncədə zərb etdirdiyi gümüş dirhəm də Milli Azərbaycan Tarixi Muzeyində qorunmaqdadər. Sikkə üzərinə müsəlman simvolu və "əl-Kaim bi-əmr-İllah" sözləri, onun ətrafında Quranın IX surəsinin 3-cü ayəsi zərb edilib. Sikkənin digər tərfinə isə "Şavur ibn Nəsr, əl-əzəm" sözləri yazılıb.

Səlcuqilər dövrü

[redaktə | mənbəni redaktə et]

XI əsrdə Səlcuqlar Şəddadilər dövlətini süquta uğradıb Gəncəni işğal etdikdən sonra şəhər Səlcuq canişinlərinin inzibati mərkəzinə çevrilmiş və Gəncə zərbxanasında səlcuq sultanlarının adından müxtəlif növlü sikkələr zərb edilmişdir.

XII əsrin 30–40-cı illərində Gəncə sultan Məsudun varisi əmir Davudun əmir əl-ümərası və atabəyi olan Qara Sunqurun iqamətgahına cevirilmişdir. Milli Azərbaycan Tarixi Muzeyində Qara Sunqurun adından 1139-cu ildə Gəncədə zərb edilmiş mis dirhəmi qorunur. Sikkə üz tərəfində: "Əl-Muktafi, əl-sultan, əl-əzəm, Səncər", ətrafında: "Gəncə 534-cü il". əks tərəfində isə: "Billah, əl-sultan, əl-müəzzəm, Məsud malik əl-üməra Qara Sunqur" sözləri zərb edilmişdir.

Eldənizlər, Xarəzmşahlar və Monqol hakimiyyəti dövrü

[redaktə | mənbəni redaktə et]

Qara Sunqurun ölümündən sonra Gəncə Atabəy Şəmsəddin Eldənizin hakimiyyəti altına keçmiş və onun oğlu Qızıl Arslanın iqamətgahına çevrilmişdir. Bu dövrdən başlayaraq Gəncə zərbxanasında Atabəy Şəmsəddin Eldəniz, Məhəmməd Cahan Pəhləvan, Qızıl Arslan, ƏbubəkrÖzbəyin adından mis dirhəm və fuluslar zərb edilmişdir. Mis sikkələr iki tipdə- mis dirhəm və mis fulus şəklində zərb olunmuşdur. Mis dirhəmlər düzgün zərblə, üzərində "dirhəm", "sim" (gümüş) sözləri vurulmaqla, məcburi kursla tədavülə buraxılmışdır. Mis fuluslar düzgün olmayan zərblə kəsilmişdir. Sikkələrin üzərində Abbasi xəlifələrinin, İraq Səlcuq sultanlarının və Eldəniz atabəylərinin adları zərb edilmişdir.

1225-ci ildə Xarəzmşah Cəlaləddin Azərbaycanı işğal edərək Eldənizlərin varlığına son qoymuş, Gəncəni iqamətgah seçərək burada öz adından pul kəsdirmişdir. Onun mis dirhəmləri 15,5 – 17,0 qr çəki ilə zərb edilmişdir. Bu sikkələr 1231-ci ildə monqolların Azərbaycanı işğal etməsinə qədər buraxılmışdır.

Monqol işğalları gümüş böhranına son qoymuş, 1231-ci ildən başlayaraq Azərbaycan zərbxanalarında monqol xaqanlarının adından gümüş dirhəm və mis fuluslar zərb edilməyə başlanmışdır. Sikkələrin aversində "Kaan əl-adil", "Uluq Manqıl", reversində müsəlman simvolu verilmişdir. Milli Azərbaycan Tarixi Muzeyində h. 642-ci ildə (1245–1246-cı illər) Gəncədə zərb edilmiş gümüş sikkə qorunur. Sikkə üzərində müsəlman simvolu, "Gəncə 642 h." sözü və əlində ox tutmuş süvari, onun üzərində isə "Ali monqol ulus bəyi" sözləri yazılıb.

1256-cı ildə Elxanilərin tərkibinə qatılmışdır. Bu dövrdən başlayaraq Gəncə zərbxanasında Hülakü xan, Abaqa xan, Əhməd Təkudər xan, Qazan xan, Olcaytu Məhəmməd sultan, Əbu Səid və b. adından gümüş və mis sikkələr zərb edilmişdir. Sikkələr yuxarı əyyarla zərb olunmuşdur.

Cəlairi Teymuri və Qaraqoyunlu dövrü

[redaktə | mənbəni redaktə et]

XIV əsrin ortalarında Azərbaycan torpaqları Cəlairilər dövlətinin tərkibinə daxil olmuşdur. Gəncə zərbxanasında Cəlairi hökmdarları Həsən Buzurq, Şeyx Üveys, Sultan HüseynSultan Əhmədin adından gümüş dirhəm və mis fuluslar kəsilmişdir. Cəlairi sikkələrinin zərbi, fasilələrlə 1410-cu ilə qədər buraxılmışdır.

XIV əsrin sonlarında Azərbaycan Qızıl Ordunun başçısı Toxtamış xanƏmir Teymurun hücumlarına məruz qalmışdır. Bu mübarizədə Əmir Teymur qalib gələrək öz oğlu Miranşahı Azərbaycanın hakimi təyin etmişdir. 1386-cı ildən başlayaraq Azərbaycan zərbxanalarında Əmir Teymur və Soyurqatmış xanın adından gümüş dirhəmlər zərb edilməyə başlanmışdır. Dirhəmlər Cəlairilər dövlətinin pul-çəki sistemi ilə zərb edilmişdir. XV əsrin əvvəllərində Azərbaycanın pul dövriyyəsinə Cağatay pul sistemindən yeni sikkə vahidləri – təngəmiri nominalları daxil olmuşdur.

Əmir Teymurun ölümündən sonra onun imperiyası zəifləmiş, Cəlairi hökmdarı sultan Əhməd və Qaraqoyunlu tayfa birliyinin başçısı Qara Yusif Teymuriləri Azərbaycandan çıxarmışdır. Sultan Əhmədin hakimiyyətə dönüşü ilə Gəncə zərbxanası onun adından sikkə zərbini yenidən bərpa etdirmişdir. Bu sikkələr Cağatay pul-çəki sistemi ilə zərb edilmişdir.

1410-cu ildən başlayaraq Gəncə Qaraqoyunlu dövlətinin tərkibinə daxil olmuşdur. Bu dövrdən başlayaraq 1468-ci ilə qədər Gəncə zərbxanasında Qaraqoyunlu hökmdarları Qara Yusif, Pir Budaq, Qara İsgəndər, Əbu Səid, Cahanşahın adından təngə və dirhəmlər zərb edilmişdir. Qaraqoyunlu dövlətinin süqutundan sonra Gəncə zərbxanasında Ağqoyunlu hökmdarlarının adından gümüş təngə və dirhəmlər kəsilmişdir.

Səfəvi dövrü

[redaktə | mənbəni redaktə et]

XVI əsrin əvvəllərində Gəncə Səfəvilər dövlətinin tərkibinə daxil olmuş, bir az sonra Qarabağ bəylərbəyliyinin mərkəzinə çevrilmişdir. Bu dövrdə Gəncə zərbxanasında yeni tip sikkələr tədavülə buraxılmışdır.

Milli Azərbaycan Tarixi Muzeyinin numizmatika fondunda I İsmayılın adından h. 916-cı ildə (1510–1511-ci illər) Gəncədə zərb edilmiş ikiqat gümüş şahi qorunur. Sikkə üzərində dairəvi çərçivədə "La ilahə illəllah, Məhəmməd rəsul Allah, Əli vəliüllah / 916" sözləri qeyd edilmişdir. Dairənin ətrafında altı ellips formalı seqmentdə on iki imamın adı verilib. Sikkənin digər tərəfində isə dörd guşəli çərçivənin daxilində "Şah / İsmayıl / Gəncə zərbi" çərçivənin ətrafında "Sultan əl- adil / sultan əl- kamil / sultan müzəffər / sultan əl-aləm" sözləri zərb edilib.

Yeni sikkələrin aversində şiə dini simvolu, on iki imamın adı, reversində şahın adı, epitetləri, "əl-həmd Allah" sözləri, zərbxananın adı və zərb tarixi zərb edilirdi. Səfəvi şahı I Abbasın hakimiyyəti illərində Səfəvilər dövlətində pul islahatı keçirilmiş və pul dövriyyəsinə "Abbasi", "Mahmudi", "Şahi", "Bisti" adlı gümüş pul nominalları buraxılmışdır. Milli Azərbaycan Tarixi Muzeyində I Abbasın adindan h. 996-cı ildə (1587–1588-ci illər) Gəncədə zərb edilmiş gümüş abbasi qorunur. Sikkə üzərində düzxəttli, nöqtəvari və yarpaqvari çərçivənindaxilində "La İlahə illəllah, Məhəmməd rəsul Allah, Əli vəliüllüh" onun ətrafında isə on iki imamın adı verilib. Sikkənin digər tərəfində isə çərçivənin daxilində "Allah onun hakimiyyətini daimi etsin / şah Abbas / Gəncə zərbi" sözləri verilib.

Səfəvi-Osmanlı müharibələri zamanı Gəncə Osmanlılar tərəfindən ələ keçirildiyi illərdə şəhərdə osmanlı sikkələri – beşliklər və onluqlar zərb edilirdi.

Əfşarlar dövrü

[redaktə | mənbəni redaktə et]

1736-cı ildə Nadir xan Əfşar Suqovuşan qurultayında özünü şah elan edərək Səfəvilərin varlığına son qoymuş. Bu dövrdən başlayaraq Gəncə zərbxanası Nadir şahın adından gümüş "Nadiri" sikkəsi zərb etməyə başlayır. Nadir şahın Mərkəzi AsiyayaHindistana yürüşündən sonra Azərbaycanın pul dövriyyəsinə yeni pul vahidi "rupi"daxil olur. Gümüş rupinin çəkisi 11,5 qr. idi və hər birinin çəkisi 5,37 qr. olan iki gümüş abbasiyə bərabər idi. Bu dövrdə Azərbaycan zərbxanaları, o cümlədən Gəncə zərbxanası Nadir şahın Hindistana yürüşünün şərəfinə çəkisi 17,5 qr. olan mis fuluslar zərb etməyə başlayır. Bu tip sikkələrə son zamanlar Gəncə, ŞamaxıAğsu ərazisində aparılan arxeoloji tədqiqatlar zamanı daha çox rast gəlinir.

Ağsu Tarix və Diyarşünasliğıq Muzeyində belə bir necə fulus qorunur. Sikkəsinin aversində nöqtəvari və düzxəttli çərçivənin daxilində, üzü sağa baxan fil, onun üzərində isə əlində əsa tutmuş insan təsvir edilib. Reversində isə nöqtəvari və düzxəttli çərçivənin daxilində "zərb / fulus" sözləri verilib.

Nadirin ölümüdən sonra 1773-cü ilə qədər Gəncə zərbxanasında Əfşar hökmdarları Adil şah, Şahruxİbrahim şahın adından sikkələr kəsilmişdir. 1773-cü ildən Gəncə zərbxanasında Kərim xan ZəndinIII Təhmasibin adından sikkələr zərb edilmişdir. Sikkəllərin üzərində "Ya Kərim" sözləri zərb olunmuşdur.

Gəncə xanlığı dövrü

[redaktə | mənbəni redaktə et]

XVIII əsrin ortalarında Azərbaycan ərazisində yaranmış xanlıqlardan biri də Gəncə xanlığı olmuşdur. Xanlığın əsası Qacar tayfasının Ziyadoğullar sülaləsinin nümayəndəsi II Şahverdi xan tərəfindən qoyulmuşdur. II Şahverdi xanın hakimiyyəti illərində Gəncə zərbxanasında Nadir şahın gümüş sikkələrinə bənzər anonim pullar kəsilmişdir. Milli Azərbaycan Tarixi Muzeyində h. 1188-ci il (1774-cü il) Gəncədə zərb edilmiş anonim gümüş abbası qorunur. Sikənin averssində fars dilində"Zamanın sahibi, İmam sikkəsi, qızılı gümüşə, gümüşü aya çevirdi". Reversində, "Gəncə zərbi, 1188", dairənin üzərində isə "Ya Kərim" sözləri zərb edilib.

Bəzi sikkələrdə "Ya Sahib əz-Zaman" şüarı zərb edilmişdir. Bu tip sikkələr 1785-ci ilə qədər buraxılmışdır. Sikkələrin orta çəkisi 3,89 qr. olmuşdur. 1794-cü ildən başlayaraq Gəncə zərbxanası yeni tip sikkələrin zərbinə başlayır və sikkənin aversində – "Ya Əli Vəli Allah" sözləri zərb edilirdi. 1796-cı ildən başlayaraq Ağa Məhəmməd şah Qacarın Azərbaycana hücumu ilə Gəncə sikkələrinin üzərində "Ya Məhəmməd" sözləri zərb edilməyə başlamışdır.

Milli Azərbaycan Tarixi Muzeyində h. 1213-cü il (1799-cu il) Gəncədə zərb edilmiş gümüş 3 abbası qorunur. Sikkə üzərində "Ya Əli Vəli Allah" sözləri, dairəvi çərçivənin içərisində "Gəncə zərbi, 1213", dairənin çölündə "Ya Məhəmməd" sözləri zərb edilib.

1804-cü il yanvarın 3-də Gəncə xanlığı Çar Rusiyası tərəfindən işğal edildikdən sonra Gəncə zərbxanası da öz fəaliyyətini dayandırmışdır.

  1. Yaqut əl-Həməvi. Mücam əl-buldan. Bakı, 1983
  2. Həmdullah Qəzvini. Nüzhət əl-qülub. Bakı, 1983
  3. Əbdürrəşid əl-Bakuvi. "Təlxis əl-asar və əcaibəl-məlik əl-qəhhar" Bakı,1992.
  4. Мирхонд. Роузат ас-сафа Лукнов, 1904.
  5. Əhməd ibn Lütfüllah Münəccimbaşı. "Kitabi cami əd-düval".
  6. Геродот. История. Лен. 1972
  7. Пахомов Е.А. Монеты Азербайджана. Вып. I Баку, 1959
  8. Раджабли А.М. Нумизматика Азербайджана. Баку, 1997
  9. Сейфеддини М.А. Нумизматика Азербайджана I – III т. Баку, 1997-2000.
  10. Сейфеддини М.А. Монетное дело и денежное обращение в Азербайджане XII – XV вв., Баку, 1981
  11. Бакыханов А.К. Гюлиста-и Ирам. Баку, Элм, 1991, 304 с.
  12. Джафарзаде И.М. Историко-археологический очерк Старой Гянджи. Баку,1949.
  13. Ахмедов Р.Дж. Гянджа средневековья. Баку,1988.
  14. Альтман М.М. К истории Гянджи раннего средневековья. Изв.АН Аз ССР, 1947, №1.
  15. Wolker G. Cataloq. ab.the muham.Coinsis the British museum, vol. I. London, 1967.
  16. İsmayılov Rəşid Bəy. Azərbaycan tarixi. Bakı. Azərnəşr, 1993. 163 s.
  17. Vəliyev Məhəmməd Həsən (Baharlı). Azərbaycan. Bakı. Azərnəşr, 1993, 192 s.
  18. Qarabaği Mirzə Camal Cavanşir. Qarabağ tarixi. Bakı.Yazıçı. 1989.
  19. Quliyev A.A. Ağsu şəhəri orta əsrlərdə. Bakı.2010. Akif Quliyev

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]