Osman Mirzəyev

Osman Mirzəhüseyn oğlu Mirzəyev (13 aprel 1937, Bakı20 noyabr 1991, Qarakənd, DQMV) — Azərbaycan jurnalisti, yazıçı və publisist. 20 noyabr 1991-ci ildə Xocavənd rayonu yaxınlığında, bir sıra digər dövlət xadimi ilə birgə içində olduğu Mi-8 vertolyotunun ermənilər tərəfindən vurulması nəticəsində şəhid olmuşdur. "Adlarımız", "Bir dəfə yaşayırıq", "Damla və göl", "Qartal uçuşda" kitablarının müəllifidir. Azərbaycan Respublikası Prezidentinin Mətbuat Katibi (1990–1991) olmuşdur. Hal-hazırda Səbail rayonu 190 saylı orta məktəb və Lənkəran şəhərində qarışıq tipli uşaq evi Osman Mirzəyevin adını daşıyır. Jurnalist Sevinc Osmanqızının atasıdır.

Osman Mirzəyev
Doğum tarixi 13 aprel 1937(1937-04-13)
Doğum yeri
Vəfat tarixi 20 noyabr 1991(1991-11-20) (54 yaşında)
Vəfat yeri
Vəfat səbəbi Qarakənd faciəsi
Dəfn yeri
Fəaliyyəti jurnalist, yazıçı, publisist
Fəaliyyət illəri 1956-cı ildən
Mükafatları Azərbaycan SSR əməkdar jurnalisti "Qızıl qələm" mükafatı

Osman Mirzəhüseyn oğlu Mirzəyev 1937-ci il aprelin 13-də Bakının Keşlə qəsəbəsində anadan olmuşdur.[1] Sonralar Mirzəyevlər ailəsi buradan şəhərin mərkəzinə köçmüşlər. Orta təhsilini ilk Qırmızı Əmək Bayrağı ordenli 190 saylı məktəbdə alan Osman Mirzəyev, 1956-cı ildə S. Kirov adına Azərbaycan Dövlət Universitetinin filoloji fakültəsinin jurnalistika şöbəsinə daxil olur. Hələ tələbə ikən o, həmin dövrdə çox populyar olan "Molodyoj Azerbaydjana" qəzeti ilə sıx əməkdaşlıq etməyə başlayır.[2] Məhz bu qəzet jurnalist-Mirzəyevin dünyagörüşünün formalaşmasında, yaradıcılıq inkişafının yüksəlməsində mühüm rol oynamışdır.

ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsini bitirdikdən sonra o, "Molodyoj Azerbaydjana" qəzetində 7 il müddətində əmək fəaliyyətini davam etdirir. Gənclərin mətbu orqanında sıravi tərcüməçi kimi işə başlayan Osman Mirzəyev sonralar bu qəzetin məsul katibi vəzifəsinədək yüksəlmişdir. Qəzetin onun həyatındakı rolunu jurnalistin özü belə qiymətləndirir: "Molodyojka"ya xüsusi rəğbətim var, çünki bu, mənim jurnalistikada ilk illərim idi və onlar ilk məhəbbət kimi mənə əzizdir. "Molodyojka" cəsarəti, qeyri-ənənəvi təfəkkürü, yeni dünyagörüşü ilə daim seçilb". Uzun illərdən sonra, artıq Azərbaycan SSR-in əməkdar jurnalisti olan Osman Mirzəyev yazırdı: "Molodyojka", həm də jurnalist kadrları üçün bir məktəbdir".

1968–1990-cı illərdə "Vışka"da çalışan Osman Mirzəyev qəzetin ən mühüm şöbələrindən olan partiya həyatı və təbliğat şöbəsinin müdiri vəzifəsindən məsul katib vəzifəsinədək böyük yaradıcılıq yolu keçmişdir.[3] Daha sonra, 1978-ci ildə isə o, redaktor müavini vəzifəsinə təyin olunur. İşlədiyi illər ərzində rəhbərlik etdiyi şöbələr partiya həyatının , elm, təhsil və mədəniyyət sahələrinin aktual problemlərinə həsr olunmuş mühüm məsələləri işıqlandırmışdır. Osman Mirzəyevin təşəbbüsü ilə "Vışka" qəzetinin nəzdində yaradılan fəhlə-müxbirlər məktəbi bir neçə il ərzində fəaliyyət göstərmişdir. O, həmçinin gənc əməkdaşların peşə təhsilinə də xüsusi diqqət yetirirdi. Bu işdə də onun təşkilatçılıq, jurnalist və publisistlik bacarıqları özünü qabarıq şəkildə büruzə verirdi. Qəzetin redaktor müavini kimi, o, redaksiya kollektivini bir sıra materialların üslubunda olan çatışmazlıqların aradan qaldırılmasına səfərbər edirdi. Gənc jurnalistlərə geniş imkanlar yaradılması üçün əlindən gələni əsirgəmirdi.

Osman Mirzəyev mövcud həqiqətləri jurnalist şərəf və ləyaqəti ilə olduğu kimi qələmə alırdı. İctimai həyatın bir çox sahələrində hökm sürən çatışmazlıqları çəkinmədən öz məqalələrində əks etdirirdi. Təbii ki, bu da yüksəkrütbəli şəxslərin narazılığına səbəb olurdu. İş yoldaşlarının xatırladığı kimi, bir dəfə onun "Vışka" qəzetində dərc olunan baş məqaləsindən sonra bir neçə partiya məmuru redaksiyaya gələrək, "kiminsə adından" öz narazılıqlarını bildirmişdilər. O zaman O. Mirzəyev onları sakitcə dinləyərək, özünü günahkar hesab etmədiyini və bundan sonra da amalına sadiq qalacağını bildirmişdi.

O. Mirzəyevin peşəkar jurnalist bacarığı təkcə mətbuatda deyil, həm də televiziyada özünü büruzə verirdi. O, Azərbaycan televiziya məkanında ilk bədii-publisistik, ictimai-siyasi "Dalğa" verilişinin yaradıcılarından idi. Bu, Azərbaycanın televiziya məkanında ölkənin siyasi, ictimai, sosial, həmçinin mədəni həyatını əks etdirən ilk ictimai-siyasi verilişlərdən idi. Həftənin cümə günləri axşam saatlarında efirə çıxan "Dalğa" verilişi qısa müddət ərzində ölkənin Azərbaycan, eləcə də rusdilli əhalisi arasında böyük rəğbət qazandı. O dövrdə Azərbaycan Dövlət Televiziyasının sədri işləyən Elşad Quliyev verilişin populyarlıq qazanmasında O. Mirzəyevin rolunu belə qiymətləndirmişdi: "Onun verilişə aparıcı kimi seçilməsi təsadüfi hal deyildir. Mən Osman Mirzəyevi istedadlı bir jurnalist kimi daim dəyərləndirmişəm və buna görə də efir vasitəsilə onunla ünsiyyət böyük marağa səbəb oldu. Əvvəla, o, rus və Azərbaycan dillərində sərbəst danışa bilirdi. İkincisi, hökumətin mərkəzi orqanı — "Vışka"da çalışan peşəkar bir jurnalist idi. "Dalğa" verilişinin Osman Mirzəyev tərəfindən hazırlanan buraxılışları öz peşəkarlığı ilə həmişə seçilib. Bu verilişlərdə o, ictimai-siyasi məsələləri işıqlandırmaqla yanaşı, qeyri-adi təbiət hadisələri, Azərbaycanın görkəmli siyasi və mədəni xadimləri barədə süjetlər də hazırlayırdı".

Osman Mirzəyev Azərbaycanın ictimai-siyasi həyatında jurnalist, pedaqoq və publisist kimi fəal iştirak etməklə yanaşı, həm də 1991-ci ilin parlament seçkilərində iştirak etmişdi. Seçki kampaniyası zamanı o, Keşlə qəsəbəsinin sakinləri ilə şəxsən görüşərək, onları narahat edən problemlərlə maraqlanırdı. Ölkəsinin dinc demokratik yolla inkişafının tərəfdarı olan O. Mirzəyev xalqına həm də deputat kimi (Keşlə qəsəbəsindən) kömək etmək arzusunda idi.

1990-cı ilin sentyabrında Osman Mirzəyevı Azərbaycan Respublikası Prezident Apparatının şöbə müdiri vəzifəsinə təyin olunur. Böyük məsuliyyət tələb edən bu işə çox vaxt sərf etdiyindən, jurnalist fəaliyyəti ilə, yaradıcı işlə məşğul ola bilməməsi onu narahat edirdi. Axı, Osman Mirzəyevin qəlbində hələ xalqa deyilməmiş çox şeylər var idi. Azərbaycan Prezidentinin mətbuat katibi vəzifəsinə təyinatı onun tələbələrinin də böyük sevincinə səbəb oldu: "Eşidəndə ki, prezidentin "komanda"sında mətbuatla əlaqələr şöbəsinə bizim müəllim rəhbərlik edir, çox sevindik. Həm ona, həm də özümüzə görə. Ona görə ki, respublika rəhbərliyi ilə, peşəkarlığı ondan öyrənmiş jurnalistlər arasında "rabitəçi" ancaq bu adam ola bilərdi".

Osman Mirzəyevİn Bakıda yaşadığı bina

Osman Mirzəyev Azərbaycan xalqının tarixinə görkəmli jurnalist, publisistyazıçı kimi daxil olmuşdur. O, ilk növbədə, öz dövrünün aktual mövzularına həsr olunmuş bir çox məqalələrin müəllifi, Azərbaycanda "siyasi portret"in banisi və oçerklər ustası kimi tanınmışdır. Onun dəqiq müşahidə ilə İmam Mustafayev, Şıxəli Qurbanov, Nazim Hacıyev haqqında yazdığı gözəl oçerklər və digər publisistik yazılar qəhrəmanlarının xüsusiyyətlərini dolğun surətdə əks etdirirdi.

Yazıçı Mirzəyevin yazdığı kitablar da böyük uğur qazanmışdır. "Qartal uçuşda", "Damla və göl", "Bir dəfə yaşayırıq" oçerklər topluları, həmçinin "Adlarımız" kitabı onun qələminin məhsulu olaraq, bu gün də oxucuların stolüstü kitablarıdır. Xüsusilə "Adlarımız" kitabı müəllifin ən sevimli əsəri olmaqla, xalq arasında öz populyarlığını hələ də itirməmişdir.

İlk baxışdan mülayim və sadə insan təsiri bağışlayan Osman Mirzəyevə əslində jurnalist sərtliyi və cəsarəti kimi ali keyfiyyətlər xas idi. Heç bir qüvvə onu şəxsi mövqeyini dəyişməyə məcbur edə bilməzdi. İstər özündən yüksəkdə duran rəislərin otağında, istərsə də redaksiya kollegiyasının, ümumi kollektivin iclaslarında o, öz prinsiplərinə daim sadiq olmuşdur. Onun geniş maraq dairəsi, dərin bilik müxtəlifliyi sözün əsil mənasında hamını valeh edirdi.

Peşəkar ustalığı, dərin təfəkkürü, həyat təcrübəsi və bir çox digər keyfiyyətləri Osman Mirzəyevə oxucuların, eləcə də uzun illər ərzində dərs dediyi universitetdə jurnalistika fakültəsinin tələbələrinin sevgisini qazandırmışdı. Onun həyata və insanlara olan dərin marağı, azad düşüncə qabiliyyəti cəzbedici qüvvəyə malik idi. Ən başlıcası isə o, jurnalist amalına daim sadiq qalaraq, heç bir vəchlə vicdanına qarşı çıxmırdı. Məhz Osman Mirzəyevin "Vışka" qəzetində dərc olunan "Mir tvoemu domu, brat-karabaxets" və "Madonna iz Sadaraka" məqalələri cəmiyyətdə böyük əks-səda doğurdu və ölkə rəhbərliyinin təşvişinə səbəb oldu. Bu məqalələrdə müəllif Dağlıq Qarabağı Azərbaycandan ayırıb, Ermənistana birləşdirməkdə vasitəçi olan Moskvanın siyasətini kəskin tənqid atəşinə tutmuşdur.

Osman Mirzəyev təhsilini Azərbaycan dilində almışdır. Rus dilini isə ömrünün kamillik dövründə öyrənməsinə baxmayaraq, bir çox "rusdillilər" ona həsəd apara bilərdi. Zəhmətsevərliyi və istedadı nəticəsində o, hər bir sahədə yüksək nailiyyətlərə müvəffəq ola bilirdi.

Publisistin məhsuldar yaradıcı fəaliyyəti təbii ki, diqqətdən kənarda qala bilməzdi. Osman Mirzəyev Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl Qələm" mükafatı ilə təltif edilmiş, 1988-ci ildə isə mətbuat sahəsində göstərdiyi xidmətlərə görə "Azərbaycan SSR-in Əməkdar jurnalisti" fəxri adına layiq görülmüşdür.[4]

  1. modern.az. "Təyyarəçi olmaq istəyən jurnalist – Osman Mirzəyev – FOTOLAR". modern.az (az.). 2024-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-09.
  2. ""Bir dəfə yaşayırıq" – OSMAN MİRZƏYEV". aqreqator.az (ingilis). İstifadə tarixi: 2024-02-09.
  3. "Vışka qəzetində Osman Mirzəyev". kayzen.az. İstifadə tarixi: 2024.02.09.
  4. "Osman Mirzəyevin mükafatları". azpost.info. 2022-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024.02.09.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]