Niels Finsen

Nils Rüberq Finzen (dan. Niels Ryberg Finsen; 15 dekabr 186024 sentyabr 1904) — Danimarkalı fizioloq və alim. 1903-cü il Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı.

Nils Finzen
Niels Ryeberg Finsen
Doğum tarixi
Doğum yeri Farer adaları
Vəfat tarixi (43 yaşında)
Vəfat yeri Danimarka
Vətəndaşlığı Danimarka
Elm sahəsi Tibb
İş yeri
Təhsili
Mükafatları Nobel mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nils Finzen 1860-cı ildə Farer adalarında doğulmuşdur. İlk təhsilini orada aldıqdan sonra, Danimarkanın Herlufeholm şəhər məktəbinə qəbul edilmişdir. Lakin dərsə davamiyyəti zəif olduğundan valideynləri onu İslandiyaya göndərmişlər. Burada dərslərini yaxşı oxuyan Finzen, həm də əla atıcı kimi tanınmışdır. Lakin gələcək alim fiziki cəhətdən zəif olduğundan tez-tez xəstələnərmiş. Buna görə də o, həmin zamandan etibarən günəş şüalarının insan orqanizminə müsbət təsirini müşahidə etməyə başlamışdır. Finzen açıq havada daha çox vaxt keçirəndə özünü yaxşı hiss etməsi barədə sonralar yazırdı: "Buludlu havada günəşin çıxması ilə ətraf aləmin necə canlandığına fikir verin. Yatmış həşəratlar oyanacaq, kərtənkələ və ilanlar yuvalarından çıxıb özlərini günə verəcək, quşlar civildəşəcəklər. Elə insanlar da özlərini çiyinlərindən ağır yük atmış kimi hiss edəcəklər".

1882-ci ildə Kopenhagen Universitetinə daxil olan Finzen həmin dövrdən etibarən tibbi araşdırmalara başlamışdır. Lakin elə bu vaxtlar onun ciddi xəstə olduğu aşkar edilmişdir. Həkimlərin ilkin qənaətinə görə o, ürək çatışmazlığından əziyyət çəkirmiş. Lakin daha sonra Finzenin qara ciyər sirrozu xəstəsi olduğu müəyyənləşmişdir. Ağır xəstəliyə baxmayaraq o, universitet təhsilini başa vuraraq cərrahiya kafedrasının prorektoru vəzifəsinə təyin edilmişdir. Təəssüf ki, inkişaf edən xəstəlik onu əlil arabasına məhkum etmişdir. Finzen bu vəziyyətdə də xəstəliyə üstün gələrək, elmi araşdırmalarını davam etdirmişdir. Onun əsas tədqiqatları işığın terapevtik xüsusiyyətlərinə həsr olunmuşdur. Alim daha öncəki araşdırmalar nəticəsində aşkarlanmışdır ki, işıq bəzi bakteriyaların inkişafını dayandıra, hətta onları məhv edə bilər. Tədqiqatları apararkən günəş şüalarının müxtəlif heyvanlar üzərində təsirini qeydə almış, sonda bu şüaların terapevtik xüsusiyyətləri haqqında mülahizələr irəli sürmüşdür.

Alim tədqiqatlar nəticəsində "qırmızı filtr"dən keçirilmiş günəş işığının dəri yaralarının müalicəsində müsbət nəticələr verdiyini müşahidə etmiş və bunu elmi dairələrə bildirmişdir. Bu tədqiqatların nəticəsi təsdiqləndikdən sonra Finzen cərrahiyyə kafedrasındakı işindən uzaqlaşaraq həyatını tamamilə şüalanmanın tibbi xarakterlərini öyrənməyə həsr etmişdi. Öz tədqiqatlarının sərhədlərini genişləndirən alim, süni işıq mənbələrinin, əsasən də kömür lampalarının orqanizmə təsirlərini araşdırmağa başlamış və bu istiqamətdə işığın qurdeşənəyi xəstəliyinə (insanın xarici görünüşünü eybəcərləşdirən dəri xəstəliyi) yoluxmuş şəxslərə təsirini müşahidə etmək qərarına gəlmişdir. Finzen bu xəstələri hər gün 25 amperlik kömür lampalarının ultrabənövşəyi şüaları ilə 2 saat şüalandırmış və bir neçə aydan sonra onların vəziyyətinin yaxşılaşdığını təsdiqləmişdir. 1896-cı ildə Kopenhagen şəhərində Finzenin adını daşıyan İşıqla Müalicə İnstitutu yaradılmışdır. Bu institutda ultrabənövşəyi şüalarla müalicə yolları öyrənilirdi. Sonrakı beş il ərzində 800 nəfər üzərində aparılan müşahidələr onların 50%-nin tam, 45%-nin isə qismən sağaldığını aşkara çıxarmışdır.

1903-cü ildə Finzenin nailiyyətləri Nobel Komitəsi tərəfindən qiymətləndirilərək, "işıq şüalarının köməyi ilə xəstəliklərin, xüsusilə qurdeşənəyi xəstəliyinin müalicəsi sahələrindəki xidmətlərinə görə" tibb üzrə Nobel Mükafatına layiq görülmüşdür. Mükafatlandırma mərasimində çıxış edən Karolin İnstitutunun professoru Merner onun tədqiqatlarının elmi yeni zirvələrə qaldırdığını qeyd edərək, onların elm aləmində heç vaxt unudulmayacağını bildirmişdir. Finzen özü isə ağır xəstə olduğuna görə mərasimdə iştirak edə bilməmişdir.

Alim özünü müalicə etmək üçün müxtəlif üsullara əl atmış, pəhrizlərdən istifadə etmişdir. Bunların heç bir nəticə vermədiyini hiss edəndə isə öz evinin damında xüsusi otaq tikdirmiş və orada günəş vannaları qəbul etməyə başlamışdır. Lakin bu tədbirlər də müsbət nəticə verməmişdir. Nils Finzen 1904-cü il sentyabr ayının 24-də, elmi fəaliyyətinin qızğın şağında vəfat etmişdi. O, bir sıra elmi cəmiyyətlərə və universitetlərə fəxri doktor seçilmiş, Danneborq Ordeninə layiq görülmüş və Edinburq Universitetinin Kameron mükafatları ilə təltif edilmişdi.