Sosial Demokrat Hnçak partiyası (erm. Սոցիալ Դեմոկրատ Հնչակյան Կուսակցություն) – ilk erməni siyasi partiyalarından biridir. Partiya 1887-ci ildə Cenevrədə təhsil alan Nəzərbəyov qardaşları və bir neçə digər tələbələr tərəfindən yaradılıb.
Quruluş tarixi | 1887 |
---|---|
Baş qərargah | |
İdeologiya | Sosial-demokratiya, Marksizm, Sosializm |
İdeoloji spektr | solçuluq |
Saytı | հնչակ.հայ |
Vikianbarda əlaqəli mediafayllar |
1888-ci ildə dərc olunmuş proqramda, üsyanlar kütləvi iğtişaşlar və terror yolu ilə, Türkiyənin şərqində erməni dövlətini qurmaq planlaşdırılırdı. Partiyanın üzvləri Osmanlı İmperiyası ilə yanaşı, Qafqazda da aktiv fəaliyyət göstərirdilər. 1903-cü ilin oktyabrın 14 Qnçaq üzvləri Qafqaz canişini knyaz Qolitsinə hücum edir, knyaz ağır yaralansa da sağ qalır, bir qədər sonra isə vəzifəsindən istefa verir. 1904 cü ildə onlar, Bakıdakı erməni fəhlələrini tətilə sövq etmək üçün kommunistlərlə birgə fəaliyyət göstərirdilər. Osmanlı imperiyasında partiyanın üzvləri Sasun və Zeytun üsyanlarında aktiv iştrak edir. 1915 ci ildə, türk əhalisinə qarşı terror planlayan və həyata keçirən, həmçinin Osmanlı dövlətinin düşmanları ilə əlbir olub ona qarşı vuruşmaqda olan, Qnçaq partiyasının 20 nəfər öndə qələn üzvü İstanbulda asılaraq edam edilir. Birinci dünya müharibəsindən və SSRİ nin qurulmasından sonra, partiya yalnız ermənilərin sıx yaşadığı ölkələrdə fəaliyyət göstərir. Partiyanın üzvləri 1970 – 80 ci illərdə Livandakı vətəndaş müharibəsində aktiv iştrak edirdilər. Qarabağ müharibəsi zamanı Qnçaq partiyası “Metsn Murad” adlı silahlı dəstə yaradırlar, bu dəstə Qarabağda Azərbaycan silahlı güvvələrinə qarşı döyüşlərdə iştrak edir.
Partiya bəzi yerlərdə Hnçak, Hntçak, Sosial-demokratik hnçaklar kimi də adlandırılır və bu ad partiyanın rəsmi qəzeti olan "Hnçak"dan götürülmüşdür. Sözün mənası "zəng", "çağırış" deməkdir ki, bu da partiya üzvləri tərəfindən "ayağa qalxma, aydınlanma və azadlıq üçün çağırış" mənasında istifadə edilir.
Bu gün partiyanın Ermənistanda, Livanda, Suriyada, Misirdə, Kuveytdə, ABŞda, Fransada, Kiprda, Arqentinada, Uruqvayda və İngiltərədə şöbələri fəaliyyət göstərir.
Partiyanın qurucusu olan yeddi tələbənin hər biri Rusiya imperiyasından Qərbi Avropaya təhsil almaq məqsədilə gələn ermənilər idi. Onların hamısı gənc, iyirmili yaşlarında idi və öz burjua ailələri tərəfindən dəstəklənirdi. Onlar sosial-demokratik inqilabi ideologiyasından və xüsusilə də Fridrix Engels, Georgi Plexanov və Vladimir Leninin ideologiyası onlara ciddi təsir etmişdi. Qurucu üzvlərindən biri olan Məryəm Vardanyan Sankt Peterburq şəhərində rusiyalı inqilabçılarla birlikdə işləmişdi. Türkiyə ərazisində məskunlaşmış ermənilərin inqilabi hərəkatlarını dəstəkləmək məqsədilə 1887-ci ilin avqust ayında Hnçak İnqilabi Partiyası rəsmən elan olundu. Partiyanın "Hnçak" jurnalında çap edilən ilk nəşrindəki manifestoda belə qeyd edilirdi: "İnqilabi silahlı mübarizə yolu ilə azadlığa qovuşa bilməyənlər buna layiq deyillər".[1]
Hnçak Partiyası Osmanlı İmperiyasına qarşı bir çox döyüşlərdə iştirak etmiş, erməni əhalisini Osmanlı idarəçiliyindən "azad etməyə" çalışmışdır. Bu müddət ərzində bir çox erməni intellektualları, məsələn, Smpad Pürad, Stepan Sapah-Qulyan, Aleksandr Atabekyan, Atrpet və Aram Andonyan bu təşkilata qoşulmuşdur. Erməni xalqının milli qəhrəmanlarından biri olan Andranik Ozanyan da əvvəlcə Hnçak Partiyasına qoşulsa da, partiya siyasəti ilə yaşadığı anlaşılmazlıqlardan sonra bir ildən də az müddət ərzində bu təşkilatı tərk etmiş və Daşnaksütyun partiyasına qoşulmuşdur.[2]
Erməni siyasi qüvvələrinin formalaşmağa başladığı ilk günlərdə Daşnaksütyun "Osmanlı İmperiyasının siyasətində və sistemində dəyişikliklər" tələb etsə də, Hnçak Partiyası müstəqil erməni dövlətinin yaradılmasını tələb edirdi. "Hnçak" qəzeti Hnçakların əsas rəsmi orqanı hesab olunurdu. 1894-cü ildə Afina və London şəhərlərində partiya tərəfindən aylıq sosialist elmi məcmuəsi "Qağapar" nəşr olunmağa başlamışdı ki, onun da ilk sayında "Kommunist Manifesti" erməni dilinə tərcümə olunmuşdu.
Hnçak Partiyasının ilk ümumi konfransı 1896-cı ilin sentyabr ayında London şəhərində baş tutdu.
Hnçak Partiyası Qafqazda mühüm rol oynayırdı. Belə ki, onlar Rusiyanın Qafqaz üzrə qubernatoru olan Qriqori Qolıtsinin ruslaşdırma siyasəti ilə mübarizə aparırdılar. 1903-cü ildə təşkilatın üzvlərindən olan erməni siyasi fəal Matteos Sarkisyan tərəfindən Qriqori Qolıtsinə qarşı sui-qəsd təşkil olundu. Bu siyasi fəal həmçinin 1905-1906-cı illərdə erməni-tatar qırğınları ərzində erməni özünümüdafiə qüvvələrinin təşkilatçılarından biri idi.
27 iyul 1890-cı ildə Hnçak Partiyasının fəalları Harutyun Canqulyan, Mihran Damadyanvə Hambartsum Boyaçıyan İstanbul şəhərinin Qumqapı səmtində Qərbi Ermənistan vilayətlərində reformasiyalar həyata keçirmək məqsədilə hökumətə qarşı nümayişlər keçirdi. 1890-cı illərin əvvəllərində Sason ilçəsində türk hökumətinə vergi ödəməkdən imtina edən yerli ermənilərlə türk qoşunları arasında qarşıdurma baş verdi.
1894-cü ildə Hnçak Partiyasının təşkilatçılığı və Mihran Damadyan, Hambartsum Boyaçıyan, Gevorq Çavuş və Hrayr Joğun rəhbərliyi altında Sasun üsyanı baş verdi.
1913-cü ildə Konstansa şəhərində təşkil olunan Sosial-demokrat Hnçak Partiyasının 7-ci konfransında iştirak edən Hnçak lideri Matteos Sarkisyan ("Paramaz" ləqəbli) "İttihad" təşkilatının başçılarının qətlə yetirilməsi ideyasını irəli sürdü. 15 iyun 1915-ci ildə "Paramaz" ləqəbli erməni terrorçusu və 19 yoldaşı İstanbulun mərkəzində asılaraq edam olundu.