Qoşma janrı — aşıq yaradıcılığında çox geniş yayılmış janr. Hər bəndi dörd misradan, hər misrası on bir hecadan ibarət şeir şəklinə qoşma deyilir. [1] [2] Qoşma və gəraylının qafiyə sistemi eynidir. Üç, beş, yeddi bənddən ibarət olan qoşmaların birinci bəndinin I və III misraları sərbəst, II və IV misraları həmqafiyə olur. Digər bəndlərin ilk üç misrası bir-birilə, son misrası isə birinci bəndin son misrası ilə qafiyələnir: a b c b, ç ç ç b, d d d b, e e e b və s. Möhürbənd adlanan son bənddə şair öz təxəllüsünü söyləyir. Məsələn:
Bunu yazmaq vacibdir.
Bivəfanın, müxənnəsin, nakəsin,
Doğru sözün, düz ilqarın görmədim.
Namərdin dünyada çox çəkdim bəhsin,
Namusun, qeyrətin, arın görmədim.
Namərdi özümə mən dost eylədim,
Yolunda canıma çox qəsd eylədim,
Söyüddən bağ saldım, peykəst eylədim,
Almasın, heyvasın, narın görmədim.
Nəfs aldatdı hər yetənə xan dedim,
Bihuda kollara gülüstan dedim,
Əbəs yerə bivəfaya can dedim,
Zülmətin çox çəkdim, karın görmədim.
Huşum çaşdı, düşdüm olmaz oyuna,
Yetmədim gözəlin əsli-soyuna,
Aşıq oldum simasına, boyuna,
Hayıf ki, kamalda dərin görmədim.
Ələsgər, elmində olma nabələd,
Doğru söylə, sözün çıxmasın qələt,
Şahiddə iman yox, bəydə ədalət,
Alimlərin düz bazarın görmədim.
Qoşmalar daha çox məhəbbət mövzusunda olsa da, ictimai-siyasi məzmunlu qoşmalara da rast gəlinir.
Ayaqlı qoşma — aşıq musiqi–şeir yaradıcılığında ən geniş yayılmış janrlardan biri. Çox vaxt beş bənddən ibarət olur. [3]
Yazılı ədəbiyyatda Ş. İ. Xətai, M. P. Vaqif, M. V. Vidadi, Q. Zakir, S. Ə. Nəbati, S. Vurğun, O. Sarıvəlli, S. Rüstəm, B. Vahabzadə kimi şairlər qoşma janrından istifadə etmişlər.