Rafiq Babayev (31 mart 1936 və ya 1936[1], Bakı – 19 mart 1994 və ya 1994[1], Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti (1993). 19 mart 1994-cü ildə Bakı metropolitenində Ermənistan xüsusi xidmət orqanları tərəfindən təşkil edilmiş terror hadisəsi zamanı həlak olub.
Rafiq Babayev | |
---|---|
Rafiq Fərzi (Fərun) oğlu Babayev | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 31 mart 1936 və ya 1936[1] |
Doğum yeri | |
Vəfat tarixi | 19 mart 1994 və ya 1994[1] |
Vəfat yeri | |
Vəfat səbəbi | erməni terroru |
Vətəndaşlığı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | dirijor, bəstəkar, cazmen, pianoçu, film bəstəkarı |
Janr | caz |
Musiqi aləti | piano |
Təhsili | |
Mükafatları | |
rafigbabayev.jazz.az | |
Vikianbarda əlaqəli mediafayllar |
Rafiq Babayev 1936-cı il martın 31-də Bakı şəhərində partiya orqanlarında işləmiş Fərzi Babayevin ailəsində anadan olmuşdur. 1937-ci ildə XDİK (Xalq Daxili İşlər Komissarlığı) həbsxanasına salınmış Fərzi Babayev güllələnmə cəzasına məhkum edilmişdir (1956-cı ildə o, bəraət qazanaraq azadlığa buraxılır). Rafiqin anası Şahbəyim xanım 6 övladını – Mərziyə, Vəsilə, Emilya, Oqtay, Rafiq, Armanusa-nı hədsiz çətin şəraitdə tərbiyə etməyə məcbur olur. Sonradan bu uşaqların hamısı peşəkar musiqiçi kimi tanınmışdır.
1943-cü ildə 160 nömrəli musiqi məktəbinə daxil olan Rafiq ilk caz kvartetini də məhz bu məktəbdə yaradır. 1950-ci ildə həmin məktəbi bitərək, A. Zeynallı adına musiqi məktəbinin fortepiano sinfinə daxil olur, R. S. Levinanın sinfində təhsil alır. Bu məktəbdə təhsil almaqla yanaşı, Xalq Çalğı Alətləri Ansamblının musiqi rəhbəri vəzifəsində işləyir. O, caz musiqisi ilə də maraqlanır və improvizasiya ustalığını təkmilləşdirirdi.
1954-cü ildə buraxılış imtahanında onun ifa etdiyi proqrama klassik əsərlərlə yanaşı, amerikalı caz pianoçusu Bill Evensin kompozisiyası da daxil edilmişdi. Sonradan özünü bütünlüklə caz musiqisinə həsr edən Rafiq Babayev 1959-cu ildə Bakı Konservatoriyasını bitirdikdən sonra həmin qrupun musiqi rəhbəri kimi, Sovet İttifaqının müxtəlif şəhərlərinə uzunmüddətli qastrol səfərlərinə çıxır. Rafiq Babayev Bakıya qayıdandan sonra görkəmli müğənni Rəşid Behbudovla tanış olur.
1967-ci ildə Rəşid Behbudov Mahnı Teatrını yaradanda Rafiq Babayev bu teatrın musiqi rəhbəri vəzifəsinə dəvət edilir. R. Babayev və R. Behbudov teatrlaşdırılmış böyük konsert proqramı hazırlamağa başlayırlar. Rafiq bu tamaşanın səhnəyə qoyulması üçün çox böyük işlər görmüşdür. Bütün bu illər ərzində Rafiq caz musiqisi sahəsində yaradıcı işini də davam etdirir, bu işlə fasiləsiz məşğul olur, caz festivallarında iştirak edir. 1967-ci ildə Tallin şəhərində keçirilən Beynəlxalq Caz Festifalında Rafiq Babayevin ansamblı laureat olur. Onun "Bayatı-kürd" ladında ifa edilmiş kompozisiyası xüsusi qeyd edilir. Müxtəlif illərdə bu kollektivin heyətində Gennadi Stepanişşev (fleyta, saksofon), Rauf Sultanov (bas-gitara), Ələsgər Abbasov (gitara), Səyavuş Kərimi (ud, klavişli alətlər), Cəmil Əmirov (klavişli alətlər), Tofiq Cabbarov (zərb alətləri), Firuz İsmayılov (sintezator), Ramin Sultanov (zərb alətləri), Emil Həsənov (bas-gitara), Vaqif Əliyev (zərb alətləri), Emil K. Həsənov (bas-gitara) və başqa peşəkar musiqiçilər fəaliyyət göstərirdilər.
Həmin illərdə Rafiq Babayev ictimai işlərlə də məşğul olur, müxtəlif musabiqələr, baxış və festivallar təşkil edir. Onun bütün yaradıcılıq fəaliyyəti gənc instrumental musiqiçi və vokalçılarla pedaqoji işlə həmişə bağlı olmuşdur.
1991-ci ildə Rafiq Babayev "Cəngi" folklor-caz kollektivini təşkil edir və musiqi layihələrinin həyata keçirilməsinə kömək edən Səsyazma Studiyası yaradır. O, folklor çalğı alətlərindən istifadə etməklə, onları qeyri-adi harmoniya ilə zənginləşdirərək, dünyanın ilk baxışda bir-birinə zidd cəhətlərinə – Qərbə və Şərqə xas olan musiqini melodik tərzdə birləşdirərək gözəl kompozisiyalar yaradırdı.
1993-cü ildə Rafiq Babayevə Azərbaycan Respublikasının xalq artisti adı verilmişdir.
1994-cü il martın 19-da onlarca sakin, o cümlədən qadınlar, uşaqlar və qocalar erməni ekstremistlərinin təşkil etdiyi qanlı terrorun qurbanı oldu. Belələrindən biri də Rafiq Babayev idi. Metro stansiyasında baş vermiş partlayış nəticəsində Rafiq Babayev həyatla vidalaşdı.[2]