Səfəvi Qəndəharı


Səfəvi Qəndəharı və ya Səfəvi imperiyasının Qəndəhar vilayətiSəfəvi imperiyasının Qəndəhar şəhərinin ətrafından ibarət,[1] şərqdə yerləşən vilayətlərindən və Xorasan inzibati bölgəsinin 4 əyalətindən biri.[2] Qəndəhar özü də daha kiçik inzibati vahidlərə bölünmüşdü. Onlar bu bölgələr idi: Bost-Qeresx, Zəmindavar, Duki, Çutiyali, Qərmsir-e Qəndəhar, Guriyan və Həzaraların tayfa bölgəsi. Sonuncuya Qalat bölgəsi də daxil idi.[3]

Bəylərbəyliyi
Səfəvi Qəndəharı
Bayraq
Bayraq
 

Rəsmi dilləri puştu, dəri, Azərbaycan, fars
Dövlət dini islam

Səfəvi imperiyasının Qəndəharı ələ keçirməsi

[redaktə | mənbəni redaktə et]
Tahmasp and Humayun at a spring New Year festival, surrounded by other people
Şah Təhmasib və Hümayun Novruz şənliyində. İsfahanın Çehel Sütun sarayının divarında əks etdirilmiş rəsm.

Böyük Moğol imperiyası ilə Səfəvi imperiyasının münasibətləri Şah İsmayıl dövründə müttəfiqliyə əsaslanırdı. Əmir Teymurun soyundan gələn Moğol sülaləsi babalarının Orta Asiyada yerləşən taxtını geri qaytarmaq istəyirdi və bunun üçün Səfəvi imperiyası ilə birlikdə fəaliyyət göstərirdi. Şah Təhmasib dövründə isə, ortaq özbək düşmənlərinin mövcudluğuna baxmayaraq, böyük siyasi və iqtisadi mərkəz olan Qəndəhar şəhərinə hakimlik uğrunda mübarizə başlandı və şəhər əldən-ələ keçdi. Şah Təhmasib Qəndəharı geri qaytarmaq üçün 1537-ci ildə yürüşə başladı. Qəndəharın moğol hakimi Xacə Kalan müqavimətsiz şəhəri qızılbaşlara təslim etdi. Şah Budaq xan Qacarı şəhərin hakimi təyin etdi, lakin 1538-ci ildə Moğol padşahı Hümayunun qardaşı Mirzə Kamran qoşunla Qəndəhara gələrək qızılbaşları oradan sıxışdırdı.[4]

SəfəviBöyük Moğol hakimiyyəti dövründə Böyük Qəndəhar bölgəsi.

Səfəvi–Moğol münasibətlərində Hümayunun hərbi yardım haqqında xahişlə I Şah Təhmasibə müraciət etməsi əlamətdar hadisə oldu. Hümayun əfqan hakimi Şirxan tərəfindən darmadağın edilmiş və hətta ona qarşı çıxış etmiş qardaşları da onu tək buraxmışdılar. Vəziyyət o dərəcədə ağırlaşmışdı ki, o, arvadı, qulluqçusu və 40 etibarlı adamının müşayiəti ilə Səfəvilərin ərazisində təqibdən yaxa qurtarmağa məcbur olmuşdu. 1544-cü ildə Hümayun Sistan hakimi Əhməd Sultan Şamlı tərəfindən padşaha layiq təmtəraqla qəbul edilərək Herata yola salınmışdı. Hümayun onu qarşılamaq üçün öz məiyyəti ilə şəhər hüdudlarından xeyli kənara çıxmış Xorasan bəylərbəyi Məhəmməd xan Şərəfəddin oğlu tərəfindən də böyük ehtiramla qarşılandı. Hümayun bir neçə gün Heratda qaldıqdan sonra şahın yanına hərəkət etdi. Sultaniyyənin yaxınlığında, Sorluq yaylağındakı şah düşərgəsində Hümayunu şahın qardaşları Bəhram və Sam, vəzir Qazi Cahan, qorçibaşı Sevindik bəy və dövlətin digər yüksək rütbəli adamları qarşıladılar.[5] Sonra Hümayun şahdan ayrıldı, TəbrizƏrdəbilə yollandı. Hümayun Ərdəbildə Şeyx Səfiəddinin türbəsi qarşısında "baş əydi", bundan sonra isə saraya qayıtdı. Müxtəlif məlumatlara görə, I Şah Təhmasib tərəfindən Budaq xan Qacar və Şahverdi bəy Ustaclı başda olmaqla 6 mindən 12 min nəfərədək qızılbaş Hümayunun sərəncamına verildi. Hümayun həmin hərbi yardımla Hindistana yola düşdü, öz düşməni Şirxanı darmadağın etdi və taxt-tacı özünə qaytardı. O, bu köməyin müqabilində hər il 40 min tümən gəlir verən Qəndəharı Səfəvilərə güzəştə getdi. Həmçinin Hümayun şiəliyi qəbul etməyi də öhtəsinə götürmüşdü.[6]

Lakin Hümayun Hindistana geri dönüb taxtını geri aldıqdan sonra yenidən sünniliyə keçir, lakin onunla birlikdə Hindistana gəlmiş şəxsləri sünniliyə keçməyə məcbur etmir.[7][8][9] Qəndəharın verilməsi ilə də bağlı problem ortaya çıxır. Qəndəhar şəhərinin verildiyi Səfəvi şahzadəsi Murad Mirzə (razılaşmaya görə, Şah Təhmasib Qəndəharın məhz oğlu Murad Mirzəyə güzəştə gedilməsini istəmişdi) qısa müddət sonra vəfat edir və şəhər iki imperiya arasında mübahisə mənbəyinə çevrilir. Moğollar şəhərin sadəcə Murad Mirzə yaşadığı təqdirdə Səfəvi imperiyasına aid olduğunu iddia etdikləri halda, Səfəvi imperiyası şəhərin əbədi olaraq onlara verildiyini iddia edirdi.[8] Təhmasib özünün şəhər üzərinə ilk yürüşünü 1558-ci ildə — Hümayunun ölümündən sonra — həyata keçirdi və şəhəri geri qaytardı.[10]

Qəndəhar uğrunda Səfəvi-Moğol müharibələri

[redaktə | mənbəni redaktə et]
Şah Abbas sarayda qonaq qəbul edərkən Çehel Sütun sarayındakı təsvir

Moğollar şəhəri birdə 1545-ci ildə geri qaytarmağı bacardılar. Səfəvi imperiyası 1558-ci ildə şəhəri geri aldı. I Abbas dövründə 1595-ci ildə şəhər yenidən moğolların əlinə keçdi. I Abbasın bunu düzəltmək istəyi moğollarlarla 1622-ci ildə müharibənin başlanmasına səbəb oldu.[11]

1605-ci ildə Heratın hakimi Hüseyn xan Qəndəhar şəhəri üzərinə yürüş edərək oranı mühasirəyə aldı. Lakin qalanın moğol hakimi Şah bəy Xanın inadkar müqaviməti və bunun ardınca da güclü moğol ordusunun yardıma gəlməsi nəticəsində Səfəvi ordusu geri çəkilməyə məcbur oldu.[12][13] Şah Abbas Osmanlı üzərindəki qələbədən sonra moğollar üzərinə yeni bir müharibəyə başladı.[11] 1621-ci il 20 mayda I Abbas komandanlığında Qəndəhara çatan Səfəvi ordusu dərhal şəhərin mühasirəsinə başladı.[11] Şəhərin mühasirəyə alınması xəbəri ona çatmasına baxmayaraq, moğol hökmdarı Cahangir reaksiya göstərməyə gecikdi[11] və əlavə qüvvə göndərmədi. Şəhərin müdafiəsində qalan 3 min nəfərlik kiçik qarnizon isə uzun müddət müqavimət göstərə bilmədi. İmperator oğlu və vəliəhdi olaraq qəbul edilən Xürrəmdən yardım üçün toplanmış orduya komandanlıq etməyini istədi.[14] Bu zaman Dekanda Manduda olan Xürrəm saraydan uzaqda olduğuna görə gücünü itirəcəyindən ehtiyat edərək bundan yayındı.[15]

Moğolların qaladakı qarnizona yardım üçün topladığı ordunun zəif olduğu qısa zaman sonra bəlli oldu.[13] 45 günlük mühasirədən sonra 22 iyunda qala təslim alındı. Bundan qısa müddət əvvəl isə Zəmindavar Səfəvi ordusu tərəfindən ələ keçirilmişdi.[16] Qəndəharın hakimi I Abbas tərəfindən Gəncəli xan Zığ təyin edildi.[12]

Şəhərə Səfəvi qarnizonu və qarnizon üçün lazım olan cəbhəxana yerləşdirildikdən sonra I Abbas Gur yolu ilə Xorasana geri qayıtdı. Geri dönüş yolunda olarkən o, Çağçaran və Ğarcistanda müqavimət göstərən əmirlər tabe etdi.[17]

Bu zaman moğolların başları öz daxili məsələlərinə qarışdı və lazimi müqaviməti göstərə bilmədilər. Beləki Xürrəm üsyan qaldırmış və paytaxta doğru yürüşə çıxmışdı. Beləliklə, 1623-cü ilin yazında moğol elçisi I Abbasın düşərgəsinə gəldi və moğol imperatorunun Qəndəharı itirdiyini qəbul etdiyini bildirdi. Beləliklə Səfəvi imperiyası ilə Moğol imperiyası arasındakı münaqişə sona çatdı.[18]

1638-ci ildə Qəndəharın Səfəvi hakimi Əlimərdan xan Zığın moğollara təslim olmasından sonra şəhər yenidən moğol hakimiyyəti altına girmişdi. Şəhəri yenidən geri qaytarmaq üçün II Abbas yenidən müharibəyə başladı. 4 aprel 1648-ci ildə moğolların Bədəxşandan geri çəkilməsindən[19] cəsarətlənən II Abbas 40 minlik ordu ilə birlikdə İsfahandan hərəkətə başladı. Ləşkərgahı ələ keçirdikdən sonra o, 28 dekabrda Qəndəharı mühasirəyə aldı və qısa müddətlik mühasirədən sonra oranı 22 fevral 1649-cu ildə ələ keçirdi.[20][21]

Bəlx yürüşündəki uğursuzluq moğolların cəbhədəki mövqelərinin xeyli zəifləməsi ilə nəticələnmişdi. Bunun sübutu kimi isə, Qəndəharın mühasirəsinin az çəkməsi və qısa müddət ərzində Səfəvi imperiyasının əlinə keçməsini göstərmək olar. 1651-ci ildə moğollar şəhəri ələ keçirmək üçün yenidən hücuma keçsələr də, qışın yaxınlaşmasına görə mühasirəni yarıda saxlamağa məcbur oldular.[21]

Qəndəharın moğollar tərəfindən mühasirələri

[redaktə | mənbəni redaktə et]

Qəndəharın itirilməsi Moğol imperiyası üçün çox ağır strateji itki kimi görünürdü. Şəhərin itirilməsinin imperiyasının nüfuzuna xələl yetirdiyi düşünülürdü və Sultan Şahcahan nə olursa olsun onu geri qaytarmaq istəyirdi. Bunu reallaşdırmaq üçün o, oğlu Övrəngzibi 50 minlik ordu ilə yürüşə göndərdi. Övrəngzibi Sədullah xan (saray müşaviri) və Caypurlu I Cay Sinx müşayət edirdi. Onlar 1649-cu ilin aprelində Qəndəhar qalasına hücum etdilər və bir neçə ayı kənarındakı düzənlik ərazilərdə Səfəvi ordusuna qarşı döyüşməklə keçirdilər.[22] Şəhər kənarındakı döyüşdə Səfəvi ordusu məğlub olsa da, qala döyüşlərində böyük uğur əldə etdilər.[23][24] Lakin tədricən moğol ordusu maddi-texniki təminat problemləri yaşamağa başladı. Həmçinin Səfəvilərin inadlı müqavimət göstərməsi ilə birlikdə, şəhərin müdafiə tikililərini uçura bilmək üçün moğol ordusunun yetəri qədər odlu silahı da yox idi. Hər bir halda, 5 sentyabr tarixində moğol ordusu 3 min döyüşçü və minlərlə heyvan itirərək geri çəkildi.[22][25]

Birinci mühasirənin uğursuzluqla bitməsindən etibarən moğollar ikinci hücuma hazırlaşmağa başladılar. İkinci mühasirəyə hazırlıq mərhələsində mğollar böyük toplar sifariş edərək özlərinin artilleriya qüvvələrini gücləndirməyə çalışdılar. İkinci mühasirəyə daha yaxşı hazırlaşan moğollar qoşqu heyvanları yerinə bu dəfə dəvələrdən yararlanmağı planlayırdılar. Birinci mühasirədə olduğu kimi şahzadə Övrəngzib, Caypurlu I Cay Sinx və Sədulla xan yürüşdə iştirak edirdi.[26]

Səfəvi imperiyası da Qəndəhardakı qüvvələrinə yardım göndərmiş, qalanın ziyan görmüş yerləri bərpa edilmişdi.

İkinci müharisəyə yollanan moğol ordusu 2 may 1652-ci ildə şəhərə çatdı və qala divarlarının altından lağımlar qazmağa başladı. Lakin Səfəvi ordusu moğollarla müqayisə də daha dəqiq tüfənglərə sahib idilər.[27] Şahcahanın qala divarları dağıdılmadan döyüşçülərin hücum etməməsini əmr etməsindən sonra Səfəvi ordusunun şəhəri müdafiə etməsi daha asanlaşdı. Bundan başqa, moğollar özbəklərlə də bağlı problemlər yaşamağa başladılar. Beləki, II Abbas özbək Əbdüləziz xanla da ittifaq imzalamışdı. Bundan sonra Əbdüləziz Kabula 10 minlik qoşun göndərərək, moğolların təminat yollarını kəsdi.[28] Moğolları mühasirəni ləğv etməyə məcbur edəcək qədər güclü olmasalar da, özbəklər önəmli zərbələr vura bilirdilər. Belə zərbələrin birində onlar mühasirəyə alan orduya gedən və 2500 döyüşçü tərəfindən qorunan 1.5 milyon gümüş sikkəni ələ keçirə bilmişdilər.[28]

Səfəvi ordusunun yaxşı müdafiə olunduğunu, özbəklərin fəaliyyətini və öz ordusunun uğursuzluğunu görən[21] Şahcahan oğlu Övrəngzibə ordusunu Kabula aparmağı əmr etdi. Beləliklə, 9 iyul 1652-ci ildə ikinci mühasirəni də Səfəvi ordusu uğurla başa vura bildi.[26]

Moğolların Qəndəharı ələ keçirmək üçün olan III cəhdi 1653-cü ilin yazında baş verdi. İki dəfə uğursuz olduqdan sonra şahzadə Övrəngzib ordunun komandanlığından alındı, yerinə qardaşı və vəliəhd şahzadə Dara Şükuh gətirildi. Dara 70 minlik ordu ilə yürüşə başladı. Onun qərərgahına moğolların ən məşhur generalları və əvvəlki iki mühasirə zamanı yaxşı mənada seçilən Caypurlu I Cay Sinx də daxil idi.[29] Lakin şahzadə özünün etməli olduğu şeylərdə belə tez-tez müşavirləri ilə məsləhətləşirdi. Bu məsləhətləşmələr vəliəhd şahzadənin gözünə girməyə çalışan müşavirlərinin qarşılıqlı davaları ilə müşayət olunurdu. Həmçinin təcrübəli moğol generalları hərbi məsələlərdə onların yerinə şahzadənin öz şəxsi müşavirləri ilə məsləhətləşməsindən də narahat idilər.[29]

Üçüncü mühasirəni edəcək olan ordu Qəndəhara aprel ayında çatdı. Lakin ənənəvi xətti müharibə üçün olan silahlarla təmin edilmiş moğol ordusu mühasirə döyüşü apara bilmək üçün zəif təchiz edilmişdi. Ordunun döyüş qabiliyyətini zəiflədən bir digər məsələ isə Daranın hərbi səriştəsizliyi, həmçinin uğursuz əmrlər verdikdən sonra buna görə başqalarını ittiham etməsi oldu.[29] İyun ayında qalanın bir hissəsinin zəbt edilməsi şahzadənin müdaxiləsi ilə baş tutmadı. Yayın sonlarında ordunun daxilində narazılıqlar baş qaldırmağa başladı. Nəhayət, 29 sentyabr 1653-cü ildə mühasirə ləğv edildi.[29]

Bu mühasirənin də Səfəvi ordusunun qələbəsi ilə sonlanması müharibənin faktiki sonlanması və Səfəvi ordusunun qələbə çalması demək idi.[24]

Qəndəharın itirilməsi

[redaktə | mənbəni redaktə et]
II Şahnəvaz xan (və ya XI Georgi).

Səfəvi hökmdarı Şah Sultan Hüseyn şübhələnirdi ki, əfqan tayfalarından olan hilçilər üsyan etmiş və ya etməyə hazırlaşmaqdadırlar. Bunun qarşısını almaq üçün gürcü əsilli sərkərdələrdən olan və əvvəlcə Gürcüstanda Səfəvilərə qarşı üsyanq qaldırsa da, uğursuzluqla üzləşən, bundan sonra öz xidmətini imperiyaya təklif edən II Şahnəvaz xanı (Gurgin və ya Qurqin xan) buraya hakim olaraq göndərdi. Qəndəhara gəlib çatdıqdan sonra Şahnəvaz xan əfqanların üsyan etmədiyini, əksinə haqsız idarəetməyə etirazla məşğul olduqlarına şahid oldu və münaqişəsiz şəhərə daxil oldu. Lakin bundan sonra o, şəhər əhalisi ilə buranı fəth etmiş kimi davranmağa, edam hökmləri verməyə və bir neçə məmuru işdən çıxarmağa başladı. Bunlar yerlilər tərəfindən etirazla qarşılandı.[30] Artıq şəhərdə həqiqətən üsyan hazırlıqlarına başlanılmışdı.[31]

Bu narazılıqlarda aktiv iştirak edən şəxs hilçilərdən bir qəbilənin başçısı, öz ağlı və sərvəti ilə məşhur olan Mir Veys xan idi.[31] O, Şah Hüseynə müraciət yazaraq mövcud vəziyyəti bildirib düzəldilməsini xahiş etdi. Bu, həm də onun həmvətənlərinin üsyan əhval-ruhiyyəsini yüksəltmək üçün idi. Şah sarayından müsbət reaksiya almasa da, o, üsyana başlamaq əvəzinə şaha sadiq qalmağı üstün tutdu.[31]

Qəndəharda ən güclü şəxsin Mir Veys olduğunu, həm də əhalinin üsyana qalxmamasının tək səbəbinin də Mir Veys xan olduğunu Şəhnəvaz xan görməkdə idi. Həmçinin onun gücündən çəkinən Şahnəvaz xan (XI Georgi) onun həbs edilməsini əmr etdi və Mir Veys xan həbs edilərək şah sarayına göndərildi. Artıq Qəndəharda özünü təhlükəsizlikdə hiss edən Şahnəvaz xan qızılbaş ordusunun böyük bir hissəsinə geri dönməyə icazə verdi. Şah sarayına gələn Mir Veys məhkəmədə bütün ittihamları rədd etdi və şahdan ona qarşı irəli sürülən ittihamların araşdırılmasını istədi.[32]

Mir Veys xan məhkəmədə, əgər Şahnəvaz xanın üsyan qaldıracağı halda çox təhlükəli rəqib olacağını, Qəndəharın, Kermanın və Gürcüstanın onun əlinə keçəcəyini bildirdi. Əvvəldə üsyan qaldırmış Şahnəvazın ambisiyalarından xəbərdar olan Şah Sultan Hüseynə bu məntiqli gəldi. Öz istəyinə çatan Mir Veys xan məhkəmədən ona Məkkəni ziyarət edə bilməsi üçün icazə verilməsini istədi və bu məhkəmə tərəfindən rədd edilə bilməzdi. O, dini liderlərin təstiqini və dəstəyini qazanmaq üçün iki sual verdi:

  • "Müsəlmanların boyunduruqdan azad olmaq üçün silaha sarılması halaldırmı?"[33]
  • "Bir neçə qəbilə başçılarının bidətçi olan bir hökmdara beyət etmək andına sadiq olmaq məcburiyyətində qaldıqları halda, hökmdarın and içdiyi şeylərə əməl etməyi dayandırdığı zaman qəbilə üzvləri anddan azad olunmurmu?"[34]

Suallara verilən cavablar onun almaq istədiyi cavablar idi. Məkkədə din adamlarından bu cavabı aldıqdan sonra İsfahana geri döndü və şübhə cəlb etməmək üçün bir müddət sarayda qalmaq qərarına gəldi.

Mir Veys Məkkədən qayıtdığı vaxtlarda Böyük Pyotrun diplomatik hakimiyyəti altında İsfahana səfir göndərilən İsrail Ori adlı bir ermənidən xəbər tutdu. İsrail Ori saraya doğru hərəkət edərkən onu xeyli sayda insan müşayət etməkdə idi və onun şahla müzakirə edəcəyi məsələ idxal və ixrac vergilərinin azaldılması idi. O, saraya gəldikdən sonra şah Mir Veys xanla məsləhətləşmək istədi.[35] Mir Veys xan ona belə cavab verdi:

" Düzdür, konyuktura nəhəngdir. Əgər Rusiya çarı bu ölkəyə dinc missiya göndərmək istəsəydi, ermənini özünə agent seçməzdi. Səfəvi təbəəsi olaraq doğulmuş, lakin öz inancına və Ermənistanın qədim kral ailəsinə mənsub olan bir adamı göndərməklə onun məqsədi səltənətin tam ürəyinə fitnə kömürləri üfürmək olmalıdır. Amma Gürcüstana arxayın ola bilsək, Ermənistanın Rusiyanın dəstəklədiyi cəhdləri heç bir məna kəsb etməzdi. Lakin bu yaxınlarda Gürcülər Qurqis xanın (XI Gerogi və ya digər adları ilə II Şahnəvaz və ya Qurqin xan) rəhbərliyi altında şaha qarşı üsyan qaldırdılar. Biz bilirik ki, Qurqis xanın əmisi oğlu indi Sankt-Peterburq sarayındadır. Biz necə şübhə etməyə biləri ki, bu Rusiya tərəfindən dəstəklənən erməni xristian öz ardıcılları ilə ölkəmizə soxulduqdan sonra bir zamanlar xristian olan, indi də qəlbində böyük ehtimal ki xristian olan, qədim gürcü kralları soyundan gələn Qurqin xan Gürcüstanı, Kermanı və Qəndəharı bizə qarşı çevirib, imperiyanın ürəyinə bir zərbə vurmayacaq?[36] "

Onun bu sözləri Şah Sultan Hüseynin və sarayın həyəcanlanmasına səbəb oldu. Rusiyanın qəzəblənməsindən çəkinən Şah Hüseyn İsrail Orini qəbul edi və Mir Veys xanı da Şahnəvaz xanı nəzarətdə saxlaması, onun üsyana başlamasından şübhələndikdə dərhal saraya xəbər verilməsi əmrləri ilə Qəndəhara göndərdi.[37] Mir Veys xanın Qəndəhara gətirildiyini görən Şahnəvaz xan qəzəbləndi, lakin bir şey edə bilmədi. Bir müddət sonra o, Mir Veys xandan qızını ona kəniz kimi verməsini istədi və bu Mir Veys xanın təhqir edilməsi demək idi. Üsyan hazırlıqlarına başlanıldı və digər qəbilələrə də onu izləmək əmr edildi.[38]

Şah Sultan Hüseyn əyanları ilə (1721)

Üsyanın başlanması və şəhərin itirilməsi

[redaktə | mənbəni redaktə et]

Mir Veys xan gənc görünüşlü bir qızı öz qızı adı ilə Şahnəvaz xanın yanına göndərdi. Üsyana hazırlıq bitmişdi, lakin bir problem var idi. Beləki Şahnəvaz qızılbaş ordusunu geri göndərdikdən sonra gürcü dəstələrini yanında öz mühafizəçiləri kimi saxlamışdı. Mir Veys xan Pişin vadisinin hakimlərindən olan Tarin qəbiləsini vergi verməyi durdurmalarını istədi. Şahnəvaz öz gürcü dəstələrinin çoxunu buraya göndərmişdi. Bundan sonra Hilçi tayfasının başçılarını da yanına alaraq Qəndəhar yaxınlığına gəldi. Ziyafət təşkil edərək Şahnəvazı və digərlərini oraya dəvət edərək tarinlilərin əməllərini bəyənmədiyini bildirdi.[39]

Hər hansı bir şeydən şübhələnməyən Şahnəvaz öldürüldü.[40] Mir Veys xan və adamları gürcülərin paltarlarını geyinərək Qəndəhara daxil oldular. Geyimlərinə görə qalanın gürcü mühafizəçiləri heç bir şeydən şübhələnmədilər. Qəfil hücumlar qala qapıları açıldı və gözləyən əfqan döyüşçüləri şəhərə buraxıldı.[41]

Bununla da, sonda nəinki Qəndəharın Səfəvi imperiyası hakimiyyətindən çıxmasını, hətta sonda faktiki olaraq Səfəvi imperiyasının süqutuna rəvac yaradacaq Hotaki üsyanı başladı.

Qəndəharın ələ keçirilməsindən sonra Mir Veyx xan şəhər əhalisi qarşısında çıxış edərək Şahnəvaz xanın və gürcü mühafizəçilərinin öldürüldüyünü, özləri üçün azadlığın yaxın olduğunu elan etdi:

" Əgər aranızda göydən indi sizə enmiş bu qiymətli azadlıq hədiyyəsindən həzz almağa cəsarəti olmayan biri varsa, qoy o özünü bəyan etsin; ona heç bir zərər vurulmayacaq, ona bu xoşbəxt dövlətin hüdudlarından kənarda yeni bir tiran axtarışına çıxmasına icazə veriləcək.[42] "

Bundan sonra toplanan əfqan qəbilələri toplantısında mövcud vəziyyət dəyərləndirildi və əldə edilmiş uğurlar barədə digər qəbilələrə də məlumat çatdırıldı ki, onlar da üsyana qatılsınlar.[43]

Şahnəvazın öldürülməsindən sonra keçən dördüncü gündə tarinliləri cəzalandırmaq üçün göndərilmiş gürcü dəstəsi olanlardan xəbərsiz halda Qəndəhara geri dönürdü. 600 nəfərlik nizami gürcü dəstəsi şəhərə yaxınlaşdığı zaman tüfənglərdən atəş açıldı. Bununla eyni zamanda digər qapıdan çıxan süvari döyüşçülər onların geri çəkilmə yolunu qapatdılar. Gürcülər mühasirəni yarıb geri çəkilməyi bacarsalar da, ağır itki verdilər. Həmçinin Mir Veys xan da onları günlərlə təqib etsə də, tam olaraq məhv edə bilmədi. Bu gürcülər Səfəvi sarayına mövcud üsyan barədə məlumat verdilər. Səfəvi sarayı şəhərin Böyük Moğol imperiyasına təklif ediləcəyindən qorxaraq dərhal Cani xan adlı diplomatı danışıqlar üçün Qəndəhara göndərdilər. Diplomat üsyançılara Şahnəvaz xanın öldürülməsinin şah tərəfindən bağışlanacağını, yalnız şəhərdə yerləşdiriıməsi üçüm göndəriləcək qızılbaş ordusunun şəhərə yerləşdirilməsini istədi. Mir Veys xan Səfəvi imperiyasının cəza yürüşünün hazırlanmasını gecikdirmək üçün diplomatı həbs etdirdi. Xəbər ala bilməyən Səfəvi sarayı Məhəmməd xan adlı yeni bir elçi göndərdi, bu elçiyə aşkar şəkildə heç bir təklifin qəbul edilməyəcəyi bildirildi. Səfir geri döndükdən sonra Səfəvilər şəhəri geri almağın yeganə yolunun hərbi yürüş olduğunü başa düşdülər.[44]

1710-cu ildə Səfəvi imperiyası Əfqanıstana yaxın bölgələrdə yaşayan farslardan toplanmış insanlardan təşkil etdiyi ordu ilə yürüşə başladı. Məhəmməd xanın rəhbərlik etdiyi Səfəvi ordusu ordunun əsasən farslardan təşkil edildiyi xəbərini alan və hücuma keçən Mir Veys xan tərəfindən məğlub edildi.[45] Sonrakı 18 ay ərzində Səfəvi ordusu daha 4 yürüş həyata keçirdi və dörd yürüş də uuğrsuzluqla nəticələndi. Sonuncu yürüşdə Məhəmməd xan və 3 oğlu əsir edildi. Halbuki 5 min nəfərlik orduya qarşı əfqanlar sadəcə 500 nəfərlik süvari ilə döyüşürdülər.[46]

Hotakilərin 1715-ci ildə idarə etdiyi torpaqlar.

Bu məğlubiyyətlərdən sonra Səfəvi sarayı bütün hərbi gücünü buraya yönləndirdi və öldürülmüş Şahnəvaz xanın qardaşının oğlu Keyxosrovun rəhbərliyində yeni bir ordu göndərildi. Fərah üzərinə son hücuma keçmədən öncə Keyxosov kəşfiyyat işləri apardı və Ğirisk yaxınlığında, Helmand çayı sahilində mövqe tutan Mir Veys xan dağ keçidlərini boş buraxmışdı. Nəticədə o, Səfəvi ordusu tərəfindən məğlub edildi. Bu qələbədən sonra Keyxosrov Qəndəhar üzərinə yürüşə başladı. Onun Qəndəharın təslim edilməsi tələbi rədd edildi. Qəndəhara tələsən Mir Veys xan tarinliləri və bəlucları da öz ordusuna cəlb etdi və Qəndəhara doğru irəliləməyə başladı. Qəndəhar ətrafında olan Səfəvi ordusunun maddi-texniki təminat yollarını kəsən Mir Veys xan, onları çətin vəziyətə saldı. Keyxosrov bacardığı qədər şəhərin mühasirəsini uzatmağa çalışırdı, lakin əfqanların əks-hücumları, yandırılmış torpaq siyasətləri nəticəsində öz ordusunun 2/3 hissəsini itirdikdən sonra geri çəkilməyə başladı. Lakin yolda əfqanlar tərəfindən məğlub edildi və öldürüldü. Səfəvi imperiyası son cəhdlərini 1713–1714-cü illərdə Məhəmməd Rüstəm xan tərəfindən komandanlıq edilən ordu ilə etdilər. Lakin 1714-cü ildə məğlub olaraq geri çəkilməyə məcbur oldular.[47] Bununla da, Səfəvi imperiyasının Qəndəharı geri alma cəhdlərinin hamısı uğursuzluqla nəticəəndi və şəhər itirildi.[48]

Qəndəhar şəhərinin Kokaran bölgəsində yerləşən Mir Veys xanın mavzoleyi.

Mir Veys xan isə 1715-ci ilə qədər hakimiyyətdə qaldı və öldükdən sonra Əbdüləziz Hotaki adlı qardaşı onu əvəz etdi. Əbdüləziz isə şəhəri Səfəvi hakimiyyətinə geri verəcəyi iddialarına görə Mir Veysin oğlu Mahmud Hotaki tərəfindən qətlə yetirildi.[49] Mir Mahmud Hotaki isə 1717-ci ildə Səfəvi ordusunu məğlub edərək imperiyanın bir sıra ərazilərini ələ keçiri və nəhatər, 1722-ci ildə Gülnabad döyüşündən sonra İsfahan şəhərini ələ keçirərək Səfəvi imperiyasının ortadan qaldırılmasında mühüm rol oynadı.[50][51][52] Bu əfqan üsyanının tam olaraq yatırılması isə yalnız Nadir xanın (1736-cı ildən şah) səyləri nəticəsində mümkün oldu.[53]

Hakimlərinin siyahısı

[redaktə | mənbəni redaktə et]

Qəndəharı idarə edən və nisbətən tanınmış şəxslərin siyahısı.[54][55] Bəylərbəyi, hakim və ya vali titullarının hamısı bölgə hakiminə verilən inzibati titullar olmuşdur.[56]

Date Governor Observations
1537–1538 Budaq xan Qacar Qəndəhar hakimi.
1538–1545 Heç kim Böyük Moğol imperiyası tərəfindən idarə edilmişdir.
1545 Budaq xan Qacar Qəndəhar hakimi (ikinci dəfə).
1545–1558 Heç kim Böyük Moğol imperiyası tərəfindən idarə edilmişdir.
1558–1576 Həmzə bəy Zülqədər Qəndəhar hakimi.
1576 Fulad Xəlifə Şamlı Qəndəhar hakimi.
1577–? Həmzə bəy Zülqədər Qəndəhar hakimi (ikinci dəfə).
1587 Müzəffər Hüseyn Mirzə Qəndəhar hakimi.
1588 Qur Mirzə Qəndəhar hakimi.
1588 Rüstəm Mirzə Qəndəhar hakimi.
1589–1592 Müzəffər Hüseyn Mirzə Qəndəhar hakimi (ikinci dəfə).
1592–1622 Heç kim Böyük Moğol imperiyası tərəfindən idarə edilmişdir.
1622–1626 Gəncəli xan Zığ Qəndəhar hakimi.
1626–1638 Əlimərdan xan Zığ Əvvəlki hakimin oğlu. Qəndəhar hakimi.
1638–1649 None Böyük Moğol imperiyası tərəfindən idarə edilmişdir.
1649 Mehrab xan QəndəharAstrabad hakimi.
1649–1662/63 Otar bəy Qəndəhar hakimi
1662/63–? Mənsur xan Əvvəlki hakimin qardaşı. Qəndəhar bəylərbəyi.
?–1673 Cəmşid xan
1673–? Zal xan
1694–1695 Dərviş xan Sultan Qəndəhar bəylərbəyi.
1696 Məhəmmədəli xan
1696, 1697 Aslamas bəy Qəndəhar bəylərbəyi.
1698 Kalb Ali Khan Qəndəhar bəylərbəyiAstrabad.
1698–1699 Abdollah Khan Qəndəhar bəylərbəyi.
1704–1709 Qurqin xan QəndəharKirman bəylərbəyi.
  1. Floor, 2008. səh. 265
  2. Floor, 2008. səh. 128
  3. Floor, 2008. səh. 129
  4. Əfəndiyev, 2007. səh. 119-120
  5. Əfəndiyev, 2007. səh. 120
  6. Əfəndiyev, 2007. səh. 121
  7. Savory, 2007. səh. 66
  8. 1 2 Thackston, 2004
  9. Savory, 2007. səh. 66–67
  10. Streusand, 2019. səh. 148
  11. 1 2 3 4 Burton, 1997. səh. 159
  12. 1 2 Matthee və Mashita, 2011
  13. 1 2 Kohn, 2007. səh. 337
  14. Chandra, 2005. səh. 221
  15. Chandra, 2005. səh. 242
  16. Burton, 1997. səh. 160
  17. Burton, 1997. səh. 161
  18. Burton, 1997. səh. 162
  19. Cambridge, 1986. səh. 299
  20. Noelle-Karimi, 2014. səh. 68
  21. 1 2 3 Matthee və Mashita, 2012
  22. 1 2 Gupta, 2008. səh. 189
  23. Chandra, 2005. səh. 228
  24. 1 2 Kohn, 2007. səh. 338
  25. Noelle-Karimi, 2014. səh. 80
  26. 1 2 Gupta, 2008. səh. 191
  27. Gupta, 2008. səh. 190
  28. 1 2 Burton, 1997. səh. 266
  29. 1 2 3 4 Gupta, 2008. səh. 192
  30. Malleson, 1878. səh. 212
  31. 1 2 3 Malleson, 1878. səh. 213
  32. Malleson, 1878. səh. 215
  33. Malleson, 1878. səh. 218
  34. Malleson, 1878. səh. 219
  35. Malleson, 1878. səh. 220
  36. Malleson, 1878. səh. 220-221
  37. Malleson, 1878. səh. 221
  38. Malleson, 1878. səh. 221-222
  39. Malleson, 1878. səh. 222-224
  40. Malleson, 1878. səh. 225
  41. Malleson, 1878. səh. 226
  42. Malleson, 1878. səh. 227
  43. Malleson, 1878. səh. 228
  44. Malleson, 1878. səh. 229-230
  45. Malleson, 1878. səh. 230
  46. Malleson, 1878. səh. 231
  47. Malleson, 1878. səh. 233
  48. Malleson, 1878. səh. 232-233
  49. Malleson, 1878. səh. 234
  50. Lang, 1952. səh. 523–539
  51. Mikaberidze, 2010. səh. 239
  52. Tucker, 2010. səh. 672-678
  53. Ricks, 2012. səh. 43
  54. Floor, 2008. səh. 256–257
  55. Matthee, Mashita, 2010. səh. 478–484
  56. Floor, 2008. səh. 124
  • Satish Chandra. Medieval India:from Sultanat to the Mughals. 2. Har-Anand Publications. 2005. ISBN 9788124110669.
  • Audrey Burton. The Bukharans:a dynastic, diplomatic, and commercial history, 1550–1702. Palgrave Macmillan. 1997. ISBN 9780312173876.
  • George C. Kohn. Dictionary of wars. Infobase Publishing. 2007. ISBN 9780816065776.
  • Rudi Matthee və Hiroyuki Mashita. KANDAHAR iv. From The Mongol Invasion Through the Safavid Era. Encyclopædia Iranica. 2012.
  • Christine Noelle-Karimi. The Pearl in Its Midst: Herat and the Mapping of Khurasan (15th-19th Centuries). Austrian Academy of Sciences. 2014. 68. ISBN 978-3700172024.
  • The Cambridge History of Iran. 6. 1986. ISBN 978-0-521-20094-3.
  • Alexander Mikaberidze (Red). Conflict and conquest in the Islamic world: a historical encyclopedia. Santa Barbara, Calif. 2011. ISBN 978-1-59884-337-8. OCLC 763161287. Santa Barbara: Calif. 2011. ISBN 978-1-59884-337-8.
  • George Malleson. History of Afghanistan: From the Earliest Period to the Outbreak of the War of 1878. London: W.H. Allen & Company. 1878. ISBN 0343739771.
  • Spencer Tucker (Red). A global chronology of conflict: from the ancient world to the modern Middle East. Santa Barbara, Calif: ABC-CLIO. 2010.
  • D. M. Lang. Georgia and the Fall of the Ṣafavi Dynasty. Bulletin of the School of Oriental and African Studies. 1952. 523–539. ISBN 1474-0699.
  • Thomas M Ricks. Political and Socioeconomic Structures of Late-Safavid Iran, Southern Iran, and the Gulf: The Safavids, Afghans, and Afshars, 1700–1745 // Notables, Merchants, and Shaykhs of Southern Iran and Its Ports. Piscataway, NJ: Gorgias Press. 2012.
  • Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. Bakı: Şərq-Qərb. 2007. 407. ISBN 978-9952-34-101-0.
  • Roger M. Savory. Iran Under the Safavids. Cambridge: Cambridge University Press. 2007. ISBN 9780521042512.
  • Wheeler M. Thackston. HOMĀYUN PĀDEŠĀH. New York: Encyclopædia Iranica. 2004.
  • Douglas E. Streusand. Islamic Gunpowder Empires: Ottomans, Safavids, and Mughals. Routledge. 2019. ISBN 9780429499586.
  • R. K. Gupta; S. R. Bakshi. Studies In Indian History: Rajasthan Through The Ages. IV. Sarup & Sons. 2008. ISBN 9788176258418.
  • Willem Floor. Titles and Emoluments in Safavid Iran: A Third Manual of Safavid Administration, by Mirza Naqi Nasiri. Mage Publishers. Washington, D.C. 2008. ISBN 978-1933823232.