Tomas Eliot

Tomas Sternz Eliot (ing. Thomas Stearns Eliot; 26 sentyabr 1888[1][2][…], Sent-Luis, Missuri[3][3][…]4 yanvar 1965[1][2][…], Kensinqton, London, İngiltərə, Birləşmiş Krallıq) – ingilis şair, dramaturq, ədəbiyyat tənqidçisi, poeziyada modernizm cərəyanının nümayəndəsi, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1948).

Tomas Eliot
ing. T. S. Eliot
Doğum adı Thomas Stearns Eliot
Doğum tarixi 26 sentyabr 1888(1888-09-26)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 4 yanvar 1965(1965-01-04)[1][2][…] (76 yaşında)
Vəfat yeri
Vəfat səbəbi Emfizem[4]
Təhsili
Fəaliyyəti dramaturq, şair, esseist, ədəbiyyat tənqidçisi, ictimai tənqidçi, hekayə yazıçısı[d], universitet müəllimi[d], ssenarist, söz yazıçısı[d], uşaq ədəbiyyatı yazıçısı, jurnalist, tənqidçi, yazıçı
Fəaliyyət illəri 1915-ci ildən
Əsərlərinin dili ingilis dili
Janrlar poeziya[5], ədəbi tənqid[5]
Üzvlüyü
Mükafatları "İncəsənət və ədəbiyyat" ordeninin komandor dərəcəsi "Fəxri Legion" ordeninin zabit dərəcəsi Prezidentin "Azadlıq" medalı İncəsənət və elm sahəsində Pour le Mérite ordeni "Xidmət" ordeni
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Amerikan-ingilis şairi Tomas Sternz Eliot Missuri ştatında, yeddi övladı olan ailənin sonbeşiyi kimi doğulmuşdu. Valideynlərinin hər ikisi tərəfdən nəsillərində Amerika tarixində mühüm iz qoymuş şəxsiyyətlər vardı. Atası Henri Uer Eliot varlı sənayeçi idi. Anası Şarlotta Sternz isə bədii bioqrafiyalar müəllifi kimi tanınmışdı.

Eliot mükəmməl təhsil almışdı. Harvard universitetini magistr diplomu ilə bitirmişdi. İlk şeirlərini 1909-1910-cu illərdə redaktoru olduğu "Harvard advokeyt" jurnalında dərc etdirmişdi. Sonra Sorbonna universitetində mühazirələri dinləmiş, fransız ədəbiyyatını öyrənmişdi. Harvardda ikən yaradıcılıqlarını maraqla izlədiyi simvolist şairlərin bir çoxu ilə Fransada şəxsən tanış olmuşdu.

ABŞ-yə döndükdən sonra ingilis idealist-filosofu F.Bredli haqqında dissertasiya yazmışdı. Sanskrit ədəbiyyatı və buddizmlə marağı da bu dövrə təsadüf etmişdi. Harvardın ayırdığı Şelton təqaüdü ona İngiltərə və Almaniyada fəlsəfəni daha dərindən öyrənməyə imkan yaratmışdı. Uzun tərəddüdlərdən sonra Tomas Eliot professor kürsüsü tutmağa hazırlaşdığı Harvarda qayıtmamaq qərarına gəlmişdi.

O, Londonda yaşamağa üstünlük vermişdi. Ezra Paund və Uindem Lyuisin köməyi ilə 1915-ci ildə ilk şeirlərini də burada çap etdirmişdi. Özünü pedaqoji sahədə, bank və nəşriyyat işində sınamışdı. "Eqoist" adlı ədəbi jurnalın baş redaktor müavini olmuşdu. Əsasən ümidsizlik və ruh düşkünlüyü ifadə edən şeirləri müxtəlif dövrü nəşrlərdə və antologiyalarda çıxmış və tədricən Eliot tanınmağa başlamışdı. İlk diqqətəlayiq əsərində – "Alfred Pryforkun məhəbbət nəğməsi" (1917) poemasında Eliot poeziyasının özəllikləri daha aydın şəkildə üzə çıxmışdı. Con Berimenin fikrincə, XX əsr Amerika poeziyası bu poema ilə başlayırdı.

Şairliklə müvazi şəkildə Eliot-tənqidçinin şöhrəti də durmadan artırdı. O, "Taym" jurnalının ədəbi əlavəsinin fəal müəlliflərindən biri idi. İngiltərədə "Kembric məktəbi", ABŞ-də isə "yeni tənqid" adlanan nüfuzlu ədəbi tənqid cərəyanın yaradıcıları sırasında T.Eliotun da adı vardı. Müasir ədəbiyyatla bir sırada o, Şekspir, Dante, Drayden, Marlo, Con Donn, Herbert, Endryü Malvell və b. Avropa klassikləri haqqında da münasibət yeniliyi ilə seçilən məqalələrin müəllifi idi.

Tomas Eliotun əcdadları XVII əsrdə İngiltərədən Amerikaya getmişdilər. Şair isə tarixi vətəninə qayıtmaqda qəralı idi. Hələ ABŞ-də universitet təhsili aldığı dövrdə tələbə yoldaşları onun "tələffüzündən və vətəndaşlığından başqa hər cəhətdən tam bir ingilis olduğunu" sezmişdilər. Eliot 1927-ci ildə anqlikan kilsəsinin tələblərinə uyğun şəkildə yenidən xaç suyuna salınmış və Britaniya vətəndaşlığını qəbul etmişdi. Ümumiyyətlə, o, özünü "dində anqlokatolik, ədəbiyyatda klassist, siyasətdə royalist" adlandırmağı xoşlayırdı.

30-cu illərdən başlayaraq Eliot qələmini dramaturgiya janrında da sınamışdı. Onun dini mistifikasiya üslubunda yazılmış "Kilsədə qətl" (1934) pyesi ABŞ və Avropa teatrlarında uğurla tamaşaya qoyulmuşdu. Müasir mövzulu "Ailənin birləşməsi" (1939), "Axşam kokteyli" (1950), "Şəxsi katib" (1954), "Yaşlı dövlət xadimi" (1959) pyesləri isə, ədəbi tənqidin fikrincə uğurlu alınmamışdı.

"Bəhərsiz torpaq" (1922) poeması ilə janrın hüdudlarını genişləndirən Tomas Eliot 40-cı illərdə poemanın bir sıra klassik nümunələrini yaratmışdı. Tənqidçilərin yetkin əsərlər hesab etdikləri "İst Koker" (1940), "Byornt Norton" (1941), "Balaca Giddinq" (1942), "Dörd kvartet" (1943) və s. poemaların hər biri müəllifin tarix, zaman, şəxsiyyət və mənəviyyatla bağlı düşüncələri üzərində qurulmuşdur. Xüsusi ilə "Dörd kvartet" poemasının çapından sonra Eliot həyatda olan ən məşhur ingilisdilli şair kimi qəbul edilmişdi.

"Müasir poeziyada görkəmli novator xidmətlərinə görə" Tomas Eliot 1948-ci ildə Nobel mükafatı qazanmışdı. İsveç Akademiyasının üzvü Anders Esterlinq Eliot poeziyasının özəlliklərini qeyd edərək onun almaz itiliyi və sərtliyi ilə insanın yaddaşına həkk olunduğunu vurğulamışdı. Laureat cavab nitqində demişdi: "Mən şairlərə Nobel mükafatı verilməsini poeziyanın ümumbəşəri dəyərinin daha bir təsdiqi hesab edirəm. Təkcə elə buna görə ara-sıra şairləri mükafatlandırmaq lazımdır. Mənə verilən mükafatı şəxsi xidmətlərimin qiymətləndirilməsindən daha çox poeziyanın əhəmiyyətinin rəmzi etirafı kimi qəbul edirəm".

Tomas Eliot İngiltərə və Fransanın ali ordenləri ilə təltif olunmuş, Göte mükafatına layiq görülmüşdü. O, ABŞ və Avropanın 16 universitetindən fəxri doktorluq mantiyası almışdı. Həyatının son yarım əsrini Britaniyada yaşasa da, ABŞ ilə əlaqələrini heç vaxt kəsməmişdi. O, hər il doğulduğu ölkəyə gedir, dostları və yaxınları ilə görüşür, universitet və elmi cəmiyyətlərdə çıxışlar edirdi.

Şairin şəxsi həyatı o qədər də uğurlu olmamışdı. 1915-ci ildə Vivyen Heyvudla evlənmişdi. 19 il birlikdə yaşasalar da, anlaşmaya nail ola bilməmişdilər. Heyvud isə həyatını psixiatriya xəstəxanasında başa vurmuşdu. Tomas Eliot Somerset əyalətində, bir vaxtlar əcdadlarının tərk edərək Amerika qitəsinə köçdükləri İst Koker kəndində dəfn olunmuşdu. Öz mürəkkəb poetikası, düşüncə və hisslərinin dərinliyi, ifadə vasitələrinin orijinallığı ilə seçilən Tomas Eliot poeziyası bu gün də diqqət mərkəzində qalmaqdadır. Şairin vəfatından sonra onun yaradıcılığına həsr olunan tədqiqat əsərlərinin sayı əhəmiyyətli dərəcədə artmışdır.

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Gardner H., Davies H. A., Tate A. T.S. Eliot // Encyclopædia Britannica (ing.).
  3. 1 2 3 4 Archivio Storico Ricordi. 1808.
  4. https://www.poetrychangeslives.com/t-s-eliot-heavy-smoking-banker-poet-died-of-emphysema/.
  5. 1 2 T.S. Eliot // Goodreads (ing.). 2006.
  • Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]