Nəhəcir abidələr kompleksi

NəhəcirCulfa rayonunda eyni adlı kəndin ərazisində və dağın ətrafında yerləşən abidələr kompleksi.

Nəhəcir abidələr kompleksi
Ölkə  Azərbaycan
Şəhər Culfa
Yerləşir Nəhəcir kəndi
Aidiyyatı tunc dövrü - dəmir dövrü
Üslubu arxeoloji abidə
İstinad nöm.1904, 1905, 1906, 1907
KateqoriyaYaşayış yeri, Nekropol
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Nəhəcir abidələr kompleksi (Azərbaycan)
Nəhəcir abidələr kompleksi

Nəhəcir qalası

[redaktə | mənbəni redaktə et]

Nəhəcir qalası Nəhəcir dağının coğrafi – strateji cəhətdən əlverişli olan hündür və sıldırım qayalı cənub hissəsi üzərindəki yastı sahədə e.ə. II minilliyə — I minilliyin əvvəllərinə aid qaladır. Qala 2001-ci ildə Naxçıvan arxeoloji ekspedisiyası tərəfindən aşkar edilmişdir.

Qala ərazisində həmin dövrə aid bazalt daşından hazırlanmış balta, kiçik həcmli daş həvəng – dibək, qara, boz və çəhrayı rəngli qab qırıqları, Nəhəcir qalası ilə həmdövr olan dağıdılmış kurqandan isə e.ə. II minilliyin əvvəllərinə aid monoxrom boyalı gil qablar əldə edilmişdir. Dağın cənub və şərq ətəklərindəki terraslarda iri qaya parçalarından siklop tipli müdafiə səddləri tikilmişdir. Divarların eni 2 – 2,5 m – dir. Qalanı Nəhəcir dağının cənub ətəyindəki düzən sahədə yaşamış və iqtisadi, mədəni cəhətdən inkişaf etmiş qədim tayfalar düşmən basqınlarından müdafiə məqsədi ilə tikmişlər.

I Nəhəcir Culfa rayonunun Nəhəcir kəndinin şimal – şərqində Tunc dövrünə aid yaşayış yeridir. Şimaldan Nəhəcir dağı, cənubdan Nəhəcir kəndi ilə məhdudlaşır. Sahəsi 10 ha, mədənin təbəqəsinin qalınlığı 3 m olan yaşayış yerindən monoxrom boyalıboz, qara rəngli gil qab qırıqları, dən daşları sürtgəclər, həvəngdəstələr və sair aşkara çıxarılmışdır.[1]

Yaşayış yerindən tapılmış anqoblu (şirli) monoxrom boyalı qablardan birinin üzərində qara boya ilə xırdabuynuzlu heyvanın boğazına bağlanmış ipdən tutan kişi təsvir olunmuşdur. Rəsmdə adamın duruşu elədir ki, burada bəsit təsərrüfat – məişət səhnəsini təsəvvür etmək çətindir. Ən başlıcası odur ki, kişinin əlləri yuxarıya – səmaya qalxmışdır. Bu ayin, çox güman ki, Azərbaycanın orta Tunc dövrü tayfalarının etiqadını göstərir. Bu ayin səhnəsi Gəmiqayadakı rəsmlərlə tam eyniyyət təşkil edir. Tapıntıların təhlilinə əsaslanan mütəxəssislər, əlverişli coğrafi və strateji mövqedə olan bu yaşayış yerinin ərazisində insanların e.ə. III minilliyin sonlarından məskunlaşamağa başladığını ehtimal edirlər.[2]

I Nəhəcir nekropolu

[redaktə | mənbəni redaktə et]

I Nəhəcir nekropolu I Nəhəcir yaşayış yerinin şimal qurtaracağında yerləşən Tunc dövrünə aid arxeoloji qabidədir. Buradakı daş və torpaq kurqanlardan Azərbaycanın Boyalı Qablar mədəniyyətinin ilk mərhələsi (e.ə. 22 – 18-ci əsrlər) üçün səciyyəvi olan monoxrom boyalı küplər, cızma və basma naxışlı boz və qara rəngli saxsı qablar və s. əldə edilmişdir.

Monoxrom qabların üzəri dalğalı və sınıq xəttlər, həndəsi fiqurlar (üçbucaq, dairə vəs.) insan və heyvan rəsmləri ilə bəzədilmişdir. Biyalı qabların üzərindəki heyvan, quş və adam rəsmləri motivinə, ölçülərinə və sxematikliyinə görə Gəmiqaya rəsmləri ilə eyniyyət təşkil edir.

II Nəhəcir Culfa rayonunun Nəhəcir kəndinin qərbində yerləşən orta əsrlərə aid arxeoloji abidədir. Abidə şimaldan Nəhəcir dağı ilə məhdudlaşır və onun yamacı boyunca ensiz zolaq şəklində şimaldan şərqə doğru uzanır. AMEA – nın Naxçıvan Regional Elmi Mərkəzinin arxeoloji ekspedisiyası tərəfindən 1991-ci ildə, abidədə, kəşfiyyat xarakterli tədqiqatlar aparılmışdır.

Yaşayış yerində tikinti qalıqlarına, iki yerdə böyük kül təpəsinə təsadüf edilmiş, çəhrayı rəngli küpə vəkasa tipli şirsiz və şirli saxsı qab qırıqları (həndəsi və nəbati naxışlarla bəzədilmişdir) toplanmışdır.

II Nəhəcir nekropolu

[redaktə | mənbəni redaktə et]

Nekropol II Nəhəcir yaşayış yerinin qərb tərəfində uzunsov təpənin üzərində yerləşir. Orta əsrlərə aid olan nekropoldakı qəbirlər qərb – şərq istiqamətindədir. Nekropolda daşdan təbii böyüklükdə çoxlu qoç fiqurları (XV – XVI əsrlər) olmuşdur. Qəbirüstü abidələr olan bu fiqurların üzəri müxtəlif rəsm və işarələrlə bəzədilmişdir.

III Nəhəcir Culfa rayonunu Nəhəcir kəndindən qərbdə, Qahab kəndi yaxınlığında yerləşən Dəmir dövrünə aid yaşayış yeridir. Abidə 1990-cı ildə AMEA – nın Elmi Mərkəzinin arxeoloji ekspedisiyası tərəfindən qeydə alınmış və kəşfiyyat xarakterli tədqiqatlar aparılmışdır. Hazırda yaşayış yerində yonulmamış qaya parçalarından iki cərgə düzbucaqlı planda inşa edilmiş böyük binanın qalıqları saxlanmışdır. Yerüstü materiallar çəhrayı və boz rəngli gil qab qırıqlarından ibarətdir. III Nəhəcir yaşayış yerinin e.ə. VI – IV əsrlərə aid olduğu güman edilir.

  1. Həbibullayev O. H. (rus.) – Kültəpədə arxeoloji qazıntılar, Bakı, 1959
  2. V. H. Əliyev – Tarixin izləri ilə, Bakı, 1975