Bu məqaləni vikiləşdirmək lazımdır. |
Nağı Hacıbayramlı və ya Hacıbayramlı Nağı Bayramgil (1902, Kosalı, Qarayazı rayonu – 1987, Ankara) — bolşevik kommunist hakimiyyətinə qarşı Qarayazı gizli təşkilatın üzvü, kolxoz quruculuğuna qarşı Qarayazı kəndli qiyamının iştirakçısı, bəzi halda rəhbəri, siyasi mühacir[1][2][3].
Nağı Hacıbayramlı | |
---|---|
Doğum tarixi | 1902 |
Doğum yeri | |
Vəfat tarixi | 1987 |
Vəfat yeri | |
Həyat yoldaşları |
Nigar xanım Hacıbayramlı Əminə xanım Bayramgil |
Uşaqları | Hacıkişi Hacıbayramlı, Allahyar Hacıbayramlı, Fatma Hacıbayramlı, Orxan Bayramgil, Attila Bayramgil, Alpaslan Bayramgil, Ülkər Bayramgil |
Atası | Mustafa Hacıbayramlı |
Anası | Fatma xanım Hacıbayramlı |
Fəaliyyəti | siyasətçi |
Partiyası |
Nağı Mustafa oğlu Hacıbayramlı Tiflis qəzasının Qarayazı pristavlığının Kosalı kəndində 1902-ci ildə mülkədar ailəsində anadan olmuşdur. Atası Mustafa Hacıbayramoğlu (1870–1916) zamanəsinin qabaqcıl fikirli, zəngin insanlarından biri olmuşdur. Çox böyük sürüləri, naxırları, qışlaq və yaylaqda otlaq yerləri, əkin sahələri, bağları, kənddə, pristavlıqda, Tiflis şəhərində mülkləri, digər daşınmaz əmlakları, çoxsaylı ticarəti, bankda hesabı və möhürü olmuşdur.
Çar Rusiyası dövründə var-dövləti qiymətləndirilərkən bir milyon o zamankı pul vahidində dəyərləndirilmişdir. Birinci dünya müharibəsinin başlanması eləcə də Çar Rusiyasında baş verən məlum siyasi hadisələr mülkün rəsmiləşdirilməsinə mane olmuşdur. İndiki Qardabani, keçmiş Qaratəpədəki mülkünə dəmiryol vağzalından XIX əsrin sonlarında elektrik xəttinin çəkilməsi, süd-yağ və tikiş məhsullarının istehsalı üçün sənaye miqyaslı maşınlarının Qaratəpəyə gətirilməsi, böyük un dəyirmanının inşaası, aclıq illərində öz vəsaiti hesabına Odessa şəhərindən vaqonla unun gətirdib təmənnasız xalqa paylanılması Nağı Hacıbayramlının atası Mustafa Hacıbayramoğlu tərəfindən edilmişdir[2]. Kosalı, Nəzərli kəndlərinin ağsaqqallarının ümumi iclası əhalinin vəsaiti hesabına kənddə məktəb açılmasına qərar vermiş və bu işin icrasına tapşırılanlardan biri Mustafa Hacıbayramoğlu olduğu göstərilmişdir[4].
Dövrünün çox nüfuzlu şəxslərindən olan Mustafa Hacıbayramoğlu indi də Qarayazıda müxtəlif fikirlərin qısa ifadəsində insanların məsəl yeridir. Mustafa Hacıbayramoğlu övladlarının təhsil alması və Tiflis şəhər işguzar mühitinə qarışmasında mühüm işlər görmüş, oğlu Nağı 1919-cu ildəTiflisdə dördillik rus dilində kommersiya təmaüllü gimnaziyanı bitirmişdir[2].
1916–1919-cu illər Mustafa Hacıbayramoğlunun ailəsi üçün çox ağır bir dövr olmuşdur. 1916-cı ildə Qarayazı pristavının xalqın malını talan edən, bolşeviklərə xidmət edən qaçaq ilə xaincəsinə sövdələşməsi nəticəsində Mustafa ağa öldürülür. Daha sonra 1917-ci ildə onun böyük oğlu Musa belə bir acı tale yaşayır. 1918–1919-cu illərdə iki övladı və həyat yoldaşı Fatma xanım vəfat edir.
Atalarını itirmiş, yurdda qalan Hacıbayramlıların yeniyetmə və çox gənc övladlarının: Yunisin, Qurbanın, İsaxanın, Aslanın və Nağının göstərdikləri birlik və şücaət nəticəsində xəyanətkarlar layiqli cəzalarını alırlar.
Nağı 1920-ci ildə Qaraçöpün nüfuzlu şəxslərindən olan Talıblı Hacı Cəfər oğlu Məmmədin qızı Nigar xanım ilə ailə qurmuşdur. Nigar xanımın anası Fatma xanım Qarayazının Kosalı kəndində yaşayan İman evi nəslindən olmuşdur. Hacı Cəfəroğlu Məmməd ağa nəinki Qarayazıda tanınmış, o eyni zamanda Qazaxlı Cahandar ağa və o dövrün bir çox tanınmış adamları ilə dostluq etmişdir[3].
1921-ci ilin fevral ayında Gürcüstanda Sovet hakimiyyəti qurulur. Bunun nəticəsi olaraq Hacıbayramlıların mülkləri, var-dövlətləri müsadirə olunur. Bu dövrdə ölkədə güclü aclıq və iqtisadi tənəzzül baş verir. Vəziyyətdən çıxmaq üçün 1924-cü ildə Sovet hökuməti Yeni İqtisadi Siyasət proqramını qəbul edir. Buna uyğun olaraq Hacıbayramlılar da yenidən var-dövləti bərpa etməyə başlayırlar. Bunun ardınca ölkədə kolxoz (kollektiv təsərrüfat) quruculuğuna keçilməsi barədə qərar qəbul edilir. Qərara görə keçmiş mülkədarların yeni mülkləri ilə yanaşı qolçomaqların, bütün təbəqədən olan kəndlilərin torpaqlarının, mal-qaralarının, qoyunlarının, öküzlərinin, arabalarının, kotanlarının və s. bu kimi mülklərinin kolxozda cəmləşdirilməsi kampaniyası aparılır. Gürcüstan SSR-də əvvəlcə Candar kolxozunun sonra ayrıca təsərrüfat olan Udabno qoyunculuq sovxozunun əsasını Hacıbayramlıların Yeni İqtisadi Siyasətindən əvvəl müsadirə edilmiş qoyun sürüləri təşkil etmişdir[2][3].
Dövlətin kolxoz siyasətinə qarşı bütün kəndlilər, onların qabaqcıl dəstəsi olan qolçomaqlar və keçmiş mülkədarlar tərəfindən böyük etiraz dalğası başlayır. Qarayazının Kosalı və Nəzərli kəndlərində Hacıbayramlı Qurban ağa, qardaşı Nağı və əmisi oğlanları İsaxan və Aslan qiyamçıların önündə durur. Çox gənc lakin nüfuz sahibi olan bu insanlar barədə Vahid Ömərlinin çox dəyərli, fundamental kitabında[2] yaşlıların söylədikləri və əldə olan sənədlər əsasında müfəssəl məlumat verilmişdir. Bunlardan əlavə Qurban ağa Mustafa oğlu Hacıbayramlı kənd burjuaziyasının təmsilçisinə, böyük siyasi düşüncə tərzinə qədər yüksəlmişdir. Zəmanəsinin tanınmış, nüfüzlu şəxsiyyəti olan bu insan haqqında heç şübhəsiz böyük tədqiqat işləri aparılacaqdır. Onun Azərbaycan, xüsusən Qarayazı ictimai fikir tarixinə verdiyi töhfələr qiymətləndiriləcəkdir.
Nağı Hacıbayramlının çap edilmiş xatirələrində[5] 1929-cu ilin oktyabr ayının 27-də səhər tezdən Qarayazıda kolxoz qurucularına qarşı kəndli qiyamının baş verməsi, kommunist-bolşevik hakimiyyət nümayəndələrinin qovulması, 1929-cu ilin dekabrın 16-da daxili işlər orqanlarının milis qüvvələrinin kəndə hücüm etməsi və başlanılan döyüş nəticəsində milis qüvvələrinin məğlub edilməsi və bir çoxlarının əsir almağa müvəffəq olmaları, 1930-cu il martın 11-də sübh tezdən Qırmızı Ordu hissələrinin iki tərəfdən Qarayazı meşəsində qiyamçıları mühasirəyə alması və ordu qüvvələri ilə apardıqları döyüş, 1930-cu ilin martın 20-də sülh bağlanılması şərtlərini razılaşdırmaq üçün hökumət qüvvələri ilə qiyamçılar arasında Qarayazı meşəsində görüş keçirilməsi göstərilir.
Nağı Hacıbayramlının 1928–1930-cu illəri əhatə edən xatirələri V. Ömərlinin kitabında[2] dolğun verilmiş və əhatəli təhlil edilmişdir. Bununla yanaşı, Nağı Hacıbayramlının düşüncə dairəsini və şəxsiyyətini qiymətləndirmək üçün rus, gürcü və azərbaycan ədəbiyyatında və bu xalqların gündəlik məişət həyatında rast gəlinməyən bir "təşəkkürün" tarixcəsini və onun sülh danışıqlarındakı mövqeyinin bir anını o özü belə qələmə almışdır[5].
Beriya sülh təklifi irəli sürür. 20 mart 1930-cu il sülh danışıqlarını aparan heyətin tərkibində QPU rəislərindən olan Qeorqadze də vardır. Nağı Hacıbayramlı yazır:
"Qeorqadze çıxışlarına başladı və nəhayət irəli sürdükləri hiyləgər və aldadıcı sözlərinə gəlib çıxdı. Qeorqadzenin sözlərinə cavab olaraq onlarla heç bir münasibətimiz qalmadığını və silahla çözülən məsələnin həll ediləcək heç bir tərəfi olmadığını bildirərək Beriyanın bizi tələyə salaraq məhv etdirmək üçün hiylələrə əl atdığını bildirdim və təklifi rədd etdim”. Sülh danışıqlarına başlamamışdan əvvəl Qeorqadze QPU cəlladı Popovdan mənə salam gətirdiyini söylədi. Popovun onu necə tanıması barədə xatirələrində göstərir ki, “1928-ci ildə qardaşım Qurbanı həbs etdilər və onun sağ olub olmaması haqda xəbərin çıxmadığını görüb QPU idarəsinə gedib məsələni öyrənmək qərarına gəldim. Baxmayaraq ki, məni də eyni aqibət gözləyirdi. İdarədə sərt-sərt üzümə baxan Popov məsələni öyrəndikdən sonra “ölümü yaxınlaşmış qardaşınızı hələ öldürməmişik” dedi. Beş dəqiqəlik görüş istədim, “üç dəqiqə ərzində yanımda görüşmənizə icazə verirəm” deyərək rus dilində danışmağımızı da şərt qoydu. Aradan bir müddət keçmişdi saqqalı uzanmış, rəngi solmuş, işgəncə görmüş bədəni qan içində və üstündən sulu palçıq tökülən qardaşımı ayaq üstə çətin dura bilən bir vəziyyətdə gətirdilər. Qardaşımı bu halda görən kimi gözlərimin yaşlarını saxlaya bilməyərək və “bu nə vəziyyətdir” deyə rus dilində soruşdum. Qardaşım acı-acı gülümsəyərək “vəziyyəti məndən yox, Popovdan soruş” deyə cavab verdi. Popovun üzünə baxdım. Popov saata baxdı və “üç dəqiqə tamamdır” deyə sərt əmr verərək qardaşımı öpməyə belə imkan verməyərək bizi bir-birimizdən ayırdı. Popova baxaraq “vicdanınıza təşəkkür edirəm” dedim və oradan ayrıldım. Qanlı cəllad məni geriyə çağıraraq bu necə təşəkkür etmək olduğunu sərt-sərt soruşdu. Təşəkkürümün mənasını anlamaqda çətinlik çəkməyən Popova sizdən başqa qardaşımı görməyimə heç kim icazə verməzdi, yaratdığınız imkana görə təşəkkür etdiyimi söylədim. Popov tərəddüd içində qalmış kimi görünərək, yenə üzümə sərt-sərt baxaraq “bura QPU olduğunu bilirsən deyilmi” deyə vəhşi heyvan kimi məni parçalayacaq bir görkəm almışdır. “Haydı, rədd ol get” deyərək sözünü bitirdi. Beləliklə, Popovla tanış olmağımız belə olduğu halda mənə salam göndərərək Tiflisə qonaq dəvət etmişdir. Popovun salamını gətirən Qeorqadzeyə mən də siyasi bir cavab verərək yaxında qonaqları olacağımı söyləməsini və təşəkkürümü bildirməsini rica etdim. Popov mənə işgəncə verməklə öldürməyə fürsət axtarırdı. Qızıl cəllad haqqında eyni fikrə məndə malik olduğum halda, nə o məni arzuladığı kimi tələyə sala bildi və nə də mən onu tuta bildim. |
Qarayazı qiyamının başlanmasının səbəbləri, onun iştirakçıları, sürgündən qaçıb gələn Qurban ağa tərəfindən qiyamın Zaqafqaziya silahlı üsyanına çevirilməsi yolları, qiyamın qazandığı uğurlar və məğlubiyyətinin əsas səbəbləri mənbə[2]-də verilmişdir. Qiyamdan bir qədər sonra yaranmış şəraitin siyasi qiymətini verərək Qurban ağa Hacıbayramlı kommunistlərə qarşı mübarizələrinin Türkiyə ərazisindən aparılmasına qərar verir. 1930-cu ilin iyul ayında Qurban ağa və Nağı Hacıbayramlı qardaşları başlarında dəstə sərhədi keçərək Türkiyənin Qars vilayətinə gedirlər. Sovet Hökuməti tərəfindən 1931-ci ildə Qarayazının qiyamda iştirak edən və ona dəstək verən insanların ailələri bütünlüklə Qazaxıstana sürgün edilirlər. Bunların içərisində Nağının həyat yoldaşı Nigar xanım, 2 oğlu və 2 qızıda olub[3].
Atatürk ilə Lenin arasında bağlanan müqaviləyə əsaslanaraq Stalin mühacirlərin Türkiyə ərazisindən çıxarılmasını tələb edir. Hacıbayramlılar Qarsda 10 aya qədər qaldıqdan sonra İstanbula gedirlər. 1931-ci ildə Millətlər Liqasının siyası qaçqınları himayə edən təşkilatının vasitəsilə bütün mühacirlər kimi Nağı Hacıbayramlı və qardaşı Qurban ağa öncə Fransaya oradan da Polşaya gedərək Varşavada 1931-ci ildən 1938-ci ilə qədər 18 millətin nümayəndəliyini birləşdirən antikommunist "Prometey" cəmiyyətində təmsil olunmuşdurlar[2][6][7]. Burada təşkil olunan konfranslarda, ali məktəb və akademiya salonlarında kommunizmi ifşa edən nitqlər söyləmişlər, SSRİ-yə qarşı siyasi mübarizəni "Prometey" təşkilatı vasitəsilə davam etdirmişlər. Nağı Hacıbayramlı 1934-cü ildə Varşavada ali ticarət məktəbinə daxil olub, ali təhsil almışdır. Polşa tarixçisi Pavel Liberanın polyak dilində çap edilmiş "Prometey xalqlarının təqaüdçüləri" adlı yazısında göstərilir ki, "Prometey" hərəkatına daxil olan xalqların gənclərinin təhsilinin maliyyə dəstəyi Polşa hökuməti tərəfindən həyata keçirilmişdir. Qeyd edilən yazıda Nağı Hacıbayramlı haqqında qısa bioqrafik məlumat yer almaqdadır.
Nağı Hacıbayramlının Polşada həyat və fəaliyyətinin bir hissəsi 2004–2010-cu illərdə Azərbaycan Respublikasının Polşada fövqəladə və səlahiyyətli səfiri vəzifəsində işləmiş filologiya elmləri doktoru, professor Vilayət Quliyev tərəfindən açıqlanmışdır. Bu onun Varşavada rus dilində, 2010-cu ildə çap edilmiş kitabında[6] verilmişdir. Kitabda Polşada nəşr edilən "Şimali Kafkasya – Северный Кавказ" dərgisində Nağı Bayramlı imzası ilə çap edilən[1] "Партизаны на Кавказе" ("Qafqazda partizan hərakatı") məqaləsi, Nağı Bayramlının Varşava ali ticarət məktəbində oxumasını təsdiq edən sənədin surəti, onun Tiflis qimnaziyasının 4 sinfini bitirməsi haqqında, Varşavada Qafqaz icmasının gənclər bölməsinin fəal üzvü olması barədə məlumatlar verilmişdir.
Dövri mətbuatda[8] kitabın ictimai-siyasi və kitabda nəşr edilən məqalələrin, o cümlədən Nağı Bayramlının məqaləsinin tarixi əhəmiyyəti barədə maraqlı rəylər verilmişdir[9].
Adı çəkilən məqalədə Nağı Bayramlı göstərir ki, Qafqazda partizanlar (qaçaqlar) bolşeviklər tərəfindən Qafqaz respublikalarının alındığı ilk günlərdən yaranmağa başlamışdır. Məqalədə həmçinin Azərbaycanda, Gürcüstanda və Ermənistanda olan partizanların fəaliyyəti göstərilmişdir. 1924-cü il ümum Gürcüstan üsyanında Çolokaşvilinin polkunun daha uğurla hərəkət etdiyi qeyd edilir. Göstərilir ki, 1924-cü ildə ümum Gürcüstan üzrə olan üsyanda o Sığnaq, Duşeti və Telavi ərazilərini bolşeviklərdən tamamilə azad etmişdir. O, yazır:
üsyan uğursuz başa catdıqdan sonra Çolokaşvilinin polku Qarayazının partizan təşkilatının, mən daxil olmaqla, köməyi ilə Türkiyəyə çıxa bildi. |
Məqalədə 1929-cu ildə Cənubi Qafqazdakı qiyamlar haqqında, xüsusən Qarayazıdakı qiyam haqqında müfəssəl məlumatlar yer almışdır. Məqalədə Cənubi Qafqazda partizan qruplarının rəhbərlərinin adı çəkilir və Qarayazıda partizanlara bir vaxt onunda rəhbərlik etdiyi qeyd edilir. Qarayazıda 11 mart 1930-cu ildə baş verən döyüşün nəticəsi haqqında bildirilir ki, döyüş 2 gün çəkdi, partizanlar tərəfindən 3 nəfər şəhid oldu qarşı tərəfdən 91 qırmızı əsgər və 1 komandir öldürüldü. Bundan başqa Tiflisə yaralılarla dolu 4 vaqon sanitar qatarı getdiyini bildirir.
Məqalədə bolşeviklərin üsyançılarla danışığa getmə, əldə edilmiş razılaşma üç Cənubi Qafqaz respublikasının partizan qrupları rəhbərlərinin Qırmızı körpüdəki qurultay tədbirləri, qurultayın qərarı, xaricdəki mərkəzlərlə əlaqənin yaradılması, partizanlara silah və sürsat alınması mümkünlüyünün öyrənilməsi və s. bu kimi məsələlər haqqında məlumat verilir. Məqalədə göstərilən tarixi faktlar tarixçilər tərəfindən istifadə edilməyə və məqalə qiymətləndirilməyə başlanılmışdır[10].
1936-cı ildə Boğazlar (İsveçrənin Montrö şəhərində əldə olunmuş Boğazlar razılaşması) məsələsində SSRİ ilə Türkiyənin mövqelərinin və siyasi ab-havanın dəyişməsini nəzərə alaraq Nağı ilə Qurban ağa Hacıbayramlılar Türkiyə prezidentinə yazılı müraciət etmiş və 1938-ci ildə Türkiyəyə qayıtmalarına icazə verilmiş və bundan sonra Türkiyəyə qayıtmışdırlar[2].
Qurban ağa və Nağı Hacıbayramlı qardaşları Türkiyədə yaşamağa başladığı dövrdə onların Polşa dövlət orqanı ilə əməkdaşlıq etmələri haqqında sənəd vardır. SSRİ-nin xarici kəşfiyyat idarəsində işləmiş istefada olan general-mayor Lev Sotskovun Dövlət Təhlükəsizlik Komitəsinin arxiv materialları əsasında yazdığı kitabın[11] "Polşa izi" bölməsində Nağı Hacıbayramlının qardaşı Qurban Hacıbayramlı haqqında müəyyən məlumat verilmişdir.
Lev Sotskov yazır ki,
“rezidenturadan məlumat verilir ki, Ankaradakı Polşa səfirliyinin müşaviri Zalevskiy 1938-ci ilin fevralında İstanbulda müstəqil mühacir qrupuna rəhbərlik edən Qurban Bayramovu yanına dəvət edərək onunla əməkdaşlıq etməyi təklif edir. Qurban Bayramov cavab verir ki, Polşadan başqa, digər dövlətlər də var ki, birgə işə maraq göstərirlər, lakin polyaklar işi praktiki müstəviyə birinci keçirdikləri üçün onun qrupu əməkdaşlığa hazırdır.” |
Türkiyədə Nağı Hacıbayramlı və qardaşı Qurban Hacıbayramlı Sovet ittifaqına qarşı mübarizələrini 1938-ci ildən Polşa hakimiyyət dairələri ilə birgə aparmışdılar.
Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Mərkəzi arxivinin materialları əsasında tərtib edilmiş 552 saylı sənədində[12] Azərbaycan və Gürcüstan SSR-in daxili işlər xalq komissarlığına Türkiyə ərasizində fəaliyyət göstərən azərbaycanlı və dağlı (çox güman ki, Stalinə və Beriyaya görə gürcü yazılmır, halbuki sənəddə bir çox gürcülərin adı çəkilir) millətçi mühacirlərin təxribatçı fəaliyyətinin qarşısının alınması üçün SSRİ daxili işlər xalq komissarlığının 41/1060 saylı tapşırıq verildiyi göstərilir. Sənəddə bu günə qədər eşitdiyimiz və eşitmədiyimiz Varşava, Berlin və İstanbul qruplarına daxil olan siyasi mühacirlərin adları çəkilir. Bir çox məsələlərlə yanaşı göstərilir ki, "əldə olan məlumata görə Sovet ərazisinə göndərilməsi üçün Tomtiyev qardaşların, Qurban Bayramovun, Qiyas bəy Şıxlinskinin və Yadigarovların band elementləri istifadə ediləcəkdir". Məlumat siyasi mühacirlərin o cümlədən Hacıbayramlıların 1941-ci illərdəki Sovet İttifaqına qarşı apardıqları siyasi mübarizənin bir dövrünü aydınlaşdırmağa imkan verir.
Almaniyanın Qafqazı, o cümlədən Azərbaycanı kommunist rejimindən xilas etmək ümidi ilə bütün Qafqazın mühacirətdə olan antisovet qüvvələri alman hakim dairələri ilə əlaqə yaratdıqları dövrdə Nağı Hacıbayramlı ruslara qarşı vuruşmaq üçün könüllülər toplamağa başladığına görə Türkiyə Cəza Qanunun 128-ci maddəsi ilə (qonşu dövlətə düşmən hərəkətlərinə yol verdiyinə görə) o, yeddi ay müddətilə həbs edilir. Məhkəmə Nağı Hacıbayramlıya bəraət verir[2].
İkinci dünya müharibəsindən sonra Nağı Hacıbayramlı (artıq Nağı Bayramgil soyadı ilə) siyasi fəaliyyətini davam etdirmişdir.
1950-ci ildə Nağı Bayramgil Cümhuriyyət Xalq Partiyasının üzvü kimi Türkiyədə Böyük Millət məclisinə keçirilən seçkilərdə fəal iştirak etmişdir. Türkiyədə nəşr edilən "Elazığ" qazetinin 4 may 1950-ci il tarixli sayında Türkiyənin Mədən rayonunda 2 may 1950-ci ildə baş tutan mitinqlə ələqədar yazılır:
İlk önce Maden C. H. P. İlçe idare Kurulu Üyesi Naki Bayramgil söz alarak C. H. Partisinin kuruluşundan beri başarmış olduğu Vatan hizmetlerini belirtmiş ve bundan sonra da daha iyi çalışmalarını devam edeceğini beyan ederek sözlerine son vermiştir[13].
Eləcə də bu dövrdə Nağı Bayramgilin apardığı siyasi fəaliyyət haqqında tarix elmləri doktoru, Məhəmməd Əmin Rəsulzadə irsinin araşdırıcısı Nəsiman Yaqublunun Azərbaycan Prezidentinin işlər idarəsi siyasi sənədlər arxiv fondundan əldə etdiyi[14] sənəddə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi komitəsinin 1951-ci ilin sentyabr ayının 14-də tam məxfidir qrifi ilə Azərbaycan K(b)P MK-nin birinci katibi Mircəfər Bağırova göndərdiyi Türkiyə kəşfiyyatının agenti kimi təqdim edilən Oruc Gülmalı oğlu Zeynalovun istintaq protokolunda da maraqlı məlumatlar vardır. Oruc Gülmalı oğlu Zeynalovun çoxsaylı sualların birinə verdiyi cavab belə olmuşdur. "Yuxarıda qeyd etdiyim kimi Nağı Bayramgillə birlikdə 1951-ci ilin 18 iyununda Ankaraya gəldim… Ərzuruma getməmişdən öncə Nağı Bayramgilin təklifi ilə mən həmkarım Yazqanla birlikdə Müsavat Partiyasının lideri, tanınmış "Azərbaycan-Kültür Cəmiyyəti"nin sədri Məhəmməd Əmin Rəsulzadəni ziyarət etdik. Bizimlə söhbətdə Məhəmməd Əmin bildirdi ki, dövlət "Əmniyyət Müfəttişliyi"nin təlimatı ilə SSRİ-yə göndərilməyimiz haqqında məlumatı vardır. Bundan sonra o, bildirdi ki, biz onun tapşırıqlarını yerinə yetirəcəyik və bu haqda Nağı Bayramgil danışacaq… O, cəsusluq xarakterli tapşırıqlarını mənə çatdırdıqdan sonra, Nağıya təklif etdi ki, "Qars-Qafqaz Komitəsi" adlı antisovet Mühacirət Komitəsinin yaradılmasının mahiyyəti ilə məni məlumatlandırsın. Məhəmməd Əmin Rəsulzadədən ayrıldıqdan sonra Ankaradan Ərzruma getdiyimiz yolda Bayramgil yaranmış Komitənin fəaliyyəti ilə məni tam şəkildə tanış etdi… Bu Komitənin fəaliyyətinə həm də Zaqafqaziya ərazisinə gizli yolla göndərilmiş öz emissarları vasitəsilə Zaqafqaziya Respublikalarında Komitənin filiallarını yaratmaq, siyasi rejimdən narazı insanları silahlı üsyana qaldırmağa hazırlamaq idi…"
Nağı Bayramgil 1952-ci ildən siyasi mühacirlərin bir qrupu ilə yeni istiqamətli siyasi fəaliyyətə başlayır. Türkiyənin paytaxtı Ankara şəhərində Azərbaycan Millətçilər dərnəyi (cəmiyyəti) yaradılır[15][16][17]. Cəmiyyətin 11 nəfər qurucularından biri Nağı Bayramgil olmuşdur. Bir çox müddəalardan ibarət olan Azərbaycan Millətçilər cəmiyyətinin məqsədlərindən biri Böyük türk aləminin bir hissəsi olan Azərbaycanın tarixini, milli irsini, iqtisadiyyatını incələmək və yaymaq, Azərbaycan mühacirlərinə yaxından kömək göstərmək olmuşdur. Azərbaycan Millətçilər dərnəyinin nəşr etdikləri dərgi "Türk izi" adlandırılmışdır. Nağı Bayramgil "Türk izi" dərgisində öz xatirələrini və siyasi mövzulu antisovet məqalələrini çap etdirmişdir[18]. "Zəruri bir açıqlama" adlı məqaləsində[19] Nağı Bayramgil "Nasist və Faşizim rejiminə qarşı rəğbət bəsləyənlərdən deyiləm", yazmışdır. Eləcə də bu məqalədə onun yüksək tədqiqatçılıq bacarığı, siyasi kamilliyi son dərəcə heyrətamiz görünür.
Dərginin səhifələrində Nağı Bayramgil (Hacıbayramoğlu) "Yaşasın istiqlal deyə", "Azərbaycanım uğrunda", "Ey Türkoğlu vətən sənindir", "Könül yenə vətən arzular" və s. bu kimi şerlərini çap etdirmişdir. Nağı Bayramgilin şer yaradıcılığı Yusif Yusiflinin kitabında geniş şərh edilmişdir[20].
Nağı Bayramgil 1969-cu ildə Türkiyədə Böyük Millətlər Məclisinə keçirilən ümumi seçkilərdə Qars vilayətindən müstəqil millət vəkilliyinə namizəd olmuşdur[21].
Nağı Bayramgil mühacirətdə olduğu dövrdə çıxışlarında, xatirələrində digər yazılarında heç bir zaman Gürcüstanda qalan ailəsinin adını çəkməmişdir. Yalnız 1968-ci ildə o Qarayazının Kosalı kəndində yaşayan Ləzgioğlu Binnətə məktub yazmış, Gürcüstanda qalan ailəsi haqqında ona məlumat verilməsini xahiş etmişdir. Ləzgioğlu Binnət vəfat etdiyindən məktubu onun oğlu Halay ilə Hacıbayramlı İsaxanın oğlu Abdulla Nağının Qaraçöpdə yaşayan ailə üzvlərinə çatdırmış və cavab məktubu yazılmışdır. Məktubda ailə haqqında məlumat verilmişdir. Növbəti cavab məktubunda o həyat yoldaşı Nigar xanımın sağ olduğuna çox sevindiyini bildirmişdir. O yazmışdı ki, Nigarın Qazaxıstan çöllərindən acı xəbərini eşitmişdim[3].
Nağı Bayrmagil türk əsilli Polşa vətəndaşı olan qadınla evlənmiş, Türkiyədə üç oğlu və bir qızı olmuşdur.
Nağı Bayramgil 1976-cı illərdə Sovet İttifaqı ilə Türkiyənin birgə inşa etdiyi Axuryan (Arpaçay) su anbarının tikintisində rusca-türkcə tərcüməçilik etmiş, eyni zamanda EİE idarəsində baş nəzarətçi vəzifəsində çalışmışdır. O, 1987-ci ildə Ankarada vəfat etmişdir və dəfn edilmişdir.
Nağı Bayramgilin Qaraçöpdəki oğlu Hacıkişi və Qarayazıda yaşayan qızı Fatma 1991-ci ildə, bundan bir qədər sonra oğlu Allahyar Türkiyənin paytaxtı Ankara şəhərinə gedərək atalarının qəbirini ziyarət etmişdirlər[3].
Nağı Bayramgilin vəfatından dörd il sonra SSRİ dövləti bütün siyasi mühacirlərin o cümlədən Nağı Bayramgilin (Hacıbayramlı) eləcə də respublikalardakı xalqların, onların milli liderlərinin apardığı mübarizənin məntiqi nəticəsi olaraq süqut etmişdir. Azadlığı, müstəqilliyi uğrunda mübarizə apardıqları Azərbaycan və Gürcüstan Respublikaları istiqlaliyyət əldə etmişdir.
Nağı Bayramgil (Hacıbayramlı) "Könül yenə vətən arzular" şerində[22] Şəkini, Şirvanı, Qarabağı, Borçalını, Qarayazını və Qaraxac yaylağını anır və bir bəndində yazır:
Vətənimin var çeşidli bağları,
Gül-çiçəkli ağacları, kolları, Bülbül ötür, nə gözəldir çağları, Könül yenə ana vətən arzular. |
Nağı Bayramgil (Hacıbayramlı) "Yaşasın istiqlal deyə" şerində yazır:
Millətim yenə hürriyətə qovuşaçaq, Bayrağım yurdumda yenidən yüksələcək, Nağı arzusuna nail olacaq Yaşasın istiqlal deyə[23]. |