Roje Marten dü Qar

Roje Marten dü Qar (fr. Roger Martin du Gard; 23 mart 1881[1][2][…], Nöyi-sür-Sen[3]22 avqust 1958[1][2][…]) — fransız yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı lauretaı (1937).

Roje Marten dü Qar
fr. Roger Martin du Gard
Doğum tarixi 23 mart 1881(1881-03-23)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 22 avqust 1958(1958-08-22)[1][2][…] (77 yaşında)
Təhsili
  • Janson-de-Sayi Liseyi[d]
Fəaliyyəti yazıçı, arxivçi, dramaturq
Əsərlərinin dili fransız dili
Mükafatları "Fəxri legion" ordeni kavaleri
İmza
Vikimənbənin loqosu Roje Marten dü Qar Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fransız yazıçısı Roje Marten dü Qar Paris yaxınlığındakı Nöyi-sür-Sen qəsəbəsində, nəsil şəcərəsi ilkin orta əsrlərə gedib çıxan aristokrat ailəsində doğulmuşdu. Bədii yaradıcılığa meyli məktəb illərindən başlamışdı.

Valideynləri on bir yaşında ikən Marten dü Qarı Ekol Fenelon adlı katolik liseyinə göndərmişdilər. Burada o fransız neoatomizminin liderlərindən olan Marsel Eberin təsiri altına düşmüşdü. Bu təlimin tərəfdarları müasir elmi və fəlsəfi fikrin inkişafı müstəvisində kilsə ehkamlarına yenidən baxılmasının tərəfdarı kimi çıxış edir və fərqli baxışlarına görə küfrdə təqsirləndirilirdilər. Marten dü Qar bir müddət sonra katolisizmdən uzaqlaşsa da, Marsel Eberlə əlaqələrini kəsməmişdi.

Aristokrat gənc təhsilinə çox başısoyuq yanaşdığından atası onu professor Lui Mellerionun yanına göndərməyə məcbur olmuşdu. Burada rastlaşdığı intellektual mühit və aramsız mütaliə tələbi gənc Martində zəhmətə məhəbbət hissi və özünün dediyi kimi, "tədqiqatçılıq damarı" üzə çıxarmışdı.

Lev Tolstoyun "Hərb və sülh" epopeyasını 17 yaşında oxuyan Marten dü Qar bütün həyatı boyu belə bir monumental əsər yaratmaq fikri ilə yaşamışdı. Bir il Sorbonna universitetinin məşğələlərinə davam etdikdən sonra o, arxivşünaslıq və paleoqrafiya ixtisası verən Ekol de Şartı bitirmişdi. Məhz bu məktəbi seçməsinin səbəbləri bilinməsə də, spesifik bilikləri tarixi romanlar yazmasına təsirsiz qalmamışdı.

Ali təhsilini başa vuran Marten dü Qar evlənib Paris sakini olsa da, kənd müəllimi haqqında böyük bir roman yazmaq niyyəti düşüncəsinə hakim kəsilmişdi. Bədii nümunə kimi Tolstoyun əsərlərini seçmişdi, prototip isə müəllimi Eber olacaqdı. Lakin il yarımlıq əziyyətdən sonra Marten dü Qar bu işin öhdəsindən gələ bilməyəcəyini anladı. İlk uğursuzluğu onda gələcəyinə və yaradıcılıq imkanlarına ciddi şübhə yaratdı. Maraqlıdır ki, 1908-ci ilin yazında, belə bir bədbin şəraitdə Marten dü Qar, birnəfəsə "Yaranış" romanını tamamlamış və öz hesabına çap etdirmişdi. Roman qeyri-adi əsər yaratmaq istəyən, lakin uğursuzluğa düçar olan yazıçının sənət əzablarından və axtarışlarından bəhs edirdi.

"Maris" (1913) adlı növbəti romanı ilə Marten dü Qar özü də uğursuzluğa düçar olan başıbəlalı qəhrəmanının vəziyyətinə düşdü. Lakin ədalət naminə qeyd edilməlidir ki, fransız yazıçı yaradıcılığına ciddi meyarlarla yanaşırdı. Nə qədər çətin olsa da, xoşuna gəlməyən əlyazmalarını yandırmağı bacarırdı. "Maris"in uğursuzluğu onu ruhdan salmadı. Təxminən 15 il əvvəl fransız cəmiyyətini lərzəyə gətirən "Dreyfus işi" ilə bağlı "Jan Barua" romanını (1913) yazdı və ədəbi istedaddan məhrum olmadığını sübuta yetirdi. Müəllif bu əsərində ilk dəfə bədii təxəyyülün məhsulu olan dialoqları sırf tarixi arayışlarla sintez etməyi bacarmışdı.

Birinci Dünya müharibəsi zamanı Marten dü Qar fransız ordusunun tərkibində Qərb cəbhəsində vuruşmuşdu. Tərxis olunduqdan sonra bir müddət Paris teatrında işləmiş, 1920-ci ildə valideynlərinin Mərkəzi Fransadakı malikanəsinə köçmüşdü. Növbəti illərdə yazıçı səkkiz cildlik "Tibo ailəsi" romanı üzərində işləmişdi. 1922-1929-cu illərdə romanın ilk altı kitabı çap edilmişdi. 1936-1940-cı illərdə isə son iki cild oxucuların mühakiməsinə verilmişdi. Başlıca hadisələri XX yüzilliyin əvvəllərində cərəyan edən romanda biri katolik, digəri protestant olan iki burjua ailəsi təsvir olunmuşdu. Bu ailələrin timsalında müəllif müharibədən əvvəlki cəmiyyət düzəninin, həyat tərzinin və əxlaq qaydalarının tamamilə tənəzzülə uğradığını göstərmişdi. Dü Qarın digər əsərləri kimi "Tibo ailəsi" də dövrün tarixi qaynaqlarının təfərrüatlı tədqiqi üzərində qurulmuşdu. İngilis filoloqu Martin Seymur-Smitin fikrincə, roman "müəllifin ən faciəvi" əsərlərindən biridir.

1937-ci ildə məhz "Tibo ailəsi" epopeyası fransız yazıçısını ədəbiyyat nobelçiləri sırasına daxil etdi. Mükafat ona "bütünlükdə insanın, eləcə də müasir həyatın mühüm cəhətlərinin təsvirində həqiqətə sədaqətinə və bədii qüdrətinə görə" verilmişdi. Yazıçı Nobel mühazirəsində XX əsrin özünəməxsusluqlarından saydığı ehkamçılığa qarşı çıxmış, yaradıcılığının təkcə ədəbiyyata deyil, həm də insanların xoş münasibətlərinə və sülh işinə xidmət etməsini arzulamışdı.

Marten dü Qar oxucunu mövzu rəngarəngliyi və gözlənilməzliyi ilə təəccübləndirməyi bacaran sənətkarlardan idi. Onun "Afrika etirafı" (1931) romanı ailədə qan qarışdırılması probleminə həsr edilmişdi. "Susqun" (1932) pyesində müəllif homoseksualizm problemlərinə marağını ifadə etmişdi. Yaradıcılığı üçün səciyyəvi olmayan sinizm ruhlu, sarkastik "Köhnə Fransa" romanı (1933) ilə kəndin problemlərini bədii fikrin gündəliyinə gətirirdi. 1940-cı ildən həyatının sonuna qədər o, çoxcildlik "Polkovnik-leytenant Momorun gündəlikləri" əsəri üzərində işləmişdi.

Şəxsi həyatda Marten dü Qar müasirlərinin yekdil rəyinə görə, son dərəcə qapalı, qaraqabaq və ünsiyyətdən qaçan adam idi. Özü ilə bağlı danışmağı xoşlamayan fransız müəllifinin qəti qənaətinə görə əsl yazıçı haqqında hər kəsdən və hər şeydən öncə onun əsərləri danışmalıdır.

  1. Devenir (1906)
  2. L’Une de Nous (1909)
  3. Jean Barois (1913)
  4. Les Thibault : Le Cahier gris (1922)
  5. Les Thibault : Le Pénitencier (1922)
  6. Les Thibault : La Belle Saison (1923)
  7. Les Thibault : La Consultation (1928)
  8. Les Thibault : La Sorellina (1928)
  9. Les Thibault : La Mort du père (1929)
  10. Vieille France (1933)
  11. Les Thibault : l'Été 1914 (1936)
  12. Les Thibault : l'Épilogue (1940)
  13. Correspondance avec André Gide (posthume [[1968)
  14. Le Lieutenant-colonel de Maumort (posthume [[1983)
  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Roger Martin du Gard // Encyclopædia Britannica (ing.).
  3. 1 2 Archivio Storico Ricordi. 1808.
  • Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]