Sadeq Qotbzadə

Sadeq Qotbzadə (fars. صادق قطب‌زاده‎; 24 fevral 1936, İsfahan15 sentyabr 1982, Tehran) — İran siyasi və dövlət xadimi. 1978-ci ildə Fransaya sürgün edilən zaman Ayətullah Xomeyninin yaxın köməkçisi və silahdaşı kimi tanınmışdır. İran İslam İnqilabından sonra İran girov böhranı müddətində qısa bir müddət ölkənin Xarici İşlər Naziri vəzifəsində çalışmışdır. Qotbzadə 1982-ci ildə Ayətullah Xomeyniyə qarşı sui-qəsd və İran İslam Respublikasında dini rejimi devirmək ittihamı ilə həbs edilərək bir müddət sonra güllələnərək edam edilmişdir.

Sadeq Qotbzadə
fars. صادق قطب‌زاده
29 noyabr, 1979 – 3 avqust 1980
PrezidentƏbülhəsən Banisədr
Baş nazirMəhəmmədəli Rəcai
ƏvvəlkiƏbülhəsən Banisədr
SonrakıKərim Xodarpənahi
İran Milli Radio və Televiziyasının idarəedici direktoru
11 fevral, 1979 – 29 noyabr 1979
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri İsfahan, İran
Vəfat tarixi (46 yaşında)
Vəfat yeri Evin həbsxanası, Tehran, İran
Vəfat səbəbi güllə yarası[d]
Vətəndaşlığı İran İran
Partiya Milli Cəbhə (1953-1961)
İran Azadlıq Hərəkatı[1] (1961-1979)
Təhsili
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sadeq Qotbzadə İranın İsfahan ostanlığının mərkəzi şəhəri olan İsfahanda 1936-cı ilin[2] 24 fevral tarixində anadan olmuşdur. Özündən başqa bir bacısı və qardaşı var idi.[3] Atası İsfahanda taxta materiallarının satışı ilə məşğul idi.[4]

Musa Sədr Londonda müəmmalı şəkildə vəfat edən Əli Şəriətinin cənazə namazını qılır. Ondan sağ tərəfdə Sadeq Qotbzadə dayanıb. (1977)

Milli Cəbhənin üzvü olan Sadeq Qotbzadə sonrakı illərdə müxalif siyasi fəaliyyətinə görə bir neçə dəfə polis tərəfindən saxlanılır. 1959-cu ildə atası onu təhsilini davam etdirmək üçün ABŞ-a yollayır. Burada Corctaun Universitetinə daxil olur. İranın zəngin ailələrinin övladları və ya dövlətin göndərişi ilə xaricə gedənlər adətən Fransada təhsil alırdılar. ABŞ-da iranlı tələbələr az idi, amma getdikcə çoxalırdılar. Sadeq Qotbzade İbrahim Yəzdi, Mustafa Çamran ilə birlikdə Amerika Birləşmiş Ştatlarındakı müxalif iranlı tələbələrin təşkilatlanmasında rol oynayır.[5]

Bu üçlük 1961-ci ildə dünyəvi Milli Cəbhədən ayrılaraq Mehdi Bazərganın rəhbərlik etdiyi qismən islamçı İran Azadlıq Hərəkatına (İAH) üzv olurlar və Fransada təhsil alan Əli Şəriəti ilə birlikdə bu təşkilatın xarici bürosunu yaradırlar.[4][6]

1960-1962-ci illərdə İranın Vaşinqtondakı səfiri postunu Ərdəşir Zahedi tuturdu. O, Müsəddiqin devrilməsində önəmli rol oynayan və çevrilişdən sonra bir müddət baş nazir postunu tutan general Fəzlolla Zahedinin oğlu və şahın ilk nikahdan qızı Şahnazın əri idi. Zahedinin səfirlikdə təşkil etdiyi ziyafətlərin birinə giriş əldə edən Sadeq burada şahın kürəkəni ilə mübahisə edir və ona bir şillə vurur.[4]

Siyasi fəaliyyət Qotbzadəni o qədər məşğul edir ki, dərslərini və imtahanlarını buraxır. Nəticədə universitetdən xaric olunur, ABŞ-da qalmaq hüququnu da itirir.[7]

Sonrakı bir neçə ili Qotbzadə Misirdə, Suriyada, Livanda keçirir, burada yaxşı əlaqələr qurur, o cümlədən Livanın şiə icmasının nüfuzlu lideri, İran vətəndaşı olan Musa əl-Sədr ilə dostlaşır.[8][9] Onun İrandan sürgün edilən və İraqın Nəcəf şəhərində yaşayan Ayətullah Xomeyni ilə ilk görüşü də 1960-cı illərin ortalarına təsadüf edir.

Yaxın Şərqdə olduğu müddətdə Qotbzadə Livanda İran inqilabçı hərbçilərifələstinlilərlə birlikdə müxtəlif hərbi təlimlərdə iştirak etmişdir.[10]

1960-cı illərin sonlarında Qotbzadə ali təhsil almaq üçün Kanadaya yollanır və 1969-cu ildə Britaniya Kolumbiyası əyalətinin Nelson şəhərində yerləşən və hazırda fəaliyyət göstərməyən Notr-Dam Universitetini bitirir.[3] Təhsil aldıqdan sonra Musa əl-Sədrin köməkliyi ilə əldə etdiyi Suriya passportudan istifadə etməklə Paris şəhərində məskunlaşmışdır.[9] Qotbzadə 1971-ci ildən etibarən Suriyanın Al-Thawra qəzetinin müxbiri kimi Parisdə fəaliyyətə başlamışdır. Əslində o, jurnalistlik etmirdi, bu, ona Fransada yaşamaq üçün əsas kimi lazım idi.[11][12] İranın müxalif diasporasının əsas mərkəzi olan Parisdə Qotbzadə tezliklə nəzərəçarpacaq fiqura çevrilir.[4][11][12]

Karyera və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1978-ci ilin ilk günlərindən İranda Məhəmməd Rza Pəhləvi əleyhinə çıxışlar başlayır və gah səngiyrək, gah yenidən vüsət alaraq ilboyu davam edir. Bu hərəkat zaman Qotbzadənin üzv olduğu İran Azadlıq HərəkatıRuhullah Xomeyni tərəfdarları şah əleyhinə müttəfiq kimi çıxış etsələr də, müəyyən fikir ayrılıqları da vardı. Qotbzadə İran Azadlıq Hərəkatıdan çıxaraq[13] tamamilə Ruhullah Xomeyni xəttinin tərəfdarına çevrilir.[4] O, eyni zamanda Amal hərəkatını dəstəkləyirdi və Livanın şiə icmasının rəhbəri Musa əl-Sədrə yaxınlığı ilə seçilirdi.

Air France aviaşirkətinə məxsus təyyarə ilə İrana qayıdan Ruhullah Xomeyninin təyyarədə düşməsi anı. Xomeyninin sol tərəfində Sadeq Qotbzadə dayanıb. (1979)

Ruhullah Xomeyni 1978-ci ilin payızında şahın tələbi ilə İraqdan çıxarıldıqdan sonra onu Fransaya getməyə inandıranlardan biri də Qotbzadə olmuşdur. 6 oktyabr tarixində Parisə gələn Ruhullah Xomeyni iki gün Əbülhəsən Banisədrin evində qalır, sonra isə məhz Qotbzadə onun üçün Parisdən təxminən 40 km məsafədə yerləşən Nofl-le-Şato şəhərciyində ev tapır. Fevralın 1-də Tehrana qayıdacaqları günə qədər bu şəhərcikdə yaşayan ayətullahın ən yaxın köməkçisi və məsləhətçisi Qotbzadə, Əbülhəsən Banisədrİbrahim Yəzdi olur.

Air France aviaşirkətinə məxsus təyyarə ilə İrana qayıdarkən də Xomeyninin yanında din xadimi deyil, Sadeq Qotbzadə oturur.[14] Uçuşun təhlükəli ola biləcəyinə baxmayaraq, təyyarədə xeyli jurnalist vardı. Onlardan biri, BBC müxbiri Con Simpson ilə Ruhullah Xomeyninin məşhur qısa dialoqonu da Qotbzadə tərcümə edir:

- Ayətullah, lütfən, bizə deyərsinizmi, İrana qayıtmağa görə hansı hisslər keçirirsiniz?
- Heç nə.[15]

İran İslam İnqilabından sonra Mehdi Bazərgan və başqaları müvəqqəti hökumət qurmaq üçün şuranı tərk etdikdən sonra Qotbzadə inqilab şurasının üzvü seçilmişdir.[16][17][18]

Bundan əlavə, o, Ayətullah Xomeyninin rəsmi sözçüsü vəzifəsində çalışırdı. 11 fevral 1979-cu ildə İran Milli Radio və Televiziyasının (İMRT) idarəedici direktoru vəifəsinə təyin edilmişdir.[19] Son vəzifədə o, yeni rejimin xəttini təbliğ edir. Onun vaxtında İran televiziyasına mollaviziya deyilməyə başlanılır.[4]

İran Milli Radio və Televiziyasının rəhbəri olduğu dövrdə qatı islami düşüncələrinə və təbliğatlarına görə bir qrup iranlı ziyalı və müvəqqəti hökumət tərəfdarları tərəfindən tənqid edilmişdir. 13 mart tarixində, biri silah, digəri isə bıçaqla silahlanmış iki qadının sui-qəsd hücumuna məruz qalır, ancaq yaralanmadan xilas olur.[20] Qotbzadənin İMRT rəhbəri vəzifəsində çalışdığı dövrdə 15 minə yaxın qadın dövlət kanalının islamçı təbliğatını pisləmək üçün kanalın binası qarşısında etiraz aksiyası təşkil etmişdilər.[21]

1979-cu il fevral-noyabr aylarında İranı İran Azadlıq Hərəkatının lideri Mehdi Bazərganın rəhbərlik etdiyi hökumət idarə edir. İbrahim Yəzdi həmin hökumətdə xarici işlər naziri vəzifəsini tuturdu. 4 noyabr tarixində radikal tələbələr ABŞ səfirliyini tutduqdaAyətullah Xomeyni də bu addımı müdafiə etdikdə həm Mehdi Bazərgan, həm İbrahim Yəzdi bununla razılaşmayaraq istefa verdilər. Noyabrın 29-dan etibarən xarici işlər naziri postunu Qotbzadə tutur.[4]

Sadeq Qotbzadə 1979-cu ilin noyabr ayında[22] İran İslam Respublikasının xarici işlər naziri vəzifəsinə təyin edilib. Əbülhəsən Banisədrin müvafiq vəzifədən istefa verməsindən sonra bu vəzifəyə təyin edilən Qotbzadə, vəzifəyə gələn zaman İran-ABŞ arasında ciddi formada girov böhranı yaşanırdı. O, Amerika Birləşmiş Ştatları ilə münasibətlərin pisləşdirilməsinin, pozulmasına hər zaman qarşı olmuşdu və hesab edirdi ki, ABŞ-la ortaq dil tapılmalı və girovlar geri qaytarılmalıdır.[23]

Məhz girov məsələsi və ABŞ-la münasibətlər yeni xarici işlər naziri ilə Ruhullah Xomeyni arasında münasibətlərin pisləşməsinə səbəb oldu. Qotbzadə Vaşinqtonla normal münasibətlərin tərəfdarı idi və buna görə də girov məsələsinin tezliklə həll olunmasına çalışırdı. O, Parisdə amerikalılarla danışıqlar apardı və elə görünürdü ki, problem tezliklə həll ediləcək, müəyyən ilkin razılıqlar da əldə olundu. Amma bu zaman Ruhullah Xomeyni bildiridi ki, girovların taleyini İran Parlamenti həll etməlidir.[4] Qotbzadə ilk prezident seçkilərində də namizədliyini verdi, amma çox uğursuz oldu. O, cəmi 0,34% səs topladı və yeddinci yeri tutdu.[2]

Qotbzadə 1980-ci ilin avqustunda girovların tezliklə azad edilməsini müdafiə edərək İran Parlamentinə açıq məktub yazdı və beş gün sonra Reuters agentliyinə[24] verdiyi müsahibəsində bildirdi ki, Henri Kissincer və digərlərinin dəstəklədiyi ABŞ prezidentliyinə namizəd Ronald Reyqanın problemi həll etmək fikri yoxdur və onlar onun qarşısını almaq üçün əlindən gələni edəcəklər. Sentyabroktyabr aylarında o, girovların azad edilməsinin təxirə salınmasına dair razılaşmanın əldə oluna biləcəyini iddia edən bir neçə başqa açıq bəyanatla çıxış etmişdir.[24]

Girov məsələsində Qotbzadənin səylərinə baxmayaraq, vəziyyət pisləşməkdə davam edirdi. Aprelin 7-də ABŞ İranla diplomatik əlaqələri kəsdiyini bəyan etdi. 25-də girovları azad etmək üçün uğursuz Qartal caynağı əməliyyatı keçirməyə cəhd göstərildi. Qotbzadə bu cəhdi pisləyərək İrana qarşı müharibə aktı[25] adlandırdı. Bununla belə, yenə də girov böhranının tezliklə həll edilməsinə çalışır və bu istiqamətdə Ruhulla Xomeyni başda olmaqla daha radikal mövqe tutunlarla münasibətləri get-gedə pisləşirdi. Nəhayət, avqustun 3-də o, nazir postundan istefa verdi və daha İran İslam Respublikasında heç bir vəzifə tutmadı.[4] İranın Xarici İşlər Naziri vəzifəsində onu Kərim Xodarpənahi əvəzləmişdir. Sözügedən vəzifədən istefa verdikdən sonra bir müddət ailə biznesi[2] ilə məşğul olmuş və İslam hüququnu öyrənmişdir.[17]

Həbs və edam edilməsi

[redaktə | mənbəni redaktə et]
Sadeq Qotbzadə edam edilməsi ilə nəticələnəcək İnqilab məhkəməsində özünü müdafiə edərkən çəkilmiş fotosu. (1982)

Qotbzadə ilk dəfə 1980-cı ilin 7 noyabr tarixində Ayətullah Xomeyniyə qarşı sui-qəsd cəhdi hazırlamaqda və İslam Respublikası Partiyasını tənqid etmək ittihamları ilə həbs edildi. İlk həbsi müddətində Tehranın məşhur Evin həbsxanasında saxlanılmışdır.[26][27] Həbs edilməsindən 3 gün sonra Ayətullah Xomeynini müvafiq göstərişinə əsasən 10 noyabr tarixində azad edildi.[19][28]

Bir müddət sonra isə İran ordusunun polkovniki, eyni zamanda Tudə Partiyasının gizli üzvləri olan Bican Kəbiri və Huşəng Attarian Qotbzadə ilə əlaqə saxlayaraq ordu daxilində hökumətə qarşı gizli qrupun olması və çevriliş etməyə hazırlaşdıqlarını söyləyirlər. Sonra da Qotbzadənin bu yöndə həvəsləndirici fikirlərini lentə yazaraq İnqilab məhkəməsinin sədri Məhəmməd Reyşəhriyə təqdim edirlər. Nəticədə, 1982-ci il 7 aprel tarixində Sadeq Qotbzadə ikinci dəfə həbs olundu.[4][29][30]

Hakimiyyət bu hadisədən həm ordu daxilində etibarsız saydığı zabitlərdən, həm də dini müstəvidə Ruhulla Xomeyninin ən böyük rəqibi olan Məhəmməd Kazım Şəriətmədaridən qurtulmaq üçün istifadə etdi. İşgəncələrə məruz qalan Qotbzadə vaxtilə rəhbəri olduğu televiziyaya çıxaraq sui-qəsddə iştirakını etiraf etdi və Şəriətmədarinin adını çəkdi.

Ona qarşı İrandakı dini rejimi aradan qaldırmaq üçün Mossad, Sosialist İnternasionalıMərkəzi Kəşfiyyat İdarəsi kimi təşkilatlarla gizli əməkdaşlıq yaratmaq itthiamı irəli sürülmüşdür.[31] 26 gün davam etmiş məhkəmə prosesi 1982-ci ilin avqust ayında başlamışdır.

Hərbi tribunalda o, ona qarşı ünvanlanmış itthiamları rədd etdi, ancaq İslam hökumətini devirmək və yerində sekulyar əsaslı respublika yaratmaq niyyətinin olduğunu etiraf etmişdir. Hərbi tribunalın qərarına əsasən Sadeq Qotbzadə 1982-ci ilin 15 sentyabr tarixində İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yerləşən Evin həbsxanasında 46 yaşında güllələnərək edam edilmişdir.[32][33] 1982-ci ildə Parisdə sürgün həyatı yaşayan Əbülhəsən Banisədr, Qotbzadənin edam edilməsinə reaksiya olaraq edamın, siyasi hakimiyyət daxilindəki hesablaşma olduğunu ifadə etmişdir.[3]

SSRİ-nin Tehrandakı səfirliyində diplomat kimi fəaliyyət göstərən, əslində isə KQB mayoru olan Vladimir Kuziçkin tərəfindən 1991-ci ildə yazılmış KQB daxilində: mif və reallıq əsərində yazıçı Qotbzadənin Amerika Birləşmiş Ştatlarında təhsil aldığı dövrdə SSRİ hərbi kəşfiyyat xidmətinin agenti olduğunu, ancaq sonradan oradan uzaqlaşdığını iddia etmişdir.[22] Kitabda həmçinin KQB tərəfindən Qotbzadənin vətən xaini kimi həbs edilə bilinməsi üçün onu Mərkəzi Kəşfiyyat İdarəsinin adamı kimi təqdim edən sübutları onun yaşadığı evə yerləşdirildiyi təsvir edilmişdir.[22]

Ben Afflek tərəfindən ekranlaşdırılmış Arqo filmində Qotbzadənin real səsindən istifadə edilmişdir və orada sabiq nazir Kanadanı beynəlxalq hüququ kobud şəkildə pozmaqda günahlandırır.[34] Qotbzadənin qardaşı qızı Sənaz Qacarrəhimi 2013-cü ilin 26 iyul - 3 avqust tarixləri arasında Nyu-York şəhərində yerləşən Yeni Ohayo teatrında əmisinin həyatından və fəaliyyətlərindən bəhs edən Qırmızı Çərşənbə adlı pyes səhnələşdirmişdir.[35][36] Sənaz müsahibələrində pyesi yazan zaman əmisinin qalmaqallı həyatından ilham aldığını ifadə etmişdir.[35][37]

2017-ci ildə Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində yaşayan fars jurnalist Əli Səcadi tərəfindən Sadeq Qotbzadənin əlyazmaları toplusu nəşr edilmişdir. Səcadi sözügedən kitabı hazırlayan zaman Qotbzadəni şəxsən tanımış və onunla birlikdə fəaliyyət göstərmiş müxtəlif şəxslərdən müsahibələr almışdır.[38] 2020-ci ilin fevral ayında BBC-nin farsca xidməti tərəfindən Qotbzadənin həyatından bəhs edən növbəti sənədli film ekranlara çıxmışdır. Sənədli film şəxsin müharicətdəki inqilabçı bir gənc olan zaman, hökumət nazirinə, oradan isə İslam Respublikasının gözündə bir satqına çevirilməsinə qədərki dövrü füsunkar şəkildə ifadə etməkdədir. Filmin rejissoru və prosdüseri Farşad Bayan, tədqiqatçısı isə Mahmud Əzimi olmuşdur. Layihənin tamamlanması 5 ildən çox vaxt aparmışdır.[39]

Üç hissədən ibarət mini seriyada arxiv görüntülərindən istifadə edilmişdir və Qotbzadəni tanıyan və onunla müxtəlif görüşlər keçirmiş şəxslər sabiq nazirin xarakterini şərh edirlər və onun İran İslam İnqilabından əvvəlki və sonrakı fəaliyyəti ilə bağlı müxtəlif xatirələrini bölüşürlər. Sənədli film Youtube-da fars dilində[40] yayımlanıb və ingiliscə alt yazısı mövcuddur.[41]

İngilis və fransız dillərini təmiz bilən Sadeq Qotbzadə heç zaman ailə həyatı qurmamışdır. Fransada yaşadığı vaxtlarda romantik münasibətlərdə olduğu kanadalı jurnalist Kerol Cerom öz xatirələrində yazır ki, istefasından sonra sevgilisinə İrandan çıxmağı təklif edir. Qotbzadə isə ona belə cavab verir: Bu inqilab xalqa bəxş etdiyim kabusdur. Mən günahkaram. Mən qalıram və qismətimlə barışıram”. Cerom əlavə edir: “O, maşına oturub gedəndə ağlıma da gəlmirdi ki, onu sonuncu dəfə görürəm. İnanmırdım ki, cənab Xomeyni öz oğlunu öldürər.[4]

  1. Houchang E. Chehabi. Iranian Politics and Religious Modernism: The Liberation Movement of Iran Under the Shah and Khomeini. I.B.Tauris. 1990. səh. 87. ISBN 978-1850431985.
  2. 1 2 3 "Ghotbzadeh, Iran hostage crisis figure, executed". The New York Times. 17 September 1982. 31 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 August 2013.
  3. 1 2 3 "Western background lay behind clergy's fury at Ghotbzadeh". The Montreal Gazette. 17 September 1982. 14 March 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 August 2013.
  4. 1 2 3 4 5 6 7 8 9 10 11 Yadigar Sadıqlı. "Sadeq Qotbzadə haqqında məqalə" (Azərbaycan dili). 10 fevral, 2022. (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 sentyabr 2023.
  5. Houchang Chehabi; Rula Jurdi Abisaab. Distant Relations: Iran and Lebanon in the Last 500 Years. I.B.Tauris. 2006. səh. 182. ISBN 978-1-86064-561-7.
  6. "Mehdi Bazargan's biography". Bazargan website. 21 January 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 August 2013.
  7. Abbas William Samii. "The Shah's Lebanon policy: the role of SAVAK". Middle Eastern Studies. 33 (1). 1997: 66–91. doi:10.1080/00263209708701142.
  8. Saud Al Zadeh; Elia Jazaeri. "Mousa al-Sadr alive in Libyan prison: sources". Al Arabiya. Dubai; Beirut. 23 February 2011. 19 October 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 August 2013.
  9. 1 2 Nadia von Maltzahn. The Syria-Iran Axis: Cultural Diplomacy and International Relations in the Middle East. I.B.Tauris. 2013. səh. 24. ISBN 978-1-78076-537-2.
  10. John Cooley. Recruiters, Trainers, Trainees // Unholy Wars: Afghanistan, America and International Terrorism. Pluto Press. 2002. səh. 83. ISBN 978-0-7453-1917-9.
  11. 1 2 Tony Badran. "Syriana". Tablet. 22 June 2010. 6 September 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 August 2013.
  12. 1 2 Tariq Alhomayed. "An Iranian minister pretending to be a Syrian reporter!". Asharq Alawsat. 11 June 2011. 3 September 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 August 2013.
  13. Houchang E. Chehabi. Iranian Politics and Religious Modernism: The Liberation Movement of Iran Under the Shah and Khomeini. I.B.Tauris. 1990. səh. 228. ISBN 978-1-85043-198-5.
  14. "12 Bahman: Khomeini Returns". PBS. 1 February 2009. 7 November 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 August 2013.
  15. Mohammad Sahimi. "The Ten Days that Changed Iran". PBS. Los Angeles. 3 February 2010. 3 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 July 2013.
  16. Barry Rubin. Paved with Good Intentions. New York: Penguin Books. 1980. səh. 283.
  17. 1 2 Edward A. Gargan. "A Man of Ambiguity". The New York Times. London. 16 September 1982. 31 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 August 2013.
  18. Helen Chapin Metz (redaktor). "The Revolution" (PDF). Phobos. 3 December 2013 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 10 August 2013.
  19. 1 2 "Index Ge-Gj". Rulers. 12 August 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 August 2013.
  20. Robin Morgan. Sisterhood is Global: The International Women's Movement Anthology. Feminist Press at CUNY. 1984. səh. 329. ISBN 978-1-55861-160-3.
  21. Hamid Naficy. A Social History of Iranian Cinema, Volume 3: The Islamicate Period, 1978–1984. Duke University Press. 2012. səh. 108. ISBN 978-0-8223-4877-1.
  22. 1 2 3 Maxim Kniazkov. "Inside the KGB: Myth and Reality". Washington Monthly. 1 April 1991. 10 November 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 June 2013.
  23. Mark Bowden, Guests of the Ayatollah: the first battle in America's war with militant Islam, Atlantic Monthly Press, (2006), pp. 359-61
  24. 1 2 Joint report of the Task Force to Investigate Certain Allegations Concerning the Holding of American Hostages by Iran in 1980 ("October Surprise Task Force"). October Surprise Task Force. Washington, D.C.: United States Government Printing Office. 3 January 1993. səh. 81. OCLC 27492534. H. Rept. No. 102-1102.
  25. Mohammad Ataie. "Revolutionary Iran's 1979 endeavor in Lebanon". Middle East Policy. XX (2). Summer 2013: 137–157. doi:10.1111/mepo.12026.
  26. "Iran jails Ghotbzadeh". The Milwaukee Journal. Beirut. AP. 8 November 1980. İstifadə tarixi: 4 August 2013.[daimi ölü keçid]
  27. "Iran arrests Ghotbzadeh for death plot". Lawrence Journal. Beirut. AP. 10 November 1980. 17 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 August 2013.
  28. "Iran aide defends action on Banisadr". The New York Times. Beirut. AP. 20 March 1981. 31 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 August 2013.
  29. Semira N. Nikou. "Timeline of Iran's Political Events". United States Institute of Peace. 1 September 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 July 2013.
  30. "Love bloomed during Iranian revolution". Ottawa Citizen. Ottawa. CP. 12 August 1986. 24 January 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 August 2013.
  31. Ervand Abrahamian. (1999). Tortured Confessions, (University of California Press), p.156. Quotes from "Plots are Revealed," Ettela'at, 20 April 1982
  32. George Russell. (27 September 1982). "Revolution Devouring Its Own" Time.
  33. Shireen T. Hunter. "After the Ayatollah". Foreign Policy. 66 (66). Spring 1987: 77–97. doi:10.2307/1148665. JSTOR 1148665.
  34. Mark Bowden. "Ben Affleck's "Argo" Is Brilliant". New Republic. 16 October 2012. 13 August 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 August 2013.
  35. 1 2 "Ice Factory 2013: Red Wednesday". The New York Times. İstifadə tarixi: 3 August 2013.
  36. "Now Playing". New Ohio Theatre. 16 June 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 August 2013.
  37. Zachary Steward. "Global Revolution Takes Center Stage in Red Wednesday at Ice Factory 2013". Theater Mania. New York City. 24 July 2013. 9 November 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 August 2013.
  38. "Publication of 1970 Memories of Sadegh Ghotbzadeh in the United States". Payvand News. California. 17 February 2017. 23 April 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 January 2018.
  39. "مستند بی‌بی‌سی فارسی: فرزند انقلاب؛ روایت زندگی صادق قطب‌زاده". BBC News. 8 February 2020. 26 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 September 2023.
  40. "مستند فرزند انقلاب، داستان زندگی و مرگ صادق قطب‌زاده ـ بخش اول". 22 December 2021 tarixində arxivləşdirilib – www.youtube.com vasitəsilə.
  41. "Sadegh Ghotbzadeh - Son of the Revolution". YouTube – www.youtube.com vasitəsilə.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • BBC-nin farsca xidməti tərəfindən Sadeq Qotbzadənin həyatı haqqında hazırlanmış sənədli filmin I hissəsi -  Video
  • BBC-nin farsca xidməti tərəfindən Sadeq Qotbzadənin həyatı haqqında hazırlanmış sənədli filmin II hissəsi -  Video
  • BBC-nin farsca xidməti tərəfindən Sadeq Qotbzadənin həyatı haqqında hazırlanmış sənədli filmin III hissəsi -  Video