Vladislav Reymont

Vladislav Stanislav Reymont (əsl soyadı Reyment, pol. Władysław Stanisław Reymont; 7 may 1867[1][2][…]5 dekabr 1925[1][2][…], Varşava) — Polşa yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1924).

Vladislav Reymont
pol. Władysław Stanisław Reymont
Doğum adı Władysław Stanisław Rejment
Doğum tarixi 7 may 1867(1867-05-07)[1][2][…]
Vəfat tarixi 5 dekabr 1925(1925-12-05)[1][2][…] (58 yaşında)
Vəfat yeri
Fəaliyyəti yazıçı, romançı, ssenarist, nasir
Fəaliyyət illəri 1896-cı ildən
Əsərlərinin dili polyak dili
Mükafatları "Fəxri Legion" ordeni komandoru "Ağ qartal" ordeni Grand Cross of the Order of Polonia Restituta Commander of the Order of Polonia Restituta Polşa İntibah Ordeninin Zabit xaçı
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vladislav Stanislav Reymont polyak ədəbiyyatının yetirdiyi ikinci Nobel laureatıdır. Rodom yaxınlığında, ruhani ailəsində doğulmuşdu. Kilsədə orqan çalan atası doqquz uşağını çox çətinliklə dolandırırdı. Vladislav kiçik yaşlarından ehtiyacın hər üzünü görmüş və həqiqi "həyat universitetləri" keçmişdi.

Təbii ki, belə şəraitdə yaxşı təhsildən söhbət gedə bilməzdi. Reymont üç sinifli məktəbi başa vurduqdan sonra Varşavada dərzi şagirdi olmuşdu. Lakin fəhlə tətilində iştirakına görə Lodza, valideynlərinin yanına qaytarılmışdı. Dözülməz şərait onu evdən qaçmağa, səyyar teatr dəstəsinə qoşulmağa məcbur etmişdi. Aktyor mühiti xoşuna gəlsə də, istedadının olmadığını anlayıb teatrdan uzaqlaşmışdı.

Həyatda yerini tapmaq üçün əzablı axtarışlar bir neçə il davam etmişdi. O, hətta bir müddət Çenstoxovo şəhərindəki məşhur monastırda rahib olmuşdu. Sonda atasının yardımı ilə dəmir yolunda bələdçi vəzifəsinə düzəlmişdi. Yaşam mücadiləsinin sürdüyü bütün bu illərdə boş vaxtını ən sevimli məşğuliyyəti olan mütaliəyə sərf edirdi. Polyakcadan başqa dil bilməsə də, həm doğma ədəbiyyatını, həm də XIX əsr ingilis və fransız ədəbiyyatını mükəmməl öyrənmişdi.

Mütaliə onda yazmaq həvəsi yaratmışdı. "Nələr yazmırdım!? — deyə sonralar Reymont xatırlayırdı. — Dramlar, uzun-uzun romanlar, hekayələr, şerlər… Sonra isə hamısını cırıb yandırırdım". Nəhayət, o, yazılarından bəzilərini Varşavadakı tanışına göndərir və təəccübünə baxmayaraq 1893-cü ildə bir neçə novellasının həftəlik məcmuələrin birində çap edildiyini öyrənir. Bu ərəfədə dəmiryolundakı işini itirdiyindən yaradıcılıqla məşğul olmaq üçün Varşavaya yollanır. Yaxşı bələd olduğu mövzu — Çenstoxovo monastırına ziyarətə gələnlər haqqında yazdığı "Yasna Qora zəvvarlığı" sənədli povesti (1894) onun böyük ədəbiyyatda uğurlu debütü sayıla bilər.

Reymont "intellektual" yazıçı iddiasında olmadığından əsasən özünə yaxın mövzulardan yazmağı sevirdi. Onun "Komediant" romanının (1895) qəhrəmanı səyyar teatrın aktrisası olan qadın idi. "Fermentlər"də (1897) isə həyatda yerini tapmaq üçün şəhərdən kəndə dönən gəncin timsalında müəllifin öz başına gələnlər təsvir olunmuşdu. "Vəd edilmiş torpaq" (1899) əvvəlki iki əsərlə müqayisədə daha bitkin təsir bağışlayırdı. Vladislav Reymont Rusiya imperiyasının tekstil mərkəzinə çevrilmiş Lodzun timsalında sənayeləşmənin mənəviyyata vurduğu zərbələri, kapital dünyasının yırtıcı təbiətini göstərməyə çalışmışdı. Roman 15 dilə tərcümə olunmuşdur. Məşhur polyak rejissoru Ancey Vayda onun motivləri əsasında Polşada və ölkə xaricində populyar olan eyni adlı bədii film (1975) çəkmişdir.

Maddi vəziyyətinin nisbətən yaxşılaşması Reymonta səyahət imkanı yaratmışdı. O, Fransanı və digər Avropa ölkələrini gəzib-dolaşmışdı. Belə səyahətlərin birində, 1902-ci ildə Varşava-Vyana qatarında uğradığı yol qəzası hətta yazıçının xeyrinə olmuşdu. O, yüngül zədələnsə də, həkimlərdən ciddi bədən xəsarətləri və beyin silkələnməsi haqda arayış əldə etmiş və dəmiryol şirkətindən o dövrə görə böyük məbləğ — 40 min rubl almışdı. Qəzanın başqa bir xeyri yazıçının müalicə həkimi Aureliya Şatsnayder-Çablovska ilə evlənməsi olmuşdu. Bədbəxt təsadüfün xoşbəxt sonluğu — ailə qurması və maddi vəziyyətini yaxşılaşdırması Reymonta bütün vaxtını və enerjisini yaradıcılığa sərf etmək imkanı yaratmışdı.

1902–1908-ci illərdə polyak yazıçısı əsas əsərini — 4 cildlik "Kəndlilər" romanını çap etdirdi. Mövzusuna, ruh və koloritinə görə başdan-başa Polşaya bağlı olan bu roman-epopeyada tədqiqatçılar həm də müəyyən universallıq görür və onu Tomas Hardinin, Emil Zolyanın romanları ilə müqayisə edirlər. "Kəndlilər", həqiqətən də, böyük ilham və zəhmətin bəhrəsi idi. Müəllif sonrakı yaradıcılığında bu romandakı bədii sənətkarlıq səviyyəsinə yüksələ bilməmişdi. Onun digər əsərləri içərisində avtobioqrafik səciyyəli "Xəyalpərvər"i (1911) və Kostyuşko üsyanına həsr edilmiş üç cildlik "1794-cü il" tarixi romanını (1914–1918) fərqləndirmək mümkündür.

Reymont otuz cildə yaxın nəsr əsərlərinin müəllifidir. Onun "Üsyan" adlı sonuncu povesti (1924) antiutopiya janrında qələmə alınıb. Müəllif hüquq bərabərliyi uğrunda mübarizəyə qalxan heyvanların timsalında Sovet Rusiyasının bədii modelini yaratmışdı. Sonralar eyni mövzu ingilis yazıçısı Corc Oruellin də diqqətini cəlb etmişdi. Oruellin Reymontun kitabından nə qədərəcədə təsirləndiyini söyləmək çətindir. Lakin sosialist Polşasında (1945–1990-cı illər) hər iki müəllifin əsəri qadağan olunmuş ədəbiyyat siyahısına daxil idi.

1924-cü ildə Vladislav Reymont "görkəmli milli eposa — "Kəndlilər" romanına görə" Nobel mükafatına layiq görüldü. Knut Hamsunun "Torpağın gücü" romanından sonra İsveç Akademiyası ikinci dəfə konkret ədəbi əsərə görə mükafat vermişdi. Həmin il Reymontun rəqibləri Maksim Qorki, Tomas Mann və Tomas Hardi idi. Polyak ictimaiyyəti isə Nobel laureatı kimi Stefan Jeromskini görürdü. Lakin sonuncunun antialman mövqeyi vəziyyəti mürəkkəbləşdirdi və üstünlük Vladislav Reymonta verildi. Fransada, ciddi ürək çatışmazlığından müalicə olunan müəllif Stokholma, mükafatın təqdimat mərasiminə gedə bilməmişdi. İsveç Akademiyasına ünvanladığı qısa məktubda laureat yazırdı: "1922–1923-cü ildən ürəyimdə ağrılar başlayıb. Deməyə sözüm çoxdur. Yazmaq istəyirəm. Lakin bilmirəm, ölüm imkan verəcəkmi?".

Ölüm imkan vermədi. İki ildən sonra Reymont artıq həyatda yox idi.

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Wladyslaw Stanislaw Reymont // Encyclopædia Britannica (ing.).
  • Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]