Karbohidrat

Karbohidratlar - tərkibi Cn(H2O)m ümumi formulu ilə ifadə olunan üzvi maddələrdir (əsasən: n=m≥4, lakin n və m bir-birindən fərqlidə ola bilər). Karbohidrat sulu karbon deməkdir.

Südün tərkibində olan laktozanın struktur formulu

Karbohidrat - qlükoza, nişasta kimi mürəkkəb üzvi birləşmələrin ümumi adıdır. Karbohidratlar sadə və mürəkkəb olmaqla 2 cür olur. Sadə karbohidratlar Monosaxarid, mürəkkəb karbohidratlar isə Polimerlərdir. İki karbohidrat Disaxarid, daha çox karbohidratlar isə Polisaxaridlər adlanır.

Monosaxaridlər - hidrolizə uğramayan karbohidratlardır. Monosaxaridlər suda asan həll olur və şirin dada malikdirlər.Təbiətdə ən çox yayılan monosaxaridlər qlükoza ,fruktoza ,qalaktoza, həmçinin nuklein turşuları və ATF-in tərkibinə daxil olan dezoksiriboza və ribozadır.

Monosaxaridlərin ikisi birləşdikdə disaxaridlər əmələ gəlir. Disaxaridlər xassələrinə görə monosaxaridlərə oxşar olub suda asan həll olur və şirin dada malikdir.Disaxaridlərə çuğundur və ya qamış şəkəri(saxaroza) və süd şəkəri (laktoza),səməni şəkəri(maltoza),göbələk və yosunların şəkəri(treqaloza) aiddir.

Polisaxaridlər - çoxsaylı monosaxarid halqalarından təşkil olunmuşdur. Polisaxaridlərdə monomer halqaların sayı artdıqca onların suda həll olma qabiliyyəti azalır və şirin dadı itir. Polisaxaridlərə bitki hüceyrəsində üstünlük təşkil edən nişasta, sellüloza, heyvan hüceyrəsində olan qlükogen, həşəratların xarici skeletini təşkil edən xitin vardır.

Energetik - karbohidratlar orqanizm üçün əsas enerji mənbələrindən biridir (təqribən - 60%). Beynin, qan hüceyrələrinin, böyrək və böyrəküstü vəzinin beyin maddəsinin fəaliyyəti üçün tələb olunan bütün enerji qlükozanın oksidləşməsi nəticəsində təmin olunur. 1 q karbohidratın oksidləşməsi nəticəsində təqribən 17.6kC enerji ayrılır.

Plastik - onlar hüceyrə və subhüceyrə törəmələrinin qılafının tərkibinə daxildirlər, orqanizm üçün mühüm olan bir çox maddələrin (nukleotidlər, lipidlər, fermentlər və s.) sintezində iştirak edirlər.

Mühafizə- karbohidratlar bitki toxumlarının qılafının əsas komponentlərindəndir, cücülərin və xərçəngvarilərin xarici skeletlərinin qurulmasında, bakteriyaların hüceyrə divarlarının və bütün canlı orqanizmlərin hüceyrə membranlarının əmələ gəlməsində (xülallarla kompleks şəklində) iştirak edirdilər.

Dayaq - sellüloza və bitki hüceyrələrinin qılafının digər polisaxaridləri hüceyrələri nəinki xarici təsirlərdən mühafizə edirlər, onlar həm də bitkinin möhkəm gövdəsini, onun mexaniki və dayaq toxumlarını yaradırlar.

Ehtiyat qida maddələri- onlar orqanizmdə qlikogen (insanlarda və heyvanlarda), nişasta (bitkilərdə) şəklində toplanmağa qadirdirlər.

Karbohidratların növləri

[redaktə | mənbəni redaktə et]
  • Monosaxarid - qlükoza, fruktoza, qalaktoza, dezoksiriboza, riboza və s.
  • Disaxarid - saxaroza, laktoza,maltoza və s.
  • Polisaxarid - qlikogen, nişasta, sellüloza, xitin, pektin və s.