Vilyam Katbert Folkner (ing. William Cuthbert Faulkner; 25 sentyabr 1897[1][2][…] – 6 iyul 1962[3][1][…]) — amerikalı yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı[5] (1949).
Vilyam Folkner | |
---|---|
ing. William Cuthbert Faulkner | |
Doğum adı | William Cuthbert Falkner[4] |
Doğum tarixi | 25 sentyabr 1897[1][2][…] |
Vəfat tarixi | 6 iyul 1962[3][1][…] (64 yaşında) |
Vəfat səbəbi | ürək tutması |
Təhsili |
|
Fəaliyyəti | ssenarist, şair, romançı, hekayə yazıçısı[d], dramaturq, uşaq ədəbiyyatı yazıçısı, yazıçı |
Fəaliyyət illəri | 1919–1962 |
Əsərlərinin dili | ingilis dili |
Janr | ssenari |
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Amerika yazıçısı Uilyam Folkner Missisipi ştatının Nyu-Olbani şəhərində doğulmuşdu. O, nəsillərində ilk yazıçı deyildi. Cənubla Şimalın müharibəsi zamanı cənubluların ordusunda xidmət etmiş babası Uilyam Klark Folkner öz dövrü üçün kifayət qədər populyar olan "Memfisin ağ qızılgülü" romanının müəllifi idi[6]. Qapalı və çəkingən xarakteri ilə seçilən Uilyam ilk təhsilini anasından almışdı. 13 yaşında isə o, artıq gənc rəfiqəsi Estell Oldhemə sevgi şeirləri yazırdı. Çox güman bu səbəbdən də məktəbi bitirə bilməmiş və babasına məxsus bankda işə başlamışdı. Amma şeirlərin bir təsiri olmamışdı. 1918-ci ildə Estell başqasına ərə getmişdi. Qardaşı Conun dediyinə görə "bundan sonra Uilyam üçün həyat bitmişdi". Könüllü orduya yazılmaq istəsə də, boyunun balacalığına görə qəbul etməmişdilər. Naəlac qalıb Torontodakı hərbi-hava qüvvələri məktəbinə daxil olmuşdu. Bu arada Birinci Dünya müharibəsi bitdiyindən Folkner evə qayıtmışdı. Missisipi Universitetində məşğələlərə davam etməkdən və yazmaqdan başqa bir yol yox idi. 1919-cu ildə çap etdirdiyi "Favnın günorta yuxusu" şeri onun ədəbi debütü sayılır. Bir il sonra Folkner universiteti buraxıb yazıçı və teatr tənqidçisi Stark Yanqın dəvəti ilə Nyu-Yorka getsə də, ədəbi aləmə yol tapa bilməmişdi. Kitab mağazasında satıcı, poçtalyon kimi işlərdə çalışmışdı. 1925-ci ildə Şervud Andersenlə tanışlığı həyatında dönüş yaratmışdı. Andersen onun şeirlərini oxuduqdan sonra qələmini nəsr sahəsində sınamağı məsləhət görmüşdü. Folknerin növbəti şeir kitabının uğursuzluğu bu məsləhətin yerinə düşdüyünü bir daha sübuta yetirmişdi. Amerikalı oxucular "Əsgər qisməti" (1926), "Ağcaqanadlar" (1927) kimi ilk romanlarına xüsusi maraq göstərməsələr də bu Folkneri ruhdan salmamışdı. O, uğursuzluğun əvəzini "Sartoris" (1929) romanı ilə çıxmışdı. "Sartoris" hadisələrin uydurma Yoknapatofa əyalətində cərəyan etdiyi 15 cildlik romanlar silsiləsindən ilk əsər idi. Lakin "Sartoris" ümumən xeyirxahlıqla qarşılansa da, yazıçı kimi Folknerə şöhrət gətirən eyni ildə çap etdirdiyi "Səs-küy və qəzəb" romanı oldu. Amerika tənqidi bu əsəri "böyük kitab" kimi dəyərləndirdi. Amma Uilyam Folknerin novator təhkiyəsi oxucunun onu qavramasını çətinləşdirirdi. Ədəbi həyatı ilə eyni vaxtda yazıçının şəxsi həyatındakı problemlər də həllini tapmışdı. 1927-ci ildə Folknerin ilk məhəbbəti Estel Oldhem birinci ərindən boşandı. Az sonra isə keçmiş sevgililər ailə həyatı qurdular. 59 monoloqdan ibarət "Ölüm yatağında" (1930) romanını Folkner bir neçə həftə ərzində yazmışdı[7]. Bütün monoloqlar "şüur axını" prinsipi əsasında qurulmuşdu. Tənqidçi Konrad Eyken bu romanı "yüksək pilotaj" adlandırsa da, müəllifin digər romanları kimi o da pis satılırdı. Ailəsini dolandırmaq üçün qələmindən başqa vasitəsi olmayan Folkner nə isə "dəhşətli bir şey" yazmaq qərarına gəlmiş və üç həftə sonra yeni əsərini — "Müqəddəs yer" (1931) romanını ortaya qoymuşdu. Roman qanqsterlər tərəfindən zorlanan və sonda fahişəxanaya düşən gənc bir qadının həyat hekayəsini anladırdı. "Müqəddəs yer" bestsellerə çevrildi. Yazıçı müvəqqəti də olsa, maliyyə çətinliklərini aradan qaldıra bildi. Daha gəlirli ədəbi fəaliyyət sahəsi axtaran Folkner 30-40-cı illərdə Hollivudla əməkdaşlıq etmişdi. Həmin dövrün "Şöhrətə aparan yol" (1936), "Qunqa Din" (1939), "Malik olmaq və olmamaq" (1945), "Əbədi yuxu" (1946) kimi məşhur filmləri onun romanlarının motivləri əsasında çəkilmişdi. Bu dövrdə Folkner "Sütun" (1934) "Absalom, Absalom" (1936), "Vəhşi palmalar" (1939), "Kənd" (1940) və "Düş, Moisey" (1942) kitabına daxil olan hekayələrini yazmışdı. Məhz yazıldıqları dövrdə əksər əsərləri fransız dilinə tərcümə olunmuş və Avropada çoşqu ilə qarşılanmışdı. Məsələn, Folkner nəsri ilə tanış olan Jan Pol Sartr amerikan tənqidçisi Malkolm Kuliyə məktubunda "Folkner sözün Allahıdır!" — deyə heyrətini bildirmişdi. Amerikada isə ədəbiyyata yeni üslub və düşüncə gətirmiş Folkneri hələ də başa düşmür və yetərincə qiymətləndirmirdilər. Həmvətənin yaradıcılığını "əlçatmaz ədəbi hünər" sayan Malkolm Kuli vəziyyəti qismən də olsa düzəltmək üçün 1946-cı ildə Folkner nəsrindən seçmələri "The Portable Faulkner" ("Daşına bilən Folkner") kitabında toplamışdı. Kitab amerikalıların yazıçının yaradıcılığı ilə daha yaxından tanış olmalarına imkan yaratmışdı. 1949-cu ildə Folkner Nobel mükafatı laureatı oldu. İsveç Akademiyası yazıçını "bədiilik baxımından müasir Amerika romanının inkişafına verdiyi qeyri-adi töhfəyə görə" fərqləndirmişdi. Folknerin laureatlığı birmənalı qarşılanmamışdı. Onun vətəndaş müharibəsi dövründə Cənubdakı nifrət və zorakılığa daha çox diqqət yetirməsi müəyyən narazılıqlara səbəb olmuşdu. Lakin İsveç Akademiyasının üzvü Qustav Helstryom bu nifrət və zorakılığın yazıçının əsərlərində həmişə günahkarlıq məsuliyyəti, humanizm və ədalət hissi ilə neytrallaşdırdığını bildirmişdi. Folkner qısa cavab nitqində nüvə silahı təhlükəsi altında yaşayan müasir insanın ilk növbədə öz ürəyi, ruhu və inancları ilə şərə qalib gələcəyi fikrini əsaslandırmışdı. Folkner Nobel mükafatını yaradıcılıq böhranı keçirdiyi dövrdə almışdı. Onun başqa bir problemi isə içkiyə həddindən artıq aludəliyi idi. Ancaq bununla belə "Rahibə üçün rekviyem" (1951), "Şəhər" (1957), "Malikanə" (1959) kimi mühüm əsərlərini məhz 50-ci illərdə yaratmışdı. Eyni zamanda ABŞ-nin görkəmli ziyalısı və ictimai xadimi kimi ölkəsini beynəlxalq tədbirlərdə təmsil etmişdi. Sağlığında Amerikada o qədər də başa düşülməyən Folkner əsl ədəbi şöhrətə ölümündən sonra qovuşmuşdu. Yaradıcılığından ayrı-ayrı nümunələr mərhum Natiq Səfərov tərəfindən yüksək ustalıqla Azərbaycan dilinə tərcümə olunmuşdur.