Gəmiqaya petroqlifləri

Gəmiqaya petroqlifləriKiçik Qafqazın Ordubad dağlarında, Qapıcıq dağının cənub və şərq yamaclarındakı Nəbi yurdunda, Qaranquş yaylaqlarında yerləşən qayalarda çəkilmiş petroqlif-piktoqramlar, Azərbaycan mədəniyyətinin ən qədim nümunələrindən biri.[1] Gəmiqaya rəsmləri 1968-ci ildən tədqiq olunmaqdadır. Naxçıvan MR Ali Məclisi "Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq olunması barədə" 26 aprel, 2001-ci il tarixli sərəncam qəbul etmişdir.

Gəmiqaya petroqlifləri
Xəritə
39°09′31″ şm. e. 45°55′28″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Ordubad
Yerləşir Nəsirvaz kəndi
Aidiyyatı tunc dövrü - dəmir dövrü
Üslubu arxeoloji abidə
Vəziyyəti Açıq səma altında muzey
Rəsmi sayt gemiqaya.nakhchivan.az
İstinad nöm.38
KateqoriyaQayaüstü təsvir
ƏhəmiyyətiDünya əhəmiyyətli
Gəmiqaya petroqlifləri (Azərbaycan)
Gəmiqaya petroqlifləri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Arxeoloqlar Qaranquş yaylağında qayaüstü rəsmlərin həkk olunduğu ərazidə Azərbaycanın qədim sakinlərinə aid yurd yerlərinin qalıqlarını aşkara çıxarmış, müəyyənləşdirmişlər ki, Alp çəmənlikləri ilə zəngin olan Gəmiqaya — Qaranquş yaylağı Naxçıvanın qədim sakinlərinin əsas ov məskənlərindən biri olmuşdur.[2] Sonralar isə buralar Araz sahilində, eləcə də Naxçıvançay, Əlincəçay, Gilançay vadilərində yaşamış tayfaların yaylaq yerləri olmuşdur. Elə həmin dövrlərdən buradakı qayalar üzərində insan və müxtəlif heyvan (keçi, maral, öküz, quş və s.) rəsmləri, yay-oxla keçi ovlanması səhnəsi, ayrı — ayrı işarələr və s. təsvirlər həkk edilmişdir.[3]

Gəmiqaya təsvirlərinin və oradakı qədim yurd yerlərinin azı 8–7 min il yaşı var. Tədqiqatlar nəticəsində orada yaşamış əhalinin həyat tərzini və mədəni inkişaf yollarını izləmək mümkün olmuşdur. Gəmiqaya rəsmləri 1968-ci ildən öyrənilir.[4]

Naxçıvan Muxtar Respublikası Ali Məclisi "Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq olunması barədə" 2001 il 26 aprel tarixli sərəncam qəbul etmişdir. Həmin sərəncamdan sonra 2001–2005-ci illərdə Gəmiqayada arxeoloji ekspedisiyaların fəaliyyəti canlanmış, hərtərəfli tədqiqatlar aparılmağa başlanılmış, müxtəlif təsvirlər aşkar edilmişdir.

Tədqiqatlar nəticəsində Naxçıvanın qədim memarlığı üçün səciyyəvi olan dairəvi planlı yurd yerləri (tikililərin divarlarının diametri 5–12 m olub, iri və orta həcmli qaya parçalarından qurulmuşdur) və qayaüstü təsvirlər (həmin yurd yerlərinin ətrafındakı qayalar üzərindədir) aşkara çıxarılmışdır.[4] Bu qədim təsviri sənət əsərlərinin böyük əksəriyyətini heyvan rəsmləri–keçi, öküz, maral, it, bəbir, canavar və s. təşkil edir. Heyvan rəsmləri bir qayda olaraq, tək-tək, qoşa və sürü halında təsvir olunmuşdur. Onların çoxu keçi rəsmləridir.[5]

Gəmiqaya rəsmləri 1968-ci ildən tədqiq edilməkdədir. Tədqiqatlar nəticəsində Naxçıvanın qədim memarlığı üçün səciyyəvi olan, eyni zamanda Gəmiqaya abidələri ilə həmdövr olan digər Yaxşın Şərq abidələrində də müşahidə olunan dairəvi planlı yurd yerləri və qayaüstü rəsmlər aşkara çıxarılmışdır.[4] Yaşayış yerlərində tikililərin divarlarının diametri 5 – 12 m olub, iri və orta həcmli qaya parçalarndan qurulmuşdur. Gəmiqaya yaşayış yerindən aşkarlanmış qədim təsviri sənət əsərlərinin böyük əksəriyyətini heyvan rəsmləri – keçi, maral, öküz, it, bəbir, canavar və s. təşkil edir. Heyvan rəsmləri bir qayda olaraq, tək – tək, qoşa və sürü halına təsvir olunmuşdur. Gəmiqaya rəsmləri kompozisiyalarının sadə və mürəkkəbliyinə, eləcə də, süjetlərinə görə bir – birindən seçilir. Öküz rəsmləri realist üslubda, buynuzları uzun və qövsvari əyilmiş şəkildədir. Öküz qoşulmuş araba təsvirləri də vardır.[6]

İnsan rəsmləri tək halda və kompozisiyalı səhnələrdə verilmişdir. Bəzi insan rəsmləri zoomorfik əlamətlərlə fantastik şəkildə təsvir edilmişdir. Aşkar olunmuş rəsmlər arasında ovçuların ox və kamanla, kəməndlə və s. ilə silahlandığı ov səhnələri. Rəqs səhnələri diqqəti cəlb edir.[7]

Gəmiqayada çox maraqlı piktoqrafik xarakterli rəmzi işarələr – dairələr, dördbucaqlı, üçbucaqlı, çərxifələk (svastika) nişanı və s. həkk olunmuşdur.[4] Bu cür işarələr Naxçıvanda I Kültəpənin e.ə. II minilliyə aid Orta Tunc dövrü təbəqəsindən əldə edilmiş gil lövhə üzərində, boyalı qablar üzərində də cızılmışdır.[8]

Gəmiqaya petroqliflərinin analoji abidələrlə müqayisəli təhlili Azərbaycanın qədim əhalisinin mənəvi mədəniyyəti və incəsənəti haqqında elmi nəticələr söyləməyə imkan vermiş və onların qədim Azərbaycan təsviri sənətinin Naxçıvan mədəniyyətinə aid olduğunu göstərmişdir.[9]

Təsvirlər və onların interpretasiyası

[redaktə | mənbəni redaktə et]

Gəmiqaya rəsmləri kompozisiyalarının sadə və mürəkkəbliyinə, eləcə də, süjetlərinə görə bir-birindən seçilir. Heyvan rəsmləri tək, qrup halında və astral işarələrlə birgə təsvir edilmişdir.[4] Bu təsvirlər arasında heyvanların mübarizəsi səhnəsi xüsusilə diqqətəlayiqdir. Öküz rəsmləri realist üslubda, buynuzları uzun və qövsvarı əyilmiş şəkildədir. Öküz qoşulmuş araba təsvirləri də vardır.

Astral rəsmlər Günəş, Ay, Venera və digər Göy cisimlərini simvolizə edir. Bu təsvirlər Naxçıvanda məskunlaşan əkinçi — maldar tayfaların inancları ilə bağlıdır. Tədqiqatlar Veneranı simvolizə edən rəsmlərin ekizlik kultu ilə bağlı olduğunu göstərir.[10]

İnsan rəsmləri tək halda və kompozisiyalı səhnələrdə verilmişdir. Bəzi insan rəsmləri zoomorfik əlamətlərlə fantastik şəkildə təsvir edilmişdir. Aşkar olunmuş rəsmlər arasında ovçuların ox və kamanla, kəməndlə və s. ilə silahlandığı ov və rəqs səhnələri diqqəti cəlb edir.

Gəmiqaya təsvirlərinin öyrənilməsi Naxçıvanın qədim sakinləri ilə türk xalqlarının ideologiyası arasında geneti bağlılıq olduğunu təsdiq edir.[11] Bu təsvirlərdə yerli əhalinin qədim inancları əks olunmuşdur. Bu inanclara görə Tanrılar, xeyirxah qüvvələr Göydə, O biri dünya insanların yaşadığı dünyanın altında, yaxud onların ətrafındadır.[4] Bir-birinə qarşı qoyulan bu dünya və obiri dünyadakı proseslər qarşılıqlı əlaqədədir. Ölüm həyatın dəyişilməz şərti, canlıların daimi intibahının və təzələnməsinin rəhnidir. Göyün, Yerin və O biri dünyanın sahibi mifoloji obrazlarla verilmişdir. Bu varlıqlarla əlaqə yaradılması, dua edilməsi, qurban kəsilməsi və digər ayinlərin icra edilməsi həyatdakı uğurlarının əsas təminatıdır.[4]

  1. "Azərbaycan Respublikası Xarici İşlər nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı idarəsi". 2012-01-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-06-17.
  2. "Rising of the Art". 2013-02-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-06-29.
  3. "Topography of Gamigaya drawings and a legend of NUH". 2016-03-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-06-29.
  4. 1 2 3 4 5 6 7 V. H. Əliyev – Gəmiqaya abidələri, Bakı, 1993
  5. "Nakhchivan has made valuable gifts to world world civilization". 2020-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-29.
  6. N. Müseyibov – Qobustan və Gəmiqaya işarələrindəki bir qrup işarələr haqqında, "Azərbaycanın qədim və orta əsrlər tarixinin problemləri" kitabında, Bakı, 1992
  7. Наскальная живопись Гямигая". Arxivləşdirilib 2019-08-08 at the Wayback Machine İRS jurnalı
  8. Vəli Baxşəliyev, Naxçıvanın arxeoloji abidələri, Bakı, 2008
  9. AMEA, Naxçıvan Ensiklopediyası, Bakı, 2002, səh 164, Gəmiqaya rəsmləri məqaləsi.
  10. N. Müseyibov, Ə. Bədəlov – Gəmiqaya işarələri, Naxçıvan Dövlət Universitetinin elmi əsərləri, 1999, № 5
  11. N. Müseyibov – Gəmiqayada aşkar edilmiş yeni qayaüstü rəsmlər, "Azərbaycanın qədim və orta əsrlər tarixinin problemləri" № 2, 2001