Xanlıq xalçaları

Xanlıq xalçaları — Qarabağ tipinin Cəbrayıl qrupuna daxil olan xovlu xalça.

Xalça
Xanlıq xalçaları
Xalça haqqında məlumatlar
Məktəbi Qarabağ xalçaçılıq məktəbi
Ölkə Azərbaycan
Şəhər Şuşa
Bölgə Qarabağ
Toxunması haqqında məlumatlar
Tarixi XIX əsr
Üslubu Qarabağ xalçaçılıq məktəbi

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Xalçaların Qarabağ tipinin Cəbrayıl qrupuna daxil olan bu xalçalar Azərbaycanın cənubunda, Qubadlı rayonundan 18 km cənub-şərqdə yerləşən Xanlıq kəndinin adı ilə əlaqədar olaraq belə adlandırılır. XanlıqAzərbaycanın məşhur xalçaçılıq məntəqələrindən biridir. Burada istehsal edilən xalçalar hər zaman məşhur olmuşlar və öz yüksək keyfiyyəti ilə seçilirlər. XIX əsrdə Cəbrayıl rayonunda, xüsusilə də Əfəndilər, Süleymanlı, Daşkəsən kəndlərində toxunan xalçalar dünya bazarlarına və yarmarkalarına çıxarılan xalçaların ən yaxşıları hesab edilirdi. "Xanlıq xalçası"nın orijinal nümunələri xüsusi sifarişlə toxunmuş mürəkkəb kompozisiyalı xalını özündə əks etdirir. Məsələn, XIX əsrdə şairə Xurşudbanu Natəvanın müşayiəti altında xalq arasında "xan qızı" kimi tanınan "Xanlıq xalçası" toxunmuşdur.

"Xanlıq xalçaları" müxtəlif kompozisiyalı və müxtəlif təsvirli olur. I variant "Xanlıq xalçası"nın orta sahəsinin kompozisiyasını böyük göl təşkil edir. Onun aşağı və yuxarı hissələrində iki qübbə yerləşir, orta sahənin dörd küncü boyunca isə simmetrik formada dörd ləçək düzülmüşdür. Bu variantın fonu, daha dəqiqi, göl ilə ləçəklər arasındakı aralıq, adətən, hamar və naxışsız olur və bəzi hallarda onu buta bəzəyir. Bu aralıq, xalçanın ölçüsündən asılı olaraq, böyük və ya kiçik olur. I variant xalçalar, bədiilik baxımından, türk xalçaları olan "Anatoliya"ya bənzəyir. Yerli xalçaçılar və sənətşünaslar arasında "Ağ çiçəklər" adı ilə tanınan xalçalar "Xanlıq xalçaları"nın II variantını təşkil edir. Öz quruluşuna görə, onlar I varianta bənzəyirlər, amma bədiilik nöqteyi – nəzərindən fərqlidirlər. Burada mərkəzdə yerləşdirilmiş göl bir qədər kobuddur. Bu gölün dörd hissəsi orta sahənin künclərində yerləşir. Ənənəvi olaraq, bu xalçalarda dibçəkdə gül təsviri verilir. Birinci variantdan fərqli olaraq, burada əsas fon sanki dibçəkdən səpələnmiş ağ çiçəklərlə örtülmüşdür. "Xanlıq xalçaları"nın daha orijinal nümunələri xüsusi sifarişlə hazırlanan mürəkkəb kompozisiyalı xalılardır. Eyni adı daşıyan xalılar, başlıca olaraq, Şuşada istehsal edilirdi. "Xanlıq xalçaları" üçün səciyyəvi olan haşiyələr rəngli cədvəllərdə verilən zolaqlardan ibarətdir. "Ağ çiçəklər" xalçasının orta haşiyəsi əvvəllər "İslimi", XIX əsrin II yarısından isə "Çaynik–nişan" adlandırılırdı.

Texniki xüsusiyyətlər

[redaktə | mənbəni redaktə et]

"Xanlıq xalçaları"nın ölçüsü, adətən 120–190 sm-dən 160–250 sm-dək olur. Nadir hallarda daha böyük ölçülü xalılara rast gəlinir. Düyünlərin sıxlığı: hər kvadrat desimetrdə 30X30-dan 40X40-dək düyün yerləşir (hər kvadrat metrdə 90 000-dən 160 000-dək düyün). Xovun uzunluğu 7–10 mm-dir.

"Xanlıq xalçaları" Azərbaycanın ən yaxşı xalçaları hesab edilir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]