Köçərli Həbib bəy Kərim bəy oğlu (1890-?) — rejissor, aktyor, incəsənət xadimi.
Həbib bəy Köçərli | |
---|---|
Həbib bəy Kərim bəy oğlu Köçərli | |
Doğum tarixi | |
Doğum yeri | Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Həyat yoldaşı | Qumru xanım Nərimanova |
Uşağı | Əli bəy |
Atası | Kərim bəy |
Təhsili | Leypsiq Kommersiya İnstitutu |
Həbib bəy Kərim bəy oğlu 1890-cı ildə Şuşa şəhərində anadan olmuşdu. Şuşa real məktəbini bitirmişdi. Tiflis 1-ci gimnaziyaya daxil olub, 1913-cü ildə tamamlamışdı. Almaniyanın Leypsiq şəhərində kommersiya institutunda təhsilini davam etdirmişdi.
Həbib bəy Köçərli teatr həvəskarı idi. Həm Tiflis, həm də Şuşa teatrına öz töhfəsini vermişdi.
Teatrşünas Abbas Hacıyev onun haqqında yazır: "Həbib bəy Köçərli Tiflisdə aktyor və rejissor kimi böyük şöhrət tapmışdı. O, savadlı, dünyagörüşün genişliyi, həyata, bədii əsərə, onun səhnə təcəssümünə orjinal baxışı, incə zövqü və həssaslığı ilə Tiflis Azərbaycan artistlərinin çoxundan fərqlənirdi. O, rus, gürcü, tatar və erməni aktyorları ilə əlaqə saxlayır, realist-romantik təcrübəni yayır, müxtəlif səpkili əsərlərdə bacarıqla, özünəməxsus üslubla oynaya bilir və onun təbini, səhnə istedadı ədəb mühit tərəfindən qiymətləndirilirdi".[1]
Abbas Hacıyev Həbib Köçərlinin Tiflisdəki teatr fəaliyyətinin 1905-ci ildən başlandığını göstərir: "1905-ci il inqilabından sonra Tiflis Azərbaycan teatrı mündəricəsi, hər hansı əsərin təcəssümünü verə bilmək imkanın genişliyi ilə Zaqafqaziya teatrlarının çoxundan fərqlənirdi. Çünki bu teatrda güclü aktyorlar Mirzəli Abbasov, Əşrəf Yüzbaşov, Mirseyfəddin Kirmanşahlı, Həbib Köçərli, Mustafa Mərdanov, İbrahim İsfahanlı, Göyərçin xanım, Əlibala Şahsabahlı, Əli Qurbanov, Ələkbər Seyfi, Əhməd Salahlı, Möhsün Sənani və onlarca başqa səhnə vurğunları fəaliyyət göstərirlər. Onlar faciə, dram, komediya və musiqili operattalarda eyni müvəfəqiyyətlə çıxış edir, ümumxalq məhəbbəti qazanırdılar".[2] Bizcə onun Tiflisdəki teatr fəaliyyəti 1911-ci ildən başlanır.
Həbib bəy Tiflis teatrının səviyyəsini qaldırmaq üçün teatrda həm reyissor, həm də aktyor kimi çalışırdı. O, Tiflisdə teatrın tarixinə qızıl hərflərlə yazılan tamaşalar hazırlamış, teatrın şöhrətini ölkə hüdudlarından kənara yaymışdı. Bu fenomen öz dünyasının bələdçisi kimi tamaşaçı ilə görüşürdü. H. Köçərli aktyor sənətini, rejissor əməyini dərindən duyurdu. Gənc yaşlarında özünü təcrübəli sənətkar kimi tanıtmışdı.
Həyatının məna və məzmununu səhnədə tapan Həbib bəy Köçərli qələmini bədii yaradıcılığda da sınamışdır. 1911-ci ildə "Yeni həqiqət" onun bir opera yazdığını xəbər vermişdir: "Tiflis müsəlman səhnəsində oynayan, "Səadət" dram cəmiyyətinin baş artisti məşhur Köçərlinski bütün varidatı cəmiyyətinin xeyrinə olmaqla bu yaxın zamanda bir müsəlman oprası yazıb qurtarmışdır. "Mehr və Mah" adlanır. Rusca "Ruslan və Lyudmila" operasından iqtibas etmişdir. Səhnədə oynanılmasına senzor icazə vermişdir".[3]
Mirzə Ələkbər Sabir, Həmidə xanım Cavanşir-Məmmədquluzadə onun tamaşaçıları olmuşdu. Abbas Hacıyev yazır: "Tiflisə gələndə, 1911-ci ildə, M.Ə.Sabir də xəstəliyini "unutmuş", ilk növbədə, Tiflis Azərbaycan teatrı ilə maraqlanmış, Məmmədəli Sidqi ilə bərabər yerli artistlərin ifasında "Otello" faciəsinin yeni quruluşda tamaşasına baxmışdır. Tamaşada əsas rolları teatrın güclü, nisbətən təcrübəli artistləri Mirzəli Abbasov (Otello), Həbib Köçərli (Yaqo), Tərlan xanım (Dezdemona), Əşrəf Yüzbaşov (Barabanisio) və Mirseyfəddin Kirmanşahlı (Rodriqo) aparırdılar. M.Ə.Sabir tamaşaya xəstəxanadan çıxıb gəlmişdi. "Salondakıların bir çoxunun özünü yaxşı aparması, artistlərə ehtiram göstərməməsi şairin xəstə qəlbini incidirdi. Gördüm ki, Sabir çox əsəbləşir, aparıb səhnə arxasında əyləşdirdim. Xəstə olmağına baxmayaraq, axııra kimi qalıb tamaşa etdi. Tamaşadan çox razı qaldı, hətta ayrı-ayrı aktyorları qucaqlayıb öpdü də. Otello rolu barədə böyük şair dedi ki, Otellonu Mirzəli Abbasov çox yaxşı oynayır, amma bir cəhətdə daha artıq fikir verməlidir. O da Şekspirin Otello surətinə münasibətidir. Şekspir qara irqə mənsub olan Otellonu sevir, onu ağ irqə mənsub olan alçaq Yaqodan yüksək tutur. Otellonu oynayan bir aktyorrolun bu cəhətinə fikir verməlidir".[4]
Həbib bəyin səhnə yaradıcılığının çoxu Tiflis teatrı ilə bağlıdır. Bu teatr onun aktyorluq qabiliyyətinin daha da inkişaf etməsində mühüm rol oynamışdı. Şan-şöhrəti burda tapmışdı. Abbas Hacıyev yazır: "H.Minasazov, E.Sultanov və H.Şirvanski Tiflis rus mətbuatına teatrın müvəfəqiyyət və qüsurlarından yazır, onun inkişafına mane olan əngəlləri aradan qaldırmağa çalışırdılar. Üzeyir və Zülfüqar Hacıbəyovların, Əbülfət Vəli və Həbib Köçərlinin, Mirzəli Abbasov və Mirseyfəddin Kirmanşahlının ayrı-ayrı əsərə verdikləri quruluşlar qonşu xalqların ziyalılarında belə maraq doğurur".[5]
Abbas Hacıyev yazır: "1912-ci ildə (əslində 1913-cü ildə) Tiflis Azərbaycan teatrının kollektivində müəyyən qədər dəyişiklik yarandı. Hüseyn bəy Mirzəcamalovla Həbib Kərimov (Köçərli) Tiflis Azərbaycan teatrından ayrıldılar, ali təhsil almağa getdilər"[6].
Teatrşünas İnqilab Kərimov yazır: "1913-cü ilin iyun ayında Şuşadakı "Obşestvennoe sobranie"də yerli həvəskarlar Ə.Haqverdiyevin "Ağa Məhəmməd şah Qacar" dramını tamaşaya hazırlamışdılar. Avqust ayında isə əsər yenidən Həbib bəy Köçərlinskinin bədii rəhbərliyi ilə oynanılmışdır."[7].
Həbib bəy Qumru xanım Nərimanova ilə ailə qurmuşdu. Əli bəy adlı oğlu vardı.