Məmmədrza Şeyxzamanov (4 avqust 1915[1], Yelizavetpol – 25 yanvar 1984[1], Bakı) — görkəmli Azərbaycan-sovet teatr və kino aktyoru,[2] Azərbaycan SSR xalq artisti (1974).[3]
Məmmədrza Şeyxzamanov | |
---|---|
Məmmədrza İsa oğlu Şeyxzamanov | |
Doğum tarixi | 4 avqust 1915[1] |
Doğum yeri | |
Vəfat tarixi | 25 yanvar 1984[1] (68 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Həyat yoldaşı | Nigar Məmmədova (Şeyxzamanova) (1921–1997) |
Uşaqları |
Kəmalə Şeyxzamanova (1939–2012) Afaq Şeyxzamanova (1956) Aytən Şeyxzamanova (1962) |
Atası | Hacı İsa Şeyxzamanov |
Anası | Balacaxanım |
Fəaliyyəti | aktyor |
Fəaliyyət illəri | 1936–1984 |
Mükafatları | |
IMDb | ID2365593 |
Məmmədrza Şeyxzamanov 1915-ci ildə Gəncədə doğulub. 2 yaşında ikən atasını itirib. Və o andan etibarən ailənin bütün yükünü anası Böyükxanım çiyinlərində daşımalı olur. 1917-ci ilə qədər evdar qadın olan anası inqilabdan sonra Gəncədəki toxuculuq fabrikində işləməyə başlayır. Bununla da evinə çörək pulu qazanır. Mənəvi xəzinəmiz olan Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymurun dediyinə görə, 1918–20-ci illərdə mövcud olan 23 aylıq cümhuriyyətimiz süquta uğrayandan sonra müstəqillik tərəfdarları arasında aparılan "təmizlənmələr" Şeyxzamanovlar nəslinə də əlini çəkir. Məmmədrzanın məmur babası Nağı Şeyxzamanov və yaxın qohumları repressiyaya məruz qalırlar. Bu da ailənin bəxtinə, taleyinə kədərli bir iz salır. Onlar hər xırda şeylərə görə təqiblərə məruz qalır, olmazın çətinliklər və problemlərlə üzləşirdilər. Bu çətinliklər Məmmədrza Şeyxzamanovun sənətində də az-çox özünü büruzə verməkdə idi. Ona layiq olduğu xalq artisti adını da çox sonralar, 1974-cü ildə verdilər. Bunların hamısını Maarif Teymura Məmmədrza Şeyxzamanovun özü danışmışdı…
1929-cu ildə ibtidai məktəbi bitirən Məmmədrza orta məktəbə daxil olur. O, müəllimlər və şagirdlər arasında istedadı, tərbiyəsi, savadı və biliyi ilə fərqlənirdi. Aktyorluq sənətinə olan maraq və həvəs isə hələ məktəb illərində öz "toxumlarını səpməkdə" idi. Ona görə də orta məktəbdə oxuya-oxuya teatr studiyasına daxil olur. 1934-cü ildə Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının rejissoru Həbib İsmayılovun təşəbbüsü ilə teatra dəvət edilir. İlk dəfə Ə. Həmidin "Hind qızı" tamaşasında Brahma adlı kiçik rolda çıxış edir. Bu, gələcək aktyorun peşəkar teatr səhnəsinə, sənət zirvəsinə doğru aparan yolda atdığı ilk müvəffəqiyyətli addımı olur. Teatrda işləyərkən peşəkar yaradıcılıq tələbləri ilə tanış olur, Azərbaycanda aktyorluq sənətinin gözəl ənənələrini mənimsəyir. Çalışdığı dövrdə "Vaqif" (Eldar), "Fərhad və Şirin" (Fərhad), "Yaşar" (İmamyar), "İki qardaş" (Yuri) və digər tamaşalarda yaddaqalan obrazlar yaradır. 1954-cü ildə Mədəniyyət Nazirliyinin əmrilə M. Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrında işə başlayır. Və elə o vaxtdan etibarən də sənət yolundakı "yaşıl işığı" daha da gur yanmağa başlayır. Yaratdığı müxtəlif səpkili obrazlarla daha çox tanınır və sevilir. Teatrda "Göz həkimi"ndə Şahbazov, "Qış nağılı"nda Poliksen, "Fərhad və Şirin"də Xosrov, "Vaqif"də Qacar, "Otello"da Otello, "Aydın"da Aydın, "Qaçaq Nəbi"də Qaçaq Nəbi, "Vaqif"də Eldar kimi bir-birindən fərqlənən, psixoloji, dramatik obrazları özünəməxsus şəkildə yaradır. Rollarını o qədər böyük aktyorluq məharəti ilə ifa edirdi ki, obrazın xarakterini aça bilirdi. Bunları azman aktyorumuz, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, xalq artisti Əliabbas Qədirov xatırlayır. Deyir ki, Məmmədrza Şeyxzamanov çox cazibədar və nadir aktyor olub. Onun səslər içində seçilən, əsl səhnə və kino səsi vardı. Elə bir səs ki, kimə məxsus olduğu zamanındaca bilinirdi. Onlar "Mahnı dağlarda qaldı", "İblis", "Zamanın hökmü" və digər tamaşalarda tərəfmüqabilləri kimi çıxış ediblər. Məmmədrza Şeyxzamanov qəhrəman obrazlarını, komik rolları daha məharətlə ifa edirdi. Buna baxmayaraq, müxtəlif xarakterli, müxtəlif səpkili obrazların öhdəsindən də bacarıqla gəlirdi. Çünki hərtərəfli inkişaf etmiş aktyor idi. Həyatda da o, təkrarolunmaz və xaraktercə mətin, zəngin dünyagörüşə malik bir şəxsiyyət olub. Mərd idi. Heç kimdən qorxmazdı. Ürəyindən keçən sözü üzə deyərdi, arxaca danışmazdı. Düzlüyü çox sevirdi. Kimliyindən asılı olmayaraq, həmişə həqiqətin tərəfdarı olardı. Elə üzünə baxanda görünürdü ki, yerini bilən adamdır. Şit, yersiz zarafatları xoşlamırdı. Amma yaxın adamları, yoldaşları arasında duzlu, məzəli zarafatları da əskik olmazdı. Bir sözlə, o, əsl Azərbaycan kişisinin tipik nümunəsi idi.
Məmmədrza Şeyxzamanov böyük ekrana ilk dəfə 1955-ci ildə çıxır. "Bəxtiyar" filmində Rəcəbov rolu ilə. Bununla da kino yolunda ilk uğurlu cığırı açılır. Daha sonra Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Dövlət Kinostudiyasının istehsal etdiyi filmlərin çoxunda çəkilir. Müxtəlif illərdə "Qızmar günəş altında"da Alı kişi, "Leyli və Məcnun"da Dərviş, "Bir qalanın sirri"ndə həkim Eldostu, "Onu bağışlamaq olarmı"da polkovnik Qurbanov, "Qatır Məmməd"də Gəncə qubernatoru, "Nəsimi"də Şeyx Əzəm kimi obrazlar yaradır.
1963-cü ildə böyük sənətkarımız Adil İsgəndərovun Sabit Rəhmanın ssenarisi əsasında quruluş verdiyi musiqili komediya filmində — "Əhməd haradadır"da Şirin kişi rolunda çıxış edir. "Əhməd haradadır" filmi Azərbaycanın sənət rəmzi sayılan Adil İsgəndərovun quruluşçu rejissor kimi çalışdığı yeganə film olub. Hələ Akademik Dram Teatrının direktoru vəzifəsində çalışarkən Sabit Rəhman, Səməd Vurğun, İlyas Əfəndiyev, Ənvər Məmmədxanlı kimi yazıçı-dramaturqlarla yaxından tanış idi, müdir təyin olunandan sonra da bu dostluq əlaqələri davam edirdi. O zaman ekranlaşdırılması üçün kinostudiyanın "papka"sında bir neçə əsər saxlanılırdı. Lakin Adil İsgəndərovun "Əhməd haradadır" xoşuna gəlir və ona kino çəkməyi qərara alır. Filmdəki rolları ifa edəcək aktyorları isə rejissor özü seçir. O, Nəcibə Məlikova, Məmmədrza Şeyxzamanov, Mustafa Mərdanov, Əliağa Ağayev, Lütfəli Abdullayev, Bəşir Səfəroğlu kimi tanınmış sənətçilərlə yanaşı Səyavuş Şəfiyev, Töhfə Əzimova, Səyavuş Aslan, Novruz Axundov, Eldəniz Zeynalov… kimi gənc aktyorları da çəkir. O zaman Azərbaycanın kino tarixində ilk dəfə olaraq 5 aktyoru təyinatla kinostudiyaya göndərirlər. Onları — Xamis Muradov, Elxan Qasımov, Tofiq Məmmədov, Əbdül Mahmudbəyov və Fikrət Əliyevi "Adil İsgəndərovun beşliyi" adlandırırdılar. Rejissorun təşəbbüsü ilə bu beşlik filmdə epizodik rollarda, kütləvi səhnələrdə iştirak edir, rejissor, assisent köməkçisi kimi çalışırdılar. Elxan Qasımov isə sürücü Əhməd obrazını yaradır. Filmin çəkilişləri Bakıda, Gəncədə, Göy-göldə, Şamxorda və Hacıkənddə aparılırdı. Bütün rəqs səhnələri və Bəşir Səfəroğlunun iştirak etdiyi kadrlar "Yaşıl teatr"da çəkilirdi. Əbdül Mahmudbəyov xatırlayır ki, filmdə Azərbaycanın azman sənətkarları ilə çiyin-çiyinə çalışdıqları üçün fəxr edir, onlardan sənətin sirlərini öyrənməyə can atırdılar. Onda Məmmədrza Şeyxzamanovun sənəti ilə bahəm şəxsiyyəti də onu heyran etmişdi. Böyük aktyor, maraqlı insan olan Məmmədrza Şeyxzamanov əsl teatr və kino xadimiydi. O, elə sənətkarlardan idi ki, böyüklüyündən, peşəkarlığından istifadə edərək heç bir tələb irəli sürməzdi. Rahat və yaradıcı sənətkar olduğundan onunla çalışmaq asandı və hamıya xoş təsir bağışlayırdı. Ümumiyyətlə, səxavətli, qəlbi təmiz, ürəyi açıq insan olub Məmmədrza Şeyxzamanov. O, hamıyla öz dili ilə danışırdı. Böyüklə böyük, uşaqla uşaq kimi rəftar edərdi. Yaxınları, dostları və tanışları arasında isə bir ləqəbi vardı — "Yaxşı kişi".
1975-ci ildə Məmmədrza Şeyxzamanov daha bir yaddaqalan obrazını yaradır. Rasim Ocaqovun İsa Hüseynovun ssenarisi əsasında çəkdiyi "Tütək səsi" filmində İsfəndiyar kişi rolunda çıxış edir. Ümumiyyətlə, yumşaqlıq, kövrəklik, humanistlik və sülhsevərlik Məmmədrza Şeyxzamanovun xasiyyətinə xas olan cəhətlərdən idi.
Məmmədrza Şeyxzamanov 1984-cü il yanvarın 25-də 68 yaşında vəfat etmişdir.[4]