Qaytağı — Azərbaycanın milli rəqsi. Qafqaz milli rəqslərinə aiddir. Qaytağı rəqsinin 32 növü var, lakin onlardan bizim vaxtımızacan ancaq 4 növü qalıb.
Çox guman ki, "qaytaq" sözüylə bağlıdır. Bu sözün iki anlamı var.
- 1) Qaytaq xalqı. Abbasqulu ağa Bakıxanov özünün “Gülüstani-İrəm” adlı əsərində Şirvan əhalisinin dillərindən söz açarkən, türk və tat dilində danışanlarla yanaşı Azərbaycanın şimal-qərbində yaşayan və moğol (muğal) dilində danışan bir xalqdan da söhbət açır, fəqət həmin xalqın adını çəkmir, yalnız əski mənbələrə istinadən onların massagetlərin nəvə-nəticələri ola biləcəyini iddia edir. Övliya Çələbi isə həmin xalqdan “qaytaq” kimi söz açır, yerli xalqın onları “moğol” (mu-ğal) adlandırdıqlarını bildirir. Onların oğuz olduqlarını, “Buxara dilində” (Türküstan türkcəsində, yəni uyğur dilində) danışdıqlarını Şirvana Mahan vila-yətindən gəldiklərini qeyd edir.
- Bu məlumatlardan göründüyü kimi, yerli əhali, o cümlədən yerli azsaylı qafqazdilli xalqlar başlanğıcda “muğal” adını sadəcə türkdilli qaytaqlara, yəni muğal (uyğur) dilində danışan, adı qaytağı rəqsinin adında yaşayan bir xalqa şamil etmiş, sonralar ləzgilərin və onlarla qohum olan bəzi digər xalqların dilində bu kəlmə ümumilikdə Azərbaycanın bütün türkdilli əhalisini ifadə edən bir etnonimə çevrilmişdir. Yerlilərin qaytaqları “muğal” adlandırmalarına səbəb isə onların moğollarla, yəni Hülakülərlə eyni dildə danışması olmuşdur. Yeri gəlmişkən qeyd edək ki, N.Baskakov da özünün “Türk dilləri” kitabında muğallardan ayrıca söz açmış və onları Azərbaycan türklərinin etnogenezində yaxından iştirak edən türkdilli soy və boylardan olduğunu qeyd etmişdir.[1]
- 2) Qaytaq mahnı növü. Qaytaq xalq aşıqlarının yarış zamanı istifadə etdikləri mahnı formalarından biridir [2].
Melodik cəhətdən son dərəcə vazeh, müntəzəm, qəti və sürət (temp) etibarı ilə çox yeyin və dinamik olan Azərbaycan oyun havası. Musiqi ölçüsü başlıca olaraq 6/8 – dir, lakin musiqi cümlələri içərisində ikihissəli vəznlə üçhissəli vəznin ardıcıl surətdə növbələnməsinə də təsadüf edilir ki, bu da musiqinin itiliyini xeyli artırır. Qaytağı rəqs ifaçılığında ifaçılar arasında yarış duyğusu oyadır, onların çevikliyini, virtuozluq qabiliyyətini, yorulmazlığını, gücünü, qüvvətini nümayiş etdirir[3].
Azərbaycanın tanınmış bəstəkarları Səid Rüstəmov və Tofiq Quliyev Qaytağı xalq rəqsinin motivləri əsasında yeni Qaytağı rəqsləri bəstələmişlər. Tofiq Quliyevin bəstələdiyi Qaytağı rəqsi Əhməd Haradadır filmində film musiqisi kimi istifadə edilmişdir. Maestro Niyazinin də "Qaytağı" adlı əsəri vardır