Türkiyənin təhsil sistemi

Türkiyənin təhsil sistemiTürkiyə Respublikası sərhədləri daxilində fəaliyyət göstərən ibtidai, orta, tam orta və ali təhsil müəssisələrində tədris edilən təhsil sistemi. Təhsil Nazirliyi, Türkiyə Respublikası Konstitusiyasında qəbul edilmiş mərkəzi hökumət siyasətinə uyğun olaraq bütün təhsil fəaliyyətlərinin həyata keçirilməsindən məsuldur.

Mövzuya dair məqalələrin siyahısı
Türkiyə mədəniyyəti

Türk mədəniyyəti

Tarix • Ədəbiyyat • Dillər • Təsviri incəsənət
Memarlıq • Kinematoqrafiya • Televiziya • Mətbəx • Təhsil • Din • Musiqi • Bayramlar • Elm
"Türkiyə" portalı

1923-cü ildə Türkiyə Respublikasının, 1924-cü ildə Konstitusiyasının yaradılmasından sonra, təhsilin hər iki cins üçün icbari və pulsuz olmasını göstərən qanun qəbul edildi. Respublika dövründə təhsil sistemi hökumətin xüsusi nəzarəti altında olmuş, daim inkişaf etdirilmişdir. 1924-cü ildə qəbul edilmiş Təhsil Birliyi Qanunu ilə birlikdə Təhsil Nazirliyi yaradılmış və ölkədəki bütün elmi və təhsil müəssisələrini bir yerə toplanmış, bütün dini məktəblər ləğv edilmiş və xarici məktəblər dövlət nəzarətinə keçmiş və Qərbi Avropa modelinə əsaslanan yerli təhsil sistemi qurulmuşdur. 2012—13 tədris ilindən bəri Türkiyədə məcburi təhsil 12 ilə qaldırılmışdır.

Təhsil səviyyələri məktəbəqədər, ibtidai, orta və tam orta təhsildən ibarətdir. Birinci səviyyə 4 illik ibtidai məktəb (1, 2, 3 və 4-cü siniflər), ikinci səviyyə 4 illik orta məktəb (5, 6, 7 və 8-ci siniflər) və üçüncü səviyyə 4 illik tam orta məktəb (9, 10, 11 və 12-ci sinif). İbtidai, orta və tam orta məktəb səviyyələrindən əlavə, xüsusi təhsil ehtiyacı olan şəxslər üçün məktəbəqədər təhsil səviyyəsi də məcburidir.

Türkiyə Təhsil Nazirliyi tərəfindən 2017—18 tədris ilində ilk dəfə YKS adlı yeni bir ali məktəbə keçid imtahanı təqdim edilmişdir. İmtahan 2 seansdan ibarət olmuş, abituriyentlərin bilik və bacarıqlarının daha açıq şəkildə aydınlaşdırılmasına şərait yaratmışdır. İmtahan nəticəsi 100–500 ballıq sistem ilə hesablanır. 150 balı keçən hər bir abituriyent qəbul müsabiqəsində iştirak haqqı qazanır və ümumilikdə 30 ədəd ixtisas yaza bilir. Ali təhsil müəssisələrində fakültə və kollec olaraq iki bölmə ayrılır. Fakültələr adətən dörd il, kolleclər isə iki illik təhsil verillər. Türkiyədə universitetdən qovulmaq yoxdur.

Türkiyənin rəsmi dili türk dilidir. Təhsil və təlim dili ilə əlaqədar olaraq, Konstitusiyanın 42-ci maddəsində "Təhsil və tədris müəssisələrində türk dilindən başqa heç bir dil ana dil olaraq türk vətəndaşlarına öyrədilə bilməz. Təhsil və tədris müəssisələrində tədris ediləcək xarici dillər və xarici dildə təhsil verən məktəblərə tabe olan prinsiplər qanunla tənzimlənir. Beynəlxalq müqavilələrin müddəaları qorunur." qanunu fəaliyyətdədir.

2002-ci ildə TürkiyəTəhsil Nazirliyi və xüsusi və beynəlxalq fondlar vasitəsi ilə ayrılan dövlət büdcəsi də daxil olmaqla təhsilə ayrılan ümumi xərclər 13,4 milyard dollar təşkil etmişdir. Bu göstərici, digər illərə nisbətən 2,5% daha çox olmuşdur.

Tarix boyu Türkiyədə korporativ təlim xaricində fəaliyyət göstərən təhsil müəssisələri və ictimai quruluşlar mövcud olmuşdur. Şiə ocaqları, kənd birlikləri, dini şənliklər və mədəniyyət festivalları Anadoluda fərqli təhsil ehtiyaclarını qarşılayır. Xalq təhsili, Türkiyə Respublikasına və şəxsiyyətə istiqamətli təhsil mədəniyyətinin bir hissəsidir. Müasir Türkiyədə, kürd, laz, çeçen, yəhudi, yunan və digər xalq mədəniyyətlərini özündə ehtiva edən təhsil sistemi mövcuddur.

Dövlət tərəfindən təhsil və təlim xidmətləri təqdim etmək fikri ilk dəfə II Mahmudun dövründə gündəmə gəlmişdir. Bu dövrə qədər fondlar tərəfindən həyata keçirilən təhsil və təlim xidmətləri 17 mart 1857-ci ildə yaradılmış Maarif Nəzarətinə verildi. Beləliklə, təhsil və təlim xidmətlərindən məsul bir nazirlik yaranmış oldu. Nazirliyin qurulması ilə məktəblər sıbyan, rüştiyyə ve mekâtib-i fünün-i mütenevvia olaraq üç pilləyə bölündü.

Türk təhsil sistemi ilə əlaqəli ilk qanuni tənzimləmə 1869-cu ildə çıxarılan Maarif-i Ümumiyyə Nizamnaməsidir. Bu tənzimləmə ilə təhsil hüququ, təhsil rəhbərliyi, təhsil sisteminin təyin edilməsi, təhsil müavinətləri, müəllim hazırlığı və məşğulluq, əyalət təşkilatı və imtahan sistemləri kimi məsələlər tənzimlənmişdir. 1923-cü ildə respublikanın yaranması ilə birlikdə Maarif Nəzarəti ləğv edilmiş, Türkiyə Respublikasının qurulması ilə birlikdə 1933-cü ildə qüvvəyə minən 2287 saylı Qanunla Təhsil Nazirliyi yaradılmışdır. Nazirlik adı bir neçə dəfə dəyişdirilmişdir. 1983–1989-cu illər arasında Mədəniyyət Nazirliyinin nəzarəti altına girmiş və Milli Təhsil, Gənclik və İdman Nazirliyi adını almışdır. 1989-cu ildən isə Milli Təhsil Nazirliyi adlanmağa başlamışdır.

Respublika qurulmamışdan əvvəl təhsil müəssisələri sayca olduqca az olmuşdur. Həmçinin, məktəblər bir-birindən asılı olmayan şaquli təşkilatlar şəklində üç ayrı kanalda təşkil edilmişdir. Bu təşkilatlardan ən çox yayılanı, Quran və ərəb dilinin öyrədilməsi və əzbərlənməsinə əsaslanan mahal məktəbləri və mədrəsələr, ikincisi yenilikləri dəstəkləyən peşə məktəbləri və liseylər, üçüncüsü isə ölkədəki xüsusi azlıq üçün nəzərdə tutulmuş xarici dil məktəbləri olmuşdur.

3 mart 1924-cü il tarixli 430 saylı qanunun qüvvəyə minməsi ilə birlikdə müxtəlif məktəb formaları birləşdirilmiş, mədrəsələrin isə fəaliyyəti ümumiyyətlə dayandırılmışdır. Bunda isə əsas məqsəd ölkədəki dünyəviliyi təhsil sahəsində tətbiq etmək olmuşdur. 22 mart 1926-cı il tarixli 789 saylı Qanuna görə isə bütün özəl məktəb və ali təhsil müəssisələri Təhsil Nazirliyinin nəzarəti altına keçmişdir. Bu qanun, "Türkiyədə Təhsil Nazirliyinin icazəsi və razılığı olmadan heç bir məktəb açılmaması" və "Təhsil müəssisələrində sadəcə Təhsil Nazirliyi tərəfindən hazırlanan materiallar tədris olunması" kimi bir neçə tənzimləmələrin gətirilməsinə səbəb olmuşdur. Əvvəllər yerli özünüidarəetmələr tərəfindən idarə olunan peşə-texniki təhsil müəssisələri də Təhsil Nazirliyinin məsuliyyətinə cəlb edilmişdir. 1923–24-cü tədris ilində Türkiyədə 7.000 orta məktəb şagirdi, təxminən 3.000 lisey şagirdi, 2000-ə yaxın peşə məktəb şagirdi və rəsmi olaraq 18000 mədrəsə şagirdi olduğu hesabat edilmişdir.

1 noyabr 1928-ci ildə 1353 saylı Qanun ilə Latın əlifbası qəbul edildi. Türk dilini xarici dillərin təsirlərindən qorumaq, elmin təklif etdiyi kimi inkişaf etdirmək və Türk dilindən sui-istifadənin qarşısını almaq üçün 1931-ci ildə Türk Tarix Qurumu, 1932-ci ildə isə Türk Dili Cəmiyyəti yaradılmışdır. 1997-ci ilə qədər Türk vətəndaşları beş illik təhsil almaq məcburiyyətində ikən, 1997-ci il islahatları ilə birlikdə səkkiz illik icbari təhsili tətbiq edilmişdir. 2012-ci ilin martında tətbiq olunan yeni qanunla icbari təhsili 12 ilə qədər uzadılmışdır. 2017-ci ilin iyul ayında Ədalət və İnkişaf Partiyası (AKP) hökuməti, məktəblər üçün yeni bir tədris proqramı təqdim etmiş, bununla yanaşı təkamül nəzəriyyəsini aradan qaldıraraq və cihad anlayışını irəli sürülmüşdür. Cihad anlayışının təməlini cəmiyyətə xidmət etmək, rifahı artırmaq, sülh və barışı təmin etmək, cəmiyyətin ehtiyaclarına xidmət etmək təşkil edir.

Təhsil pillələri

[redaktə | mənbəni redaktə et]

Məktəbəqədər təhsil

[redaktə | mənbəni redaktə et]

Məktəbəqədər təhsil müəssisələri, 36–72 aylıq uşaqları istəyə bağlı təhsillə təmin edir. Məktəbəqədər təhsil, doğuşdan icbari təhsil yaşına qədər uşaqların inkişaf xüsusiyyətləri, fərdi müxtəliflikləri və qabiliyyətləri nəzərə alınaraq, uşaqların fiziki, emosional, dil, sosial və zehni inkişafının sağlam bir şəkildə təmin edilməsi, müsbət şəxsiyyət təməllərinin yaradılması və yaradıcılıq cəhətlərinin üzə çıxarılması üçün nəzərdə tutulmuşdur. 17 yaşa qədər zehni inkişafın 50%-nin 4 yaşa, 30%-nin 4–8 yaşa, 20%-nin isə 8–17 yaş arası inkişaf etməsi məqsədilə, məktəbəqədər təhsil müəssisələri uşaqların fiziki inkişaflarını sürətləndirmək üçün yaradılmışdır. Bu illərdə təməli atılan bədən sağlamlığı və şəxsiyyət quruluşunun irəli yaşlarda eyni istiqamətdə inkişaf etməsi görülmüşdür. Bu səbəbdən uşağın sağlam bir şəxsiyyətə sahib olması üçün məktəbəqədər təhsilə xüsusi əhəmiyyət verilməlidir. Bundan əlavə, uşağın məktəbəqədər yaşlarında aldığı təhsil və təcrübələrin sonrakı illərdə öyrənmə qabiliyyəti və akademik müvəffəqiyyəti ilə olduqca əlaqəli olduğu da müşahidə edilmişdir.

Hal-hazırda, xüsusən böyük şəhərlərdə, oyun bağçalarının azlığı kimi bir çox səbəblərə bağlı olaraq məktəbəqədər təhsil alan uşaqların sayı olduqca azdır. Məktəbəqədər təhsil ilə bağlı xidmətlər ilk növbədə Təhsil Nazirliyi tərəfindən açılan uşaq bağçaları və uşaq evləri tərəfindən həyata keçirilir. 2001–02 tədris ilində 10.500 məktəbəqədər təhsil müəssisələrində 256.400 uşaq məktəbəqədər təhsil almış, 14,500 müəllim işlə təmin olunmuşdur.

İbtidai məktəb

[redaktə | mənbəni redaktə et]
Tədris ili Məktəb sayı Şagird sayı Müəllim sayı
2012–2013 28.177 5.426.529 261.497
2013–2014 27.461 5.390.591 267.171
2014–2015 26.399 5.230.878 273.058
2015–2016 25.133 5.128.664 277.053

Tam orta məktəb

[redaktə | mənbəni redaktə et]

Təhsil sistemi

[redaktə | mənbəni redaktə et]
  • Məktəbəqədər təhsil: Körpələr evləri və bağçalardan ibarətdir. Məktəbəqədər təhsil məcburi deyil. Bu məktəbə hazırlıq formatı daşıyır.[1]
  • İbtidai təhsil: İbtidai təhsil 4 il davam edir. İlk əvvəl şagirdlər 3 aylıq hazırlıq müddətinə qəbul edilir. Daha sonra ikinci sinifdən etibarən ingilis dili, dördüncü sinifdən başlayaraq isə Din mədəniyyəti və Əxlaq bilgisi fənləri məcburi olaraq tədris edilir.[1]
  • Natamam orta təhsil: Natamam orta təhsil 4 il davam edir. IV sinifdən artıq Natamam orta təhsil üçün qeydiyyatlar başlayır. Natamam orta təhsil müəssisələrinin məqsədi şagirdlərə peşə və ya bacarıqlara istiqamətlənən təhsil verməkdir. Burada məcburi fənlərdən əlavə seçimli fənlər də var.[1]
  • Tam orta təhsil: Tam orta təhsil müəssisələrinə liseylər aiddir. Tam orta təhsil müəssisələrinə qəbul 8-ci sinifdən başlayır.[1]
  • Ali təhsil: Türkiyədə ali təhsil müəssisələri bakalavr, magistratura və doktrantura üzrə tələbələrə ali təhsil verməkdədir. Ali təhsil müəssislərinin iki tipi vardır: Dövlət ali təhsil müəssisələri və özəl ali təhsil müəssisələri. Bakalavr dərəcəsi üzrə təhsil müddəti 4 il (bəzi ixtisaslar 5–6 il), Magistratura üzrə 2–3 ildir.[1]

Ali təhsil müəssisələri

[redaktə | mənbəni redaktə et]

Türkiyədə hal-hazırda 190 universitet var. Bunlardan 114-ü dövlət universiteti, 76-sı isə özəl universitetdir. Türkiyənin ən qədim universiteti İstanbul Universitetidir. Universitetin əsası 30 may 1453-cü ildə Osmanlı sultanı Fateh Sultan Mehmet tərəfindən qoyulmuşdur.

Ən cavan universitetllər isə Alanya Əlaəddin Keyquban Universiteti[2][3], Bandırma "17 Sentyabr" Universiteti[2][4], İsgəndərun Texniki Universiteti[2][5], Türkiyə Tibb Elmləri Universiteti[2], Türkiyə Beynəlxalq İslam, Elm və Texnologiya Universitetidir[2]. Bu universitetlər 2015-ci il 23 aprel tarixli 29335 saylı qanunla təsis edilmiş dövlət universitetləridir.[2][6]

Xaricə keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 4 5 Türkiyə Eğitim sistemi Arxivləşdirilib 2022-03-07 at the Wayback Machine Türkiye Fulbright Eğitim Sistemi. İstifadə tarixi: 2015–10-19
  2. 1 2 3 4 5 6 29335 saylı qanun İstifadə tarixi: 2015–10-19. Arxivləşdirilib
  3. Alanya Alaaddin Keykubat Üniversitesi Arxivləşdirilib 2015-10-24 at the Wayback Machine İstifadə tarixi: 2015–10-19
  4. Bandırma Onyedi Eylül Üniversitesi Arxivləşdirilib 2022-10-01 at the Wayback Machine İstifadə tarixi: 2015–10-19
  5. İskenderun Texnik Üniversitesi Arxivləşdirilib 2015-10-15 at the Wayback Machine İstifadə tarixi: 2015–10-19
  6. Cumhurbaşkanı Erdoğan'dan rektör atamaları Arxivləşdirilib 2015-09-25 at the Wayback Machine Hürriyet.com. İstifadə tarixi: 2015–10-19