Ələkbər Seyfi

Ələkbər Seyfulla oğlu Seyfi (19 mart 1901, Tiflis8 dekabr 1977, Kirovabad) — Azərbaycan teatr aktyoru və inzibatçısı, tərcüməçi, Azərbaycan SSR xalq artisti (1961).

Ələkbər Seyfi
Doğum tarixi
Doğum yeri Tiflis, Tiflis quberniyası, Rusiya imperiyası
Vəfat tarixi (76 yaşında)
Vəfat yeri Kirovabad, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti aktyor, tərcüməçi
Fəaliyyət illəri 1914-cü ildən
Teatr Kirovabad Dövlət Dram Teatrı,
Bakı Türk İşçi Teatrı,
Tiflis Azərbaycan Teatrı
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1961 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1958
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ələkbər Seyfulla oğlu Seyfi 19 mart 1901-ci ildə Tiflisdə anadan olmuşdur. Ailəsinin imkanı olmadığı üçün müəyyən imtiyazlar əsasında təşkil olunmuş və fars dilində tədris olunan "İttifaq" məktəbinə verilmişdir. Mustafa Mərdanov ilə yaxın yaşayan Ələkbər Seyfi həvəskar tamaşaları izləyərək teatrla tanış olmuşdur. Səhnəyə isə ilk dəfə 13 yaşında, 1914-cü ilin əvvəllərində Tiflisə qastrola gəlmiş Hüseyn ƏrəblinskiƏbülfət Vəlinin də iştirakı ilə səhnəyə qoyulmuş Şəmsəddin Saminin "Dəmirçi Gavə" tamaşasında Bəhram rolunda çıxmışdır.[1]

1918-ci ilədək səhnə fəaliyyəti dram dərnəklərində çıxış etməkdən ibarət olan Ələkbər Seyfi Tiflisdə "İbrət" dram cəmiyyətinin yaradılmasında yaxından iştirak etmiş, oranın həvəskar aktyoru kimi komik rollarda çıxış etmişdir.[1] "İttihad" və "İbrət" cəmiyyətlərinin birləşməsindən sonra yeni truppada idarə heyətinə Əlimirzə Nə­rimanov, İsmayıl Həqqi və Ələkbər Seyfi daxil edilirlər. 1921-ci ildə Gürcüstanda Sovet hakimiyyəti qurulduqdan sonra Tiflis Dövlət Türk Dram Teatrı açılmış, Ələkbər Seyfi bu teatrın tərkibinə daxil edilərək 1922-ci ildə Türkiyədə, 1926-cı ildə isə Orta Asiyada qastrol səfərlərində olmuşdur.[2] Ələkbər Seyfi aktyorluqla yanaşı, 1922–1929-cu illərdə Tiflis Teatrında müdir müavini də işləmiş, "Yeni fikir" qəzetində həm şöbə müdiri, həm də tərcüməçi, "Dan ulduzu" jurnalında isə tərcüməçi vəzifələrində çalışmış, 1928-ci ildə yeni Azərbaycan əlifbası komitəsinə üzv seçilmiş və bu səbəbdən bir neçə aylıq teatrdan ayrılmışdır.[1]

1929-cu ilin əvvəllərində Məmmədsadıq ƏfəndiyevMustafa Quliyev tərəfindən Bakı Türk İşçi Teatrına dəvət edilmiş Ələkbər Seyfi həmin ilin iyununda Bakıya köçərək aktyor kimi işə başlamış, bir ay sonra ədəbi hissə müdiri, bir neçə ay sonra isə bədii hissə üzrə direktor müavini olmuşdur. 1930–1931-ci il mövsümündən başlayaraq o, teatrın direktoru vəzifəsini icra etmişdir. 1932-ci ildə Bakı İşçi Teatrı Gəncəyə köçürüldükdə Ələkbər Seyfi də truppa ilə birlikdə ora gedərək yaradıcılığını davam etdirmiş, 1938-ci ilin fevralınadək bu teatrın direktoru olmuşdur.[1][3]

Ələkbər Seyfi 1938-ci ilin fevral ayında həbs edilərək Sibirə sürgün edilmiş, 1956-cı ildə bəraət alaraq yenidən Gəncə Dövlət Dram Teatrına qayıtmışdır. O, burada 1956–1962-ci illərdə aktyor, 1962–1965-ci illərdə isə direktor kimi fəaliyyət göstərmişdir.[4][5]

Ələkbər Seyfi aktyorluqla yanaşı, teatr üçün bir sıra tərcümələrin müəllifi olmuşdur. O, Rabindranat Taqorun "Fəlakət" romanı üzrə səhnələşdirilmiş "Qanq qızı", Lope de Veqanın "Kələkbaz sevgili", Gilyerme Fiqeyredonun "Tülkü və üzüm", Fridrix Şillerin "Qaçaqlar"[6] və "Məkr və məhəbbət", Aleksandr Yujinin "Qızıl quş və qarğa", Vasili Şkvarkinin "Özgə uşağı", Arkadi Vasilyevin "Uzadılmış ezamiyyət", Hüseyn Muxtarovun "Şeytan nəsli", Viktor Rozovun "Sabahın xeyir", Bertolt Brextin "Üç qəpiklik opera", Georgi Mdivaninin "Konsulu oğurlayırlar" və başqa pyesləri Azərbaycan dilinə tərcümə etmiş və həmin əsərlər səhnəyə qoyulmuşdur.[2]

Teatr fəaliyyəti ilə tanınan aktyor bir neçə ekran obrazları da ifa etmişdir. O, "Azərbaycanfilm" kinostudiyasında "Səhər" (mürəttib), "Qanun naminə" (qoca kəndli), "Uşaqlığın son gecəsi" (İsmayıl dayı), "Mən ki gözəl deyildim" (hesabdar) filmlərində çəkilib.[4]

Ələkbər Seyfi 8 dekabr 1977-ci ildə[7] Kirovabadda (hazırkı Gəncə) vəfat etmişdir.[8] Gəncənin Bağbanlar məhəlləsindəki fəxri xiyabanda dəfn olunmuşdur.[9]

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]

İfa etdiyi əsas rollar

[redaktə | mənbəni redaktə et]

Ələkbər Seyfinin teatr fəaliyyəti ərzində ifa etdiyi əsas rollar:[4][6]

Tiflis teatrında
Gəncə teatrında
  1. 1 2 3 4 Мәммәдов, А; Ағамиров, А. Әләкбәр Сејфи — 75. Бакы: «Ишыг» нәшријјаты. Азәрбајҹан Театр Ҹәмијјәти. 1976. С. 5–19.
  2. 1 2 Әләкбәр Сејфи. Бакы: «Ишыг» нәшријјаты. Азәрбајҹан Театр Ҹәмијјәти. 1974. С. 8.
  3. Seyfi, Alekper Seyfullaogly // Prominent personalities in the USSR (ingilis). Metuchen, New Jersey: Scarecrow Press. 1968. səh. 552.
  4. 1 2 3 İlham Rəhimli. Ələkbər Seyfi // Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 1-ci cild. Bakı: Azərnəşr. 2016. səh. 339–340. ISBN 978-9952-8306-3-7.
  5. Сейфи, Алекпер Сейфулла оглы // Театральная энциклопедия: [в 6 т.] / гл. ред.: П. А. Марков. Т. 4. НежинСярев. М.: Советская энциклопедия. 1965. стб. 894. 40 500 экз.
  6. 1 2 Әләкбәр Сејфи. Бакы: Азәрбајҹан Театр Ҹәмијјәтинин нәшри. 1962. С. 3–9.
  7. Ә. С. Сејфи // Коммунист. № 287 (16722). 10 декабр 1977-ҹи ил. С. 4.
  8. Сејфи̇ Әләкбәр Сејфулла оғлу // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VIII ҹилд: ПрадоСпринт. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1984. С. 332.
  9. İlham Rəhimli. Ələkbər Seyfi // Azərbaycan teatr tarixi (dərslik). Bakı: Çaşıoğlu. 2005. səh. 362–363.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]