Türkiyə İstiqlaliyyət müharibəsində Cəzirə cəbhəsi (türk. Türk Kurtuluş Savaşı El-Cezire Cephesi) — Türkiyə İstiqlaliyyət müharibəsində cəbhə. 26 iyun 1920-ci ildə verilən fərmanla Fərat çayı ilə İran sərhədi arasındakı ərazini əhatə edən Cəzirə Cəbhəsi Komandanlığı yaradılmışdır. Mərkəzi Diyarbəkir olmuşdur. Dövrün 13-cü Ordusu bura daxil idi. Nihat Anılmış cəbhənin başçısı təyin edilmişdir. 3 noyabr 1921-ci ildə Nihat Paşa vəzifəsindən azad edilmiş və onun yerinə Cevat Çobanlı təyin olunmuşdur.[1]
Cəzirə cəbhəsinin şərqi ingilislər və qərbi fransızların nəzarətində idi, cəbhənin cənub hissəsini əhatə edən səhra ərazisi isə ingilis və fransızların ortaq təsiri altında idi. Regiondakı kürd milliyətçi fəaliyyətlərinin qarşısını almaq və Mosul vilayətini milli sərhədlərə daxil etmək, həmçinin Şimali İraqda Britaniya işğalına qarşı müqaviməti dəstəkləmək üçün yaradılmışdır.[2][3]
1921-ci ildə imzalanan Ankara müqaviləsi ilə Cənub Cəbhəsində döyüşlər dayanmışdır. Burada döyüşən qoşunlar Cəzirə cəbhəsinə göndərilmişdir. Bu qüvvələrin başında Antepin mühasirəsi zamanı fəaliyyət göstərmiş Özdəmir bəy dayanırdı.[4]