Rüfət Əli oğlu İsmayılov, daha çox Rüfət İsmayıl olaraq tanınır (2 fevral 1981, Bakı) — Azərbaycan modelyeri, modeli,[1][2] sahibkarı, biznesmeni. Beynəlxalq arenada Türkiyə və Azərbaycanın rəsmi moda elçisi olan Rüfət İsmayıl "AFFFAİR" tekstil şirkətinin qurucusu, "AFFFAİR" brendinin yaradıcısıdır. O, ilk və Azərbaycan dizayneridir ki, kolleksiyaları Dubay, İstanbul, Tehran, Beyrut, Nyu-York, Florensiya və Buxarest moda həftələrində nümayiş etdirilmişdir.[3][4]
Rüfət İsmayıl | |
---|---|
Doğum tarixi | 2 fevral 1981 (43 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Təhsili |
Azərbaycan Ali Diplomatiya Kolleci Höte Universiteti Esmod Vakko Tasarım Okulu |
Fəaliyyəti | dəb dizayneri, iş adamı |
afffair.com/site |
Rüfət Əli oğlu İsmayılov 2 fevral 1981-ci ildə Azərbaycan SSR-nin paytaxtı Bakı şəhərində, Əli İsmayılov və Dilbər Topçubaşovanın ailəsində anadan olmuşdur.[5] Nigar Topçubaşovanın qardaşıdır. Rüfət İsmayıl 1986–1996-cı illərdə Bakı şəhəri Nərimanov rayonu 20 saylı orta ümumtəhsil məktəbinin 10 sinfini bitirmiş, eyni zamanda 1987–1995-ci illərdə Nərimanov rayonu 16 saylı Musiqi Məktəbində musiqi təhsili almış, fortepiano üzrə 8-ci sinfini bitirmişdir. O, 1994-cü ildə Osman Mirzəyev adına Jurnalistika kursuna da yazılaraq, oranı da fərqlənmə diplomu ilə bitirmişdir. 1996–2001-ci illərdə Azərbaycan Ali Diplomatiya Kollecinin Beynəlxalq Əlaqələr fakutəsindən məzun olmuş, 2002–2007-ci illərdə Almaniyanın Höte Universitetinin Beynəlxalq Əlaqələr fakültəsini bitirmişdir. Rüfət İsmayıl həmçinin, 2013–2014-cü illərdə Türkiyənin Esmod Vakko Tasarım Okulunda Tasarım və Modelist ixtisası üzrə təhsil almışdır. Azərbaycan, türk, rus, alman, flaman və ingilis dillərini bilir.
Rüfət İsmayıl 19 yaşında Niderlandın Amsterdam şəhərinə köçmüş, gənc yaşlarında Valentin Yudaşkin, Pako Raban və bir çox məşhur dizaynerlərlə çalışmağa başlamışdır.[5] O, yeniyetməlik illərində moda evlərində modellik etməyə başlamış, 2000-ci ildə Azərbaycanın "Ən Yaxşı Modeli" adına layiq görülmüşdür.[6] Rüfət İsmayıl 2014-cü ildə öz brendini yaratmaq qərarına gəlmiş, Milanda "Afffair.fff" kişi kolleksiyasını hazırlamışdır.[5] O, "AFFFAİR" tekstil şirkətinin qurucusu, "AFFFAİR" brendinin yaradıcısıdır.[7][8] Rüfət İsmayıl Türkiyənin İstanbul şəhərində yaşayır,[6][9] Türkiyənin "ən yaxşı dizayneri" adına layiq görülmüşdür.[5] Rüfət İsmayılın kolleksiyası "Pitti Uomo" sərgisində də təqdim olunmuşdur. 2019-cu ildə Rumıniyanın "Fashion TV" kanalı onu Avropanın ən yaxşı dizayneri hesab etmişdir.[3] Onun yaratdığı moda kolleksiyaları dünyanın aparıcı moda nəşrlərində, o cümlədən İtaliyanın "Vogue" jurnalında yer almışdır.[10] 2019-cu ildə "Men's Health" kişi jurnalının siması olan ilk azərbaycanlı kimi tarixə düşmüşdür.[11] Həmin ilin fevralında dizaynerin "Kəpənək Effekti" adlı kolleksiyası Nyu-Yorkda nümayiş olunmuş,[12] həmçinin Nyu York Moda Həftəsində özünün "Afffair Khari Bulbul flower" kolleksiyasını təqdim etmişdir.[13]
Rüfət İsmayıl həmin ilin sentyabrında türkiyəli aktrisa Nəbahat Çehrə ilə yeni kolleksiyasını təqdim etmişdir.[10] Həmçinin o, eyni il Türkiyənin "Star TV" telekanalında yayımlanan "Menajerimi Ara" serialında yer almışdır.[14] Onun "AFFFAİR" brendinin 2020–2021-ci il payız/qış mövsümünə aid kolleksiyası Parisdə moda həftəsində təqdim edilmişdir. Koronavirus təhlükəsinə görə Dubayda "Fashion Forward" moda həftəsində Rüfət İsmayılın kolleksiyası rəqəmsal formatda təqdim edilmişdir. 10–15 aprel tarixlərində isə Londonda təqdimatı olmuşdur.[15] 2021-ci ilin oktyabrında onun Azərbaycan xalçalarına, mədəniyyəti və İkinci Qarabağ müharibəsində qələbəsinə həsr etdiyi "Sumax" adlanan "Haute Couture" kolleksiyası Parisdə təqdim edilmişdir.[6] Heydər Əliyev Fondunun və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən "Sumax" kolleksiyasına Çələbi, Xanlıq, Nəlbəki-gül naxışları və Azərbaycan xalçalarının zəngin motivləri əsasında hazırlanan 21 geyim daxildir.[16]
Rüfət İsmayılovun ulduz alıcıları arasında Beyons, Cennifer Lopez, Paris Hilton, Ariana Qrande, Lil Kim, Cordana Hyuston, Alan Tapiqliana, Aşanti, Dua Lipa, Loren Xureqi, Kristina Agilera və başqalarını var.[17][18] O, Azərbaycanda əsasən Aygün Kazımova ilə əməkdaşlıq edərək onun üçün libaslar hazırlayır.[3][19] Bundan ələvə olaraq, Rüfət İsmayıl Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva üçün geyimlər dizayn etmişdir.[20] Aşanti və "Inas X" LXI "Qremmi" mükafatlarında Rüfət İsmayılın dizayn etdiyi libasda iştirak etmişlər.[21] Azərbaycan təmsilçisi Samirə Əfəndinin 2021 Avroviziya Mahnı Müsabiqəsi səhnəsində çıxışı üçün nəzərdə tutulan geyiminin dizayneri olmuşdur.[19]
Rüfət İsmayıl 2020-ci ildə Azərbaycanda koronavirus pandemiyasına qarşı olan mübarizəyə qoşulmaq məqsədilə "LoveLife" adlı aksiyaya start vermişdir.[22]