Qrasiya Deledda

Qrasiya Deledda (it. Grazia Deledda; 27 sentyabr 1871[1][2][…], Nvoro[3][6][…]15 avqust 1936[3][4][…], Roma[3][6][…]) — italyan yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1926).

Qrasiya Deledda
sard. Grassia Deledda
Doğum adı Maria Grazia Cosima Deledda
Təxəllüsü Ilia di Saint-Ismael[5]
Doğum tarixi 27 sentyabr 1871(1871-09-27)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 15 avqust 1936(1936-08-15)[3][4][…] (64 yaşında)
Vəfat yeri
Vəfat səbəbi süd vəzi xərçəngi
Dəfn yeri
  • Kampo Verano[d]
Uşağı 2
Təhsili
Fəaliyyəti yazıçı, şair, roman yazıçısı, dramaturq, nasir
Fəaliyyət illəri 1891–1936
Əsərlərinin dili italyan dili
Janrlar roman, hekayə, avtobioqrafiya, dram
Mükafatları ədəbiyyat üzrə Nobel mükafatı
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ədəbiyyat sahəsində Nobel mükafatı alanların siyahısında dünya miqyasında tanınmış müəlliflərlə yanaşı ən qızğın mütaliə həvəskarına da heç nə deməyən adlara da təsadüf olunur. İtalyan yazıçısı Qrasiya Deleddanı tam əsasla ikinci qisim yazıçılara aid etmək mümkündür. Ötən əsrin 20-30-cu illərində yaradıcılıqları böyük rezonans doğuran, yüksək intellektləri və şəxsi nüfuzları ilə dünya miqyaslı proseslərə təsir göstərən, kitabları yüz minlərlə nüsxə tirajla çıxan bir sıra müəlliflərin iddiaçılar sırasında olmasına baxmayaraq, mükafatın "özü üçün yazan" sadə italyan qadınına verilməsi müəyyən mənada təəccüblü görünməyə bilməz.

Qrasiya Deledda Sardiniyada, Nuoro adlı kənddə doğulmuşdu. Atası hüqquşünas, anası isə savadsız kəndli qadın idi. Ailələri yerli meyarlar baxımından imkanlı sayılırdı. Mədəni həyata gəldikdə isə kənddə elə qapalı mühit vardı ki, sakinlər italyanca deyil, latın dilinə yaxın yerli dialektdə danışırdılar. Xanım Deledda özü doğma kəndini istehza ilə "bürünc dövrünün yaşayış məskəni" adlandırmışdı.

Belə şəraitdə gələcək yazıçının bütün təhsili kənd məktəbində keçirdiyi bir neçə illə, habelə evdə italyan və fransız dillərini öyrənməklə məhdudlaşmışdı. Təbii ki, şəxsi mütaliənin də mühüm rolu olmuşdu. O, yerli Sardiniya ballada və əfsanələrini, habelə Hüqo və Balzak kimi fransız yazıçılarının yaradıcılığını dərindən öyrənmişdi. Deledda XIX əsr rus ədəbiyyatına da ciddi maraq göstərmişdi.

Qrasiya Deleddanın portreti

Yazmağa çox erkən başlamışdı. 15 yaşı olanda "Sardiniya qanı" adlı hekayəsi Romadakı şəkilli jurnallardan birində dərc edilmişdi. "Sardiniya gülü" romanını (1892) ədəbi tənqid xeyirxahlıqla qarşılamışdı. Növbəti – "Namuslu ürəklər" (1895) romanına isə tanınmış italyan tənqidçisi R.Bonqi müqəddimə yazmışdı.

Həmin roman bir ildən sonra fransız dilinə çevrilmiş, əyalətdə yaşayan gənc qadın gözləmədiyi halda böyük məbləğdə qonorar almışdı. Bu, atasının ölümündən sonra təsərrüfat işlərinə baxan və cansıxıcı mühitdə yaşayan Qrasiyanın hər şeyi atıb yazıçı olmaq niyyəti ilə Sardiniyanın paytaxtı Kalyariyə köçməsinə təkan vermişdi. 1900-cü ildə isə gənc qadın maliyyə nazirliyində çalışan bir məmura ərə getmişdi. Bundan sonra həyatının Roma mərhələsi başlanmışdı.

Yazıçı xanımın paytaxtdakı yaşayışı adi evdar qadın həyatından çox da fərqlənməmişdir. O, ərinə baxmış, iki oğul böyütmüşdü. Amma mənzilinin kandarından kənara ayaq basmadan hər il ortaya bir roman qoymağı da bacarmışdır. Deledda Romada yaşasa da, əsərlərinin qəhrəmanları yenə də Sardiniya insanları idi. Müəllif "ürəyinin bir parçası" adlandırdığı bu yerləri və onun sakinlərini yaxşı tanıdığından mövzu üçün paytaxt həyatının mürəkkəbliklərinə baş vurmaq, yaxud da uzaqlara getmək haqqında əsla düşünmürdü.

Deleddanın əsərlərini hər hansı ədəbi cərəyana aid etmək çətin olsa da, romanlarında naturalizmin üstünlük təşkil etdiyini ilk baxışdan sezmək mümkündür. Əsas mövzular isə məhəbbət, ölüm və insan iztirablarıdır. Məsələn, yazıçının "ilk uğurlu əsəri" adlandırdığı "Elias Portolu" romanının (1903) qəhrəmanı uğursuz məhəbbət iztirablarından can qurtarmaqdan ötrü rahib həyatını seçir. Lakin sonra Allahın xidmətində dayanmaq üçün kifayət qədər saf və təmiz olmadığını başa düşür. Nəticədə günaha batır və iztirablardan keçərək təmizlənməyə çalışır.

XX əsrin ilk onilliklərində Deledda İtaliyada populyar yazıçı idi. Onun qeyri-qanuni övladı üçün özünü qurban verən qadın haqqındakı "Kül" romanının (1904) motivləri əsasında ölkəsinin ilk bədii filmlərindən biri çəkilmişdi. Müəllif özünü teatr sahəsində də sınamışdı. "Sarmaşıq" romanı (1908) əsasında yazdığı eyni adlı pyes 1912-ci ildə Roma səhnəsində tamaşaya qoyulmuşdu.

Qrasiya Deleddanın digər diqqəti cəlb edən əsərləri içərisində "Səhrada" (1911), "Göyərçinlər və qırğılar" (1913), "Başqalarının səhvi" (1915), "Ana" (1920) "Tənha adamın sirri" (1921), "Yaşayanların allahı" (1922) kimi romanlarının adlarını çəkmək mümkündür. Əlbəttə, bu əsərlərin hamısının eyni dərəcədə uğurlu alındığını iddia etmək doğru olmazdı.

1926-cı ildə Qrasiya Deledda "doğma adasının həyatının aydın və görümlü lövhələrini yaradan, insan problemlərinin dərinliklərinə nüfuz etməyi bacaran poetik ruhlu əsərlərinə görə" Nobel mükafatına layiq görüldü. İsveç Akademiyasının üzvü Henrix Shukun təqdimat nitqində Deleddanın təbiət təsvirləri baxımından Avropada əvəzsiz olduğu vurğulanır, onun dini problematikanı yaxşı bildiyi, əsərlərinin kədərli, lakin bədbin olmadığı qeyd edilirdi. Həyatında ilk dəfə belə böyük auditoriya qarşısına çıxan laureat sadəcə bir neçə təşəkkür sözü söyləməklə kifayətlənmişdi.

Nobel mükafatı aldıqdan bir müddət sonra Qrasiya Deleddada xərçəng xəstəliyi tapılmışdı. Ancaq yazıçı qadın bundan sonra daha doqquz il yaşamışdı. Ən başlıcası isə həyatında heç nə dəyişməyibmiş kimi yenə də doğma Sardiniya adasının təbiəti və insanları haqqında yazmışdı.

  1. Fior di Sardegna (1892)
  2. Le vie del male (1892)
  3. Racconti sardi (1895)
  4. Anime oneste (1895)
  5. Elias Portolu (1903)
  6. Cenere (1904)
  7. L'edera (1912)
  8. Canne al vento (1913)
  9. Marianna Sirca (1915)
  10. La madre (1920)
  11. La fuga in Egitto (1925)
  12. Il sigillo d'amore (1926)
  13. Cosima (1937) published posthumously
  14. Il cedro del Libano (1939) published posthumously
  • Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]