Nəcib metallar — əlvan metalların bir növü olaraq qruplaşdırılır.
Azərbaycan ərazisi davamlı və uzunmüddətli qızılçıxarma sənayesinin yaradılması üçün böyük perspektivliyə malikdir. Son onilliklər ərzində aşkar edilmiş çoxsaylı qızıl yataqları və təzahürləri (həm məxsusi qızıl, həm də digər metallarla kompleksdə) bunu təsdiq edir, zira onlar potensial filizli regionlarda proqnozlaşdırılan qızıl filizləşməsinin az bir hissəsini təşkil edir.
Qızıl yataq və təzahürlərini iki qrupda birləşdirmək olar. Birinci qrupa dağ süxurlarında bilavasitə formalaşma yerində aşkar olunan köklü qızıl yataqları aid edilir. Ikinci qrup köklü qızıl yataqlarının aşınması, çöküntülərin onlardan müxtəlif məsafələrə daşınması nəticəsində əmələ gəlmiş səpinti qızıl yataqlarıdır. Səpinti qızıl yataqlarının işlənməsində əlavə texnoloji emal tələb olunmadığından iqtisadi cəhətdən çox əlverişlidir.[1]
1 yanvar 2006-cı il tarixinə Respublika faydalı qazıntı ehtiyatlarının dövlət balansında kəşfiyyatı aparılmış və sənaye əhəmiyyətli ehtiyatları təsdiq edilmiş üç məxsusi qızıl yatağının (Qızılbulaq, Vejnəli və Zod (Söyüdlü) ehtiyatları, Filizçay, Katex və Kasdağ polimetal, Qaradağ mis-porfir yataqlarının filizlərində yanaşı komponent kimi hesablanmış və təsdiq olunmuş qızıl ehtiyatları qeydə alınmışdır.[1]
Bunlardan əlavə Qoşa, Ağyurd, Pyəzbaşı, Dağkəsəmən, Gədəbəy və Ağduzdağ yataqlarının C2 kateqoriyası ilə qiymətləndirilmiş ehtiyatları sahə balansında qeydə alınmışdır.[1]
Respublikada qızılçıxarma sənayesinin yaradılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının bir sıra qızıl yataqlarının kəşfiyyatı və işlənməsi barədə" 1996-cı il 5 fevral tarixli sərəncamına uyğun olaraq 1997-ci il avqustun 20-də keçmiş "Azərqızıl" DŞ ilə ABŞ-nin "RV Investment Group Sevrvices LLS" arasında Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyəzbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektivli qızıl yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş imzalanmış və 2005-ci ildən ermənilər tərəfindən işğal edilmiş ərazidə yerləşən Söyüdlü(Zod), Qızılbulaq və Vejnəli yataqları istisna olmaqla, digər yataqlarda əlavə öyrənilmə işlərinə başlanılmışdır və bu işlərin 2008-ci ildə başa çatdırılması nəzərdə tutulur.[1]
Ağdərə rayonu ərazisində, Ağdam şəhərindən 63 km şimal-qərbdə yerləşir. Yataqda dəqiq kəşfiyyat işləri aparılmış, ehtiyatları hesablanmış və təsdiq edilmişdir. Yataq qızıl-mis-kolçedan geoloji-sənaye tipinə aiddir. Filizlər əsasən piritdən, xalkopiritdən, markazitdən, sfaleritdən, xalkozindən, kvarsdan və s. ibarətdir. Filizdə qızılın orta miqdarı 4,0 q/t, gümüş — 5,4 q/t, mis – 1,41 % təşkil edir. Yatağın əsas faydalı komponentləri qızıl, gümüş və mis; yanaşı komponentlər selen, tellur və kükürddən ibarətdir.[1]
Qazax çökəkliyinin mərkəzi hissəsində, Qazax şəhərindən 1,5–2 km cənubda yerləşir. Yataqda 10-dan artıq kvars-qızıl-polimetal damarı aşkar olunmuşdur.
Zonaların ümumi uzunluqları 1300 m-ə qədərdir. Yatağın əsas faydalı komponentləri qızıl, gümüş, mis, qurğuşun və sinkdir. Filizdə qızılın miqdarı 1 q/t-dan 30 q/t-a qədər, gümüş 10 q/t-dan 50 q/t-a qədərdir.[1]
Gədəbəy filiz rayonunun qərb hissəsində, Tovuz şəhərindən 30 km cənubda yerləşir. Yataq daxilində 9 damar tipli qızıllı sulfid zonaları ayrılmışdır. Bu zonaların əksəriyyəti şimal-qərb və meridiana yaxın istiqamətdə uzanırlar, onların qalınlığı 2,0 m-dən 15 m-ə qədərdir. Bu zonalarda filiz kütlələrinin qalınlığı 0,5–3,0 m təşkil edir.
Yatağın əsas faydalı komponentləri qızıl və gümüşdür. Şimal qərb istiqamətləri zonalarda qızılın miqdarı 4–8 q/t; meridional zonalarda isə 10 q/t-a qədər olmaqla tək-tək sınaqlarda 1000 q/t-a çatır. Laboratoriya şəraitində hazırlanmış texnoloji sxemə əsasən flotasiya üsulu ilə tərkibində 35,6 % qızıl olan konsentrat alınır.[1]
Gədəbəy şəhərinin şimal-qərb kənarında yerləşir. Hələ XIX əsrin ortalarından Gədəbəy yatağında istismar işləri aparılmış, böyük miqdarda mis, qızıl və gümüş çıxarılmışdır.
Gədəbəy yatağında qızıl və misin qalıq ehtiyatlarını müəyyən etmək məqsədilə 1990–2001-ci illərdə təkrar axtarış işləri aparılmış, həm mağara tullantılarında, həm də köklü süxurlarda olan qızılın, gümüşün və misin ehtiyatları hesablanmışdır.[1]
Azərbaycan Respublikasının Kəlbəcər və Ermənistan Respublikasının Basarkeçər (Vardenis) rayonlarının sərhəddində yerləşir. Yataq 1951-ci ildə "Qafqazqızılkəşfiyyat" Idarəsi tərəfindən aşkar olunmuş, yatağın əksər hissəsinin Kəlbəcər rayonu ərazisində yerləşməsinə baxmayaraq naməlum səbəblərə görə kəşfiyyat işləri Ermənistan SSRI Geologiya Idarəsi və Ermənistan Əlvan Metallurgiya Idarəsi tərəfindən aparılmışdır. Yatağın 23 filiz damarından cəmi 7-nin Ermənistan ərazisində yerləşməsinə baxmayaraq keçmiş SSRI Nazirlər Soveti yanında fəaliyyət göstərən Dövlət Ehtiyatlar Komissiyasında ermənilər tərəfindən təqdim edilmiş geoloji materiallarda və xəritələrdə bilərəkdən saxtakarlığa yol verilmiş, Zod yatağının bütövlükdə Ermənistana aid olması qəbul edilmişdir. Yatağın istismarına 1976-cı ildən başlanmışdır.[1]
Zəngilan rayonunda, Ağbənd dəmir yolu stansiyasından 4–5 km məsafədə yerləşir. Yataq kvars-qızıl-sulfid tərkibli damar geoloji-sənaye tipinə aid edilir. Yataq daxilində 25 qızıllı damar aşkar edilmiş və qiymətləndirilmişdir. Sənaye əhəmiyyətli qızıl ehtiyatları kvars-xalkopirit, kvars-karbonat-pirit-xalkopirit tərkibli 6 damarda toplanmışdır.
Bütün filiz damarlarının ətraf süxurlarla təması kəskindir və qalınlıqlarının 10 sm-dən 4,0 m-ə qədər dəyişkən olması ilə səciyyələnirlər.
Filizdə əsas faydalı komponent qızıldır. Ondan əlavə çıxarıla biləcək miqdarda gümüş, mis, tellur, bismut iştirak edirlər. Qızıl filizdə böyük ölçülüdür, "sərbəst" qızılın miqdarı 9,8 %, birləşmə halında isə 85,3 % təşkil edir.
Filizlərin qravitasiya-flotasiya sxemindən istifadə edilməklə zənginləşdirilməsi nəzərdə tutulmuşdur. 96,52 % qızıl, 97,38 % gümüş, 95,9 % tellur və 65 % bismut çıxarıla bilər. Yataq sənaye istifadəsinə hazırlanmışdır.[1]
Ordubad rayonunda, Ordubad şəhərindən 40 km şimal-qərbdə yerləşir. Yataq Mehri-Ordubad qranitoid massivinin endokontaktında təşəkkül tapmışdır. Damar və damar zonalarından ibarət filiz kütlələri qızıl-sulfid-kvars formasiyasına aid edilirlər. Filizdə əsas minerallar pirit və xalkopirit, ikinci dərəcəli minerallar – maqnetit, pirrotin, sfalerit, molibdenit və s.-dirlər. Qızıl filizdə əsasən sərbəst şəkildə (54 %) və sulfidlərdədir (50–55 %). Əsas faydalı komponentlər qızıl, gümüş və misdir.
Filizlər qravitasiya+flotasiya sxemi əsasında zənginləşdiriləcəklər ki, bu zaman filizdən qızılın 85 %-ni çıxarmaq olar.[1]
Ağyurd yatağından 2,0–2,5 km qərbdə, Mehri-Ordubad massivinin ekzokontaktında, paleogen yaşlı vulkanogen-çökmə süxurlarda yerləşir.
Yatağın daxilində 50-yə qədər kvars-sulfid damarları məlumdur. Onlardan 5-i nisbətən dəqiq qiymətləndirilmiş və sənaye əhəmiyyəti kəsb edir. Damarların qalınlığı 0,2 m-dən 1,5–2,0 m arasında dəyişir və əsasən kvars və piritdən təşkil olunmuşlar.
Yatağın istismarı Ağyurd yatağı ilə birgə, eyni texnoloji sxem üzrə vahid saflaşdırma fabrikində həyata keçiriləcəkdir.[1]
Pyəzbaşı yatağından 1,8–2,0 km cənubda yerləşir və yer səthindən 60–100 m dərinlikdə mağaralarla öyrənilmişdir. Əsas filizdaşıyan və filizsaxlayan struktur şimal-qərb istiqamətli (2900–3200) Nüsnüs-Kələki-Məzrə dərinlik qırılmasıdır ki, o andezit tərkibli lava-piroklastik süxurların böyük qalınlıqda kvarslaşmış, kaolinləşmiş və dəmirləşmiş zonası ilə təmsil olunmuşdur.
Filiz kütlələrinin iki morfoloji tipi ayrılır: uzunluğu 1000–1200 m, qalınlıqları 2–5 m-dən 13–20 m-ə qədər dəyişən damar zonaları və 850–900 m məsafədə uzanan və dəyişgən qalınlıqlı (90–100 m-dən 300–350 m-ə qədər) damarcıq-möhtəvi sulfid minerallaşması daşıyan metasomatitlər zolağı.
Kəlbəcər rayonunun cənub-şərqində yerləşir. Yataq ərazisində 100-ə qədər qızıllı kvars, kvars-karbonat damarı ayrılmışdır ki, onlardan 5-də sənaye əhəmiyyətli qızıl minerallaşması müəyyən olunmuşdur. Qızılın orta miqdarı 6,72 q/t olmuşdur. Asan zənginləşməsini və qızılın çıxarılmasını, eləcə də topa qələviləşdirmə texnologiyasının tətbiqinin mümkünlüyünü nəzərə alaraq, qızılın nisbətən aşağı miqdarı (1,5 q/t-a qədər) qeyd olunan damarların və damarətrafı süxurların hesabına yatağın ehtiyatlarının 3–4 dəfə artırılması ehtimalı mövcuddur.[1]
Daşkəsən rayonu ərazisində yerləşir. Qızıl filizləşməsi üst bayos yaşlı törəmə kvarsitlərdə təşəkkül tapmışdır. Yataq sahəsində bu tip törəmə kvarsitlərin bir-neçə çıxışı müəyyən olunmuşdur. Yatağın geoloji quruluşunun xüsusiyyətləri – hidrotermal-dəyişmə süxurlarının geniş yayılması, barit-polimetal damarlarının, polimetal və mis-sulfid tərkibli damarcıq-möhtəvi filizləşmə sahələrinin mövcudluğu onun yüksək perspektivliyə malik olduğunu göstərir. Hüdudlandırılmış və qismən (150 m-ə qədər) dərində öyrənilmiş "Mərkəz" filiz cismində qızılın miqdarı böyük amplitudada dəyişməklə (1 q/t- dan – 100 q/t-a qədər və daha çox), orta hesabla 8–10 q/t təşkil edir.[1]
Naxçıvan MR-da Başkəndçayın aşağı axımında, onun Əlincəçayla birləşdiyi yerdən Xoşkeşin şəlaləsinə qədər 1500 m-lik intervalı əhatə edir. Allüvial çöküntülərin müxtəlif terras səviyyələrində və delüvial çöküntülərdə sənaye əhəmiyyətli səpinti qızıl toplantıları müəyyən edilmişdir. I terras səviyyəsində qızılın miqdarı 294–448 mq/m³, II terras səviyyəsində 248–464 mq/m3arasında dəyişir. Delüvial çöküntülərdə qızılın miqdarı ayrı-ayrı sınaqlarda 172–685 mq/m³-a çatır. Yuxarı terras səviyyələrində qızılın daha çox toplandığı yatacaq səthinin açılmadığını nəzərə alsaq yatağın ehtiyatlarının daha çox olduğunu güman etmək olar.[1]
Kürəkçay hövzəsində eyniadlı çayın Çaykənd-Dozular kəsimində yerləşir. Yataqda axtarış-qiymətləndirmə işləri aparılmış və o sənaye istismarına hazırlanmışdır. Allüvial çöküntülər kənar miqdar 50 mq/m³ qəbul edilməklə hüdudlandırılmışdır.[1]