Hialuron turşusu (Hyaluronic Acid)
| ||
Kimyəvi birləşmə | ||
IUPAC | (2S,3S,4S,5R,6R)-6-[(2S,3R,5S,6R)-3-asetamido-2-[(2S,3S,4R,5R,6R)-6-[(2R, 3R,5S,6R)-3-asetamino-2,5-dihidroksi-6-(hidroksimetil)oksan-4-il]oksi-2-karboksi-4,5-dihidroksioksan-3-il]oksi-5-hidroksi- 6-(hidroksimetil)oksan-4-il]oksi-3,4,5-trihidroksioksan-2-karboksilik turşu | |
Brutto- formul |
? | |
CAS | ||
PubChem | ||
Təsnifatı | ||
ATK | ? | |
Dərman forması | ||
enyeksialar, kremlər, losyonlar, kapsullar | ||
Hialuron turşusu (hialuronat, hialuronan) — birləşdirici, epitelial və sinir toxumalarının bir hissəsi olan sulfonlaşdırılmamış qlikozaminoqlikan. Bir çox bioloji mayelərin (tüpürcək, sinovial maye və s.) tərkibində olan hüceyrədənkənar matrisin əsas komponentlərindən biri. Hüceyrələrin çoxalmasında və miqrasiyasında mühüm rol oynayır.
Bu maddəyə "hialuron turşusu" adı 1934-cü ildə alman alimi Karl Meyer və J.V. Palmer tərəfindən verilmişdir.[1]
Bəzi bakteriyalar (məs. Streptokokkus) tərəfindən istehsal olunur. Hialuron turşusu həmçinin A qrupunun streptokok ekstrasellüler kapsulunun tərkib hissəsidir[2] və virulentlikdə rol oynadığı güman edilir.[3][4][5]
70 kq olan insanın orqanizmində orta hesabla təxminən 15 qr. hialuron turşusu var və onun üçdə bir hissəsi hər gün dəyişir (parçalanır və ya sintez olunur).[6]
Hialuron turşusu sinovial mayenin özlülüyünə görə məsuliyyət daşıyan əsas komponentidir. Lubrisinlə yanaşı, hialuron turşusu həmçinin bioloji sürtkü yağının da əsas komponentidir.
Hialuron turşusu, hər bir hüceyrənin qabığı şəklində olan (xondrosit) oynaq qığırdaqının mühüm tərkib hissəsidir. Hialuron turşusu bağlayıcı zülalın iştirakı ilə aqrekan monomerlərinə bağlandıqda, qığırdaqda suyu udan böyük mənfi yüklü aqreqatlar əmələ gəlir. Bu aqreqatlar qığırdaqın elastikliyinə cavabdehdilər (onun sıxılma müqaviməti). Qığırdaqdakı hialuron turşusunun molekulyar çəkisi yaşla azalır, ümumi tərkibi isə artır.[7]
Həmçinin, hialuron turşusu dərinin bir hissəsi olaraq, burada toxuma bərpasında iştirak edir. Dərinin ultrabənövşəyi şüalanmaya həddindən artıq məruz qalması ilə o, iltihablanır (“günəş yanığı”), dermis hüceyrələrində hialuron turşusunun sintezi dayanır və onun çürümə sürəti artır.
Hüceyrədənkənar matrislərdə yüksək tərkibinə görə, hialuron turşusu toxuma hidrodinamikasında, hüceyrə miqrasiyası və proliferasiya proseslərində mühüm rol oynayır, həmçinin hüceyrə səthi reseptorları ilə, xüsusən də özünün ilkin CD44 reseptoru ilə bir sıra qarşılıqlı təsirlərdə iştirak edir. Hialuron turşusunun şişlərin inkişafında iştirakı onun CD44 reseptoru ilə qarşılıqlı təsiri ilə bağlı ola bilər. Hialuron turşusu yaraların sağalma mərhələləri olan toxuma bərpası, iltihab və angiogenezdə əsas rol oynayır.[8]
Hialuron turşusunun özü CD44-ə bağlansa da, onun deqradasiya məhsullarının iltihab siqnalının ötürülməsinin makrofaq və dendritik hüceyrə reseptorları TLR2, TLR4 və ya hər ikisi vasitəsilə baş verdiyinə dair sübutlar var. Toll-bənzər reseptorlar (TLR) və hialuron turşusu anadangəlmə immun sisteminə aiddir.
Hialuron turşusu alternativ β-(1→4) və β-(1→3) qlikozid bağları vasitəsilə bağlanmış D-qlükuron turşusu və N-asetil-D-qlükozamindən ibarət olan disaxaridlərin polimeridir. Bir hialuron turşusu molekulunda disaxarid vahidləri 25.000-ə qədər ola bilər. Təbii hialuron turşusunun molekulyar çəkisi 5.000 ilə 20.000.000 a.m.u. arasındadır. İnsanlarda sinovial mayenin tərkibində olan polimerin orta molekulyar çəkisi 3.140.000 a.m.u. təşkil edir.[9]
Hialuron turşusunun tərkibində həmçinin orqanizmdə yerləşdiyi yerdən asılı olaraq 350-1900 μq/q arasında dəyişən silisium var.[10]
Hialuron turşusunun molekulu, xüsusən də onun tərkib hissəsi olan disaxaridlərin stereokimyasına görə enerji baxımından sabitdir.
Hialuron turşusu hialuronat–sintetazaları adlanan daxili membran zülalları sinfi tərəfindən sintez edilir. Onurğalılar üç növ hialuronat sintetaza malikdirlər: HAS1, HAS2 və HAS3. Bu fermentlər qlükuron turşusu və N-asetilqlükozamini ardıcıl olaraq orijinal polisaxaridə birləşdirərək hialuron turşusu molekulunu uzadır, eyni zamanda polimeri hüceyrə membranı vasitəsilə hüceyrələrarası boşluğa çıxarır (“sıxıb çıxarır”). Struktur cəhətdən mürəkkəb xətti anion polisaxaridlər ailəsinin bir hissəsidir.
Hialuron turşusu hialuronidaza adlanan fermentlər ailəsi tərəfindən parçalanır. İnsan bədənində ən azı yeddi növ hialuronidazaya bənzər fermentlər var ki, onlardan bəziləri şiş yatırıcıdır. Hialuron turşusunun parçalanma məhsulları (oliqosaxaridlər və son dərəcə aşağı molekulyar çəkili hialuronatlar) pro-angiogen xüsusiyyətlər nümayiş etdirir. Bundan əlavə, son tədqiqatlar göstərdi ki, hialuron turşusu fraqmentləri, orijinal yüksək molekulyar polisaxariddən fərqli olaraq, toxuma zədələnməsində və transplantasiya edilmiş dərinin rədd edilməsində makrofaqlarda və dendritik hüceyrələrdə[11] iltihablı reaksiyaya səbəb ola bilir.
Hialuron turşusu intraartikulyar inyeksiya yolu ilə diz osteoartritini müalicə etmək üçün təsdiq edilmişdir.[12] 2020-ci ilin meta-analizi, yüksək molekulyar ağırlıqlı HA-nın intraartikulyar inyeksiyasının diz osteoartriti olan insanlarda həm ağrıları, həm də funksiyaları yaxşılaşdırdığını müəyyən etdi.[13]
Hialuron turşusu quru göz sindromunun müalicəsi üçün süni göz yaşı[14] yaratmaq üçün müxtəlif formalarda istifadə olunur.[15]
Hialuron turşusunun bir çox toxumaların (dəri, qığırdaq, şüşəvari cisim) tərkib hissəsi olması onun bu toxumalarla əlaqəli xəstəliklərin müalicəsində istifadəsini izah edir: sinovial mayenin endoprotezləri; oftalmolojı əməliyyatlar üçün cərrahi mühit (məsələn, buynuz qişanın transplantasiyası, katarakta, qlaukoma və tor qişanın ayrılması cərrahiyyə əməliyyatları).
Hialuron turşusu kosmetik cərrahiyyədə yumşaq toxumaların hamarlanması və qırışların doldurulması üçün preparatların tərkibinə daxildir (o cümlədən dəridaxili inyeksiya şəklində). Həmçinin kosmetologiyada dəriyə qulluq vasitələrinin tərkib hissəsi kimi istifadə olunur: kremlər, pomadalar, losyonlar və s.