Lusila de Maria del Perpetuo Sokorro Qodoy Alkayyaqa (isp. Lucila de María del Perpetuo Socorro Godoy Alcayaga; 7 aprel 1889[1][2][…] – 10 yanvar 1957[1][2][…]) — əsasən Qabriela Mistral təxəllüsü ilə tanınan çilili şairə, maarifçi, diplomat, qadın hüquqları uğrunda fəal mübariz, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1945).
Qabriela Mistral | |
---|---|
Doğum adı | Lucila de María Godoy Alcayaga[3] |
Təxəllüsü | Gabriela Mistral |
Doğum tarixi | 7 aprel 1889[1][2][…] |
Vəfat tarixi | 10 yanvar 1957[1][2][…] (67 yaşında) |
Vəfat yeri | Hempstead, New York |
Fəaliyyəti | şair, diplomat, müəllimə, yazıçı |
Əsərlərinin dili | ispan dili |
Janr | poeziya |
Mükafatları | |
gabrielamistral.uchile.cl | |
Vikianbarda əlaqəli mediafayllar |
Qabriela Mistral Çili şairəsi və pedaqoq Luiza Qodoy Alkayaqanın təxəllüsüdür. O, And silsiləsindəki yüksək dağ kəndlərinin birində dünyaya gəlmişdi. Gəzəri sənətkar-minstrel olan atası hindu tayfasından, anası isə İspaniya basklarının nəslindən idi. Ögey bacısı Evelina Luizanın mütaliəyə və ədəbiyyata marağının yaranmasında mühüm rol oynamışdı.
Evelina müəllim idi. Luiza da bacısı kimi müəllim olmaq istəyirdi. Lakin o, müvafiq təhsil ala bilməmişdi. Bunun üçün sadəcə imkan yox idi. Luiza daha çox mütaliə yolu ilə özünü yetişdirmişdi. Müəllim köməkçisi kimi işə başlayandan sonra yerli mətbuatda məqalə və şeirlərini çap etdirməyə başlamışdı.
Luizanın 18 yaşı olanda dəmiryolçu Romelio Ureto ilə nişanlanmışdı. Xasiyyətləri tutmadığından tezliklə ayrılmalı olmuşdular. Bir müddət sonra isə Ureto intihar etmişdi. Bu hadisə gənc qızın həyatında sarsıdıcı izlər buraxmışdı. Eyni zamanda onun böyük ədəbiyyata gəlməsinə təkan vermişdi. Məsələ buradadır ki, Luiza həyatının dəhşətli hadisəsi haqqında "Ölüm sonetləri" şerini yazmış və onu Santyaqoda keçirilən poeziya müsabiqəsinə göndərmişdi. Şeir müsabiqədə birinci yer tutmuşdu. Müəllif məhəbbət sonetləri yazmağın pedaqoq adına kölgə salacağından qorxaraq ilk əsərini Qabriela Mistral təxəllüsü ilə çap etdirmişdi. Təxəllüs Luizanın iki sevimli sənətkarının — italyan şairi Qabriele D`Annuntsionun adının və provansal şairi, Nobel laureatı Frederik Minstralın soyadının birləşməsindən yaranmışdı.
Qabrielanın ikinci məhəbbəti də uğursuzluqla nəticələnmişdi. Düzdür, bu dəfə sevdiyi adam intihar etməmişdi. Sadəcə, onu atıb varlı qadına evlənmişdi. Həyatının sonuna qədər tənha yaşayan Qabriela Mistral taleyinə yazılan tənhalığı, analıq sevinci və ailə ocağından uzaqlığını bir çox şeirlərinə mövzu seçmişdi. Şair kimi məşhurlaşmamışdan əvvəl o, pedaqoji sahədə uğur qazanmışdı. Müəllim, inspektor, Temuka şəhərindəki qadın litseyinin, nəhayət, paytaxt Santyaqo liseyinin direktoru olmuşdu. Temukada gələcəyin böyük Çili şairi Pablo Nerudaya bacardığı qədər yardım göstərməyə çalışmışdı. 1922-ci ildə Kolumbiya universiteti yanındakı İspan institutu Qabriela Mistralın "Ümidsizlik" adlı ilk şeirlər kitabını çap etmişdi. Məcmuənin adı ilə məzmunu səsləşirdi. Qüssə, kədər, ümidsizlik motivləri kəndə, kənd uşaqlarına məhəbbət və müəllimin cəmiyyətdəki yüksək missiyası haqqındakı nikbin notlarla tamamlanırdı.
İlk kitabı Qabriela Mistralı ispan dilli ölkələrdə tanıtdı. Amerika ədəbiyyatşünası Alfred Ortis-Varqas yazırdı ki, Mistral kimi bir şairin meydana çıxması "epoxal hadisədir, çünki onun şeirlərinə əbədiyyət öz möhürünü vurub". Çilidə universitet təhsili almayanların müəllim işləmələri qadağan olunanda Meksika təhsil naziri şairəni öz ölkəsinə çağırdı, məktəb və kitabxana sahəsində islahat layihəsi hazırlamağı ona həvalə etdi. Layihə uğurla həyata keçirildi. Meksikada yaşadığı illərdə Qabriela Mistral hindu sivilizasiyasının öyrənilməsinə xüsusi diqqət yetirmişdi. ABŞ və Avropa səyahətindən sonra Çiliyə qayıdanda nəhayət, vətənində də onu layiqincə qiymətləndirdilər — Mistral hökumət yanında Latın Amerikası mədəniyyəti üzrə məsləhətçi təyin edildi.
Şairənin "Zəriflik" (1924) adlı ikinci kitabı da böyük uğur qazandı. 1926-cı ildən Mistral Parisdə, Millətlər Liqasının İntellektual əməkdaşlıq komitəsində çalışırdı. Fəaliyyət sahəsinə Avropada çap olunmaq üçün Latın Amerikası ədəbiyyatından nümunələrin seçilməsi və tərcümələrinin təşkili daxil idi. 1930-1932-ci illərdə Qabriela Mistral ABŞ-nin bir sıra kolleclərində və Puerto-Riko universitetində Latın Amerikası ədəbiyyatını tədris etmişdi. Ardınca Çilinin İtaliya, İspaniya və Fransada konsulu olmuşdu. 1938-ci ildə şairənin kəskin antifaşist ruhlu "Məhvolma" kitabı işıq üzü görmüşdü. Eyni ildə o, öz xahişinə əsasən Fransadan Braziliyaya dəyişdirilmiş və konsul kimi ölkəsini Rio-de-Janeyroda təmsil etmişdi. Şairənin həyatının dəhşətli səhnələri də bu ölkə ilə bağlı olmuşdu. 1942-ci ildə yaxın dostu, faşizmdən qaçıb Braziliyaya pənah gətirən Avstriya yazıçısı Stefan Sveyq və arvadı, yarım il sonra isə dörd yaşından övladı kimi böyütdüyü 18 yaşlı qardaşı oğlu Xuan Migel burada intihar etmişdilər.
Qabriela Mistral 1945-ci ildə ədəbiyyat sahəsində Nobel mükafatına layiq görülən ilk Latın Amerikası şairi olmuşdu. Mükafat ona "bütün Latın Amerikasının idealist təşəbbüslərinin simvoluna çevrilmiş yüksək hisslər poeziyasına" görə verilmişdi. İsveç Akademiyasının üzvü Yalmar Qulberq Çili şairəsini "Latın Amerikası ədəbiyyatının şahzadəsi" adlandırmışdı. Qabriela Mistral isə minlərlə ədəbiyyat adamı içərisində fərqləndirilməsinin səbəbini şeirlərində qadınların və uşaqların səsinin eşidilməsi ilə əlaqələndirmişdi.
İkinci Dünya müharibəsindən sonra Qabriela Mistral əsasən Nyu-Yorkda yaşayırdı. 1951-ci ildə o, Çilinin milli ədəbi mükafatını almış, 1954-cü ildə isə Santyaqo universitetinin fəxri doktoru seçilmişdi. Bu münasibətlə keçirilən təntənələrə qatılmaq üçün gəldiyi Çili paytaxtında onu milli qəhrəman kimi qarşılamışdılar. Nitqini dinləmək üçün paytaxt bələdiyyəsi qarşısındakı meydanda iki yüz min nəfərdən çox həmvətəni toplaşmışdı. 1954-cü ildə Qabriela Mistralın "Məhək" adlandırdığı sonuncu şeirlər kitabı işıq üzü görmüşdü. Nyu-Yorkda vəfat edən şairə vəsiyyətinə əsasən Vətənində torpağa tapşırılmışdı. Baş daşı üzərinə şeirlərinin birindən götürülmüş "Sənətkarsız xalq ürəksiz bədən kimidir" misraları həkk olunmuşdur.