Mikayıl Rəhman oğlu Rəhimov (1962, Sirab, Naxçıvan rayonu) — Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının katibi, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sabiq sədri, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq deputatı, Babək Rayon Xalq Deputatları Məclisi İcraiyyə Komitəsinin sədri
Mikayıl Rəhimov | |
---|---|
Vəzifədədir | |
24 fevral 2011-ci ildən | |
Əvvəlki | Natiq Məmmədov |
Vəzifədədir | |
8 oktyabr 2010-cu ildən | |
Təmsil etdiyi | Ədalət, Hüquq, Demokratiya Partiyası |
2004 – 2010 | |
Əvvəlki | Vəzifə təsis edildi. |
Sonrakı | Vaqif Abışov |
1990 – 1995 | |
Babək Rayon Xalq Deputatları Məclisi İcraiyyə Komitəsinin sədri | |
1991 – 1994 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1962 |
Doğum yeri | |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Mikayıl Rəhman oğlu Rəhimov 1962-ci ildə Naxçıvan rayonunun Sirab kəndində anadan olmuşdur. Azərbaycan İnşaat Mühəndisləri İnstitutu və Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişdir. Təyinatla 4 nömrəli Naxçıvan Yol İstismar İdarəsində çalışmışdır. Bir müddət sonra həmin idarənin Birləşmiş Həmkarlar İttifaqı Təşkilatının sədri olmuşdur. İqtisad üzrə fəlsəfə doktorudur.[1][2][3]
Mikayıl Rəhimov 1991-ci ildən 1994-cü ilədək Babək Rayon Xalq Deputatları Məclisi İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışmışdır.[2][3]
Mikayıl Rəhimov 1990-cı illərdən aktiv siyasi fəaliyyətə başlamışdır. O, 1990-cı il tarixində keçirilmiş Naxçıvan MSSR Ali Sovetinə seçkilərdə Azərbaycan Xalq Cəbhəsi sıralarından 36 nömrəli Sirab seçki dairəsi üzrə deputatlığa namizəd olmuş və seçilmişdir.[2] O, 1995-ci ilədək deputat kimi fəaliyyət göstərmiş, eyni zamanda Ali Məclisin Rəyasət Heyətinin üzvü seçilmişdir.[3]
Mikayıl Rəhimov 8 oktyabr 2010-cu ildə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin təqdimatı ilə Mərkəzi Seçki Komissiyası üzvlüyünə namizədi olmuşdur. Müsavat Partiyasının namizədi Gülağa Aslanlı və bitərəflərin namizədi Arifə Muxtarova ilə birlikdə Mikayıl Rəhimovun namizədliyi Milli Məslisdə səsə qoyulmuş və keçirilən səsvermədə iştirak edən 95 deputatdan 93-nün lehinə, 1-nin əleyhinə səs verməsi ilə onlar Mərkəzi Seçki Komissiyasının həlledici səs hüquqlu üzvü seçilmişdirlər.[3][4]
Mikayıl Rəhimov 24 fevral 2011-ci il tarixində Mərkəzi Seçki Komissiyasının katibi seçilmişdir.[5]
Mikayıl Rəhimov 15 aprel 2016-cı il tarixində növbəti dəfə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının təqdimatı ilə Mərkəzi Seçki Komissiyası üzvlüyünə namizədi olmuş, namizədliyi digər namizədlərlə bərabər səsverməyə qoyulmuş və keçirilən səsvermədə iştirak edən 104 deputat yekdilliklə lehinə səs verməsi ilə Mərkəzi Seçki Komissiyasının üzvü seçilmişdir.[6][7] O, elə həmin gün Mərkəzi Seçki Komissiyasının iclasında MSK-nın katibi seçilmişdir.[8]
Mikayıl Rəhimov 27 aprel 2021-ci ildə yenidən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının təqdimatı əsasında Mərkəzi Seçki Komissiyası üzvlüyünə namizədi olmuş, namizədliyi digər namizədlərlə bərabər səsə qoyulmuş və keçirilən səsvermədə iştirak edən 104 deputatdan 102-sinin lehinə, 1-nin əleyhinə səs verməsi ilə Mərkəzi Seçki Komissiyasının üzvü seçilmişdir.[9][10] O, elə həmin gün Mərkəzi Seçki Komissiyasının katibi seçilmişdir.[11]
Mikayıl Rəhimov 2008-ci ilin Prezident seçkilərində prezidentliyə namizəd Qüdrət Həsənquliyev tərəfindən Mərkəzi Seçki Komissiyasında məşvərətçi səs hüquqlu üzv təyin edilmişdir.[12]
Mikayıl Rəhimov 2009-cu il bələdiyyə seçkilərində Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının səlahiyyətli nümayəndəsi olmuşdur.[13]
Mikayıl Rəhimov Azərbaycan Xalq Cəbhəsinin üzvü olmuşdur. Daha sonra Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvü olan Mikayıl Rəhimov partiyanın ilk sədri Əbülfəz Elçibəyin sədrliyi dövründə Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri olmuşdur.[3]
Mikayıl Rəhimov 2002-ci ildən etibarən Qüdrət Həsənquliyevlə birgə siyasi fəaliyyət göstərməyə başlamış, əvvəlcə Azərbaycan Xalq Cəbhəsi Partiyasının Birləşdirici Quruıtayının iştirakçısı və yeni birləşmiş Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü olmuşdur. Bu partiya qısa müddətli rəsmi qeydiyyata alınsa da, daha sonra Əli Kərimlinin sədr olduğu Azərbaycan Xalq Cəbhəsi Partiyası rəsmi qeydiyyata alınmışdır. Bu hadisədən sonra Qüdrət Həsənquliyev rəhbərliyində bir qrup keçmiş Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvləri 3 aprel 2004-cü il tarixində təsis qurultayı ilə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasını təsis etmişdir.[14]
Mikayıl Rəhimov 2004–2010-cu illər ərzində Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədri olmuşdur. 2010-cu ildə Mərkəzi Seçki Komissiyası üzvü seçildiyi üçün Mikayıl Rəhimov Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədrliyindən və partiya üzvlüyündən istefa vermişdir.[15] Partiyanın Ali Məclisinin 11 iyun 2011-ci ildə keçirilmiş iclasında Vaqif Abışov Ali Məclisin növbəti sədri seçilmişdir.[16]